
GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ
Özünəməxsus sənət yolu keçmiş Hüseyn Cavid əsərlərində daim həyati problemləri, insan talelərini, milli və bəşəri məsələləri əks etdirmişdir. O, əsərlərində xalqa və vətənə olan sədaqət hisslərini ifadə etmişdir. Cavid ziddiyyətli bir zamanda daha çox Şərq tarixinə müraciət etmiş və yeni milli obrazlar yaratmışdır.
Maarifpərvər ziyalı hər zaman yaradıcılığında milli, tarixi, pedaqoji və siyasi dəyərləri sistemli şəkildə əks etdirmişdir. Mütəfəkkirin həyat və yaradıcılığının hələ sağlığından öyrənilməsinə baxmayaraq, onun məfkurəsi, ictimai-siyasi və pedaqoji ideyaları günümüz üçün aktuallığını itirməmişdir. Onun yaradıcılığının milli müstəqillik kontekstində daim araşdırılmasına və yeni-yeni tədqiqat əsərlərinin yazılmasına ehtiyac yaranmışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin doktorantı Oğuzhan Uzarın türk dilində yazdığı “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyası da çox aktualdır.
Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında mündəricat üzrə nəzərdə tutulmuş türkçülük, turançılıq, siyasət və hüquq anlayışlarını, onların mahiyyətini, məzmununu və prinsiplərini metodiki baxımdan düzgün təhlil etmişdir.
Elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Abbas Əhmədov olan monoqrafiya Naxçıvan şəhərində “Əcəmi” nəşriyyatında çap olunmuşdur.
Giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 97 səhifəlik monoqrafiya elmi-pedaqoji baxımından düzgün işlənmişdir.
Monoqrafiyanın “Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının formalaşması” adlı I fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində siyasi-hüquqi ideologiyanın istiqamətlərinin xarekteristikası öyrənilmiş, Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mühüm faktorlar araşdırılmış və Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mütəfəkkirlərin fikirləri tədqiqə cəlb olunmuşdur.
Monoqrafiyanın II fəsli “Hüseyn Cavidin siyasi idealı, dövlət və dövlətin formaları haqqında ideyaların təkamülü” adlanır. Bu fəsildə isə Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ilkin dövrü tədqiq edilmiş, Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ideya mənbələri araşdırılmış Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının inkişaf istiqamətləri tədqiq olunmuş, Hüseyn Cavid və yaradıcılığına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu öyrənilmişdir.
Monoqrafiyanın “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində sadalanmışdır.
“İstifadə edilmiş ədəbiyyat” hissəsində isə monoqrafiyanın yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir. Müəllifin problemlə bağlı elmi ədəbiyyatla, və dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır.
Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında bəhs etdiyi məsələni diqqətlə öyrənmiş və təhlil etmişdir. Müəllifin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>