Xəyalə Zərrabqızı – GENERAL

General Polad Həşimov

Generalların Şəhidi – Şəhidlərin Generalı…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun ölümü millətin yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü o azadlığa sərf edə. Polad Həşimov məhz belə insan idi. O böyüklükdə insanların son mənzili məzarlıq deyil, o böyüklükdə ürəklər məzarlığa sığmaz, ölümüylə millətin qəlbinə köçdü Polad Həşimov. Ölümüylə xalqın qəlbində ölümsüzləşən Milli Qəhrəman…

Hələ 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Ozal arasında gəlinən razılığa əsasən Elçibəy Azərbaycanın bir neçə say-seçmə gəncini hərbi təhsil almaq üçün Türkiyəyə göndərir. O zaman 18 yaşını yenicə tamamlayan Polad Həşimov və aprel döyüşlərində şəhadətə ucalan polkovnik- leytenant Raquf Orucov həmin göndərilən gənclərin içində olur. Təsadüfi deyil ki, Elçibəy Polad Həşimovun içindəki işığı hələ 18 yaşında ikən duymuş, onun böyük gələcəyinə ürəkdən inanmışdı.

Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı, Poladların, Azərlərin, İlqarların, Mübarizlərin… müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Şəhidlər xiyabanını ziyarət edərkən kimdənsə belə bir təəssüf eşitdim: Heyif ki, bu günü görmədi Polad…

Mən əsla belə düşünmürəm. Belə məqamlara bir az ucadan yanaşanda tamam başqa mətləblər açılır adamın beynində… Polad Həşimov bugünkü zəfərin təməl daşını qoydu,  bütövlüyümüzün memarı oldu. Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmiş olduğuna ürəkdən inanıram. Polad Həşimov o seçkin insanların, seçilmişlərin öndə gedəniydi. Polad Həşimov ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə səbəbkar oldu, yatmış bir milləti silkələdi, qəflət yuxusundan oyatdı, ayağa qaldırdı, bir yumruğa çevirdi. Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu Polad Həşimovun şəhadətindən başladı… Polad o yolun başında Haqq savaşçısı kimi dayandı və bütöv bir məmləkəti bir bayraq altında cəm elədi…

Bəli, təkcə Varlığıyla deyil, yoxluğuyla Qalib olanlar Böyük İnsanlardır… Polad Həşimov yoxluğuyla Tarix yazdı… Qarabağı azad etdi, qələbə qazandı, Şuşaya üçrəngli hilalımızı sancdı…

“Mən kabinet generalı yox, səngər generalı yetişdirmişəm!” – deyə böyütdüyü oğlu ilə qürur duyur Səmayə Ana…

«Həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət çəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq onsuz… Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, mən getməliyəm Ana… Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi.

Orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə – Vəndama, babasıgilə gedirdi. Rəhmətlik qaynatam, babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə görürdük ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, belə sürünə-sürünə keçirdik müharibədə. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi hissələrdə komandir işləyirdi. Bu illər ərzində üç dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq yadından çıxmışdı. Dostları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Bütün analar kimi mən də elçi getdim, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir.

2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdım. Toy günü birini Poladın, birini isə Poladın sağdışı Vüqarın qoluna bağladıq. Getdik qız evinə, gəlini gətirməyə. Polad içəri daxil oldu, gülü gəlinə hərbçi kimi təqdim elədi, hərbi salam verdi. O cür ciddi adamın bu  baməzəliyi hamıya xoş gəldi, qohum-əqrəba güldü, alqışladı, hamının ürəyi açıldı.

Amma Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi… Hamımız çox üzüldük. Neyləmək olar… Birtəhər dözdük… Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” – deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, qızım, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı… Polad özü də atasız qalmışdı, indi isə onun balaları… Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə bizə bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördük ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırıldı. Hətta, Prezidentimiz ona ev bağışladı. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışladı. Poladın bir başqa ürəyi, qəlbi vardı… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi.

Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qaçqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində 11 nəfər əsgərimizlə birlikdə qəhrəmanlıqla həlak oldu. Hamısının da bir həsrəti, bir amalı var idi – Qarabağ həsrəti… Neyləmək olar… Müharibənin belə sərt qanunları var…

Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar evimizin üstünə gəlir. Dəhşətli mənzərə idi. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” – deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, bizə deməyiblər, ay qızım… Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum fərqli bir oğul idi. Elə bil Vətəni üçün dünyaya gəlmişdi. Çox tez itirdik onu… Polad yaşasaydı, çox işlər görəcəkdi…

Səmayə Ana.

… Səmayə ananın sözlərində o qədər böyük həqiqətlər vardı ki…

Doğulduğu doğma yurdunda – Qəbələdə Polad Həşimovun iştirak etdiyi bir məclisdə onunla görüşən yoldaşım danışır ki, “Polad Həşimov toy mağarına yaxınlaşdı, göz aydınlığı verdi, təbrik elədi və getməyə tələsdi. Toy sahibi “Heç olmasa, bir qismət çörək yeyin, sonra gedin! – xahişinə isə “Əsgəri səngərdə olan komandir necə isti kabab, yağlı fətir yesin”, – dedi. Bu dəmdə ev adamları bir himə bənd imiş kimi ocağın – manqalın üstündən gətirdikləri kabab şişlərini təndir çörəklərinin arasına yığıb əsgərlər üçün böyük bağlamalar düzəldib maşının yük yerinə səliqə ilə yığdılar. Bax, bu oldu əsl toy!” – deyə cənab general məmnunluqla gülümsədi, hamı ilə mehribanlıqla sağollaşıb əsgərlərinin yanına yola düşdü… Məclis əhli hamı onun bu fədakar ürəyinə heyran qalmışdı…

         Əsgərlərinin isə onunla bağlı xatirələri cənab generalın sözün həqiqi mənasında necə böyük insan olduğunu bir daha sübuta yetirmiş olur. Əsgərlərindən biri deyir ki, “Bir gün məni yanına çağırıb dedi ki: Əsgər, hazırlaş, sabah evə yola salırıq səni. Mən isə mat-məəttəl “axı mən yeni gəlmişəm məzuniyyətdən” dedim.

Bilirəm, məzuniyyətdən yeni gəldiyini, evinə bir də get ki, yenilənib gələsən. Komandirlərin səndən razılıq edir, qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə… Səhər hərbi hissənin xidməti maşını ilə yola salacağıq, gedərsən”- dedi. Məəttəl qalmışdım. Səhər hərbi hissənin qarşısından hərbi hissənin maşını ilə məni evimə yola saldı və bir zərf verdi. Bu zərfi evə çatanda açmağı tapşırdı. Evə çatanda açdım ki: “Təbrik edirəm, əsgər, Ata olmusan!” yazıb. Zərfin içində 170 manat da pul vardı. Yeni dünyaya gəlmiş körpə üçün pay da göndərmişdi. Bu, əsgərini balası kimi sevən, əməlləriylə sadəliyin böyüklüyünü yaradan Polad Həşimov idi…

         Əsgərlərindən  Nicat Həşimzadə danışır ki: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi…”

         Ömür-gün yoldaşı Ofelya xanım isə Polad Həşimovu göz yaşları içində, qəhərdən boğula-boğula belə anır: “Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxuyardım, inana bilməzdim ki, real həyatda belə ürəkdə insanlar həqiqətən olur. Poladla biz 17 il bir yerdə yaşadıq. O, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarımızı da bu ruhda böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Əsgərləri deyir ki, O heç vaxt “İrəli!” deməzdi, öndə Özü gedər, “Arxamca!” deyərdi…

Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda – heç birində Polad yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.

Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:

– Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad…”

***

Bu xatirələri qələmə aldıqca Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram” – deyə Sizinlə qürur duyacaq…

         Ruhun şad olsun, Şəhid General!

Nə xoşbəxtəm ki, Sizin o yaşamağa dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Könüllərdə taxt quran, ürəklərdə heykəlləşən Əbədi Qəhrəman!

Tanrı qatında yeriniz uca, şəhadətiniz qutlu  olsun!


Xəyalə ZƏRRABQIZI
 – filologiya üzrə fəlsəfə doktoru.

Müəllif:  Xəyalə ZƏRRABQIZI


YAZARLAR.AZ

===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – ANA

Mayıl Dostu – şair, pedaqoq.

A N A
Tayı, bərabəri yoxdu dünyada,
Zülməti zəmi tək biçəndi ana.
Uca xəlq eyləyib onu yaradan,
Bir baxışla dərdi seçəndi ana.
***
Cənnətdir mehriban, isti qucağı,
Odur hər komanın yanan çırağı,
Düşməsin bəxtinə heç bala dağı,
Diriykən məzara köçəndi ana.
***
Əzaba qatlaşan, dözəndi dərdə,
O, namus-ismətdi, qeyrətdi mərdə,
Balası müşkülə düşdüyü yerdə,
Alovu çığnayıb keçəndi ana.
***
Yuxusuz gecələr ömrünün payı,
Tapılmaz dünyada əvəzi, tayı,
Ürəyi kamanın dartılmış yayı,
Hərdən kor dumandı, sis-çəndi ana.
***
Dili öyrənibdi şükran, “Amin” ə,
Övlad üçün canın qoyar zaminə,
Balası bəxtəvər olmaq naminə,
Zəhəri bal kimi içəndi ana.
***
Dünyanı Mayıla dar etdi, getdi,
Ömrünü zimistan, qar etdi, getdi,
Qərib bir məkanı gor etdi, getdi,
Dilində “yurd” sözü bitəndi ana.
Müəllif: Mayıl Dostu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CİDDİ MƏSƏLƏ

Zaur Ustac – şair-publisist.”Yazarlar” jurnalının baş redaktoru.

Qarabağda torpaq islahatları vacibdir, çünki…

İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.

Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!

Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.

Müsəmbər Şəhrili və Mahmud Ustaclı

Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?
HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.

Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.

Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.

Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…

Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…

Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:

Zaur Ustac,
şair-publisist


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏRVƏR MƏSUM – KƏNDƏ GƏL

Sərvər MƏSUM – Ordubad, Tivi kəndi.

Payız keçib , qış qurtarıb , yaz gəlib,
“Təbiətə işvə gəlib , naz gəlib”,
Elə bil ki bahar bir az az gəlib,
Batıb şehə bənövşələr qəmdə , gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.

Qəribsəyib bu dağ- dərə biləsən,
Məndən səni sorur hərə biləsən,
Sevinc dolub boş evlərə biləsən,
Gəlib məhlə uşaqları , sən də gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.

Səni kəndin bahar çağı gözləyir,
Səni kəndin bağça- bağı gözləyir,
Ata evi , od ocağı gözləyir,
Yarpız çayı vallah qalıb dəmdə , gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.

Bahar gəlib heç dayanmır yağışlar,
Göy üzünə dikilibdi baxışlar,
Bəlkə gəlsən dağlar bizi bağışlar,
Bulaqların gözü qalıb nəmdə , gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.

Təmizlənir qardan yurdlar , obalar,
Yığışılır daha peçlər , sobalar,
Can qoyubdu bu dağlarda babalar,
Bu dağların başı qalıb çəndə gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.

Gəl keçirək çərşənbəni , novruzu,
Qoy Yaradan versin elə bol ruzu,
Gəl harayla kənd altından o qızı ,
Bənövşələr yenə düşüb bəndə , gəl,
Şair Sərvər daha vaxtdı , kəndə gəl.
Müəllif: Sərvər Məsum


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – RUH VƏ YUXU

Zaur USTAC – şair, publisist.

              RUH VƏ YUXU  HAQQINDA

ALTINCI YAZI

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

 Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox  yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

    16.10.1016.  Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “Yuxu və ruh”, “Həftə içi”, 28.03.2019, say: 54 (3102), s.8. qəzetində dərc olunub. Bundan əlavə “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında altıncı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ “ZIYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Səlim Abbaszadə – Norveç, Oslo.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçnorveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür. Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!

Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Səlimin kitabı – Norveçdə belə də yaşamaq olar.
“NAGORNO-KARABAKH” Səlim Abbaszadənin kitabı.
“Ziyadar” diplom N: 060 – 06.02.2021. Bakı – Oslo.

SƏLİM ABBASZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QEYD:

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ:

  1.  YAZARLAR.AZ Arxiv:archive.vn 
  2. 2.yazyarat.com Arxiv:archive.vn 
  3. 3. ilkxeber.orgArxiv:archive.vn 
  4. 4. 525.azArxiv:archive.vn 
  5. 5. MUSTAQİL.AZ Arxiv: archive.vn 
  6. 6.asasmedya.info Arxiv.archive.vn 
  7. 7.FEDAİ.AZArxiv: archive.vn 8. Arxiv: