ZAUR USTAC – ŞƏHİD ANASI

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir