ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR – A. SİMA

AŞIQ ƏLƏSGƏR HAQQINDA

ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR

“Əli bayramı”nda, mübarək gündə,
Baharda dünyaya gəldi Ələsgər.
“Zülfüqar” qüdrətli hikmətləriylə
“Əlinin əsgəri” oldu, Ələsgər!
* * *
Görən valeh oldu yaraşığına,
Quran nicat verdi Haqq aşığına,
Döndü haqq nuruna, haqq işığına,
Pir, ocaq, övliya, “quldu” Ələsgər.
* * *
Sevdi əhli-beyti(ə.s), Qadir Allahı(c.c),
İsa-Ruhullahı(ə.s), Xəlilullahı(ə.s)…
Heydəri-kərrarı(ə.s), Rəsulullahı(s.s)
Rəhbəri, öndəri qıldı, Ələsgər.
* * *
Yaxın dostu sandı Həzrət Əlini(ə.s).
Vəsf etdi hər yerdə qızı, gəlini;
Gördüyü hər elin gözəllərini
Məhrəm: ana-bacı bildi, Ələsgər.
* * *
Təqvalı dolandı, həyalı gəzdi,
Nankoru, namərdi həcv ilə əzdi!
Müşrikin əlini əlindən üzdü,
Şəri həyatından sildi, Ələsgər.
* * *
Haqsızlıq etmədi, qəlbə dəymədi,
Xainə, zalıma boyun əymədi,
“Özgəyə xas olan libas geymədi”,
Dərsini Xudadan aldı, Ələsgər!
* * *
Yalnız tək Tanrıya ibadət etdi;
Beşikdən məzara itaət etdi,
Axirət evinə şərəflə getdi,
Münafiq sanmasın “öldü Ələsgər”!
* * *
Məşhur oldu Göyçə-Oğuz eliylə,
Sevildi əvəzsiz töhfələriylə,
Dildən-dilə düşən nəğmələriylə
Qəlblərdə yurd-yuva saldı, Ələsgər!
* * *
Hər an nəfəs aldı İmam Zamanla(ə.f),
Çəkildi sınağa “yaxşı-yamanla”.
Ülvi məhəbbətlə, xalis imanla
Hikmətdən yaranan “sal”dı Ələsgər.
* * *
Parlaq Günəş doğdu Göyçə-“Rəvana”,
Yayıldı şöləsi Qarsa, İrana…
Tanrı töhfəsidi Böyük Turana!
Ölkədi, mahaldı, eldi Ələsgər!
* * *
Saldı eşq oduna bir nazlı dilbər,
Dili qələm oldu, sinəsi dəftər,
Köksünü eylədi eşqinə səngər,
Sazını sol əlli çaldı, Ələsgər.
* * *
Qədim Ağkilsəni boyadı nura,
Əfsus, qovuşmadı sevdiyi yara,
Nakam məhəbbəti boyandı qara,
Dərdini saz ilə böldü, Ələsgər.
* * *
Haqqa xidmətiylə zirvəyə qalxdı,
Sözün qüdrətiylə şimşəktək çaxdı,
Coşan şəlalətək qəlblərə axdı,
Hər sevən ürəyə doldu, Ələsgər!
* * *
Məşəltək alışdı gənclik çağından,
Dərmədi qönçəni Vətən bağından,
İçdi Kəlbəcərin buz bulağından,
Yarını Yanşaqda buldu, Ələsgər.
* * *
Xələl gətirmədi ustad adına,
Ürəkdən bağlandı öz ustadına,
Çevrildi o dahi söz ustadına,
Əbədi zirvədə qaldı, Ələsgər!
* * *
Müxənnət şər dedi, sığındı Haqqa,
Üzə ağ olmadı, girmədi haqqa,
Heç zaman vermədi haqqı nahaqqa,
Hər yerdə Haqq ilə oldu, Ələsgər!
* * *
Vəsf etdi dünyanı baxışlarıyla,
Bəzədi “SÖZ” adlı naxışlarıyla.
Tanrının aramsız yağışlarıyla
Hər bahar kükrəyən seldi Ələsgər!
* * *
Tuş gəldi felinə dövrün-zamanın,
Çəkdi həsrətini Növrəs İmanın…
Çevrildi yarına çiskin, dumanın,
Buludtək boşaldı, doldu, Ələsgər.
* * *
Yaranan hər kəsi Haqqa səslədi!
Hər doğulan günə ümid bəslədi,
Açılan sabahdan müjdə gözlədi,
İllərlə xəyala daldı, Ələsgər…
* * *
Helmin dəryasında salmışdı lövbər,
Sərvəti tükənməz, hər sözü gövhər,
Sirli xəzinəsi dillərdə əzbər,
Qızıldan qiymətli ləldi Ələsgər!
* * *
Söylədi: Haqdandı, haqqın hesabı,
Cəhənnəm əzabı, qəbir əzabı…
Nə zaman bağlanır ömür kitabı;
Onu da əzəldən bildi, Ələsgər.
* * *
Hər il qədəm qoydu tər gülüstana,
“Əlvida” söylədi sərt zimistana…
…Çevirdi yönünü “Ərəbistana”,
Yüz beşinci bahar “soldu”, Ələsgər.
* * *
Əzrail(ə.s) rəhm ilə canını aldı,
Oba yasa batdı, el yola saldı.
Özü köç eylədi, hikməti qaldı,
Çağlayan bulaqdı, göldü Ələsgər.
* * *
…Şəfaət dilədi “Əl-Mulk”, “Ər-Rəhman”,
Açıldı taybatay Cənnəti-Rəyyan,
Aldı ağuşuna Rövzeyi-Rizvan,
Müşk-ənbər ətirli güldü Ələsgər!
* * *
Haqqa xidmət etdi, xilaskar oldu,
Əhdə-anda sadiq bir əsgər oldu,
Ucaldı, Pir-Dədə Ələsgər oldu!
Xariqə yaradan əldi Ələsgər!
* * *
Bəşərin Günəşi doğdu cahana,
Şan-şöhrət gətirdi Azərbaycana!
Vətəni, torpağı sevən insana
Qarabağ, Muğandı, Mildi Ələsgər!
* * *
Şəninə nə qədər söz desək, azdı!
Adını əbədi tarixə yazdı!
Bəhrəli payızdı, çiçəkli yazdı,
Güllü çəmənzardı, çöldü Ələsgər!
* * *
Everest dağıdı, zirvəsi qarlı,
Qartal əzəmətli, qartal vüqarlı!
Nəim cənnətidi, tükənməz barlı,
Kövsərə dad verən baldı Ələsgər!
* * *
Camalı göyçəkdi, bayram ayıdı,
Novruz töhfəsidi, Tanrı payıdı,
Səlsəbil çayıdı, “Qar-qar” çayıdı,
Göygöldü, Xəzərdi, Nildi Ələsgər!
* * *
Ucadan ucadır, “öz dağım” kimi!
Uludan uludur, torpağım kimi!
Solmazdı, üç rəngli bayrağım kimi,
Yaşıldı, əlvandı, “al”dı Ələsgər!
* * *
Zirvələr fəth etdi Haqqın əliylə,
Seçildi sözüylə, əməlləriylə…
Kəndində ucalan daş heykəliylə
Düşmənin bağrını dəldi, Ələsgər!
* * *
…Səslədi pələsəng Göyçə elini,
İnlədib sazında “Göyçəgülü”nü,
Yararaq “göy gözlü Göyçə gölü”nü
Cənnətə yol alan “sal”dı Ələsgər!
* * *
Bağrı qan ağlayan “Ağrıdağıdı”,
Tək “Xarı bülbülsiz” Vətən bağıdı.
Müqəddəs ocağı sar oylağıdı,
“Lalənin bağrında xaldı” Ələsgər.
* * *
Ruhunu şad edən Uca Allahdı,
Açılan səhərdi, nurlu sabahdı.
Dədəni unutmaq böyük günahdı!
Hər halal nemətdən boldu Ələsgər!
* * *
Xoşbəxtdir, bağından bol məhsul dərən!
Qədrini bilənlər ər oğlu, ərən…
Sənət meydanında üzünü görən
Sanardı, Rüstəmi-Zaldı Ələsgər!
* * *
O pir Haqq aşığı, o pir-ocaqdı!
Hikmətli kəlamı qucaq-qucaqdı!
Yaradan soyunu qoruyacaqdı,
Silinməz tarixdi, ildi Ələsgər!
* * *
Neçəki dünya var, yaşayacaqdı,
Adını Dədə tək daşıyacaqdı…
Hər sözü könüllər oxşayacaqdı,
Həzin layla çalan dildi Ələsgər!
* * *
Ələsgər ocağı nurdu cahana!
Hərcayı sözümü çətinki qana!
Zər qızı-oğulu doğar zər ana!
Müqəddəs “torpaqdı- gildi” Ələsgər!
* * *
“Didərgin mahalı” elim-obamdı,
Məskəni yurdumdu, doğma yuvamdı.
Babamın babası – ulu babamdı,
Qəlbimdə ən incə teldi Ələsgər!
* * *
Anlamaq çətindi, yazmaq asandı,
Hər kəsin sınağı Sirat, Mizandı…
Hər işə hökm edən “yazı yazandı”!
Əbədi döyünən “sol”du Ələsgər!
* * *
Car oldu aləmə Ələsgər adı,
Haqq idi həmdəmi, Alı — ustadı.
Simanı qorxutmaz cəhənnəm odu,
Cənnətə sualsız yoldu Ələsgər!
29.03.2019.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Müəllif: Sima Azadqızı (Göyçəli)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir