
ALÇA AĞACI
(hekayə)
Tərlan bağ-bağça sevən idi. Odur ki, səliqəli, bərəkətli bir bağ düzəltmişdi. Bir ucdan meyvə tingləri, gül toxumları daşıyıb gətirir, bağı laləzara çevirirdi. Həyətdə alma, armud, albalı, gilas, şaftalı, nar, heyva ağacları ilə yanaşı bir alça ağacı da vardı. Çox dadlı, ləzzətli, qırmızı yanaq alçalardı. Dadına baxan doymaq bilmirdi.
Amma Tərlangil özləri bu alçadan yemirdilər. Nə özü, nə həyat yoldaşı, nə anası, nə də uşaqları.
Bu, səbəbsiz deyildi. Tərlanın anası Gülöyşə arvad bar ağacını heç vaxt qoymurdu kəsməyə. Həyətdə bəlkə də bir əsirlik ağaclar vardı.
Gülöyşə arvad haqq dünyasına qovuşandan sonra Tərlanın həyat yoldaşı Zümrüd ağaclardan bir-ikisini kəsdirdi ki, bağ çox basırıqdır, ağaclar bir-birinin qucağına girib, qoy həyət açılsın.
Evin içərisində sanitar qovşağı, hamam olsa da, sanitar qovşağının birini də həyətdə tikdirmişdilər. Həyət-bacası olanlar üçün bu, son dərəcə vacib şərtdir. Evə qonaq gələndə, həyətdə oturub söhbət edəndə, qonaqlıq, ad günü olanda birdən qonağa sanitar qovşağına getmək lazım olanda mənzilin içərinəmi aparmalısan?
Yox, əlbəttə. Tərlangilin həyətinin aşağı hissəsində Avropa üslubunda sanitar qovşağı vardı.
Haqqında danışdığımız tərifli alça ağacı düz sanitar qovşağının – ayaqyolunun dibində bitmişdi. Gövdəsi düz sanitar qovşağı ilə yan-yana idi.

Ona görə də bu evin sakinləıri o alcaya yaxın düşmürdülər. Qırmızı yanaq alçalar yetişib, budağından üzülür, yerə düşürdülər. Tərlan neçə dəfə alça ağacını kəsmək istəmişdisə, Gülövşə xala qoymamışdı.
Belə gözəl alçalara Tərlanın heyfi gəlirdi. Nə ağacı kəsə bilirdi, nə də onun meyvəsini yeyən vardı. Bir gün qərarını arvadı Zümrüdə dedi:
-Heyfim gəlir bu alçalara, o balaca vedrələdən birini ver, yığım, aparım işdəkilər yesinlər. O gün görürəm qızlar gedib bazardan alça alıblar. İştahla yedilər. Amma bizim alçanın yanında o alçalar heç nə idi. Bizim alçadan dadsalar, daha dükan-bazara getməzlər.
Zümrüd:
-Nə deyirəm ki, – dedi və gedib balaca, iki kiloqramlıq bir vedrə gətirdi.
Tərlan vedrəni qırmızı yanaqlı, dadlı alçalarla doldurub səhəri gün işə apardı. İşdəkilərbu alçaları, necə deyərlər, gözlərinə təpdilər, “bəh-bəh” dedilər.
Tərlan yoldaşların xahişi ilə bir neçə gün işə alça daşıdı. Bir gün işdəkilər bu dadlı, ləzzətli alçaları yetişdirən ağacı görmək üçün Tərlangilə gəldilər.
Mahir həyətə girər-girməz: “Əslində meyvəni gərək ağacından dərib yeyəsən”, – deyib özünü bağa saldı. Nadir, Gülbahar, Nazənin, Rəna, Mürşüd də Zümrüd xanımla salamlaşıb meyvə ağaclarına daraşdılar.
-Hanı sənin tərifli alçan, ay Tərlan?
Bunu Mürşüd dedi.
Tərlan onu alça ağacının yanına apardı, Nadirlə, Nazənin və Gülbahar da onlara qoşuldu. Nadirlə, Gülbahar alçanın bitdiyi yeri görəndə üzlərini yana çevirdilər. Mürşüd isə alçalardan birini dərdi, barmağı ilə tozunu təmizləyib ağzına qoydu:
-Alça belə olar e…
Nazənin:
-Puf, görmürsən alça harada bitib?!
Mürşüd alçanın birini də dərib ağzına qoydu, yeyə-yeyə:
-Mən də deyirəm bu alça nə dadlıdır. İndi səbəbini tapdım. Bunun gübrəsi çox olub…
Özünü onlara çatdıran Mahir də öz növbəsində:
-Əlbəttə, gübrəsindəndir, – deyib onun sözlərini təsdiq etdi. Sonra əlini uzadıb ağacdan bir neçə alça dərdi və ləzzətlə yedi.
Bakı şəhər, 31 mart 2021-ci il.
Müəllif: AKİF ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru