ƏLİ BƏY AZƏRİ HAQQINDA

Əli bəy Azəri – Əli Qurban oğlu Rzaquliyev.

ƏLİ BƏY AZƏRİ HAQQINDA

  • Əli bəy AZƏRİ – (Əli Qurban oğlu Rzaquliyev – d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.

Həyatı
Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.

Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir.
1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.

May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir.
01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.

Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır.
Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.

Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.

O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.

2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub”Poeziya günü”-1. almanax. səh.86.

“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.

Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.

Kitabları

  • “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə.
  • “Şah bərəsi”, Bakı,
  • “Qəmlibel müsibəti”, Bakı,
  • “Özününkülərin hədəfində”, Bakı,
  • “Hərbi Zəngilan”, Bakı,
  • “Məhəbbət piyaləsində zəhər”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı,
  • “Çovğun”, Bakı,
  • “Generalın yefreytor vəkili”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr)
  • “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə
  • “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə

Hekayələri

  1. Yuxu xəbərdarlıqdır
  2. Mücərrəd mövzu
  3. Sıldırımlı qayalıqdan enərkən
  4. İslamın şənbə qonaqlığı
  5. Çöban məktublar
  6. İnsan ümidlərlə yaşar
  7. Referendum
  8. Müşahidəçilər polis bölməsində
  9. Bank hesabı
  10. İstək
  11. Vaqif müəllimin cibgir oğlu
  12. Gecikmiş ruzi
  13. Mübarizləşən vətən
  14. Mələk – köpək qarı
  15. Nənəmin təndiri
  16. Qisas
  17. Pres maşını
  18. Diş həkimi
  19. Bank əməliyyatı
  20. Hacıxanım
  21. Çovğun
  22. Köhnə yapıncı
  23. Zəfərin çobanı
  24. Eşşək balası
  25. Peləqulağın bəy toyu
  26. Çətindərə
  27. Doğru seçim
  28. Lalə xanım
  29. Hərbi komendant
  30. Sərhədçi iti Buqamir
  31. Dost
  32. Böyük adam
  33. Məşədi bəri başdan
  34. Baş daşı
  35. Əl-Mənsur surəsi
  36. Zibil pulu
  37. Məcarə axtaran Samirə
  38. Çubuş və Martik
  39. İntihar tribunası
  40. Devolvasiya
  41. Maxelər
  42. Cibgirlər
  43. Qəribə sərnişin
  44. Tacirin vəsiyyəti
  45. Nənənin fətirləri
  46. Kompyuter İsmayıl.
  47. Tülkü Vilayət
  48. Cindar Kamal
  49. Qarpız dilimi
  50. Qaz Elbrus
  51. Köhnə il hara gedir
  52. Təhlükəsizlik qaydalar
  53. Əbülfət
  54. Pis uşaqlar
  55. Pulgir
  56. Saqqalın hörməti
  57. Qarın qutabı
  58. Atamın oğlu
  59. Dollardəyişən
  60. Dayə
  61. Babanın günahları
  62. Böyrək daşı
  63. Şər
  64. Doqquzuncu vaqon
  65. Möhlət
  66. Yağlı bəhanə
  67. Sevgi və borc
  68. Qapıçı
  69. Qurd ağzı
  70. Alış-veriş yardımçısı
  71. Qız Təvəkgülün brend ayaqqabısı
  72. 72.Bizi Umudsuz qoyma



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ – HEKAYƏ

At oğrusu

QƏRİBƏ AT OĞURLUĞU

Hekayə

Qızmar yay günləri bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin yuxusu ərşə çəkilirdi. Belə istilərin sonu mütləq yağışla müşahidə olunacaqdı. Bircə dəfə, lap elə bircə saatlığa da olsa yağış yağmalıydı, özü də şıdırğı. Dədə-babadan sınaqdan çıxartmışdılar. Zəmidə biçilmiş ot mərəyə daşınmasaydı, qalıb islana bilərdi. Yağış aramsız yağsaydı lap qaraldıb çürüdə də bilərdi, ondan sonra da at getsin, hansı heyvan çürümüş, kiflənmiş, qaralmış ota ağız atacaqdı?

Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə, at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa çıxdı. İndi işin qızğın çağıydı, hamı qışa tədarük görürdü, ot, yarpaq daşıyırdı. Kənd yerində kim idi kimə at, qatır verən. Nə olsun ki, ona söz vermişdilər…

Beləcə, Qırğıgöz Səməndər üç gün gəzdi, tanıdığı, sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz kəndə baş çəkdi, ancaq niyyəti hasil olmadı. Kəndlərindən də xeyli aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən çox olardı. Əli ətəyindən uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan düşmüşdü, dizlərində taqət qalmamışdı, daha ayaqları da sözünə baxmırdı. Aclıq da bir yandan əhədini kəsirdi, ürəyi uçum-uçum uçunurdu.

Axşamtərəfi olardı. Qarayazı meşəsinin girəcəyində tüstü qalxdığını gördü. “Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin, Borçalının yaylaqlarına qalxıb”, – deyə fikrindən keçirdi.

Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə yaxşıdır?!

Gördü ki, yaşı qırx-qırx beş arası qıvrımsaç, şeşəbığ bir adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda süfrə açıb oturub nahar eləyir. Atı da ondan bir az aralıda otlayır.

Lap yaxına gəldi, baxdı ki, süfrə, nə süfrə. Kartof, yumurta soyutması, pendir, yanında da təzə göy-göyərtisi; çöl kişnişi, xəzəz, kəvər… Ürəyindən keçdi ki, bir “nuş olsun” deyib özü də süfrəyə əyləşsin. Tez də fikrindən daşındı: “Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir, görünür, gecəni də burda qalacaq, ocağı da qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər gəlib onu yeməsin…”.

– Nuş olsun! – dedi və ucadan, özü də yoğun səslə soruşdu. – Ay adam, kimsən, buralarda nə gəzirsən? 

Adam tez özünü yığışdırdı, elə zənn etdi ki, gələn meşəbəyidir, bir az qorxuya düşdü.

– Nə eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm. – Nə fikirləşdisə, sözünə bir az ara verib dedi. – Ajdığın var, gəl qonaq ol.

Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.

– Süfrən açıq, ruzin bol olsun! – dedi.

Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. “Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!”. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.

Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.

– Həə, sən heç demədin axı… kimsən? Buralarda nə gəzirsən? – Qırğıgöz Səməndər bir də soruşdu.

– Yol adamıyam, ağrın alım. Varıb o tərəflərə gedəsiyəm. – Əli ilə Qarayazı meşəsinin anrı tərəflərini, dağları, yaylaq yerlərini göstərdi. – Gördüm ki, gecə düşür, dedim elə burda gecələsəm yaxşıdır. Tezdən obaşdan gedərəm. Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni yıxar.

– Ayə, ağrın alım, bəs qorxmursanmı, gecə gəlib atını oğurlayarlar?

Qırğıgöz Səməndərin belə yumşaq, bir az da məlhəm danışığını ciddiliyə almadan zarafat kimi başa düşdü, elə o tərzdə də cavab verdi:

– Atı hörükləmişəm, mıxı da dizimin dibinə basdırmışam. Kim gəlib oğurlayacaq?

– Mənim kimi yoldan keçənin biri…

– Sən də söz dedin də… Gözüm görə-görə hancarı gəlib oğurlaya bilərlər?

– İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?

– Göstər görüm. – Bığaltı qımışdı.

– Deməli, oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən mıxı çıxardır. – Qırğıgöz Səməndər ehmalca durub ona yaxınlaşdı, dartıb mıxı çıxartdı, kəndirdən aralayıb adama uzatdı. – Sən hələ bu mıxı bir tut.

Adam hələ də nə baş verdiyini anlamadan bir uşaq marağıyla Qırğıgöz Səməndərə baxa-baxa mıxı aldı.

– Kəndiri də, bax beləcə dəstələyir. – Kəndiri dəstələyə-dəstələyə atın yanına gəlib yəhərə bağladı.

– Tuxu, tuxu… – deyib atın yalmanına bir-iki dəfə sığal çəkdi.

Sonra ayağını üzəngiyə basıb qalxdı atın belinə. Elə ki, atı mindi, baxıb gördü, adam, əlində mıxca quruyub qalıb yerində.

– Nə quruyub qalmısan? – Ona təpindi. – Bir tərpənsənə, qırışığın açılsın. Əlindəki qamçını da bəri elə görüm, hələ sənin atın necə qaçır. Deyirsən xamdı, köhləndi, nə bilim nədi…

Adam yerdən qalxıb ata yaxınlaşdı. Qamçını ona uzatdı. Qırğıgöz Səməndər qamçını alan kimi ucadan səsləndi:

– Di salamat qal, mən getdim. On gündən sonra gəlib atını Göyyurddan sağ-salamat geri götürərsən.

– Axı heç adınızı da demədiniz… – Adam, sanki yuxudaydı, indi ayıldı.

– Adım Səməndərdi, məni bu mahalda tanımayan yoxdur, kimdən soruşsan, nişan verəcək.

– Səməndər?! Ə kişi, bəlkə o məşhur at oğrusu Qırğıgöz Səməndər sənsən?

– Düz tapmısan, özüdür ki, var. – Tanışlıq verdi.

– Baloyun başına dolanım, ay Səməndər, məni də al tərkinə, burda qoyma, bir də o boyda yolu payi-piyada gəlməyim. – Nə fikirləşdisə, sözünə bir az ara verdi. – Otun varsa, onu da özüm daşıyaram…

Qırğıgöz Səməndər elə-belə ad qazanmamışdı, qənşərə çıxıb gözünü qıyıb baxdımı, bəsdi. Ona gün kimi aydındı, harda mal otlayır, harda at, qatır, harda da heyvan. Gözündən heç nə yayınmazdı. Mahalda onu tanımayan yox idi – məşhur at oğrusuydu. Özü at, eşşək, qatır saxlamazdı. “Nəyimə gərəkdi, artıq xərcdi, on-on beş gün yük daşıtdıracam deyə, il boyu at-qatır bəsdəməliyəm? Lazım olanda birinin atı, eşşəyi ilə daşıyaram”, deyirdi. Oğru olmağına oğruydu, amma başqa oğrular kimi deyildi. İldə ikicə dəfə oğurluğa gedərdi, bir yayda, bir payızda. Özü də gedib yeddi-səkkiz kənd o tərəflərdə at, qatır oğurlayardı ki, yiyəsi soraqlaşa-soraqlaşa gəlib tapana kimi işini görüb qurtarsın. Yayda ot, yarpaq, payızda da odun daşıyardı. Bax, onun oğurluğunun qəribəliyi bundaydı.

Xeyli vaxtdı, oğurluğun daşın atmışdı. Kənd camaatı, elə iki qonşu kəndin kişiləri də özləri razılığa gəlib kişi kimi söz vermişdilər ki, mövsümdə növbə ilə onların at, qatırlarından istifadə etsin. Ancaq nə etməli? Kim öz yükünü saxlayıb atını Qırğıgöz Səməndərə verəcəkdi?

Hərdən də deyirdilər ki, onun işini Allah özü sahmanlayır.

Bu dəfə də belə alındı. Görünür, yenə Tanrı özü rəva bildi, yoxsa bu boyda oğurluq işini düzüb-qoşmaqmı olardı?

Əli bəy Azəri – yazar.

Müəllif: Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

Seyran Səxavət – 75

Min İlin Doğması…

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa  bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü –  çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”,  “Qatil”, “Haram pul”,  “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…

Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…

Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…

Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…

Dədəm, Gözün aydın olsun!  Bir gün nisgillə deyirdin ki, Şuşanın  ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad! 

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏRVƏR MƏSUM – DEDİLƏR

Sərvər Məsum – şair.

DEDİLƏR

Hər bir işdə mənə naşı dedilər,
Niyə çıxmır gözün yaşı dedilər,
Dərdlərini dağa daşı dedilər,
Gecələri dərd daşıdım arandan.
* * *
Hər addımda mənə tələ qurdular,
Yol dəyişdim məndən öndə durdular,
Harda gəldi , necə gəldi vurdular,
Mədəd umdum hər başımı yarandan.
* * *
Bilmədilər bu dünyadan keçmişəm,
Kəfənimi öz əlimlə biçmişəm,
Mən ruhumla haqq dərgaha köçmüşəm,
Yapışmışam O Tanrıdan , Qurandan.
* * *
Köçüb getdim şaman kimi , qam kimi,
Laməkanı dolaşıram qan kimi,
Bu dünyada qaldım cəsəd , can kimi,
Göy üzünə əbədilik varandan.
Müəllif: Sərvər Məsum


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ADİL CƏFAKEŞİN AD GÜNÜDÜR!

Adil Cəfakeş – aşıq, sazbənd, müəllim, şair.

Bu gün dəyərli ziyalımız, ustad aşıq , şair, müəllim, sazbənd bir sözlə əsl el sənətkarı, gözəl insan Adil Cefakes in doğum günüdür! Ad günü münasibətilə Adil müəllimi təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Adil müəllim !!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüş

Osloda Həftəsonu Məktəbimizdə -“Mənim dilim-Ana dilim” layihəsinin qonaqları xalq şairi,istiqlal və şərəf ordeni ilə təltif olunmuş,hər birimizin çox böyük sevgi ilə şeirlərini dinlədiyimiz Nəriman Həsənzadə və əməkdər incəsənət xadimi, şöhrət ordeni ilə təltif edilmiş ,nəğməkar,sevilən şair və gözəl insan Baba Vəziroğlu olub. Qeyd edək ki, görüş çox maraqlı keçib belə ki, tanınmış və sevilən şairlərimizin ifasında,biri- birindən mənalı,vətənpərvər  ruhlu ,gözəl şeirlər səslənib və Ana dili haqqında fikir mübadiləsi olub.

Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibəti ilə şagirdlərimiz,müəllimə,valideyn və qonaqlarımız onu təbrik edib və şairin Azərbaycan poeziya tarixində  əvəzolunmaz rolu olduğunu bildiriblər. Yazdığı hər bir şeirdə  zəngin bədii üslubla yanaşı,  Ana dilini düzgün və  səlist bir formada oxuculara təqdim edən  N.Həsənzadə yaradıcılığı hər zaman sevilib və seviləcəkdir. Nəriman Həsənzadənin şeirlərinin  ölkəmizin hüdudlarından kənarda  sevilməsinin əsas  səbəbi şairin  dilinin axıcılığı,sadəliyi və seçdiyi mövzuların oxucuların  qəlbinə yaxın olmasıdır.  Şairin şeirlərinin Norveçdə də sevilməsinin əsas səbəbi  Nəriman müəllimin şəxsiyyətindəki səmimiliyin onun yaradıcılığına təzahürüdür. N.Həsənzadə görüşdə  çox sevilən «Nərdivan» şeirini və «Nuru Paşa» poemasından  bir hissəsini  və başqa bir sıra şeirlərini şagirdlərimiz üçün səsləndirib və  dünyanın hər bir yerində Ana dilinin  öyrənilməsinin, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Nəğməkar şair Baba Vəziroğluda görüşümüzə qatılıb  və   Osloda  Ana dili məktəbinin fəaliyyətinin diqqətəlayiq olduğunu bildirib. Nəriman Həsənzadə ilə birlikdə görüşdə olduğundan məmnun qalan B.Vəziroğlu yaradıcılığında Nəriman müəllimdən bəhrələndiyini bildirib. B.Vəziroğlu  yaradıcı insanların  əsas həyat amalının yazıb yaratmaq və oxuculara dəyərli ədəbi əsərlər təqdim etmək olduğunu bildirib və görüşdə  hər birimizn sevə-sevə dinlədiyimiz  «Heç nə istəmirəm», « Ömrün fəsilləri», « Xatirədir» şeirlərini səsləndirib. B. Vəziroğlunun şeirlərindəki düzgün söz, ifadə və obraz seçimi şairin yaradıcılığını sərhədsiz edir və dünyanın hər yerində sevilir.

Məktəbimizin Ana dili müəlliməsi Arzu Rzayeva yaradıcılıqlarına vurğun olduğu Nəriman  Həsənzadə və Baba Vəziroğlu ilə  görüşün  şagirdlərimiz üçün  çox dəyərli olduğunu bildirib. A.Rzayeva qeyd edib ki, hər iki şairin yaradıcılığındakı vətən,ana və dil sevgisi  şagirdlərimizi ana dilimizlə yanaş, ədəbi dilimizidə öyrənməyə həvəsləndirəcəkdir.

 Şagirdlərimiz dəyərli şairlərimizdən ilham alaraq şeirlər söyləyib və qonaqlarımıza suallar veriblər.

 Qeyd edək ki, Yevlax rayonu Nizami Gəncəvi adına  Malbinəsi tam orta məktəbindən  görüşə qoşulmuş ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın və onun şagirdləri Aylan Süleymanlının və İnci Əliyevanın maraqlı çıxışları və söylədiyi  şeirlər  tədbir işritakçıları və şagirdlərimiz  tərəfindən maraqla qarşılanıb.


Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru