
Orda bir kənd var… uzaqda…
Qarı qan gölünə dönən…
Qundaqdakı körpələri süngülənən…
Adamları odun kimi qalaqlanıb
Tövlələrdə ocaq kimi yanan bir kənd…
Qanına qəltan olunan…
Yurdu viran qalan bir kənd…
29 ildir yanıb külə dönən yurd yerinin adıydı Xocalı… Dünyadan xəbərsiz məsum qızlarımızın bəmbəyaz qarın üstünü ləkələyən bəkarət yükü – alnımızda şırımlanmış qan ləkəsi idi Xocalı…
Bətnindəki balaları çıxarılıb gözünün önündə süngüyə keçirilən hamilə gəlinlərin naləsi, sinəsi çalın-çarpaz dağlanmış Ana harayı idi Xocalı…
İllər ötdükcə zaman bizi həmən məşum gecədən nə qədər uzaqlaşdırsa da, lap dünyanın o biri ucuna da getsək, qulağımızdakı o fəryad səsini çıxara biləcəyikmi beynimizdən?!…
Yüz günəş doğsa da, lap külli-Qarabağın abi-həyatı yenidən cana gəlsə, doğan günəş Xocalının qarını əritsə də, qarın üstündəki o qan gölü əriyəcəkmi yaddaşımızdan?!
İllərdi dünyadan ədalət istəyirdik… o gecə çıraq kimi söndürülən körpələrin fəryadına, anaların naləsinə qoşulub, “Xocalıya ədalət” deyib haray çəkirdik, dünya bizi eşidirdimi?!
Bu boyda ədalətsizliyə dünya birliyi susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib işıqlandırırdılar…
Kor deyildik ki… Hamısını görürdük… İnsana və insanlığa qarşı törədilən bu boyda cinayəti, vəhşiliyi, dəhşəti görüb görməzdən gələnləri, ağzına su alıb oturanları, boğazına bağladığı qalstukun arxasında cəllad obrazını gizlədən qatilləri… hamısını görürdük… Onu da anlayırdıq ki, biz ədaləti dünyadan istədikcə dünya bizi kor dilənçi yerinə qoyacaq. Bizim namusumuzu ağrıdan yük dünya üçün sadəcə müzakirə mövzusudur.
Yaşı Xocalının yaşından az olan oğullar vardı… analar Xocalının qanını almaq üçün oğullar doğmuşdu, atalar alnımızın ləkəsini silmək üçün iyidlər böyütmüşdü, yumruqlarını çırpıb bütün dünyaya başa saldılar ki, ilahi ədalət nədir?! Dünyaya bir də onu başa saldılar ki, bizə beşulduzlu otellərin konfrans zallarına yığışıb dartışılan “dilənçi payı” ədalət gərək deyil, beş günlərlə susuz qalıb, şehli otların suyunu içə-içə, səngərlərin oyuğunda torpağın içində can bahasına, qan bahasına geriyə qaytarılır Xocalı…
*****
Orda bir kənd var uzaqda,
O kənd bizim kəndimizdir…
Xocalıdan yüz kilometrlərlə uzaqda yerləşir o kənd… Heç xəritədə də yolları kəsişmir…
27 il bundan öncə qarlı bir qış günündə o kənddə Nazim kişinin ocağında bir oğul dünyaya gəlmişdi… Xocalılıların heç onun dünyaya gəlişindən xəbəri də olmamışdı. Ağlı kəsəndən, özünü qanandan “Xocalıdakı körpələrin hayıfını alacağam” deyib intiqam hissi ilə yaşayırdı o igid. Hamı onun gülən üzünü, təbəssümlü çöhrəsini görürdü. Çiynindəki yükdən, ruhunu saran ağrıdan, tarix kitablarını oxuyanda keçirdiyi əzabdan dünya xəbərsiz idi. Bir gün tarix yazacaqdı, Xocalının qisasını alan qəhrəman Azər Yusifli kimi tarixə adını yazacaqdı…
Komandiri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının bölmə rəisi Fərhad Həşimov söhbətimiz zamanı bir hadisəni danışmışdı mənə: Biz əsgəri xidmət zamanı onlara təkcə hərbin sirlərini deyil, həm də milli ideoloji məsələləri aşılamağa çalışırdıq. Mənfur düşmən tərəfindən zəbt olunan hər bir ərazimizin tarixini detalları ilə öyrətməyə çalışırdıq. Mənim yaddaşıma həkk olunub, Xocalı ilə bağlı söhbətlər olan zamanı Azər dəhşətli dərəcədə sarsılırdı, üzünün rəngi, gözlərinin ifadəsi dəyişirdi, sanki yumruğunu sıxıb düşmənin başını əzmək üçün məqamını gözləyirdi…
Hərbi geyimin mahiyyətində elə bir əzəmət var ki, o, bütün əsgərlərə xüsusi yaraşır, duruşuna bir məğrurluq gətirir. Mən Azəri əsgərim kimi yox, övladım kimi çox istəyirdim və biz bəzən ikilikdə, bəzən ümumi söhbətlər zamanı artıq Azərin hərb yolunu seçdiyini, amalını bilirdik. Bir gün hərbi geyiminə işarə edib “Sən elə sənə yaraşanı seçmisən, Azər! – dedim. Adamın özünə necə görünür, bilmirəm, kənardan baxanda bu geyim sənə möhtəşəm yaraşır, İgid! deyib əlimi kürəyinə vurdum. Başındakı əsgər papağına işarə edib: “Paltarı deyə bilmərəm, komutan, dedi, paltar yaraşar. Amma neçə ki, Xocalıda namusuna toxunulmuş qız, gəlinin qanını, qisasını almamışıq, bu papaq heç birimizin başımıza yaraşası deyil” – dedi və yaş gözlərində düyünləndi. Mən də boğuldum elə bil. Udquna bilmədim. O zaman Azər 18 yaşını yenicə tamamlamışdı. Təsəvvür edirsiz, yaşıdlarının ata puluna dünyanı gəzdiyi bir yaşda Azər Xocalının qisasını almadan başında gəzdirdiyi papağı özünə yük bilirdi… Baxın, mən onu bu ayrıcalığına, heç kimə bənzəməyən bu xarakterinə vurğun idim, bu yaşda içindəki bu qeyrətinə, düşüncəsinə görə hamıdan seçilirdi Azər.
Son aylarda Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Çevik Hərəkat Dəstəsinin xüsusi təyinatlısı kimi döyüş təlimlərinə gedirdi Azər, onlar Ağgöl istiqamətində təlimlər keçirdilər, eyni zamanda döyüş taktikası ilə bərabər həm də ideoloji olaraq hərbə hazırlanırdılar. Bir dəfə telefon danışığımızda mənə bir kadrdan danışdı: “Komutan, o kadrlara baxanda mənim nələr keçirtdiyimi bir Allah bilir. Dünyanın hansısa ölkəsi Xocalıya soyqırım deyir, biri faciə deyir, biri qətliam deyir, özləri bilər, kim nə deyir desin, məndən ötrü mahiyyət dəyişmir, Xocalı məndən ötrü qeyrətimizin üstündə bir ləkədi və biz o ləkəni qanımızla yumalıyıq”. Həmin gün Azərin dediklərini, səsinin tonunu heç unuda bilmirəm, o səs indi də qulağımdan getmir.
Sentyabrın 27-si müharibə başlayan gün isə sosial şəbəkədə “Xocalıdan olan 5 yaşlı qız”ın məzar daşının fotosunu paylaşaraq: “Mən o 5 yaşlı körpənin uşaqlığının, itirdiyi gəncliyinin qisasını almağa gedirəm” yazmışdı…
Sonuncu dəfə oktyabrın 17-si danışdıq: “Hayıfımı almışam, Xocalının hayıfını almışam. Elədiklərinin min qatını eləmişəm, komutan. Bundan sonra Vətən sağ olsun!”-dedi. Sanki şəhid olacağını bilirdi. Sanki halallaşırdı…
Və məni həmişə düşündürən bir məsələ odur ki, bütün ordu istisnasız olaraq “Şuşa!” deyirdi. Amma Azərin Şuşadan da böyük məramı Xocalının qarının üstündəki qanı yumaq idi ki… dediyini elədi, qanıyla Xocalının namusundakı ləkəni təmizlədi…
Silahdaşı, Dövlət Sərhəd Xidmətinin leytenantı Əşrəf Həsənov danışır ki: Döyüşlər zamanı beynəlxalq səviyyədə humanitar atəşkəs elan olunmuşdu və biz həmin gecə hərbi planları, əməliyyat tədbirlərini dayandırdıq. Bu, Ali baş komandanın göstərişi idi və qarşı tərəf cəsədlərini götürməsi üçün bu addım atılmışdı. İnanırsız, bir adam da gəlmədi. Həmin vaxt Azər dedi ki: “Görürsünüzmü, mən deyəndə ki, bunlar adam deyil, Azərbaycan Ordusu bir dənə də insan öldürməyib, bax bunları nəzərdə tuturdum. Biz eliyərikmi belə şey? Biz yoldaşımızın ölüsünü, dirisini, yaralısını tərgidib gedə bilərikmi? Əlim, qolum olmaz, dişimdən çəkib gətirərəm mən yoldaşımı, qoyarammı ayaq altda qala, – dedi, dərindən köksünü ötürdü. Doğurdan da, Azər dediyi kimi mərd adam idi, yaralı yoldaşlarımızı çiynində döyüş meydanından neytral zonaya çıxarıb neçə kilometr yolu özü yaralı-yaralı çiynində daşıyıb təxliyə qrupuna təhvil vermişdi. Ona görə deyirdi ki, mənim əlim-qolum olmaz, dişimlə sürüyərəm, amma yoldaşımı darda qoymaram.
Komandirimiz bilirdi ki, mənim atam evi Füzulidədi, biz həmin vaxt ora yaxın mövqedə idik. Dedi ki, Əşrəf, humanitar atəşkəs elan olunub, bu gecə sakitlikdir. Azər sutkalardır ki, dizini qatlayıb oturmayıb, yuxusuzdur. Burda neyləsək də, yatası deyil, fürsətdi, bu gecəlik Azəri apar sizə, yuyunun, rahatlanın, səhər ertə Allahın izni ilə görüşərik. Mən dərhal razılaşdım, Azəri isə yola gətirmək müşkül məsələ idi: “Qardaşlarımı burda düzün ortasında qoyub hara gedirəm?-dedi. Hardan bilirik ki, gecənin bir aləmində o şərəfsizlər atəşkəsi pozmayacaqlar. Şərəfsizlik eləyənə necə inanasan ki, verdiyi sözü tutacaq”. Uşaqları qoyub getmək istəmirdi, uşaqlar hamısı sözü bir yerə qoyub məcbur edəndən sonra Azər çarəsiz razılaşdı.
Atamgil xeyli sevindilər, həmin gecə bizim evimizdə xeyli söhbət elədi atamla. Onun şəhid olmağı mənim qədər, atamı da sarsıtdı, atam da öz övladını itirmiş kimi yandı. Atam Azəri bir gecə içində tanısa da, onun nə cür qeyrət yiyəsi olduğunu görmüşdü. Həmin gecə bizim evdəki söhbət zamanı dedi ki, Xocalının qisasını almamış ölüm də bizə haramdır.
Əşrəfi dinləyə-dinləyə bir məqamı özüm üçün müəyyənləşdirirəm ki, “Xocalının qisasını almamış ölüm də bizə haramdı” – deməklə, Azər nəinki ölümü hətta bu günə qədər bu torpağın üstündə gəzməyi də öz kişiliyinə əzab sanırmış.
Döyüş yoldaşları deyir ki, Azər hər erməni öldürdükcə “Bu da Xocalının hayıfı” deyirdi. Qərb bölgəsində Qazaxda, Ağstafada qisas almaq, intiqam almaq ifadələrinin əvəzinə daha çox “hayıf çıxmaq”, “hayıf almaq” sözlərini işlədirlər.
Azəri gənc yaşında bu qədər sarsıdan, yandıran məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi. Ən böyük arzusu şəhidlik zirvəsinə – şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra. Dediyini etdi, əqidəsindən və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.
Görünən o idi ki, Azər Zəngilan şəhər Prokurorluğunun üstünə bayrağımızı sancdı, görünən o idi ki, Azər Xudafərin körpüsü əməliyyatını uğurla yerinə yetirdi, görünən o idi ki, Azər Sultanbəyli kimi çətin bir əməliyyatın sonunda Cəbrayılda bayraq ucaltdı… Görünən o idi ki, Azər Füzulinin azad olunmasında canını sipər etdi. Bütün bunlar savaşın görünən tərəfləri idi…
Görünməyən ən böyük həqiqət isə o idi ki, Azər Xocalıda öldürülən soydaşlarımızın hamısının hayıfını almışdı. Qisası da kişi kimi almışdı, həm hərb meydanında, həm də kabinetlərində o alçaqların layiqli dərsini verib yerini göstərmişdi…
Bu gün kəndimizin dünyadan xəbərsiz məsum körpələri Azərin – Azərlərin şəkillərini köksünə sıxıb “Xocalı Azərbaycandır!” deyirlər. Hamısının gözündə bir sevinc var, hamısının çöhrəsinə təbəssüm qonub… Uşaqların balaca əlləriylə bapbalaca ürəklərinə sıxdığı şəkillərdən baxan Azər əmi də gülümsəyir… Xocalıdakı körpələrin hayıfını aldığı üçün ruhu şaddır Azər əminin…

…Xeyli vaxtdır, kəndə getmirəm, ayaqlarımın gücü, ruhumun cəsarəti çatmır bəlkə də… Xocalıdan torpaq gətirəcəyim günü gözləyirəm. Həmin günü quşun qanadında da olsa, gedəcəyəm kəndə… Azərin şəhid məzarına Xocalı torpağı səpməyə…
26 fevral 2021-ci il
Müəllif: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru