XƏYALƏ ZƏRRABQIZI – AĞDAMIN YOLU

Sənə qurban olum Ağdamın yolu…

Təndiri e, təndiri dağıdan vəhşiylə nə dostluq?!

Qulu Ağsəs

Gecələr iki beşiyin arasında oxuyuram sübhə kimi… Oxuduqlarım ürəyimə yerləşməyəndə  də yazıram ki, bir az ürəyim boşala… Alimin səsi yorğun ruhumu oxşayır sanki: “Sənə qurban olum, Təbrizin yolu…” Daşına da qurban olun, yoluna da, yolağasına da Təbrizin… Neçə gündü, Alimi dinlədikcə o səs beynimə belə gedib çatır: Sənə qurban olum Ağdamın yolu…

Yoluna qurban olum, qurumuş koluna qurban olum, qırılmış qoluna olum, bükülmüş  belinə qurban olum, Ağdam…

Sən dar gündə

Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün

Son nəfərəcən şəhid oldun…

Ağam şəhərim…

Adam şəhərim…

Ağdam şəhərim…

Həmən o boranlı gecədə Xocalıdan qarın içiylə ayağıyalın gələnlərə Ağdamın Şelli kəndinin qadınları öz əyinlərindəki isti paltarı, hətta ayaqlarındakı corabı belə geyindiriblərmiş…

Ağdam belə Ağdam imiş… Ümid qapısı imiş, qızırğanmaq yeri imiş…

Yeddi gündü ki, Ağdama gedən qələm əhlinin yazdıqlarını (daha doğrusu, yaza bildiklərini…) oxuyuram… Elə həsrətlər var ki, onu yazmağa nə qələmin gücü yetir, nə də mürəkkəbin qeyrəti…

Düz yeddi gündü oxuyuram… Hələ oxuduqlarımı həzm edə bilmirəm, birdən ürəyim dağa dönür, sevincdən göz yaşıma bələnib “külünə də… qayıdış gününə də şükür” edə-edə lap Göyün yeddinci qatına qanad açıram, birdən də yumağa dönüb Yerin təkinə enirəm…

Səadət Məmmədovanın reportajını dinləyirəm, amma baxmağa  gücüm çatmır, bəlkə də ürəyim gəlmir… Xəyalən gedib dolaşıram o müqəddəs yerləri… Laləli çəmənlər, təbiətin min çalarına bələnən kəpənəklərin arxasınca qaçdığım gəlir gözümə… Səadətin səsi məni xəyaldan ayırır:  “Bələdçilər boş bir ərazini göstərdilər ki, I Qarabağ müharibəsi vaxtı burada mindən çox şəhid basdırılmışdı… Basdırılmışdı… Hanı bəs? Nə məzar var, nə kalafası, nə izi, nə nişanəsi. Düşməni erməni olanın məzarı salamat qalar?!

İlk təəssüratın acısı ilə avtobusa minib büzüşürəm… Rey Kərimoğlu bütün avtobusun eşidəcəyi səslə şərh verir:

– Bax, ay Səadət, görürsən, bura Uzundərədir. Qulu yazıb eeey… Bax həmin Uzundərə…
Qulu Ağsəs Ağdam işğaldan azad ediləndə yazmışdı ki,
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!

Bax bura həmin uzun dərədir, dərdi də, sinəsindəki dağı da özü kimi uzun dərə… Sənə etibar edib qoynunda şəhid basdıralar… Göreşənlər o qəbirləri sinəndən qoparıb ala… Ananın balasını sinəsindən dartıb alsan, nə hiss edərsə, Uzundərə də eynisini hiss edir…”

Bayaqdan xəyal qururdum axı… Xoşbəxtliyim elə arxasınca qaçdığım kəpənəyin ömrü qədər olur… Qorxa-qorxa Səadətin səsi gələn kadra tərəf boylanıram… Adamın təkcə ürəyi yox, dünyası dağılır…

Dünənə qədər Qulu Ağsəsin bu şeirini oxuyanda qulağıma biixtiyar “Uzundərə” sədası gəlirdi, içim yola çıxan adam kimi həyəcanla dolurdu… Ağdam mədəniyyətin beşiyi idi. Bu gün isə dünyanın ən böyük mədəniyyətsizliyinin caynağı keçib boğazına… Amma yenə də hər şeyə rəğmən şükür külünə… Şükür qayıdış gününə…

Allah adama düşmənin də mərdini qismət eləsin. Ağdama gedib yurd yerlərini ziyarət edənlərin içindəki əzab ilə gedə bilməyənlərin içindəki gerçəklə üzləşmək qorxusu eyni böyüklükdə ağrıdı, ağrılıdı… Və oxuduqlarının sadəcə bədii mətn olmadığını, gözünün qavradığının Vahid Qazinin “Ruhlar şəhəri” kitabı yox, Ruhu talan olunmuş şəhərin xarabalıqları olduğunu dərk eləməsi adamın ruhunu ağrıdır…

Əzəmət şəhəridir Ağdam… Xarabalığından da əsalət yağan, əsarətin belə əzəmətinə toz qondura bilmədiyi şəhərdir Ağdam…

Raquf Orucov ürəkdə ər yetirən, nər yetirən torpaqdı Ağdam…

Qoynunda böyütdüyü oğullar kimi “son nəfəsəcən döyüşən şəhərdi” Ağdam…

Ağdam Fred Asifdir, Allahverdi Bağırovdur, Şirin Mirzəyevdir… 

Ağdam Qədir Rüstəmovdu, Rafiq Hüseynovdu (Rəmişdi), Arif Babayevdi…

Ədilə Namazova ləyaqətdə əlləri şəfalı nur parçası, kişi qeyrətdə qadın yetirən torpaqdı Ağdam…

Elton Quliyev böyüklükdə Vicdan, təkcə varlığıyla deyil, yoxluğuyla da qalib olmağı bacaran, həqiqəti savunan savcını ərsəyə gətirən, həqiqət göyərdən torpaqdı Ağdam…

Ağdam Aqil Abbasdı, Rəşad Məciddi, Qulu Ağsəsdi, Vahid Qazidi…

Torpağı da, torpağında göyərən toxumları – adamları da məlhəm kimidi…

Ağ alınlı qızılı atların…, ağ alınla örnək ömür yaşamış insanların vətənidi…

Aqil Abbasın dağların qarı kimi ağappaq saçlarındakı kədərin rəngidi. “Biz qayıdacağıq” deyən dünyagörmüş bir müdrikin gözlərindəki ümiddi, inamdı Ağdam…

Vahid Qazinin qəhrəmanları yanıb külə dönən kitablarıdı, viran qalan kitab rəfidir Ağdam…

28 yaşlı yetirməsi qəzet yazanda balasının bu böyüklükdə addımından qürurlanıb dünyaya sığmayan və 28 ildi, o övladının addım səslərinə, ayaq izlərinə həsrət qalan yurd yeridir Ağdam… Həmişə gülən çöhrəsiylə nisgilini, həsrətini gözlərinin dibində gizləyən, ruhundakı kədərlə heç kəsi ağrıtmağa qıymayan, Ağdamın belə görkəminə… gedib o dünyanı görüb gələn… getməyə ürəyi gəlməyən, xatirələrinin zədələnməyinə qıymayan Rəşad Məciddi Ağdam… Rəşadın  “Dəlicəsinə” bağlılığıdı, “qələmsiz yazısı”dı… (bu böyüklükdə ağrı, sevgi, hicran qələmlə yazıla bilməz axı, heç vədə yazıla bilməz, buna mürəkkəbin hünəri yetməz… ürəyin qanı ilə yazılır belə yazılar…)

Ağdamdan ötrü üşüyəndə özünü yandıran, sonra külünə şükür eləyən Qulu Ağsəsdi Ağdam… Viran qalmış el-obasını qurddan, sudan, ağacdan xəbər alan Qazan xan təkin yurdunun əhvalını Rza Diqqətinin fotolarından soruşan şairin içindəki bir kitablıq “nöqtələr”dir Ağdam…

Səadətin ömrünün laləli baharı, səadət dolu illəri, atasının vətən olduğu gün gedib Qarağacıda tapmadığı ata məzarı, çiliklənən xatirələridir Ağdam…

Mirhacib Məcidin 34 il sonra qarış-qarış axtardığı uşaqlığının izləridir Ağdam…

Mərmi yağışı altında yuvasından ayrılan Vüsalə Məmmədovanın məsumiyyətinə yağı nəfəsi toxunmağa qıymadığı, Vətən boyda köksünə sıxıb gətirdiyi gəlinciyinin üzündəki çocuqsu təbəssümdür Ağdam… Uşaq bənizini andıran çöhrəsindən ruhu görünən Vüsalənin ürəyinin içindəki diş ağrısı kimi göynərtidi Ağdam…

İndi adamın bütün varlığını köz kimi dağlayan tazə gəlin kimi bəzəkli şəhərin qalaq-qalaq daşa dönməyidi…

Amma başında nə tufanlar qopsa da, Ağdamın ruhu yaşayır… Ağdam sağdı…dipdiridi… Çox dirilərin “canlı ölü” kimi süründüyü bir dünyada Ağdam ayaqüstədi, heç vaxt dizini yerə qoymayıb, heç vədə çökməyib… Onu çökməyə qoymayan, dizinə təpər olan, kürəyini, ürəyini Ondan ötrü sütun eləyən qoynunda böyütdüyü balalarıdı,  onların sevgisidi… sözüdü… yaşadıblar Ağdamı…

Bir ovuc torpağını, bir soyuq daşını, behişt meyvəsi kimi əl boyda narını yerə, göyə, asimana sığdırmayan Vüsalənin, ata torpağına bahar nəfəsi dəysin deyə səməni aparan Səadətin, gəzə bilmədiyi torpaqda ayaq izlərini axtaran Mirhacibin, misra-misra, kəlmə-kəlmə, hərf-hərf Ağdamı yaşayan, Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Qulu Ağsəsin bir gün qayıtmaq ümidli gözündə, sözündə yaşayıb Ağdam… Bu böyüklükdə sevginin qabağında ölməkmi olar?!

Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına… Şükür bu günə…

***

Ağdam azad olan gün Qədirin anadan olan günü idi… 20 noyabr 2020-ci il… Rəşad Məcid demiş:

Günlərdən adi bir gün idi…

Sonra tarixə çevrildi…

Üstü torpaqlanmış köhnə duyğular

Yenidən dirildi…

Yazdığın yazıya, qələminə, xəttinə qurban olum, İlahi… Azadlığına şükür Ağdam… Qədir 20 noyabrda Əbədiyyətdə yenidən doğuldu, Tanrı qatında ən uca məqama qalxdı…

Ordumuz Ağdama girəndə sevincimdən ağladım… Ürəyimdən çox adamlar keçdi, Gözün aydın! – deyəm, amma göz yaşım aman vermədi. Həmin günü ən böyük sözü, təbriki göz yaşları dilə gətirdi…

Mətbəxə keçdim… Yenicə un ələməyə başlamışdım ki, yoldaşım gəldi. Bunu bişirim, apararsan… sözümü axıra çatdıra bilmədim… Ağladım…

Sən şirinliyini hazırla, – dedi. Hara desən, apararam.

Hara göndərim?! düşündüm öz-özümə. Ürəyimdən neçə adam keçdi, “525-ci qəzet”in redaksiyasınamı,“Ulduz”a, “Ədalət”ə, ya Yazıçılar Birliyinə, bəlkə İctimai televiziyaya. Bütün Bakı gözümdə böyüyüb Ağdama döndü…

Bir də gördüm darvaza açılıb, qızım özü boyda on-on iki uşaq gətirib həyətimizə “Gəlin, gəlin çoçuqlar, anam Azərbaycan tortu bişirib (o, bayrağa Azərbaycan deyir) indi şam yandırar, süsləyərik tortumuzu”. Məsələ aydın idi. Balaca öz dostlarını tort qonaqlığına dəvət eləmişdi.

Həmin gün Ağdamın azadlığından bütün həyətimizdəki balalara pay düşdü… Uşaqlı-böyüklü hamının ağzı dada gəlmişdi. Mən bişirəcəyim tortu göndərməyə ünvan fikirləşənəcən qızım özü boyda qonaqlarını başına yığıb qeyd eləmişdi Ağdamın azadlığını. Bu, bəlkə də, Ağdamdan ötrü düzənlənən ilk məclis idi…

İndi gecənin bu aləmində o körpə beşikdən boylanıb “Ana niyə ağlayırsan?” – soruşur məndən. Yenicə yuxuya getmişdi, oyanıb ağladığımı görüb, silsilə suallar gəlməmiş telefonu və noutbuku gizlətmək lazımdı,- deyə düşünürəm. Bir az da diqqətlə baxışlarını üzümə zilləyir: Ana, gəlim qucağına, birlikdə baxaq…

Ona necə göstərə bilərəm xarabalığa dönmüş məmləkəti…

Telefona baxmaq bizim gözlərimizə ziyandır, balam! – deyib ovutmağa çalışıram…

Gözlərimizi yumub baxarıq, Ana…

3 yaşında uşaq mənə öyrədir Ağdama necə baxmaq lazım olduğunu… Gözlərimizi yumub baxaq…

Bəs onda ürəyimin gördüyü ağrılar?! Gözlərimi yumsam, onlar da keçərmi görəsən?!

         ***

Bir şeyi sonuna yetirməmiş sakitləşməyəcəyini bilirəm, öncə şəkillərə baxarıq, sonra nələrsə uydurub danışaram, – deyə düşünürəm öz-özümə…

Elə ilk reaksiyası ilə mat qoyur məni… Tanıyıram buranı, Ana… Muttilimdə görmüşdüm. (O, televizorda gördüyü hər şeyi mutfilm zənn edir, televizora muttilim deyir) Sonra atam danışdı mənə o yerin nağılını… Oralar bizim evlərimiz olub. Atam orda dünyaya gəlib. Necə ki, biz atamla gedib parkın yanındakı yerdən Nərgizi alıb evimizə gətirmişdik, ulu babagil də atamı orda bir parkın yanındakı yerdən alıb evlərinə gətiriblərmiş.(Dediyi həmin yer Mirhacibin axtardığı ünvandır…) İndi bax deprem kimi dağılıb oralar. Pis yaratıqlar dağıdıblar. Bizim əsgərlərimiz o pis yaratıqlarla savaşdılar, qalib gəldilər. Pis yaratıqlar öldülər, pisliyə dönüşdülər. Amma bizim əsgərlərimiz şəhid oldular.

         Atam məni ora aparacaq, o dağılan daşları üst-üstə qoyub plastilinimlə yapışdıracam, ev yapacam, çiçək əkəcəm, yaşıl vedrəmi, sarı su çiləyimi də aparmalıyam çiçəkləri suvarmaq üçün mənə lazım olacaq. Qırmızı atımı aparmayacam, o cansızdı, orda mənim canlı atım olacaq…

… Ona qulaq asdıqca Qurd kimi ulamaq istəyirəm… düşünürəm ki, biz heç vaxt nəyisə dağıda bilmərik… Bizim üç yaşlı körpəmiz pis yaratıqların dağıtdığı daşları üst-üstə yığıb plastinlə birləşdirib ev qurmaq, çiçək əkmək arzulayır. Biz məktəbmi yandıra bilərik? Təndirmi dağıda bilərik?! Evmi yıxa bilərik?! Bacarmarıq, min il bundan sonra da bacarmarıq, bacara bilmərik. Dağıdıcı ruh bizim bünyəmizdə yoxdu çünki.

Uşağın danışdığı “Ağdamın nağılı”na ağlayıram. Bapbalaca ovuclarının içi ilə gözlərimi silir, öz aləmində məni ovutmağa çalışır: İndi gəl başını burama qoy, (köksünü göstərir) gözlərini yum. Yat ki, tez böyüyəsən, Ana. Səni Ağdama aparacağam!…

20 mart 2021-ci il



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “XƏYALƏ ZƏRRABQIZI – AĞDAMIN YOLU”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir