Xəyalə ZƏRRABQIZI – İlknurun ilk çiçəkləri…

İlknur və əmisi Azər.

İlknurun ilk çiçəkləri…

İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…

Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…

Şəhid Yusifli Azərin məzarı.

Ömrün ən qayğısız illərini yaşaya bilməyənlərik biz… müharibə dövrünün uşaqlarıyıq. Mən uşaqlığımı heç xatırlaya bilmirəm, daha doğrusu, xatırlamağa ürəyimin gücü yetmir. Anamın nə zamansa həyatda var olduğuna inanmaq istəyirəm hərdən. Və bu düşüncəylə hafizəmdə canlandırdığım bir-iki epizodda da müharibə anamdan qabaq gəlib dayanır gözlərimin qabağında.

3 yaşım vardı… Gecə idi… Asfaltı döyəcləyən tankların tırtıllarının səsi hələ də beynimin içində uğuldayır. Bu dünyada səssiz yaşayan, elə səssiz də köçən Anam sanki oyun oynayırmış kimi qab-qaşıqla hay-küy salıb dışarıdakı vahiməni içəridə yaratdığı şənliklə ört-basdır eləmək istəyirdi. Oyuncaqlarımla yetinməyib, rəfdən kitablarını, süfrənin üstündən qozu, badamı qabağıma tökmüşdü ki, başım qarışsın… Özü isə atamla ikilikdə nigaran-nigaran nəyisə müzakirə edirdilər, anlamırdım… O gecəyə qədər dünyam çəhrayı rəngdəydi… Baxdığım hər şey gözəl görünürdü. Həmin o rəngini bilmədiyim vahiməli səs çəhrayı dünyamın hüzurunu pozmuşdu… Həmin gün uşaqlığımın qorxudan öldüyü gün idi…

İllər sonra polyak əsilli tarixçi professor Tadeuş Svyatoçovskinin “Rus ordusunun hər hansı bir ölkəyə xoş məramla girdiyi olmayıbdır. Bu ordu üçün zorakılıq, qəddarlıq və işğal ədalət anlamı daşıyır. Onlar insanlığa sülh adı ilə əsarəti və istidadı sırıyan adamlardır” cümlələrini oxuyanda heç unutmadığım həmin bədheybət səsi – 1992-ci ilin o vahiməli gecəsini xatırladım… sovet ordusunun Azərbaycandan çıxarıldığı gecəni… mənim bu qədər dəhşətlə xatırladığım həmin gecə hələ müharibə səhnəsi deyildi… Bəs o odun içini gözləriylə görənlər, “Ata”, “əmi”, “dayı” deyə gözləri yollara dikilən balalar neyləsin?!

Müharibənin ən böyük qurbanları xəyal dünyası yıxılan uşaqlardır…

Heç bir boya ilə şəkli çəkilməyəcək, lüğətdəki heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə…

Bu, bir həqiqətdir ki, Qarabağ Haqq savaşı idi… Amma Haqq olanın mahiyyətini hələ bu yaşda bizim zehniyyətimiz həzm edə bilmir, körpə balalar necə anlasın?! Yollarda əl-ələ bir düzüm çiçək kimi səf bağlayıb “Bənövşə – bəndə düşə” deyən çağıdır onların. Bənövşə kimi boyun büküb yol gözləyən çağı deyil…

Özümüzün yüz çirkaba bulaşdığımız yetmirdimi? indi sizin pak ruhunuzu, gözəlliklər üçün döyünən balaca ürəyinizin aynası olan dumduru gözlərinizi, pəmbə dünyanızı ədalətsizlik toxumu ilə kirlətdiyimiz üçün bizi heç zaman bağışlamayın, yavrular… Yollara dikilən nəmli gözlərinizə qurban, Allahın savabımızı artırmaq üçün çiynimizə qondurduğu Mələklər, qaranlığımızı aydınlatan Nur parçaları…

… O Nur parçalarından biridir İlknur… Hələ ilk çiçəklərinin sevincini doya-doya yaşamağa macal tapmamış o sevincin səbəbkarını alıb əllərindən acımasız dünya… Əmisinə sarılmaq üçün açılan balaca əllərinin boş qalmağına,  əl boyda məsum yavrunun xəyal dünyasının yıxılmağına, “Azər əmi, Səninçün çox darıxıram” çağırışlarını cavabsız,  gözlərini yollarda qoymağa necə qıyıb ədalətsiz dünya…?!

Bizim  Vətən müharibəsi Qəhrəmanı kimi qürur duyduğumuz Azər Yusifli İlknurun ilk qəhrəmanıdır… Onun körpə dünyasını çiçəklə bəzəyən, balaca ürəyini bəxtiyar edən ilk Qəhrəman… İlknura ilk dəfə qızılgül bağışlayan Qəhrəman…

Gözəl bir bahar səhəri imiş… Baharın – çiçəklərin rəmzi olan xanımların bayramı olan gün… Qapının zəngi çalınır və Azər əmi əllərində üç dəstə çiçəklə İlknurgilə gəlir. Çiçəklərin birini İlknurun nənəsi Nailə xanıma, birini İlknurun anası Aysel xanıma, birini isə balaca şahzadəyə təqdim edir… Beləcə İlknur balaca ömründə ilk dəfə çiçək almağın xoşbəxtliyini yaşayır.

İlklər heç zaman unudulmur axı… innən belə İlknur lap çiçək yağışına da qərq olsa, heç nə ona ilk çiçək bağışlayan qəhrəmanını əvəz edə bilmir…

İlknur yol gözləyir… Şəkillərdən ona gülümsəyən Azər əminin telefonuna yenicə öyrəndiyi hərflərlə məktub yazır, səsli ismarıc göndərir: “Gəl, – deyir. Sənin üçün darıxmışam, Azər əmi. Çox darıxmışam. Hamı Səndən danışır, amma özün gəlmirsən. Sən gəlmədin deyə yeni ildə yolkamı da bəzəmədim. Gəlsən ən böyük bayramım olacaq. Çiçəklərini də istəmirəm, sadəcə özün gəl. Səni çox istəyirəm! Gəl ki, baharımız olsun…”

İlknur Atasından xahiş edib ki, “gül alarsan, Ata, Qarabağa Azər əmimə hədiyyə göndərmək, əmimi sevindirmək istəyirəm, üstünə də yazacağam ki, “İlknurdan Əmisinə” …Nuran bəy qızının arzusunu yerinə yetirib… Çiçəklərdən böyük bir çələng hörüb, üstünə də körpənin arzuladığı kimi “İlknurdan Əmisinə” yazdırıb və İlknurun dediyi ünvana – Qarabağa – kəndimizin Qarabağ  böyüklükdə müqəddəs məbədgahına – Azərin uyuduğu şəhid məzarlığına aparıb… İlknurun bu arzusu – Nuran bəyin bu addımı mütləqdir ki, Azəri sevindirib. Nə böyüklükdə sevgiylə anıldığını, ürəklərdə yuva saldığını duyub Azər… Buna ürəkdən inanıram…

İlknurün əmisinə aldığı güllər.

Beləcə… sözün bitdiyi yer… Adam danışmağa, yazmağa söz tapmayanda gözlərindən axıdır ruhundakı ağrıları…

İlknura gerçəyi deməyin, lütfən… Heç zaman bilməsin Azər əminin vurulduğunu… Pəmbə dünyası uçmasın, xəyalları qırılmasın… Bahar gəlsin körpə ömrünə…

Hər “Qarabağ Azərbaycandır!” – nidası ucalanda televiziyada gözü o zabit əmilərin arasında Azəri axtarsın, Qarabağı Azərbaycan edən Azər əmisiylə qürur duysun, düşünsün ki, bir bahar Qarabağdan qayıdacaq Azər əmi, ona xarıbülbül gətirəcək, ümidlə yolunu gözləsin…

Ümidini qırmayın uşağın… Gözləmək gerçəyi bilməkdən, həqiqətlə üzləşməkdən daha az ağrıdır adamı… Gerçəyi bilmək akvariumun sınmağı, susuz qalan balaca rəngli balıqların döşəmənin üstündə çabalamasıdır… Gerçəyi bilmək göyqurşağıya bənzəyən rəngarəng dünyanın bütün çalarlarını itirməsi, bəxtiyar uşaqlığın rəngsiz göz yaşına dönüşməyidir…

Təki bilməsin… Zamansız böyüməsin… acıların içindən boylanmasın dünyaya… İlknurun boyu çox balacadır, dünyanı görməyə boyu çatmır axı hələ…

Dünya onun düşündüyü qədər də ədalətli yer deyil…

Körpə quzum! Yavrum! Heyif ki, öyrəndiyin hərflər, balaca əllərinlə yazdığın məktublar ünvanına yetişmir… Çünki dünyanın əlifbası sənin əlifba kitabındakı qədər – siz balaların məsum dünyasını xoşbəxt edə biləcək qədər  rəngli hərflərdən ibarət deyil…

Bax, uşaqlar belə düşünür…

Bircə onu bil ki, Sənin nağıl dünyanın qəhrəmanı indi milyonların qəhrəmanıdır. Sənin balaca dünyanı çiçəklə süsləyən Azər əminin şəkli indi Sənin kimi körpə fidanların köynəyinin yaxasını çiçək kimi süsləyir…

Şəhid Yusifli Azər.

Azər əmi özü isə Qarabağı gülüstana – Vətəni Cənnətə döndərdiyi üçün ucaldığı göylərdən baxıb təbəssümlə gülümsəyir…



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Xəyalə ZƏRRABQIZI – İlknurun ilk çiçəkləri…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir