Aprel ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovanın təşkilatçılığı ilə 2021-ci il Nizami Gəncəvi ili ilə bağlı “Varsan, yoxdur sənin mislin dünyada, Özgə şey gətirməz aqillər yada… Nizami Gəncəvi” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ilk olaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Filologiya fakültəsinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirməsinin gözəl addım olduğunu vurğulayan professor Cəfər Cəfərov iştirakçıların tədbirdən mənəvi zövq alacaqlarına inamını ifadə etdi.
Sonra söz tədbirin təşkilatçısı, Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovaya verildi.
Professor Mahirə Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il Sərəncamına uyğun olaraq ADPU-nun Filologiya fakültəsində silsilə tədbirlərin həyata keçiriləcəyini bildirərək qeyd etdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi
lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə fərqlənir.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Professor Mahirə Hüseynova onu da qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın görkəmli simalarının irsinin öyrənilməsinə, tanıdılmasına dövlətimizin göstərdiyi xüsusi diqqət və qayğının əməli ifadəsidir.
Bugünkü tədbirdə “Nizami Gəncəvi və din” mövzusunda maraqlı məruzə və çıxışların olacağını nəzərə çatdıran Mahirə Hüseynova sözü qonaqlara verdi.
İlk məruzəçi din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli “Nizami Gəncəvi və İslam dini” mövzusunda yaddaqalan məruzə etdi.
Dahi sənətkarın əsərlərindən gətirilən nümunələrlə fikirlərini aydın izah edən ilahiyyatçı alim maraq doğuran fikirlər bildirdi.
Fəlsəfə və Sosialogiya Akademiyasının rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun məruzəsi də dinləyicilər tərəfindən maraqla qarşılandı. Mail Yaqub Nizami Gəncəvinin bir çox misralarının geniş izahını verdi, Nizami dühasının sirli sətirlərini təhlil etdi.
Sonra məruzə etmək üçün söz İlahiyyat İnstitutunun Dillər və ictimai elmlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradova verildi. Nizami və sufizm mövzusunda əhatəli məruzə edən İlkin Əlimuradov Nizami Gəncəvidən gətirilən nümunələrlə bir çox məqamlara aydınlıq gətirərək məzmunlu məruzəsi ilə tədbir iştirakçılarının diqqətini çəkdi.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi kafedrasının baş müəllimi Əli Rzazadənin məruzəsi də maraqla qarşılandı. O, Nizami Gəncəvi “Xəmsə”sində dini kəlamların işlənmə xüsusiyyətləri və məqamları haqqında aydın izahlar verdi.
Sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dosenti Aygün Əlizadə verildi. Nizami Gəncəvi “Xəmsə”sində bir çox beytlərin təhlilini verən Aygün Əlizadə çıxışını slaydlarla daha da maraqlı etdi. Fars dilində yazılmış beytlərin ana dilimizdə tərcüməsini verərək tədbir iştirakçılarını Nizaminin söz səltənətinə kiçik səyahət etdirdi.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadənin çıxışı da böyük maraqla qarşılandı.
Sonra ADPU-nun Filologiya fakültəsinin tələbə və magistləri məruzəçi və çıxışçılara suallar verdilər, dahi sənətkarın yaradıcılığı ilə bağlı onları maraqlandıran suallara əhatəli və qane edici cavablar aldılar.
TƏDBİRİN TƏŞKİLİ VƏ GEDİŞİNİ ƏKS ETDİRƏN FOTOLAR:
Daha sonra tədbirin bədii hissəsinə keçid oldu.
Professor Mahirə Nağıqızı Hüseynovanın təşəbbüsü ilə Filologiya fakültəsinin nəzdində yaradılan “Meh” ədəbi dərnəyinin üzvləri dahi şairimiz Nizami Gəncəvinin söz xəzinəsindən biri-birindən gözəl şeirlər söylədilər, yaddaqalan çıxışlar etdilər.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova tədbirə dəvətlərini qəbul edib gələn qonaqlara və “Meh” ədəbi dərnəyinin üzvlərinə təşəkkürünü bildirdi.
Təqdim etdi: Tuncay ŞƏHRİLİ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru