
Vətəni Məcnuntək sevən Oğulların Leylalarına…
… Azərin Songülünə…
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…
Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…
Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…
Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…
Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…
Azər – yarımçıq ömrünün tən yarısını həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…
Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi, ki, elə sonu da bənzərsiz oldu…
Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”
Songülü dinlədikcə, gündəliyini oxuduqca bir daha ürəkdən inanıram ki, bu Vətənin bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi, sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.
Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi, gülü.
Sənin məzarının üstə gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman qartal tək uçardın orda,
İndi o səmaya ucalır ahım…
Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm… Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…
Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! – ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…
Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…
Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…
Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…
Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə…
Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…
Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.
Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.
Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…
Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!
Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:
Tutalım ki, mən aşığam…
Axı necə saz çalım…
Mizrab qırıq, tellər sınıq…
Barmaqlar qan içində…
Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…
4 yanvar 2021-ci il…
*****
*****
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu…
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi…
“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…
Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…
Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.
Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…
“Mən bütün həyatımı, xəyallarımı Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…
Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…
Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…
Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…
Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…
İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…
Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”
Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…
Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!
Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.
Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.
Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir.
Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır… Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq ömründən qoparır…
Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin…
Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…

Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma…
8 mart 2021-ci il
Müəllif: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Vətəni Məcnuntək sevən Oğulların Leylalarına… – Xəyalə Zərrabqızı”