ON ÜÇÜNCÜ YAZI
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu son günlərdə yeni işıq üzü görmüş – KÖHNƏLİYƏ, QƏDİMLİYƏ BÜRÜNMÜŞ BİR YENİLİK olan –oxucularını, pərəstişkarlarını müsbət mənada heyrətləndirməyi bacarmış Nargis xanımın “BEKLENEN DOLUNAY” kitabı haqqında olacaq. Əlbəttə, hər bir oxucuya, araşdırmaçıya, tənqidçiyə, söz adamına müəyyən bir fikrə, ideyaya rəy vermək, onun haqqında danışmaq üçün minimal baza lazımdır. Yuxarıda sadaladığımız və ya sadalamadığımız kateqoriyadan olan şəxslərin, hər kəsin müəyyən bir söz haqqında söylədiyi fikir ilk əvvəl onun malik olduğu bu minimum bazaya əsaslanır, daha sonra rəy kimi xarakterizə olunur. Bu baxımdan təhlillərə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əsərin orijinallığı münasibəti ilə Nargis xanımı təbrik etmək olar.
QISA ARAYIŞ:
İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.
1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.
2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur. “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.
“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.
28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.
Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.
Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn” Minval yayınları tərəfindən nəşr edilmişdir.
2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.
2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “ Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.
2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.
2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.
Hər hansı bir əsərin orijinallığının birinci göstəricisi onun artıq ilk abzasdan müəllifin öz düşüncəsini ortaya qoymağa başlaması, müəllifin kimliyini bəyan etməsidir. Yer üzündə bu qədər yazılar, kitablar var. Görək bunlar hamısı öz müəllifini tanıda, təqdim edə bilirmi? – Əlbəttə, xeyr. Bu çox mürəkkəb məsələdir və onu qeyd edim ki, bu məsələdə zəhmətlə, istedadın nisbəti bərabərdir. Yəni, uca Yaradanın yardımı olmadan bu naliyyətə nail olmaq mümkün deyil. Nəzmdə bəlkə də bu məsələ nisbətən asandır. Çünki, şeir belədir ki, bir şairin bir neçə əsəri ilə tanış olduqdan sonra artıq növbəti şeirlərin ilk bəndləri müəllifin kimliyindən xəbər verir. Nəsrdə xüsusi ilə romanda bu məsələ daha mürəkkəbdir və söz adamı əvvəldən sona qədər bütün hadisələrin inkişafı boyu, hər yeni obraz ortaya çıxdıqca bu prinsipi gözləməli surətlərin bitkinliyini, xarakter və xüsusiyyətlərini özünəməxsus, orijinal tərzdə aparmağı bacarmalıdır ki, bu əsər də, öz müəllifi haqqında məlumat verməyi bacarsın… Necə deyərlər: – “yaşat məni, yaşadım səni” . Məhz bu baxımdan müəllifi təbrik etmək olar. Əsər orijinaldır.
On üç bölümdən ibarət olan romanın ilk bölümü artıq müəllif haqqında tam məlumat verir. Bu məlumatlar nədən ibarətdir. İstədiyimiz hər hansı bir bədii əsəri – kitabı- götürüb müəllifin kimliyi ilə tanış oladan içərisindən müəyyən bir hissəni oxuyub, ilk əvvəl yazarın qadın və ya kişi olduğu barədə nəticəyə gələ biliriksə və sonda bu məlumat həqiqətlə üst-üstə düşürsə deməli bu əsər orijinaldır. Bu nəticənin əsasında nə dayanır? – Deməli, müəllif heç bir kopiyaçılığa yol vermədən öz hiss və duyğularını obrazlı şəkildə kağız üzərinə köçürmüşdür… Əgər əksi ilə rastlaşsanız deməli nəsə düzgün deyildir… İlk bölüm artıq müəllifin kimliyi haqqında məlumat verməyə başlayır və hadisələrin inkişafı boyunca Angelenin dili və düşüncələri ilə bu proses daha da dərinləşir və sona qədər davam edərək tam – bitkin bir fikir formalaşdırır. Bütün bu sadalananlara görə də Nargis xanımı təbrik etmək olar. Başqa oxucuları bilmirəm, mən ilk sətirlərdəcə nəsə, Vətənin mərd oğlu Ramil Səfərovun orijinaldan tərcüməsində öz doğma Ana dilimizdə tanış olduğum, Macarıstanın tanınmış qadın yazıçılarından olan, Maqda Sabonun “QAPI” romanını xatırladım. Ancaq, bu o demək deyil ki, “BEKLENEN DOLUNAY” romanı, “QAPI” romanına oxşayır. Xeyir, bu belə deyil. Sadəcə, Maqda Sabonun Emerenci, milli qadın yazarlarımızdan; Əzizə Cəfərzadənin, Xalidə Hasilovanın yaratdıqları qadın surətləri nə qədər təbii və dolğundursa, “BEKLENEN DOLUNAY” romanındakı Angele də bir o qədər bitkin obrazdır. Bu bütünlüklə belədir. Bu romanı köhnəliyə bürünmüş yenilik kimi də xarakterizə etmək olar. Müəllif çeşidli səhnələrdə hadisələrin müəyyən bir qeyri-müəyyənlikdə cərəyan etməsinə rəğmən daim öz mənəvi-psixoloji fikirlərini oxucuya çatdırır. Bu baxımdan əsəri hardasa psixoloji məqamların da bol olduğu bir roman kimi xarakterizə etmək olar. Xanım müəllif bir çox müasir problemlərə toxunur və onların öz düşüncə tərzinə və qənaətinə görə həlli yollarını göstərir. Bu çox mühüm məsələdir. Çünki, istər qadın, istərsə də kişi müəlliflər içərisində problemləri qaldıran, təqdim edən müəlliflər çox olsa da, onun həlli yollarını göstərən yazarlarımız çox azdır. Roman boyu, iki yerdə məncə uğursuz alınmış bənzətmələri və bir neçə yerdə zamanın itməsi hallarını nəzərə almasaq, təbiət mənzərələrinin, erotik səhnələrin, mənəvi-psixoloji vəziyyətlərin təsvirləri hamısı özünəməxsus və orijinaldır. Roman ümumiyyətlə, oxunaqlıdır. Ancaq, birnəfəsə oxunan əsərlər cərgəsində dayanmır. Mütləq aramla, qısa fasilələrlə, necə deyərlər pəncərə önündə, çay və ya kofe içə-içə yaxud da təbiət qoynunda, müəyyən bir yolçuluq əsnasında oxunarsa, daha dolğun qavranar, zövqverici olar deyə, düşünürəm.
Bu arada demək olar ki, mənim öz kitablarım da daxil olmaqla – dəfələrlə yoxlanmasına, redaktə olunmasına baxmayaraq, kitabların hamısında rast gəldiyimiz çoxlu texniki – hərf səhvləri demək olar ki, kitabda yox səviyyəsindədir. Bu müsbət keyfiyyətə görə, kitabı nəşrə hazırlayan, Müşfik Hana, Ahmet Yıldıza, Teymur Ferziyə, Bahti Yara təşəkkürlərimizi bildirir, bu hamımız üçün faydalı olan işlərində yeni-yeni uğurlar arzu edirik.
Nargis xanım uğurlarınız bol olsun. Yeni-yeni əsərlər gözləyirik.
08.07. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru