İLAHƏ QƏHRƏMAN – ÜÇ QARDAŞ

İlahə Qəhrəman – yazar.

UŞAQLAR ÜÇÜN

Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bu üç qardaş o qədər mehriban idilər ki, vaxtlarını həmişə birlikdə keçirirdilər. Onlar gözəgörünməz idilər və qaçmağı çox sevirdilər. Insanlar bu qardaşları gözlə görməsələr də varlıqlarından xəbərdar idilər. Söhbət zamanı “ Hiss elədin, kiçik qardaş qaçdı?” , “İndi isə böyük qardaş keçdi.” deyirdilər.

         İnsanlar onların hərəkətini gözlə izləyə bilmək üçün dairəvi meydança düzəltdilər.Bu, kənarları  cizgilənmiş, hər beş cizgidən bir rəqəmlər yazılmış səliqəli meydança idi. Qardaşları isə tilsimləyib üç qızılı qəngdə əqrəbə çevirdilər. Hər üçünü ayaqlarından meydançanın mərkızinə bərkitdilər ki, yalnız bu dairə üzrə qaça bilsinlər.

Onlar çox sürətli qaçmağı bacarırdılar. Amma ən sürətli qaçan kiçik qardaş olsa da nə o, nə də ortancıl qardaş böyüyə çata bilmirdilər.

Kiçik qardaş durmadan qaçırdı. O, qaçmağa başlayanda ortancıl qardaş hələ uzaqda idi. Düşündü: “ Bu dəfə mən onlara qalib gələcəm. Çünki uzun müddətdir məşq edirəm. Əzələlərim möhkəmlənib, daha əvvəlki tək tez  yorulmuram. Ortancıl qardaşım az bir məsafəni qət edənə qədər mən bütün meydançanı beş  dəfə dairə vururam.”

Ortancıl qardaş fikirləşdi: “Bizim balaca bərk qaçsa da az nəticə əldə edir. Mənim məqsədim boyük qardaşımın getdiyi yolu qət etməkdir. O bir rəqəminə çatana qədər mən bütün meydançanı altmış dəfə dövr edirəm. İdmançılar illərlə sürən aramsız məşqlərdən sonra istədikləri nəticəni əldə edə bilirlər. Mən isə əsrlər boyu yorulmadan qaçıram, lakin o həmişə məndən irəlidədir. ”

Böyük qardaş səbirli, təmkinli, müdrik idi. Qardaşları ondan hündür, cüssəli, cəld olsalar da səylərinin əbəs olduğunu bilirdi. Buna baxmayaraq qardaşlarının çalışqanlığını bəyənir, qələbəyə ruhlandırırdı, çünki onlar qaçmadan özü bir addım belə ata bilməzdi. O bilirdi ki, əsrlər, qərinələr ötsə də qardaşları onu heç vaxt ötə bilməyəcəklər…

         Bu üç qardaş dünyaya insandan, heyvanlardan, okeanlardan, daglardan, Yer kürəsindən, hətta kainatdan əvvəl gəlmişdilər. Onlar dünyanı, insan həyatını, idarə edir,  əvvəlini və sonunu müəyyənləşdirirlər.

Hökmdarların belə qarşısında baş əyib aciz qaldığı məvhum əlahəzrət zamandır. Bu üç qardaş isə onun sadiq qulları – Saat, Dəqiqə və Saniyədir.

Müəllif: İlahə QƏHRƏMAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir