
ATAMA ƏN MÜQƏDDƏS ARZUM…
5 il öncə gözəl bir bahar səhəri idi… Universitetdəydik. Həyat yoldaşım bizim kafedraya gəlib təbəssümlə „indicə mətbuatdan oxudum. Zərrab əmiyə əməkdar kənd təsərrüfatı işçisi“ fəxri adı adı verilib – deyə müjdələdi. Qanadım olsaydı, həmin an Bakı Dövlət Universitetindən birbaşa Naxçıvana uçardım… Gücüm sadəcə yazmağa, mətbuatdan oxuduğumuz bu xoş xəbərlə bağlı Atamı elə mətbuatda təbrik etməyə çatdı… Bu sabah qəzetin elektron arxivi həmin yazımdan 5 il ötdüyünü xatırladır… o günü xatırladım, gözlərim yaşardı…
Atam həyat yolumun başında dayanan İşıq və hər addımından örnək götürdüyüm Böyük İnsandı…
Atam mənə alın təri ilə çalışmağın və alın açıqlığı ilə yaşamağın bu həyatda ən uca dəyər olduğunu öyrədən Adamdı…
Bu gün insanların bir il, beş il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Atam düz 40 il eyni idarədə – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində zəhmətkeşliyi, əmək fəaliyyəti ilə hər kəsə örnək olacaq bir yol keçib. Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Atam sözün həqiqi mənasında işlədiyi bu 40 il ərzində bu ləyaqəti qoruya bilib, işini övladları kimi sevib, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirib, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq olub, dürüst olub, gördüyü hər işə məsuliyyətlə yanaşıb, fədakarlıqla çalışıb…
Dəyərli ağsaqqal, müdrik ziyalı, rəhmətlik cənnətməkan Fəttah müəllim bir söhbətimizdə Atam haqqında dediyi bu fikirləri heç unutmuram: „Qızım, dedi, biz fiqurların yerinin səhv düşdüyü bir şahmat taxtasının üstündə yaşayırıq. Amma böyük Səməd Vurğun deyib ki: Günəşi örtsə də, qara buludlar. Onun Günəş adlı bir qüdrəti var. Mən Zərrab müəllimə Günəş ömrü arzulayıram. Bütün şüurlu ömrünü, həyatını, sağlamlığını dövlətimiz və dövlətçiliyimiz yolunda vicdanla xidmət edib. Tanrı O böyük İnsanın başının üstünü, addımladığı yolunu qara buludlardan – qaramat düşüncələrdən hifz eləsin! Özü kimi işıqlı insanlar çıxsın qarşısına!“…
Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin, dəyərli insanlar, dəyərli fikirlər heç vaxt unudulmur. Elə Fəttah müəllimin arzuladıqlarını diləyirəm Atam üçün… Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Bundan böyük səadət nə ola bilər ki?! Ata var, söykənəcəyin dağ, qürur duyacağın zirvən var… Allah o Zirvəmi qorusun!
Bu günə qədər doğma Naxçıvanımızın çiçəklənməsi üçün çalışıb, demək olar ki, cahanın nəqşi olan bu ulu diyarın bütün guşələrində Atamın zəhmətinin, əllərinin izi var.

İnnən belə Atam üçün və Atamın kölgəsində özüm üçün bir müqəddəs diləyim var: Azad Qarabağımızın yeni həyat quruculuğunda Sənin əllərinin izi, əməyin olsun, Ata! Şuşada, Xankəndində, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə… bayrağımız qədər müqəddəs torpağımızın cana gəlməsində Sənin də iştirakın olsun, Ata! O torpağa həyat verən bəxtiyar adamlardan – kənd təsərrüfatı işçilərindən biri də Sən olasan, Ata! Bunu ürəkdən arzulayıram və ümid edirəm ki, o müqəddəs günə addım – addım yaxınlaşırıq…
Müəllif: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “ARZU – XƏYALƏ ZƏRRABQIZI”