ZAUR USTAC – RÖVŞƏN ABDULLAOĞLU KİMDİR?

Zaur Ustac – şair – publisist.

YEDDINCI  YAZI

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə  müəllifin yeni  kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016.   Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir