Xəyalə ZƏRRABQIZI – PƏRVİNİN “LEYLA”SI…

Pərvin Nuraliyeva – yazıçı-dramaturq.

PƏRVİNİN “LEYLA”SI…

Dramatik növün sinkretik mahiyyəti və sənətkar üçün qarşıya qoyduğu tələblər o qədər mürəkkəbdir ki, hətta uzun illər qələmini bu ədəbi növün komediya, faciə, dram kimi müxtəlif janrlarında sınayanlarda belə bəzən müvəffəq nəticə alınmır. Çünki dramaturgiyada qızıl ortanı – açarı tapmaq başlıca şərtdir və bu, uğurun başlanğıcıdır.

Artıq bir neçə ildir ki, biz ədəbi mühitdə yazıçı – esseist kimi sevilərək oxunan Pərvinin öz yaradıcılıq yolunu – taleyini teatrla, səhnə ilə yaxından bağladığını müşahidə edirik.

Əslində, Onun imzasını teatrla bağlı yazılarda on il öncə də görürdük. Pərvin mütəmadi olaraq müxtəlif teatr tamaşaları ilə bağlı resenziyalar, Bakıda və xarici ölkələrdə keçirilən Beynəlxalq Teatr festivalları, konfranslar barədə məqalələr yazır və eləcə də sənət aləmində xüsusi – dəsti olan teatr xadimləri ilə ustad dərsləri səviyyəsində söhbətlər edir, müsahibələr aparırdı.

Təbii ki, bu müəllifin içindəki səhnəyə, görümlü mətnə, sinkretik sənətə olan daxili bir tələbat idi və həmin mənəvi ehtiyac “Qoğalın nağılı”, “Dəcəl keçi”, “Mauqlinin yeni ili”, “Nənələr ərə gedir”, “Sonuncu” kimi pyeslərin yaranması ilə gerçəkləşdi.

Və sevindirici haldır ki, gənc dramaturqun bu əsərləri təkcə paytaxtımızda deyil, eyni zamanda müxtəlif rayon və şəhər teatrlarında da uğurla səhnələşdirilir.

2019-cu ilin payızında Pərvin birgə çalışdığı həmkarları – gənc və yaradıcı rejissor Ayla Bəhramqızı, məlahəti və istedadı ilə sevilən aktrisa Səbinə Məmmədova ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında ölkəmizə “Mən öləndə ağlama” lirik monotamaşası ilə birincilik qazandırdı. Həmçinin pyes 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılandı. Əslində, bu əsər hər üç yaradıcı gəncin – üç zərif istedadın sənət aləmində özünütəsdiqi üçün böyük istinad nöqtəsi oldu.

Müsahibələrinin birində Pərvin deyir ki: ““Mən öləndə ağlama” Mənim, Aylanın və Səbinənin fikrində, düşüncəsində növbəti mərhələ, pillə, mərtəbə oldu. Ona görə hesab edirəm ki, bu iş bizim üçün həyati əhəmiyyət daşıyır. Mən hər zaman pozitiv olan və illər öncə “Dəcəl keçi” uşaq pyesimə çox oynaq, şıltaq bir quruluş verən Aylanın daxili aləmini anladım, gördüm, kəşf etdim özüm üçün. Həmçinin Leyli, Gövhərtac, elə Dəcəl keçi obrazları ilə sevdiyim Səbinə Məmmədova mənim aktrisamdan mənim ADAMıma çevrildi”.

“Mən öləndə ağlama„ dramaturgiyamızda yeni bir hadisədir. Əsərdə dərin psixologizm, orijinal kompozisiya, subyektiv düşüncə, obrazlılıq, bənzərsiz və zərif yazı manerası və eləcə də intersemiotika – görünənlərin gizli mənası aparıcı səciyyə daşıyır, ifaçının bədən dili müəllifin ideyası ilə birbaşa assosiasiya yarada bilir. Pyes boyu  situasiyaları həssaslıqla çatdıra bilən musiqilərin seçilməsi, orijinallığı, qəhrəmanın həmin melodiyaların sədası altında rəqs eləməsi sanki zərgər incəliyi ilə işlənmiş detallardır… Müəllif mürəkkəb, bəzən mücərrəd görünən fikirləri, hissləri o qədər təbii, doğma bir axarda təqdim edir ki, sanki hissin mənzərəsini yaradır. Hələ tamaşaya baxmazdan öncə sadəcə pyesi oxuduqca rastlaşdığın hadisələr gözünün önündə canlanır, film aurası yaradır.

Əsərin əsas psixoloji konfliktini Leylanın qurduğu xəyalları, arzuları ilə üzləşdiyi reallıq arasındakı barışmaz mübarizə təşkil edir. Əvvəldən sona kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir. Sərt, illüziyaları məhv edən həyat Leylanın arzu və ideallarını dağıdır. İstedadlı dramaturq bu məqamda əsərin əsas estetik ağırlıq mərkəzini obrazın mənəvi-əxlaqi sahəsinə, daxili mahiyyətinin açılmasına yönəldir. Yaşadığı psixoloji gərginliklər Leylanı tənhalaşdırır, Amma Pərvin oxucunu – tamaşaçını bədbinləşməyə qoymur. Yenə də SEVGİ öz xilaskar missiyasını həyata keçirir. Sevdiyi kişinin mənəvi dəstəyi ilə Leylanın alt-üst olmuş xəyalları başqa bir formada reallaşır.

 “190 yaşlı həmdəmim” essesində Pərvinin maraqlı bir fikrini oxuyuruq: “Bütün sənətin, ədəbiyyatın niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə” salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq iddiası da başa düşüləndir”.

Qəribə səslənsə də, Allahın bütün yaratdıqlarından hər yönüylə fərqləndirdiyi, Seçdiyi bəndəsi olduğu kimi, qələm adamının da sevə-sevə, oxşayıb əzizləyə – əzizləyə yaratdığı obrazı, qəhrəmanı olur. Bu mənada, Leyla Pərvinin yaradıcılığının Seçilmişidi…

Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,

Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…

-deyir Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Əvvəllər Füzulini oxuyanda bu böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə o fikirlə qarşılaşanda: “Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi”, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…

         Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə  –  dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi övladıtək əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…

         … Pərvinin yaratdığı Leyla da məhz belə bir sənət möcüzəsidi… Acıların bətnindən doğulan qadındı Leyla…

Hamı kimi olmağa  –  dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görmədiyini görməkdi Leyla olmaq….

Bu ömrü yaşamaq həm də əzabdır və Leyla bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də O taleyə doğru gedir, beləcə Leyla ömrü başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq – “dəli olmaq” deməkdir.

“Bax bu nədi axı, adamı da bu günə qoyub müalicə eləyərlər?! Mən bəyəm dəli zadam?! Həkim deyir – psixi pozğunluqdu… Pozğunluq a… Nolar, qoy mənim də psixikam pozğun olsun da… Düz demirəm sən Allah, adamı bağlayıb düz yola qaytararlar, mən pozğunam bəyəm?!”– deyir…

Nə qədər barışmasa da, bu, Leylanın taleyidir, ömrüdür. Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu ömrün cəfası səfasından çoxdur, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü!

“Adamı da bağlayıb müalicə edərlər?! Azadlıq olmayan yerdə nə müalicə?!” – deyə fəryad qoparır sanki Leyla…

Valideynlər arasında yaranan uçuruma həmişə uşaqlar yıxılırlar. Ataların bitmək bilməyən ehtirasları, anaların eqosu, “camaat nə deyər?” kimi natamamlıq komplekslərinin əzablarını Leylalar çəkir həmişə…

Pərvin əsərdə bu məqamı elə həssaslıqla yazıb, Leylanın daxili əzablarını, körpə ruhunda tüğyan edən təlatümləri elə canlandırıb ki, bu səhnəni göz yaşlarına boğulmadan izləmək olmur…

“Eeeehhhh burax cəhənnəm olub getsin də, ay arvad, gedəni saxlamazlar, nə görmüşdün ey bu kişidə?! Neynirdim e elə atanı?! Ay başına dönüm, aşıb-daşırdım, amma adam sayan yox idi ey məni…

(uşaqlıq arzuların sadalayır, həm də balaca uşaq kimi) “Ana, rəqsə qoy da məni, rəqqasə olum”, “Ata, şeir yazmışam ey, oxuyum da sənə”, “Ana, nolar qoy gedim də məktəbdəki dərnəyə”, “Ata, icazə verərsən uşaqlarla xora yazılım”

(valideynlərinin dilindən danışır) Yox, olmaz, qaxıl otur yerində, bircə bu çatışmırdı, qələtini elə… (əli-qolu yanına düşür”

         Pərvin bir essesində yazır ki: “Mübarizə insanı formada saxlayır! Hər yeni maneəni aşdıqca güclənirsən, bir az da enirsən öz içinə, yeni imkanlarını kəşf edirsən, nələrə qadir olduğunu anlayırsan…”

Yaşadıqları, həyatın ona vurduğu sərt zərbələr də zərif Leylanın içindəki güclü qadını ortaya çıxarır, əzildikcə mətinləşir, həyatın hər üzünü, əzabını gördükcə “ölümüylə barışmayıb öz külündən doğulan bir Səməndər quşuna…..” çevrilir: “Bax onda başa düşdüm ki, təhsili buraxmaq olmaz, hüququ yaxşı öyrənib vəkil olmalıyam, məhz onda qandım bunu, özü də zorlanmış qadınları müdafiə eləməliyəm…”

Cəmiyyəti bataqlığa çevirən yaramazlıqları, mənəvi iflası bütövlükdə qanun açıb göstərə, tənqid edə bilmir. Qanun sürüşkən xislətli insanın mənəvi pozğunluğunu yox, cinayəti cəzalandırır. Qanunların, cəzanın dairəsindən kənarda qalan eybəcərliyi Pərvin Leylanın diliylə tənqid edir, Kefli İsgəndər kimi  Leyla da “diri ikən ölü” mühitə meydan oxuyur.

“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”

Nə qutsal bir eşq… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… İzaholunmaz bağlılıqdı…  Leylanın Mikayıla vurulduğu, sevdiyi, aşiq olduğu kimi:

  • Yaş fərqindən danışma mənə… Sənin 51 yaşın var, mənim 30 … Cəmi-cümlətanı 21 yaş fərq nədi ki?! Taleyini mənimlə bağlamaq istərdin?!

(qəhqəhə çəkir birdən) Hahahahaha, mənim poetik şəkildə, səliqəylə dediyimi əla çevirirsən e… Məni alardın demədim axı, dedim taleyini bağlamaq istərdin?! Sən heç bilirsən necə əla bacarırsan sevməyi?! Sən heç bilirsən nə gözəl öpüşürsən? Öpüşünün dadını düşünürəm, tapa bilmirəm nədi. Bir az şabalıd qoxusu gəlir dodaqlarından, bir az qaymaq, bir az bal… Təbiətdə bu dad var, amma tapa bilmirəm nədi?! Məni necə dəyişmisən?! Necə elədin axı bunu?! Niyə gəldim ki yanına?! Axı hamıdan zəhləm gedirdi?! Elə baxdın ki, özümü qadın hiss etdim… Mika canımdı… Ay Mika, Mikayıl, adının qurbanı olum! Məni həmişə sev, nolar… Bu günki kimi, dünənki kimi sev!”

Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü – Leylaya xas olan qeyri-adilikdi….

  • Leylam, sənin qocalığını görməyəcəm…
  •  Bəsdi, demə, heç nə danışma… Mən sənə minnətdaram… Axı biz Şubertə qulaq asmalı idik… Belə eləmə, qurban olum. Təslim olma, sən güclüsən… Söz vermişdin mənə…
  • (kişinin adından) Mən öləndə ağlama…
  • Yaxşı, ağlamıram… Bax gülürəm… Gülürəm…

(arxası səhnəyə əlini yuxarı-aşağı edib kardioqrammanı, ürəyin ritmini göstərir, sonra birdən düz xətt “çəkir” əllə… Başını aşağı salır, qolları yanına düşür… Sonra yastığı qucaqlayıb ağlayır… Hönkürür. Sonra üz-gözünü silir… ) – Yaxşı, ağlamıram, gülürəm, gülürəm…

Bu dünyada bütün ağrılara məlhəm tapmaq olur, lap Allah kəsmiş, diş ağrısına da… Amma Leylanın “həyatı ağrıyır…”  Adamın “həyatı ağrıyanda” heç bir məlhəmlə ovutmaq olmur sızıltısını…

“İsinmədim istisinə, kor oldum tüstüsünə deyirlər belə sevginin…” Leyla da içində istisinə isinmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa macal tapmadan araya qəfil hicran salan vaxtsız ölümdən… danışır. Ki, bəlkə ürəyi boşala… Ki, bir az səbbi alına, unuda yaşadıqlarını… Amma Leyla danışdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə  çevirir. Nakam sevgisi və … və… Ölüm…

Təkcə Leylanın yaşadıqlarında yox, geniş mənada düşünəndə Pərvinin yaradıcılığında, bütövlükdə ədəbiyyatda, musiqidə, sənətdə bəlkə də “Sevgi və Ölüm” mövzusu olmasaydı, heç ümumiyyətlə, sənət əsəri yaranmazdı. Yaransaydı da, “Ölümün yaratdığı” səviyyədə olmazdı.

Platon “Hər bir yaradıcılıq öz gücünü ölümdən alır” – deyirdi, Ölümlə təmasdan yaranır, Ölümün “canından” qopur. Əsl sənət nümunəsi əslində, o ucsuz – bucaqsız qaranlığa – Ölüm adlı əbədiyyətə açılan pəncərədi.

“Ölüm – Haqqdır” – Ölüm Tanrının ən çox yazdığı və heç vaxt yazmadığı həqiqətdir…

İnsan həyatı bir çevrədir. Mahiyyət etibarilə, dünya özü bir çevrədir. Çevrə sonsuzluqdur. Pərvinin yazdığı bu əsər də, canlandırdığı hadisələrin cızdığı trayektoriya da sanki bir çevrədir, düz xətt üzrə deyil. Ona görə də əsər boyu yaşananları xətkeşlə ölçmək mümkün olmur. Leylanın yaşadıqlarını hiss edirsən, duyursan, içində yaşayırsan, yanırsan, göz yaşların dinmək bilmir, amma izah etmək məqamı gələndə kəlmələr çox aciz gəlir adama. Çünki əsərin başlanğıc nöqtəsi ilə, son nöqtəsi iç – içə, üst – üstədir. Məhz bu keyfiyyəti Pərvinin qələminə xas incə bir məqam və istedadlı müəllifin yazı üslubundakı bənzərsizlikdir.

Xatırladaq ki, ötən ilin payızında müəllifin Bakıda “Qanun” nəşriyyatında işıq üzü görən “Serpantin” kitabında yer alan hekayələr və “Mən öləndə ağlama” monopyesi bu günlərdə İstanbulda Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, dəyərli söz adamı İmdat Avşarın çevirisiylə oxucuların görüşünə gəlib. FOTOLAR:

Gənc yazıçıya yeni yaradıcılıq uğurları, əsərinə isə pandemiyasız səhnə taleyi arzulayıram. Gələn baharda “Mən öləndə ağlama”ya həyat verən üç zərif istedadı – Pərvini, Aylanı, Səbinəni Füzuli, Şuşa, Ağdam… Dövlət Dram Teatrında xarıbülbül yağışına qərq etməyimiz diləyiylə…



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAMAXILI GENERAL KƏRİM KƏRİMOV HAQQINDA

ŞAMAXILI GENERAL KƏRİM KƏRİMOV.

General Kərim Kərimovun əziz xatirəsinə xoş sözlər yazanlara ailəsi adından minnətdaram. Kərim Kərimovun özü, atası Abasəli bəy, anası, bibim olan Sürəyya xanım, Bakı şəhərində anadan olublar. Əslən Şamaxılıdırlar. Bizim babamız Hacı Əsədulla bəy, nənəmiz Səyyarə xanım, atam Ələsgər bəy,Anam Gülzar xanım, qardaşım Aydın bəy, Bakı şəhəri Yasamal rayon qəbristanlığında, ailəmizə aid olan məzarlıq sahədə dəfn olunublar. Babam Əsədulla Əhməd oğlu Əhmədov Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una əsasən Cümhuriyyət Parlamentinin üzvü, bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuş, geniş xeyriyyəçilik işi aparmışdır. Qeyd edim ki, 1988- ci ildə AzTv-nin lentə aldığı sənədli filmdə K.Kərimovun həmin məzarları ziyarət etməsi lentə alınıb. O ki,qaldı son vaxtlar peydə olunan saxta “qohumlara” məşhur atalar sözü yada düşür. “Yalan ayaq tutar amma yeriməz.” Sonda bildirim ki, bu yalanlara huquqi müstəvidə qiymət veriləcək. Deyilən hər bir söz, subutlarla təsdiq olunmalıdır. “Respublika” qazetində 14 noyabr 2017-ci il tarixdə dərc olunmuş məqaləni əldə edib oxumağı məsləhət görərdim. FOTOLAR:

Əhmədov Oktay Ələsgər oğlu və Kərim Kərimov.
Əhmədov Oktay Ələsgər oğlu və Kərim Kərimov.

Facebook-da profil “Axmedov Oktay” əlaqə saxlaya bilərsiz.
Hörmətlə: Kərim Kərimovun dayısı oğlu Əhmədov Oktay Ələsgər oğlu.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CƏSARƏT VALEHOVUN AD GÜNÜDÜR!

Cəsarət Valehov – Əməkdar jurnalist.

Bu gün böyüməkdə olan gənc nəslə bütün parametrlərdə örnək ola biləcək bir şəxsin, çoxumuzun artıq uzun illərdir mavi ekranlardan, mətbuat səhifələrindən yaxşı tanıdığı, Azərbaycanın dəyərli ziyalısı Cəsarət Valehovun doğum günüdür! Ad günü münasibətilə Cəsarət müəllimi təbrik edir, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Cəsarət müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Zaur Ustac – şair, publisist.

ON ALTINCI YAZI

BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

                          və  ya

TƏRANƏ MƏMMƏDİN “TOR” – U

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza… 

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan… 

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram. 

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram. 

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. 

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. 
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. 

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

21.11.2018. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Bir kitaba yüklənmiş min fikir”, “Təzadlar”, 27.11.2018, say: 41 (2181), s.6-13. dərc olunub.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü

TARİXİN QAN LƏKƏSİ

1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi:

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün ağrı-acılar, qanlı-qadalı illər arxada qalsın Azərbaycanımız bütövləşsin, yaraları sağalsın, İn-şəa-Allah!!! Bu gün bütün bu sətirləri oxuyanların hamısına günü-gündən böyüyən, dirçələn, çiçəklənən bir Azərbaycan görməyi arzu edirəm!!! Acılarımız böyükdür bütün bunlardan sıyrılıb önə baxmaq, irəli getmək vacibdir. Bunun üçün uşaqların, xüsusi ilə qız uşaqlarının təhsilinə ciddi fikir vermək lazımdır. Bu günün təhsilli qız uşaqları sabahın sağlam və güclü anası, həyat yoldaşına dayaq ola biləcək Azərbaycan xanımlarıdır. Əgər inkişaf etmək istəyiriksə daim bu vacib məsələyə xüsusi diqqət göstərməliyik!!!


Baş redaktor:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru