Aqil ABBAS:UCA ADAM: RƏCƏB TAYYİB ƏRDOĞAN

Aqil Abbas – Millət Vəkili.

26 fevral qardaş ölkənin  cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Söylədiyi bir şeirə görə həbs olunan gündən sayın Ərdoğanı izləyirəm. Həbs olunanda da bir ziyalı kimi  qəzetimizdə etirazımı  bildirmişdim. Tanrı bu insandan heç nə əsirgəməyib – qeyri-adi natiqlik qabiliyyəti var, müdrik siyasətçidi, ədəbiyyatı, tarixi gözəl bilir, özü də təkcə Türkiyənin tarixini və ədəbiyyatını deyil, bütün  türk xalqlarının  tarixini  və ədəbiyyatını  bilir. Və qarşısına bir məqsəd qoyubsa, sonadək mübarizə  aparmağı  bacarır və Tanrı da  həmişə ona yardımçı olur. Təkcə Türkiyə türkləri arasında deyil və bütün  türk xalqlarının arasında böyük nüfuz qazanıb. Cəsarətlidir. «Dünya beşdən böyükdür» – deyən   bu qətiyyətli şəxs Türkiyəni sındırmaq istəyən, Türkiyəyə tələ qurmaq istəyən dünyanın özündən deyən  böyük dövlətlərini və həmin  dövlətlərin  başçılarını hakimiyyətə  gəldiyi  gündən yerində oturtmağı bacarıb.

Möhtərəm prezidentimiz İlham Əliyevin dəmir yumruğu kimi, Onun da  dəmir yumruğu var.

Türkiyə qüdrətli dövlətdir, amma açığını desək, sayın Ərdoğan hakimiyyətə  gələnədək dünyada o qədər də söz sahibi deyildi. Və bu gün dünya  Türkiyə ilə hesablaşmaq zorundadı. Orta Şərqdə, hətta  Avropada Türkiyəsiz hansısa bir məsələni  həll etmək  mümkün deyil.

Bunu biz Suriyada da görürük, İraqda da, Liviyada da, Fələstində də, Kosovada da, əlacsız Afrika ölkələrinə dayaqda da.

Böyük ürək sahibidir və çox humanistdir. Hər  dövlətin qüdrəti deyil ki, 4 milyondan çox Suriya qaçqınını bağrına  bassın. Və görün  neçə ildir ki, bu qaçqınlara Türkiyə təmənnasız yardım edir, heç də onları öz vətəndaşlarından  ayırmır.

Atatürkün  məşhur bir fikri: «Azərbaycanın  sevinci sevincimiz, kədəri kədərimizdir»,  sayın Ərdoğan  hakimiyyətə gələndən bu vəsiyyəti özünün ən ümdə  vəzifəsi  hesab edib. Türkiyə həmişə  Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsində bunu bir daha sübut etdi  və deyək ki,  Azərbaycanın yanında olmaqla  dünyaya   meydan oxudu.

Türkiyə – Azərbaycan.

Tale elə gətirib ki, sayın Ərdoğanla görüşmək, belə demək mümkünsə, dərdləşmək mənə də qismət olub.  Hələ mənə bir gözəl qalstuk da bağışlayıb. Heyfim gəlir,  taxmıram, başqa  hədiyyələr kimi  qoruyub saxlayıram.

Əskişəhərdə Türk dünyası yazarlarının qurultayı keçirilirdi. Həm keçmiş  SSRİ-dəki türk respublikalarından, bügünki Rusiya Federasiyasındakı Tatarıstanın, Başqurdustanın, hətta Sibirdə yaşayan türk xalqlarının, İranın, Kiprin, İraqın və s. yazarları  bu qurultayda iştirak edirdilər.  Onu da deyim ki, qurultay iştirakçıları  böyük bir  sevgi ilə Anar müəllimi yenidən Türk Yazarlar Birliyinin  sədri seçdilər. Qurultaya Avrasiya Yazarlar Birliyinin genel başkanı Yaqub Öməroğlu sədrlik edirdi.

Qurultayın sonunda Yaqub bəy bildirdi ki, Baş bakan  Rəcəb Tayyib Ərdoğan (cümhur başkanlığı  seçkiləri  ərəfəsi idi) hər ölkədən  gələn bir  nəfər yazarı görüşə dəvət edib. Onu da qeyd edim ki, hər ölkədən 10-15 nəfər, bəzisindən hətta  20 nəfər   qurultayda iştirak edirdi.

Biz də gərək ki  6 nəfərlə  təmsil olunurduq. Təbii ki, görüşə Anar müəllim  gedəcəkdi.

Amma axşamüstü Yaqub bəy bildirdi ki, Baş bakanlıq Anar müəllimdən  başqa sizi də, xanımınızı da görüşə dəvət edir.  Hər ölkədən  bir nəfər getsə də, Azərbaycandan biz  üç nəfər  İstanbula görüşə getdik. Görüş boyu Yaqub bəy Tatarıstandan, Başqurdustandan, Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Sibirdən gələn yazarları sayın  Ərdoğan  üçün tərcümə edirdi.

Anar müəllimə söz verildi. Onu da deyim ki, görüş boyu diqqəti Azərbaycandan  gələn  nümayəndələrdə idi.  Anar müəllim Türkiyə və Azərbaycan, eləcə də türkdilli  ölkələrin mədəni  və hətta siyasi əlaqələrinin daha necə genişləndirilməsi, gücləndirilməsi ilə bağlı fikirlərini söylədi. Sonra söz mənə verildi. Mən də təbii ki, Türkiyə və Azərbaycanın mədəni əlaqələrinə toxundum və xahişim də o oldu ki, «Dünya ədəbiyyatı» seriyası olduğu kimi, türk xalqlarının da yazarlarının belə bir seriyası çap edilsə, özü də bütün xalqların öz türkcəsində, Türk dünyasına  böyük  bir hədiyyə olar.

Xanımı həmişə söhbətlərində  sayın Ərdoğanı «Uca Adam» adlandırır.

Dedim:

– Sayın Ərdoğan, xanımınızın dediyi kimi, siz  doğrudan da  Uca Adamsınız.

Gülümsədi və dedi:

–  Qardaşım İlham Əliyev də Uca Adamdı.

Daha sonra belə  söylədim:

– Cümhur başkanlığı seçimidir. Mən təəssüf  edirəm ki,  seçkilərdə oy vermək  imkanım yoxdur. Özüm Türkeşçi olsam da, oy vermək səlahiyyətim olsa məmnuniyyətlə oyumu  sizə verərdim.

– Nədən?

– Çünki bu gün sizi Türkiyədə əvəz edə biləcək bir siyasətçi, bir lider görmürəm.

Və daha sonra türkcə çap olunmuş «Dolu» romanımı və «Dolu» filminin diskini  sayın Ərdoğana  təqdim elədim.  O da mənə təşəkkür elədi, bir qalstuk bağışladı, xanımıma da bir  kəlağayı.

Və təbii ki, biz tərcüməçisiz danışırdıq və bir-birimizi də çox gözəl anlayırdıq.

26 fevral sayın Rəcəb Tayyib Ərdoğanın  doğum günüdür. Onu bu gözəl gün  münasibətilə ürəkdən təbrik edirəm. Təkcə onu yox, həm də Türkiyə türklərini də –  Tanrının onlara belə bir lider göndərdiyinə görə  ürəkdən  təbrik edirəm.  Elə bizim xalqımızı da təbrik edirəm ki,  belə bir QARDAŞIMIZ var.

Tanrı Möhtərəm Prezidentimiz İlham Əliyevlə Sayın Rəcəb Tayyib Ərdoğanın qardaşlığını yaman gözdən, nəzərdən qorusun.

Tanrı Türkü qorusun!

Müəllif: Aqil Abbas

İlkin mənbə:adalet.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992 – CI İL.

UNUTMARAM XOCALIM
Neçə ildir axıb gedən göz yaşım
Sel olmasa, bəs mən necə bənd aşım?
Qan ağlayan çəmənləri, dağ-daşı,
Gülzar edib, yağılardan bac alım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Gündüzlərim gecə kimi qaranlıq,
Unutmadım bu dərdləri bir anlıq.
Bax, qisassız ötüb keçdi cavanlıq,
Rəva bilmə bu dərdlərlə qocalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köpəyini dünya tutdu tay mənə,
Arxalıydı, zülm elədi hay mənə.
İmdad etməz Günəş mənə, Ay mənə,
Qoy türk olum, oğuz kimi ucalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Düz əqidəm, düz amalım, düz sözüm,
Son sözümü deyəcəyəm mən özüm.
Zülmətlərdə parlayacaq gündüzüm,
Qoy, Vətəndən, Bayrağımdan güc alım.
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köməyim ol, göz yaşımı sil yenə,
Söyləyirəm son arzumu mən Sənə,
Uca Tanrım, gücündən güc ver mənə,
Qaniçəndən, yaramazdan öc alım.
Unutmadım, unutmaram, Xocalım!
Müəllif: Abdulla Cəfər

XOCALI
Xocalım,ay Xocalım!
Xalqımın Xoca yurdu.
Üç əsrə yaxındır ki,
Bölüllər qoca yurdu!
* * *
Böldülər Kürəkçayla,
Böldülər Gülüstanla.
Türkmənçayla qıydilar
Anam Azərbaycana.
* * *
Bununla soyumadı
Yağının daş ürəyi.
Sildi bu yer üzündən
Sən tək gözəl mələyi.
* * *
Xatun, Xerasimaya
Oxşatdı səni düşmən.
Sındırdı vüqarnı,
Əzəldən yağı düşmən.
* * *
Qışın- yazın-baharın,
Dağda qarın ağladı.
Neçə bağlanmış əhdə
Etibarın ağladı.
* * *
Bu üç əsrə yaxındır
Qan axıdır yaramız.
Ədalətsiz dünyada,
Tapılmayır çaramız?
* * *
Sən İyirminci əsrin,
İnsanlıq faciəsi.
50 milyon xaldımın
Yaşam mücadiləsi.
* * *
Kaş oyatsın dünyanı
Haqq-ədalət harayın.
Sındırsın tilsimini.
Ayrılmış iki tayın.
Müəllif: Rasimə Könül

X O C A L I M
Gözümlə görmüşəm sinə dağını,
Qan gölü etdilər güllü bağını,
Sülhə çağırırıq bizsə, yağını,
Nəfəsi kəsilmiş, dilsiz Xocalım.
* * *
Təkləndin, fəryadın, səsin boğuldu,
Hamilə gecədən qatil doğuldu,
Millətin dik başı yerə soxuldu,
Ayağı qandallı, əlsiz Xocalım.
* * *
Qalmısan Vətənin qürbət tayında,
İlləri sayırsan, övlad hayında,
Qan izin qurumur Qarqar çayında,
Çaylağı qurumuş, selsiz Xocalım.
* * *
Gözləri yollarda qalan olmusan,
Yerin də düzlənib, talan olmusan,
Elə bil xəyalsan, yalan olmusan,
Obası didərgin, elsiz Xocalım.
* * *
Nəyimə gərəkdi boş-boş hədələr,
Lovğa-lovğa gəzir düşmən gədələr,
“Qana – qan” deyiblər ərən dədələr,
Qaməti qırılan, belsiz Xocalım.
26 fevral 2017-ci il
Müəllif: Mayıl Dostu

Ağdam, Yusifcanlı – Sevinc Şükürlü – Xocalı…

Sevinc Şükürlü – Ağdam məktəblisi.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAN AY ATA – SƏNANIN ATASI

Müəllim – Hacı Əkbər Rüstəmov 28 il sonra oğlu Sənanı ziyarət eərkən…

HACI ƏKBƏR OĞLU SƏNANIN MƏZARINI ZİYARƏT ETDİ

Qarabağ camaatının – Ağdamlıların “MƏLLİM” deyə yaxşı tanıdığı Müəllim – Hacı Əkbər Rüstəmov uzun illərdən (təxminən 28 il vaxt ötüb) sonra Ağdamda həmişəlik qoyub gəldiyi şəhid oğlu, əbədiyaşar Sənanın məzarını ziyarət edib.

“Məllim” – Müəllim Hacı Əkbər Rüstəmov.

Qeyd:

El ağsaqqalı Hacı Əkbər sevimli yazarımız Aqil Abbasın “Dolu” romanında yer almış “Məllim” obrazının, oğlu Sənan isə son anda “…mən qız görmədim e…” deyib şəhid olan “Pələng”in prototipləridir (mənbə: Aqil ABBAS:>>> adalet.az). Aqil Abbasa o illəri reala daha yaxın xatırladan belə bir əsəri ərsəyə gətirdiyinə görə, hələ-hələ imkanlarından istifadə edib, onu dövrümüzün reallıqları ilə mümkün olan ən yüksək səviyyədə ekranlaşdırdığına görə təşəkkürlərimiz sonsuzdur.

Sənan Əkbər oğlu Rüstəmov – I Qarabağ Müharibəsi şəhidi – Ağdamın 6000 şəhidindən biri…

ŞƏHİD SƏNAN RÜSTƏMOV HAQQINDA

QISA ARAYIŞ: Sənan Əkbər oğlu Rüstəmov – Qarabağ müharibəsində şəhid olub. (d. 11 yanvar, 1973, Ağdam,- – ö. 15 may, 1992, Ağdam, Abdal -Gülablı kəndi)

Uşaqlıq illəri
Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. [[1984]]-cü ildən “Qarabağ bülbülləri” ansamblı]]nın ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq Ağdam 50 saylı Texniki Peşə məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

Əkbər Rüstəmovun oğludur.

Sənan Əkbər oğlu Rüstəmov döyüşçü yoldaşı ilə…

Müharibə həyatı
Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala 17 Nəfər könüllülərdən bir qrup]]bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Əbədi həyat yolu
Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.

Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.

Allah Sənan da daxil olmaqla (Ağdam I və II Qarabağ müharibəsində 6000 – dən çox şəhid verib) bütün şəhidlərimizə rəhmət eləsin… Amin…

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÖLÜM SEVİNMƏSİN QOY

Füzuli Feyruz oğlu Əsgərli

UNUDULMAZ İNSAN, TANINAN ALİM

Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa babam haqqında yazı yazmaq barədə düşünüm. Hətta sağlığında belə. Amma indi – gözlənilmədən dünyasını dəyişdiyi bir vaxtda gedişi ilə hər birimizə yaşatdığı nədəndi bilmədim, bu yazı qələmə    alındı. Haradan, necə başlayacağımı bilmədiyim halda, sözlər özü gəlib məni tapdı. Hərçənd ki mən jurnalist, söz adamı deyiləm.

Özümü tanıyandan babam haqqında yalnız xoş sözlər eşitmişəm. Yaxından tanıyanlar onu həmişə “halal adam, “təmənnasız şəxs” kimi dəyərləndirir, “belə insanlara nadir hallarda rast gəlmək olur” kimi səmimi kəlmələrlə onun qəfil gedişinə təəssüflənirlər. Nənəm deyir ki, babamın təmiz adı, halal zəhməti ilə qazandığı çörək ailəmiz üçün həmişə qürur ünvanı olub. O, nəfsini məhz təmiz ada, halal zəhmətə qurban verən şəxslərdən olub. Çoxlarına nümunə ola biləcək insan kimi tanınıb. Həmişə haqqın, ədalətin tərəfində dayanıb, işini sevən, vicdanlı, dürüst, təmiz qəlbli və peşəsi ilə fəxr edən olub.

Yaşlılar, orta nəslin nümayəndələri, gənclər, xüsusilə tələbələri və müəllim yoldaşları haqqında birmənalı olaraq “xeyirxah insan”, “bütöv şəxsiyyət”, “istedadlı filoloq-alim”, “həqiqi ədəbiyyatşünas” kimi ifadələr işlədirlər. İctimai fəaliyyətində olduğu kimi, şəxsi həyatında da daim bu prinsipə sadiq qaldığını söyləyirlər.

Mən babamı nəvənin öz babasını sevə biləcəyindən daha çox sevirdim. Bizə gələndə içimdə qəribə sevinc hissi oyanırdı – onu anlaya bilmədiyim bir əhvalla qarşılayırdım. Babam da bizi çox istəyirdi. Hər dəfə bizləri elə ifadəsi mümkün olmayan sevinclə qarşılayırdı ki… Sanki hər gün getdiyimiz ev deyilmiş. Düzü, bir az da çəkinirdim ondan. Bilirdim ki, bəlağətli, pafoslu sözləri xoşlamır. Bəlkə də bu üzdən ona olan sevgimi qədərincə hiss etdirə bilməmişəm.

Babam səsimi çox bəyənirdi. Kiçik yaşlarımda ara-sıra zümzüməmə də qulaq asıb. Hətta bir dəfə mənə dedi ki, “iş yoldaşlarımı səsinə qulaq asdırdım, elə bildilər peşəkar mügənnidi oxuyan”. Həmişə də zarafatla deyərdi ki, “Sən bir çox indiki müğənnilərdən yaxşı oxuyursan. Ən yaxşı dinləyicin də mənəm”.

İndi babam yoxdur. Həyatımız büsbütün dəyişdi, həyatımızda çox şeylər yarımçıq qaldı.

Bu dünyada olmadığını bilirəm, bir daha qayıtmayacağını da bilirəm, amma yenə gözlərim qapıdadır. Axı biz heç sağollaşmadıq da…

Yanvarın 17-si – babamın dünyasını dəyişdiyi gün. Həmin gün nə baş verdiyini indi də dərk etməkdə çətinlik çəkirəm. Çünki hər şey gözlənilməz oldu, bircə anın içində. Yoxluğunda dərk etdim ki, indiyədək babamı ölümsüz hesab edirəmmiş. Bəlkə də bu səbəbdəndi indi onun yoxluğunu qəbul edə bilmirəm.

…Səninçün çox darıxıram, baba! Təsəllim səni hər gün yuxularımda görməyimdi. Çox xoşbəxtsən yuxularımda.

“Allah yaxşı insanları yanına tez alır”, deyirlər. Bundan da təsəlli tapıram. Əminəm ki, Allah səni cənnətlə müjdələyib. Sən əqidədə insanlar Yaradanın dərgahında ən yüksək məqama layiq görülür. Biz, altı nəvən də daxil olmaqla bütün ailəmiz səninlə qürur duyuruq. Qürurlanırıq ki, damarlarımızda belə bir şəxsin qanı qaynayır!

Görəsən, bundan sonradamı sənin sevdiyin mahnıları, amma bu dəfə sənsiz, zümzümə edə biləcəyəm?..

***

Haqqında yazılanlardan

Azərbaycan uşaq ədəbiyyatının tanınmış tədqiqatçılarından biri, filoloq alim, tərcümə nəzəriyyəçisi, tərcüməçi, fililogiya üzrə fəlsəfə doktoru, dosent F.Əsgərli çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq və ömür yolu keçib. Onun iri həcmli monoqrafiyaları, dərslik və dərs vəsaitləri (“Uşaq ədəbiyyatı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Dünya uşaq ədəbiyyatı”), uşaq ədəbiyyatının müasir problemlərinə həsr etdiyi elmi-nəzəri məqalələr topluları (“Problemlər, düşüncələr”, “Müasir uşaq ədəbiyyatının inkişaf mərhələləri” və s.) Azərbaycan ədəbiyyatında özünəməxsus bir iz açıb. Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğinə, bədii tərcüməyə, onun nəzəriyyəsinin öyrənilməsinə həsr edib.

Füzuli Feyruz oğlu Əsgərli 1945-ci il mart ayının 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra üç il ordu sıralarında xidmət keçib. Əmək fəaliyyətinə Bakı Şin zavodunda yığıcı, indiki Səttarxan adına zavodda tornaçı kimi başlayıb. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indi ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olub. Təhsildə və ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib: qrup nümayəndəsi, komsomol komitəsinə büro üzvü seçilib. “Məşəl” tələbə teatrına bədii rəhbər seçilməsi onun bacarığının, istedadının yeni məziyyətlərini  üzə çıxarıb. Həvəskar tələbə-aktyorların iştirakı ilə N.Hikmətin “Unudulan adam”, A.Safronovun “Kişilərə inanmayın”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər” və bir sıra başqa əsərləri müvəffəqiyyətlə tamaşaya qoyub. Tələbə teatrlarının respublika müsabiqəsində, radio və televiziya verilişlərində uğurla çıxış ediblər. Yeri gəlmişkən: Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruz onun rəhbərlik etdiyi “Məşəl” tələbə teatrının yetirmələrindəndir. Bu gün onunla çiyin-çiyinə çalışan həmkarlarından Qüdrət Umudovla Kamil Bəşirov da həmin dərnəyin fəal üzvlərindən olublar. Teatr sahəsindəki uğurlarına görə “Bədii özfəaliyyətdəki uğurlarına görə” döş nişanı ilə təltif edilib.

1973-cü ildə ADPU-da işə qəbul edilən F.Əsgərli elmi-publisistik, teatr və bədii tərcümə ilə bağlı daha intensiv fəaliyyətə başlayıb. Maraqlı tərcümələr edir, qəzet və jurnallar üçün publisistik və elmi məqalələr yazır, Azərbaycan radiosu və televiziyası ilə müntəzəm yaradıcılıəq əlaqəsi saxlayırdı. Tərcüməçilik qabiliyyətini yüksək qiymətləndirən xalq yazıçısı İsmayıl Şıxlı ona tərcümənin nəzəri əsaslarını dərindən öyrənməyi, bu istiqamətdə dissertasiya yazmağı tövsiyə edib. Müəlliminin tövsiyəsi ilə “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri. 1950-1980” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri  namizədi) elmi dərəcəsini alıb. 1994-cü ildə ADPU-nun “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə seçilib. 1991-1997-ci illərdə, eyni zamanda, filologiya fakültəsində dekan müavini kimi də çalışıb.

Onu da qeyd etmək yerinə düşər ki, təşkilatçılıq bacarığına, səmərəli fəaliyyətinə görə bir sıra mükafatlarla, fəxri fərmanlarla təltif olunan F.Əsgərli sovetlər dönəmində yeddi il ardıcıl olaraq institut və respublika üzrə tələbə inşaat dəstəsinin komandiri kimi SSRİ-nin bir sıra ucqar bölgələrində, o cümlədən Sibirdə olub.

F.Əsgərli uşaq ədəbiyyatının keşiyində dayanan əsgər kimi bu sahənin bütün incəliklərini tədqiq edib, məqalələr, dərsliklər, monoqrafiyalar yazıb, mühazirələr oxuyub, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edib.

Çox zəhmətkeş alim olub. Daim axtarıb-arayıb, yorulmaq bilmədən yazıb-yaradıb. Bir çox elmi kitabların, 100-dən artıq elmi-nəzəri, publisistik məqalənin müəllifidir. Elmi araşdırma­larında görkəmli uşaq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil yaradıcılığına daha çox üstünlük verib. Yazıçının yaradıcılığından bəhs edən bir neçə monoqrafiyanın, çox sayda tədqiqat xarakterli məqalənin müəllifidir. Z.Xəlil anadan olmasının 70 illik yubileyinə həsr etdiyi “Sehrli dünyanın memarı” adlı monoqrafiyasında sənətkarın poeziya, nəsr və dramaturji fəaliyyətini elmi-nəzəri aspektdə araşdırıb, tədqiqata cəlb etdiyi əsərlərin ideya-bədii və sənətkarlıq məziyyətlərinin açılmasına xüsusi diqqət yetirib. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncələr…”, “70 ilin işığında” məqalələr toplusunun müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Türküstan”, “Mədəniyyət”, “Azad Azərbaycan”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə çap etdirdiyi elmi-publisistik məqalələri araşdırmaçı mütəxəssislər tərəfindən onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər formalaşdırıb.

Tərcümə nəzəriyyəsində müəyyən dərəcədə boşluq hiss edən alim “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasında nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tərcümə edilərək nəşrini tövsiyə edib. Adı çəkilən monoqrafiyada bədii tərcümədə daha zəruri olan obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığının və milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərib. Qırx beş il tərcümə sənətinə sadiq qalan F.Əsgərli bir sıra dünya xalqları yazıçılarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucularına ərməğan edib. Aleksey Tolstoy, Nikolay Nosov, Yan Larri, Konstantin Sergiyenko, Eduard Vilde, Anton Tammsaare, Paul Kuusberq, Andres Yaaksoo, Albertas Laurinçukas, Miroslav İrçan, Filip Mironov, Karlo Lorensini-Kollodi, Berdinəzər Xudaynəzərov, Kaldarbay Naymanbayev, Nodar Dumbadze, Anne Vestli, Luiza Oklott və digər qələm sahiblərinin əsərləri onun tərcüməsində çap olunub, Dövlət televiziya və radiosuna təqdim edilib.

***

…Ölüm qorxulu deyil, qorxulu olan onun vaxtından əvvəl gəlməsidir. Füzuli müəllimin dünyasını qəfil dəyişməsi bütün sevənlərini sarsıtdı. Yadigarı üş övladı, altı nəvəsi, bir nəticəsi, yetirmələri, kitabları oldu. Yaradıcı insanların həyatı ölümündən sonra başlayır.  Füzuli müəllim bizə uşaq ədəbiyyatı ilə bağlı xeyli sayda dərslik, metodik vəsait, monoqrafiyalar, çox sayda məqalələr, tərcümə əsərləri, eləcə də yolunu ləyaqətlə davam etdirən övladlar, nəvələr yadigar qoyub getdi.

Sözü kitablarda, özü  ürəyimizdə qalan sayılıb-seçilən babam, ruhun şad olsun!

Müəllif: Əhmədova Röya Rasim qızı 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay ŞƏHRİLİ – XOCALI şeiri

XOCALI

XOCALI

Xocalı tarixin qanlı yarası,

Bu gecə insanı xar etdi insan.

Əməli ömürlük bir üz qarası,

Bu boyda dünyanı dar etdi insan.

*  *  *

Bütün olanları yazıbsa Allah,

O gecə qələmin doldurub qanla.

Dünyada ədalət olubsa hərgah,

O gecə insanlar öldürüb anla!!!  

24.02.2021. – Bakı

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İNCİ, QƏRƏNFİL…

“ŞƏHİDLƏR BAŞ TACIMIZ, HEÇ BİTMİR DƏRD, ACIMIZ… “- ZAUR USTAC

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Qara-qırmızı Xocalı

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992-Cİ İL.

Qara-qırmızı Xocalı
Bu gecə qаn yаğır аğ qаr üstünə.
Bu gecə Хоcаlı аl-qаn rəngində,
Bu çаylаr, meşələr аl qаn içində.
Bu gecə аğаcın yаrpаğı biz-biz,
Аğlаyır, sızlаyır qаr içində iz.
Bu gecə insаnlаr evindən qаçır,
Аnаlаr sinəsin gülləyə аçır.
Şахtаdа о bаyrаq körpə əlinin
İçində dоn vurmuş bir ümid yаtır,
İnləyən, bоğulаn bir ümid bаtır.
Bir ümid çırpınır şəhid əlində.
Bir оrdu yeriyir, bir şər оrdusu-
Kimsəsiz, günаhsız insаn üstünə,
Yenə qаn tökülür zаmаn üstünə.
Bu qаnlı gecədə yer-göy аlışır
Bu qışın, sоyuğun sаzаqlаrındа.
Hələ də bu yerlər qаn içindədi,
Hələ də Хоcаlı qаn rəngindədi.
Bu uşаq qаnıdı, bu qоcа qаnı,
Bu dа qаr içində bir аnа qаnı.
Хоcаlı Vətənin qаn yаrаsıdı,
Хоcаlı Vətənin cаn yаrаsıdı.
Bəşərin sоnuncu fаciə günü
Dünyаdа bir kimsə yаtа bildimi?
Bu gecə dünyаnın sоn qəm gecəsi,
Bu gecə dərdlərın ilk cəm gecəsi,
Bəşərin sоnuncu mаtəm gecəsi,
Bizi qаn içində bаtırıb gedir.
Gör neçə illərdi dоnub Хоcаlı.
Bu yerin yаzınа hələ qаr yаğır,
Bu хаlqın bаşınа hələ qаn yаğır.
Dоn vurmuş körpənin qаrlı izini,
Yаyın istisi də əridə bilmir.
Хоcаlı dərdini, yurd harayını,
Dünyаnın sükutu kiridə bilmir.
Hələ хəyаllаrdа gəzir Хоcаlı.
Gəzir ölkə-ölkə, gəzir elbəel,
Gəzir fəsil-fəsil, gəzir ilbəil.
Sinədə, аlındа gəzir Хоcаlı,
Hər kəsin cаnındа gəzir Хоcаlı,
Yаrаlı Хоcаlı, əsir Хоcаlı.
Müəllif: Rəfail Tağızadə


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ ARİFQIZI – XOCALI HARAYI

XOCALI SOYQIRIMI

XOCALI HARAYI
Əzizinəm, göz, ağla,
Gəl, bu dərdə döz, ağla,
Bu görunməz vəhşətə,
Qələmim sın, söz, ağla!!!
* * *
Əzizim qisas günü,
Qız-gəlini as, günü.
Getdi namus, getdi ar,
Hardadı, qisas günü!!!
* * *
Eləmi, külə döndü,
Alış di, külə dön di,
Düşmən elə od vurdu,
Xocalı külə döndü!
* * *
Əzizim, halıma yan,
Deyərlər zalıma, yan!
Mən bu torpaqda yandım,
Sən gəl, Xocalıma yan!
* * *
Eləmi, ara bağlar,
Ağ günü qara bağlar,
Qisası alınmasa,
Xocalı yara bağlar!
* * *
Mən aşiq, ağladı yar,,
Yaramı bağladı yar,
Xocalının gününə
Mən öldüm, agladı yar.
* * *
Xocalını yaxdılar,
Yandırdılar, yaxdılar,
Körpəni şişə taxıb,
Gulə-gülə baxdılar…
* * *
Mən aşiq, daş oldu,gəl,
Bağrım badaş oldu,gəl,
Hardasan elim- günüm,
Xocalı daş oldu, gəl!
* * *
Əzizinəm, gec əydi,
Soruş, halın necəydi?
Xocalı dağılan ğün,
Belə qara gecəydı.
* * *
Xocalım,ay Xocalım,
Əl yalın, ayaq yalın,
Qisasin alınmayıb
Bu dərdilə qocalım?
* * *
Əzizinəm, elə sirr,
Bədən əsir, əl əsir,
Xocalı yanan gundən,
Namus əsir, el əsir!
* * *
Mən asiqəm, bu da, yaz,
Qollarımı buda, yaz,
Xocalının dərdini
Kağıza yox, uda yaz.
25.02.2019. – NAXÇIVAN
Müəllif: Təranə ARİFQIZI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru