İşıq ADAM…
Qulu Ağsəs məndən ötrü yeriyən Qarabağdır… Ağdamdır… Başından nə tufanlar keçsə də, bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Cümə məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı…
Çıraq kimi adamdı Qulu Ağsəs… Saxta çilçıraqların göz qamaşdırdığı dünyanın tən ortasında o Çıraq həqiqətdən nurlanan büllur kimi dumduru işığını qorumağı bacarıb. Çıraq özünə işıq salmır axı… Ona görə də özündən, ətrafındakıların həyatında varlığının – işığının nə demək olmasından xəbərsizdi…
Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Qulu Ağsəs… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran Ağsəs elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı… Ərk edə biləcəyim doğma ünvandı…
Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Qulu Ağsəs…
20 aprel 1969-cu il Qulu Ağsəs oğlu Zeynalovun anadan olduğu gündür.
20 noyabr 2020-ci il isə Qulu Ağsəsin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu gündür…
Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…
27 ildir ki, Qulu Ağsəs yarım qalmışdı, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəcəyi günü gözləyirdi…
Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Kiminsə böyrünə qısılıb getməyi qəbul etməmişdi. Kimisə böyrüncə Yurduna qonaq aparacağı, süfrəsindən pay verəcəyi günü gözləmişdi… Şükür bu günə…
Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)
Qulu Ağsəs bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Qulu xor oxuyan deyil axı… Qulunun öz Yolu var… Qulu bu dünyada bircə Yaradanın Qulu olmağı seçib, bir də əlahəzrət Sözün qabağında diz çöküb. Sözə səcdə eləyib, elə buna görə də Söz Qulunun əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Quludan ötrü…
Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Qulu Ağsəsin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!
27 ildir, ruhu külə dönən Adam… Şəhərinin sütunlarıyla bərabər dünyası yıxılan Adam… Anadan ayrılan bala təkin yaşadığını ömürdən saymayan Adam… Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Adam… Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına…
Deyirlər, Ağdama yazdığı şeir Qulunun yaradıcılığının zirvəsidir…
Bu hələ harasıdır, camaaat?! Qulu yenicə dil açır… Qulu hələ innən belə danışacaq… Əli qələm tutacaq… Qulu hələ innən belə yazmağa başlayacaq… Ayağı Ağdama dəyən gün Qulu “Ağdamın novellası”nı yazacaq…
27 ildir, darıxan Şair… 27 ildir, ağrıyan Şair… Ağdamsız dünyanı məhbəs sanan Şair. Azadlığın mübarək!
25 yaşın mübarək! Doğuluşun mübarək! Varlığın mübarək! Ömrünə doğan Günəşin – yurduna gələn baharın mübarək!
Müəllif: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR”