VÜQAR ƏHMƏD – BİR ŞEİR

Vüqar ƏHMƏD- Şair, alim.

SƏBR EDƏK

Ölkədə nə çoxdur şərəfsiz, nadan,

Bunlarla bacarmır, Vallah, yaradan.

Nə Allah bilirlər, nə də ki, Quran,

Səbr edək, bunların kökü kəsilər.

***

Bunların tumunda, yəqin, var calaq,

Acizin zalımı, güclüyə yalaq,

Sonumuz məzarda darısqal otaq,

Səbr edək, bunların kökü kəsilər.

***

Ailəsi, tayfası hazıra nazir,

Harın məmurlardır, milləti əzir,

Övladlar Dubayda, Parisdə gəzir,

Səbr edək, bunların kökü kəsilər.

***

Sapı özümüzdən olan baltalar,

Bunlar gecə-gündüz xalqı baltalar,

Çox dərd eyləsək biz bağrı çatladar,

Səbr edək, bunların kökü kəsilər.

***

Halal çörək ömrümüzün naxşıdır,

Vahid deyərdi ki, Vətən yaxşıdır,

Ədalət olmasa, kəfən yaxşıdır,

Səbr edək bunların kökü kəsilər.

***

Əcaib doğulsa insan anadan,

Məzarda düzəldər onu Yaradan,

Millət artıq seçir ağı qaradan,

Səbr edək, bunların kökü kəsilər.

***

Zaman bir qamçıdır, biz də fırfıra,

Fırlada-fırlada aparır gora,

Az qalıb həriflər düşürlər tora,

Səbr edək, bunların kökü kəsilər.

***

Bu dünyada kim çəkirsə zəhməti,

El içində o, qazanır hörməti,

Allahdan səs gəldi mənə xəlvəti,

Səbr edək, bunların kökü kəsilər.

Müəllif: Vüqar ƏHMƏD


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “VÜQAR ƏHMƏD – BİR ŞEİR”

  1. Səbr etməkdən gözümün kökü saraldı, ürəyim xəstə düşdü, vurdum gəldim çıxdım 70 yaşıma, dünyanın düzələn yerin görmədim, Vüqar müəllm. Dövlət başçısı da nə qədər cəzalandırır bu şərəfsizləri, kökləri kəsimir ki, kəsilmir… Allah köməyin olsun, qələmin iti. Gözləyək. Ömrümüz gözləyə bildiyi qədər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir