AZƏRBAYCANIN TƏBİƏTİNƏ ERMƏNİLƏRİN EKOLOJİ GENOSİD SİYASƏTİ

İmran NURİ

SABAHIN ALİMLƏRİ

GƏNCLƏRİMİZİ TANIYAQ

================================================

Elmi rəhbər:

Sultanov Rauf Lütfəli oğlu.

ADPU, biologiya elmləri doktoru, professor 

Öncə nəzərə çatdırım ki, məqalə tarixçi və ekoloq mütəxəssislərin araşdırmalarının nəticələri əsasında hazırlanmışdır.

İradəmizdən asılı olmayaraq, çox zaman “ana təbiət” ifadəsi işlədirik. Bu kəlmənin özü bir daha təsdiq edir ki, insanı təbiətdən ayrı dərk etmək olmaz, insan da təbiətin bir hissəsidir. Övlad anasını necə sevir, əzizləyir, qulluğunda durmağı özünə borc bilir, təbiəti də o qədərdə sevməyə, əzizləməyə, qulluğunda durmağa, onu qorumağa özünü borclu bilməlidir.

Ümumiyyətlə, türk dünyasında belədir, Türk övladı yaşamı boyunca bu müqəddəsliyin keşiyində durub: “Ana vətən” deyib, əsrlər boyu ona məxsus torpaq, ərazi uğrunda cihada qalxıb; “ana təbiət” deyib, onu göz bəbəyi kimi qoruyub; “ana” deyib, onu dünyaya gətirən qadına sarılıb qabağında diz çöküb, ruhunun hökmdarı bilib.

Araşdırmalara görə, dünya müharibələrinə qədər bu, belə olub. Dünya müharibələri çox müqəddəsliklərə qənim kəsildiyi kimi, bu müqəddəsliyn də başına ip atıb qədirdən-qiymətdən salıb. Müharibə amili elmin sürətli inkişafı ilə birləşəndə isə hər çərçivəni aşdığından həyəcan təbili çalınmağa başlayıb. Bu anda insanlar iki təbəqəyə bölünüblər: 1 – Təbiəti sevib onun qədrini bilən, onu hər qəsddən mühafizə edənlər; 2 – təbiətə qəsdin insanlığın özünə qəsd olduğunu dərk etməyib əməlindən dönməyənlər.

Əsasən üzvü aləmdən bəhs edən ekologiya elmi bu zərurətdən yaranıb və “zaman-zaman həyatın zərurətindən doğan problemlərin məhsulu kimi daim inkişaf edib bir çox qollara şaxələnərək təkmilləşib, müxtəlif istiqamətlərə ayrılmışdır” [Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr. Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr. Bakı – 2009, 55 səh. s.5].

İnsanların təbiətdən vəhşicəsinə istifadəsinin nəticəsi olaraq atmosferdə ozon dəliyinin əmələ gəlməsi, meşələrin qırılması, çirkab tullantılarının insanların yaşayışını və təbii tələbatını ödəmək üçün istifadə etdiyi axar sulara, çaylara və dənizlərə axıdılması, kimya zavodlarının zərərli qazlarının havaya buraxılması və bir çox digər səbəblər nəticəsində ətraf aləm, canlı və cansız təbiət güclü dəyişikliyə məruz qalmış, bir çox heyvan və bitki növlərinin kökü kəsilmiş, yaxud bu təhlükənin astanasındadır. Bəziləri isə hətta tamamilə məhv olmaq ərəfəsində olduğundan “Qırmızı kitab”a düşmüşdür. “Hazırda dünyanın bütün ölkələrində ərzaq, içməli su, zülal aclığı problemi, iqlim dəyişikliyi, demoqrafik partlayış və digər qlobal problemlər başlayıb, ekoloji tarazlığın pozulması yeyinti məhsullarını yararsız hala salıb, insanlar və heyvanlar arasında ağır müalicə olunan keçici xəstəliklər əmələ gəlib. Ona görə də insanlar təbiəti qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə məcburdurlar [Ekologiya və kitabxanaların qarşısında duran vəzifələr. Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr. Bakı – 2009, 55 səh. s.5].

Bu gün Azərbaycan belə bir terror aktı ilə üz-üzədir. 28 il Ernənistanın işğalı altında qalan ərazilərimiz hazırda elə bir durumdadır ki, Azərbaycan bunun qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciət etmək məcburyyətindədir.

Tarixi həqiqət budur ki, bu ərazilər XVIII əsrin ortalarında yaranan Qarabağ xanlığı zamanından da qabaq Azərbaycanın olmuşdur. Qarabağın dünyanın ən qədim insan məskənlərindən olduğunu Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından əldə olunan tapıntılar da təsdiq edir. Məhz Azıx mağarasının öyrənilməsindən əldə olunan qənaətlərə görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Ermənilər isə bu torpaqlara İrandan və Osmanlı ərazilərindən deportasiya olunublar. Həm də yaxın macalda yox, XIX əsrin əvvəllərində. Rusiya imperiyasının Azərbaycan torpaqlarını işğalından sonrakı müddətdə. Ötən 2 əsr ərzində bu gün bizim “Qərbi Azərbaycan” adlandırdığımız bir sıra tarixi mahallar, 1988-1994-cü illərdə isə daha 20 faiz Azərbaycan ərazisi Ermənistanın tərəfindən işğal edilmişdir. Başqa sözlə, Azərbaycanın 1.213,7 min hektar ümumi meşə sahəsinin 264 min hektarı 28 il erməni işğalı altında olmuş, bu müddətdə sözün həqiqi mənasında Azərbaycan təbiətinə qarşı genosid siyasəti aparılmışdır.

İlkin qiymətləndirməyə görə, təkcə işğal dövrü ərzində (may 1994-cü ildən 10 noyabr 2020-ci ildə torpaqlarımız erməni işğalından azad edilənə qədərki müddətdə) Azərbaycana 244,4 milyard ABŞ dollarından çox ziyan dəydiyini hesablanmışlar.

Məqalədə bu məsələlərdən bəhs olunur.

Tarix təsdiq edir ki, ermənilər İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə XIX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycan torpaqlarını işğalından sonrakı müddətdə İrandan və Osmanlı torpaqlarından köçürülüblər. Azərbaycanın yaşının isə iki əsr deyil, çox-çox qədim tarixə malik olduğu qənaətini Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından əldə olunan tapıntılar da təsdiq edir. Məhz Azıx mağarasının öyrənilməsindən əldə olunan qənaətlərə görə, Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Bir diqqətçəkən cəhət də budur ki, bu ərazilərin azərbaycanlılara məxsus olduğunu erməni mənbələri də təsdiq edir. Belə ki, X əsrə aid erməni mənbələrində etiraf edilir ki, “Qarabağ” istilahı türk dillərində rəng bildirən “sevayçi”, yəni “qara” və “bağ” söz birləşmələrindən əmələ gəlmişdir. Vikipediyada bu anlayışın  “qara rəng” anlamından savayı “sıx”, “qalın”, “böyük” və “tünd” anlamlarının da olduğu qeyd edilir. “Qarabağ” istilahının bu ərazilərə xas məxsusi özəllikləri əks etdirməsi (“böyük bağ”, “sıx bağ”, “qalın bağ” anlamlarını ifadə etməsi) faktı da bu ərazilərin Azərbaycana məxsus olduğunu təsdiq edən minlərlə göstəricidən biridir. Filologiya üzrə elmlər doktoru Mirəli Seyidov da “Qarabağ” istılahının “qara” və “bağ” kəlmələrinin birləşməsindən əmələ gəldiyini qeyd edir, ancaq “qara” sözünün “başçı” və “böyük”, “bağ” hissəsinin isə “xalqın bir hissəsi” sözlərindən ibarət olduğunu yazır [vikipedia.orq]. Yəni, Qarabağ Azərbaycan torpaqlarının bir hissəsidir. 

Birinci Pyotrun vəsiyyətləri sırasında önəmli yer tutan Xəzəryanı dövlətlərin Rusiyanın himayəsi altına alınması siyasəti Sovet hökuməti zamanında xalqımıza qarşı daha qəddar şəkildə icra olunmuşdur: xalqın hiddətli etirazlarına baxmayaraq Sovet hökuməti 1923-cü ildə Azərbaycan ərazisində DQMV-ni formalaşdıraraq ermənilərə muxtariyyət hüququ verməklə zaman-zaman davam edən münaqişəni tarix səhnəsindən heç vaxt səngiməyəcək hala gətirmişdir.

Hələ bu hamısı deyil. İllərlə davam etdirilən işğalçılıq siyasəti nəticəsində 1994-cü ilin mayında (Bişkek protokolu) Atəşkəs elan olunanda artıq bu gün bizim “Qərbi Azərbaycan” adlandırdığımız tarixi Ağbaba, Şörəyel, Loru (əksər hissəsi Dağlıq Borçalı ərazisinə düşür) Abaran, Dərəçiçək, Göyçə, Gərnibasar, Zəngəzur, Qırxbulaq, Karbi, Pəmbək, Talin, Zəngibasar, Vedibasar, Dərələyəz, Sərdarabad mahalları (Sərdarabad mahalının Türkiyə və Azərbaycana daxil edilən az bir hissəsi istisna olmaqla) əsasən Ermənistan Respublikası ərazisinə qatılmış, bu azmış kimi, Sovet Sosialist Respublikaları İttifaqının özünün təsdiq etdiyi Azərbaycan torpaqlarının daha 20 faizi, başqa sözlə, Dağlıq Qarabağ Muxtar Vilayəti də (Əsgəran, Ağdərə, Xocavənd, Şuşa rayonları və Xankəndi şəhəri) daxil olmaqla ona bitişik 7 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər), o cümlədən Qazax rayonunun 7 kəndi Ermənistanın işğalı altına düşmüşdü.

Tanrı Azərbaycanımıza hər özəlliyi bəxş edib. Ölkəmiz Yer kürəsinin elə bir qurşağında qərar tutub ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən ta dağ tundra iqliminə qədər) Azərbaycan ərazisindədir. Əslində planetimizdəki 11 iqlimdən 9-nun Azərbaycanın qismətinə düşməsini şərtləndirən də elə dağlardır. Ölkəmizin şimalında Böyük Qafqaz, qərbində və cənub-qərbində Kiçik Qafqaz, cənub-şərqində Talış dağları uzanır.

Böyük Qafqaz dağ sistemində Bazardüzü (4466 m.), Şahdağ (4243 m,), Tufandağ (4206 m.), Bzaryurd (4126 m.), Yarıdağ (4116 m.), Çarındağ (4079 m.), İlham zirvəsi (4042 m.), Raqdan (4020 m.) yüksəklikləri yerləşir [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az];

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan ərazisindəki hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələrindən, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsindən, vulkanik Qarabağ yaylasının çox hissəsindən, Başkənd-Dəstəfur çökəkliyindən və s. ibarətdir [Jump up: Azərbaycan  – Relyef Azerbaijan.az]. Kiçik Qafqaz dağ sistemindəən yüksək zirvə Qapıcıq dağıdır (3906 metr). Alagöz dağı 3865 m, Yağlıdərə dağı 3827 m, Qazangöldağ 3814 m, Sarıdərə dağı 3754 m, Gamışdağ 3724 m, Dəlidağ 3613 m, Dəvəboynu dağı 3560 m, Qoşabulaq dağı 3549 m, Kəti dağı 3437 m, Hinaldağ 3367 m, Əlincə dağı 3364 m. hündürlükdədir [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az]; 

Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır [Jump up to: Azərbaycan Dağ zirvələri Tourism. Az]; Bu dağlar öz ecazkar örtüyü – meşələri, təmiz və quru havası, bənzərsiz bulaqları, təbi­­ətin “öz əlləri ilə yaratdığı” gölləri ilə tanınır. Respublikamız­da meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bunun 11,8 faizi, başqa sözlə, 1021,88 min hektarı meşə ilə örtülü sahədir [https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_me%C5%9F%C9%99l%C9%99ri].

Təəssüf ki, qeyd olunan 1213,7 min hektar ümumi meşə sahəsinin 264 min hektarı 28 il – 2020-ci il noyabrin 10-na qədər erməni işğalı altında olmuşdur. Bu illər ərzində Ağdə­rə və Xankəndi meşə təsərrüfatlarını əhatə edən məhsul­dar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, deko­­ra­­tiv oduncaqlı mebel, parket üçün istifadə olunan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındı­ğı ağacları ermənilər tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılır [İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_me%C5%9F%C9%99l%C9%99ri.].

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 27 fevral məlumatında xüsusi mühafizə olunan təbiət ərazisindən bəhs olunur. Nazirliyin məlumatına görə, respublikamızda 890 min hektar xüsusi mühafizə olunan təbiət ərazisi var ki, bunun da 42.997 hektarı erməni işğalçılarının tapdağı altında qalmışdır. Bu ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kol bitkilərindən 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaraçöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar erməni vandalları tərəfindən məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Məlumatda həmçinin, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növünün qorunduğu da qeyd olunur. Eynu zamanda, Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisində olan qiymətli ağac və biomüxtəlifliyinin də talan edildiyi diqqətə çatdırılır. Nazirliyin məlumatında ermənilərin ölkəmizə vurduğu ekoloji ziyanın miqdarının təxminən 31.72 milyard manat olduğu göstərilir [Erməni işğalının vurduğu ekoloji ziyan. https://novator.az/2017/02/27/erm-ni-isgalinin-vurdugu-ekoloji-ziyan/].

Biosferin bir hissəsini təşkil edən meşələrimizdə müxtəlif  bitki, heyvan növləri yaşayır. Unudulmamalıdır ki, bu bitki və heyvan növləri canlıların qida rasionunu təşkil edir. İşğal altında olan ərazilərimizdə çox acınacaqlı vəziyyət varanmışdır, – yazır Habil Hüseynov, – ötən 28 il Dağlıq Qarabağ və ətraf rayonlarda nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda, ərazidə bitki və heyvanlar aləminin məhvinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olub. Bu illər ərzində Ermənistanın həyata keçirdiyi işğalçı siyasət Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurmuş, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Məqsədyönlü aparılan siyasət nəticəsində təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə amansız divan tutulmuşdur. Respublikamızın təbiəti üçün xarak­­terik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar məhv edilmişdir.

İşğal olunmuş ərazilərdə meşələrin qırılmasının bünövrəsi 1988-ci ildə Qarabağın Topxana meşəsində qiymətli ağacların vəhşicəsinə qırılması ilə qoyulub. Məsələ belə olub: Ermənistanın «Kanaker» Alüminium zavodunun rəhbərliyi Azərbaycan rəhbərliyinin rəyi ilə hesablaşmadan Topxana meşəsində qiymətli ağacları doğrayıb işçilərinə pansionat tikdirib [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

Məqalədən məlum olur ki, meşələr yalnız hərbi məqsədlər üçün qırılmamışdır. Hərbçilərin köməyilə doğranan ağaclar hərbi texnika vasitəsilə daşınaraq tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün yönləndirilmişdir.

Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə rayonu istiqamətində, Talış, Gülüstan, Baranbart meşələrində, Qubadlının Əyin, Hərtiz, Zor, Fərcan meşələrində 100 hektarlarla sahədə fıstıq, saqqız, şam, palıd, qoz və s. çoxillik ağaclar kəsilmişdir. 

Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki dekorativ oduncaqlı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı ayı fındığı ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılmışdır.

Bəsitçay Dövlət Təbiət Qoruğundakı şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar işğalçılar tərəfindən qəddarlıqla məhv edilmişdir. Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə etmişlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirmək olar.

Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənub kənarı (Ağdam rayonu təmas xətti) meşəlik və yaşıllıq, bağ sahələri tamamilə qırılıb və məhv edilib. Novruzlu yaşayış məntəqəsinin şimal-şərq kənarındakı meşələr qırılaraq (Ağdam rayonu) Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın vasitəsilə daşınıb.

Dünya terror və korrupsiyaya qarşı “Bank-İnformasiya” Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin məlumatına əsaslanaraq deyə bilərik ki

“- Zəngilan rayonunun 107 ha ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti-sənaye komplekslərinə satılıb;

– Ermənistanın hərbi hissələrinin qoruq ərazisinin 42 ha sahəsində yerləşdirilməsi nəticəsində ağaclar tamamilə məhv edilib;

– 2000-ci ildə 70 çinar ağacının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılıb;

– 110 çinar ağacı kökündən çıxarılaraq Göyçə (Sevan) gölünün sahillərinə və Yerevan şəhərinin ətrafına köçürülüb;

– Bəsitçay qoruğunun ərazisində 1995-1997-ci illərdə 89 nəfər erməni və 136 nəfər fars vərəmdən müalicə olunub.

“Qarabağın ekoloji harayı” məqaləsindən məlum olur ki, 28 il ərzində inşa edilən qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardmanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Zəngilan, Gədəbəy, Kəlbəcər, Xanlar, Qubadlı rayonlarının və DQMV-nin meşələrindən 0,5 mln-dan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşəsalma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış, kommersiya məqsədləri üçün istifadə edilmişdir. Üzümlüklərin beton dirəklərindən mühəndis istehkam məqsədləri üçün istifadə edildiyindən üzümlük sahələri məhv edilmişdir [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

İşğal altında qalan torpaqlarımızda, xüsusilə Ağdam rayonu ərazisində Ermənistandan gətirilən radioaktiv tullantıların yerləşdirilməsi 250 min hektar meşə sahəsinin nüvə tullantıları ilə çirklənməsinə, nəticədə istifadə üçün yararsız hala düşməsinə səbəb olmuşdur.

Kəlbəcər rayonu ərazisindəki ucsuz-bucaqsız yüksək alp çəmənliklərinin tanınmaz hala salınmasını, öz mənbəyini işğal altında olan ərazilərdən götürən Xonaşen, Qar-Qar, Xaçınçay, Tərtər və Araz çaylarının ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsini də bura əlavə etsək, erməni xislətinin torpaqlarımıza hansı dərəcədə təcavüz etdiyi qismən aydın olar.

Naxçıvan Muxtar Respublikasının təbii mühitində mühüm rol oynayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır. Belə ki, Araz çayının uzun illər Ermənistan tərəfindən çirkləndirilməsi, ən dəhşətlisi isə Zod yatağından qızılın təmizlənməsi məqsədilə istifadə olunan sağlamlıq üçün təhlükəli sian qarışığının, başqa sözlə, zəhərlənmiş suyun Araz çayına axıdılması çayda yetişən 21 balıq növündən 5-nin kökünün kəsilməsinə səbəb olmuşdur.

Erməni həyasızlığı o həddə çatıb ki, Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağından doldurulub qablaşdırılan sular, guya Ermənistanın Cermuk yaşayış məntəqəsi ərazisindəki bulaqlardan doldurulduğunu əks etdirən fars dilində yazılmış etiketlərlə satışa çıxarılır.

Ermənilərin Seyidmahmudlu və Qaraxanbəyli kəndləri arasındakı yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olan xüsusi laboratoriyadan Köndələnçay və Quruçay çaylarına tullantı şəklində axıdılan su, həmin çayların suyundan istifadə edən azərbaycanlı əhalidə dəri xəstəlikləri yaranmasına səbəb olmuşdur. 

28 il işğal altında qalan torpaqlarımızdakı ümumi həcmi 631 milyon kub m tutumu olan 10 su anbarının ermənilər tərəfindən sıradan çıxarılması səbəbindən dağətəyi və aran hissədə yaşayan 400 min əhalinin həyatı və təsərrüfatı illərlə təhlükə altında olmuşdur.

Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılıb. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaq məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub. Həm də yanğınlar yalnız ermənilərin nəzarətində olan ərazilərlə məhdudlaşmayıb, bu kimi hallar Azərbaycanın nəzarəti altında olan ərazilərdə də baş verib.

Mütəxəssislərin qənaətinə görə, tez bir zamanda qarşısı alınmasa, sağlamlıq üçün təhlükəli olan sian qarışıqlı zəhərlənmiş suyun Ermənistan tərəfindən Araz çayına axıdılması Cənubi Qafqaz Regionunda torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yarada, meşələrin qırılması isə həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər.

***

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəyinə əsaslanaraq deyə bilərik ki, ilkin qiymətləndirməyə görə, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların istifadə üçün yararsız hala salınması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi və faydalı qazıntı yataqlarının talanı nəticəsində Azərbaycanın təbiətinə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir [Hüseynov Habil. Qarabağın ekoloji harayı. “Xalq cəbhəsi” qəzeti, 1 iyul 2019-cu il].

***

Sonda təbiətə düşmən kəsilən ermənilərə və erməni xislətdə olan təbiət düşmənlərinə üz tutub Amerika ekoloqu A.Leordun sözləri ilə demək istəyirik ki, Yer kürəsi əvvəli və sonu olmayan bir çaydır (Round river). İnsanlar bu axına çox ehtiyatla yanaşmalıdırlar. Unudulmamalıdır ki, yaşadığımız “Round river” məhz biz insanların əli ilə təhlükə ilə üzləşir. Bu təhlükənin sonuncu qurbanı isə bütün canlı aləm, o cümlədən insanın özü olacaq. Odur ki, təbiətə, onun sərvətlərinə münasibətimizi dəyişməliyik. Fridrix Engelsin sözləri ilə desək, təbiətdə heç nə şərti olaraq baş vermir, hər bir hadisə digərlərinə təsir göstərir və əksinə.

Unutmamalıyıq ki, Allah insanı təbiəti sevmək üçün yaratmışdır (“Avesta”dan).

Mən istəyirəm ki, – yazırdı ümummilli lider Heydər Əliyev, – hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

İmran Nuri,

UNEC, İqtisadiyyat fakültəsinin tələbəsi.

https://orcid.org/0000-0002-7624-2693

E-mail: qurd02@mail.ru

+994-50-501-04-03; (+994-55-945-13-85 (wp))



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

One thought on “AZƏRBAYCANIN TƏBİƏTİNƏ ERMƏNİLƏRİN EKOLOJİ GENOSİD SİYASƏTİ”

  1. Bu, İmranın elmin çətin sınaqlı, məşəqqətli yollarında debütüdür. Bu yolda ona uğur arzulayan məqalənin elmi rəhbərinə, yazını sayta qoymaqla və jurnalda dərc etməklə İmrana yaşıl işıq yandıran baş redaktora minnətdarlığımı bildirirəm. İndiki zamanda cavanlara diqqət və qayğı ilə yanaşan tək-tək insanla rastlaşarsan, amma sən demə dünya xeyirxah insanlardan xali deyilmiş… Var olasınız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir