ƏLİ BƏY AZƏRİ HAQQINDA

Əli bəy Azəri – Əli Qurban oğlu Rzaquliyev.

ƏLİ BƏY AZƏRİ HAQQINDA

  • Əli bəy AZƏRİ – (Əli Qurban oğlu Rzaquliyev – d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.

Həyatı
Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.

Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir.
1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.

May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir.
01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.

Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır.
Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.

Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.

O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.

2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub”Poeziya günü”-1. almanax. səh.86.

“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.

Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.

Kitabları

  • “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə.
  • “Şah bərəsi”, Bakı,
  • “Qəmlibel müsibəti”, Bakı,
  • “Özününkülərin hədəfində”, Bakı,
  • “Hərbi Zəngilan”, Bakı,
  • “Məhəbbət piyaləsində zəhər”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı,
  • “Çovğun”, Bakı,
  • “Generalın yefreytor vəkili”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr)
  • “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə
  • “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə

Hekayələri

  1. Yuxu xəbərdarlıqdır
  2. Mücərrəd mövzu
  3. Sıldırımlı qayalıqdan enərkən
  4. İslamın şənbə qonaqlığı
  5. Çöban məktublar
  6. İnsan ümidlərlə yaşar
  7. Referendum
  8. Müşahidəçilər polis bölməsində
  9. Bank hesabı
  10. İstək
  11. Vaqif müəllimin cibgir oğlu
  12. Gecikmiş ruzi
  13. Mübarizləşən vətən
  14. Mələk – köpək qarı
  15. Nənəmin təndiri
  16. Qisas
  17. Pres maşını
  18. Diş həkimi
  19. Bank əməliyyatı
  20. Hacıxanım
  21. Çovğun
  22. Köhnə yapıncı
  23. Zəfərin çobanı
  24. Eşşək balası
  25. Peləqulağın bəy toyu
  26. Çətindərə
  27. Doğru seçim
  28. Lalə xanım
  29. Hərbi komendant
  30. Sərhədçi iti Buqamir
  31. Dost
  32. Böyük adam
  33. Məşədi bəri başdan
  34. Baş daşı
  35. Əl-Mənsur surəsi
  36. Zibil pulu
  37. Məcarə axtaran Samirə
  38. Çubuş və Martik
  39. İntihar tribunası
  40. Devolvasiya
  41. Maxelər
  42. Cibgirlər
  43. Qəribə sərnişin
  44. Tacirin vəsiyyəti
  45. Nənənin fətirləri
  46. Kompyuter İsmayıl.
  47. Tülkü Vilayət
  48. Cindar Kamal
  49. Qarpız dilimi
  50. Qaz Elbrus
  51. Köhnə il hara gedir
  52. Təhlükəsizlik qaydalar
  53. Əbülfət
  54. Pis uşaqlar
  55. Pulgir
  56. Saqqalın hörməti
  57. Qarın qutabı
  58. Atamın oğlu
  59. Dollardəyişən
  60. Dayə
  61. Babanın günahları
  62. Böyrək daşı
  63. Şər
  64. Doqquzuncu vaqon
  65. Möhlət
  66. Yağlı bəhanə
  67. Sevgi və borc
  68. Qapıçı
  69. Qurd ağzı
  70. Alış-veriş yardımçısı
  71. Qız Təvəkgülün brend ayaqqabısı
  72. 72.Bizi Umudsuz qoyma



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “ƏLİ BƏY AZƏRİ HAQQINDA”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir