Dünya…
Aylar sükut etdi , illər danışdı,
Hər arzu , istəyə fələk qarışdı,
İnsan öz-özüylə küsdü , barışdı,
Doğru da əyriyə calandı , qardaş.
* * *
Acı badə kimi boşaldı , doldu,
Dəli rüzgar olub saçını yoldu,
Kiminə kef ikən bizə dərd oldu,
Dərdimiz dərd üstə qalandı, qardaş.
* * *
Neçə yol büdrədik , yıxıldıq , durduq,
Zamanın içində döndük , yorulduq,
Ömür yollarında labirint qurduq,
Dünya başımıza dolandı , qardaş.
* * *
Ələdi ulduzu bir ələk kimi,
Hər ulduz göründü bir mələk kimi,
Oğrular göyərdi göbələk kimi,
Nəyimiz var idi talandı , qardaş.
* * *
Nəfəsin , baxışın hər anı suçdu,
Heçdən yaranmışın sonu da puçdu,
Can yerə gömüldü , ruh göyə uçdu,
Bu dünya fanidi , yalandı , qardaş.
Müəllif: Sərvər Məsum
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru