ÖMRÜMDƏ ƏBƏDİYAŞAR ARİF
Ömrümdə bir Arif var olub: mənim üçün süd qardaşım, həyat yoldaşım üçün öz böyük övladı dərəcəsində qəbul olunmuş kiçik qayın, Sevdamın “snikers” əmisi, Babəkimin hər uğuruna öz qələbəsi qədərində qürurlanan əmisi.
Atamla anam onu (həmçinin digər üç qardaşını da) öz övladı qismində böyüdüblər. 1960-cı ilin yayında (həmin il məndən bir neçə ay böyük xalam öğlu Yasəf birinci sinifə gedəsiydi) təzəyin içində evə gətirilən və körpələrini çimizdirmək üçün yandırılan odun peçində partlayan bombadan xalamın qılçası qırıldı. Allahın möcüzəsinə bax, onda Arif xalamın qucağında olub. Arifin başı qoyulan diz bombanın zərbindən qırıldı, xalamın (anamdan kiçik bacının) qılçası müalicə məqsədi ilə səkkiz ay mildə qaldı. Atam baldızını da, onun uşaqlarını da yığışdırıb Pirsaat kəndindən Hacıqabula gətirdi, həyətinin sağ tərəfində palçıqdan kəsilmiş kərpicdən beş kubik daş üzərində birotaqlı ev tikib baldızının ailəsini ora yığdı.
Anam Qızxanımın sözlərindən yaddaşımda qalan budur ki, xalam xəstəxanada qılçasından müalicədə olduğu 8 ay ərzində ana südündən ötəri özünü yeyib-tökən çağanın (Arifin) ağlamağının qabağını almaq üçün anam döşünü uşağa verirmiş. Təsəvvür edirsinizmi? Beş ildir sinəsi süd görməyən qadının döşlərinə süd gəlmişdi (məndən kişik qardaşım Rəfayıl 10 sentyabr 1954-cü il təvəllüdlüdür, Arif isə 1959-cu ilin 10 noyabrında doğulub). Bu üzdən mən həmişə Arifi “süd qardaşımdı” deyib təqdim etmişəm, o isə mənə “Ayad” deyə müraciət edib. Məqamı ikən qeyd edim ki, mənim üçün qədərsiz əziz olan bu müraciət mənə üç nəfər tərəfindən ünvanlanıb: anam, ömür-gün yoldaşım və Arif tərəfindən.
Tez-tez deyərdi, “sən mənə “süd qardaşımsan” deyirsən, mənsə səni həmişə öz idealım bilmişəm, Ayad. “Addımlarını” mənimsədim, həyata baxışlarını mənimsədim. Hamının idealı arzularında olur, hamı öz idealını kitablarda axtarır, mənimsə idealım canlıdı, həyatdadı, gözlərimin önündədi. Başım az çəkməyib. Həmişə də hamıdan öncə, özümdən böyük üç qardaşımdan da, bir dayımdan da qabaq yanımda səni gördüm. Hər hansı problemlə üzləşəndə özüm-özümdən soruşuram: “görən bu məqamda Ayad neyləyərdi”. Və gəldiyim qənaətə uyğun addım atıram. Həm də artıq sənə gənəşmədən. Çünki düşünürəm ki, əgər sən belə edərdinsə, deməli, yanlış addım atmış olmaram.
…Haqqımda söhbət gedən istənilən ünvanda deyirmiş ki, tanıyanlardan kimsə qələt edib deməsin ki Ayad kiməsə heç olmazsa bircə dəfə də olsa yardımçı olmayıb.
Anası Lalaxanım bir dəfə atama müraciətlə demişdi: – Dadaş, onsuz da Arifi Siz saxlayırsınız, birdəfəlik rəsmiləşdirib keçirin öz ayağınıza, Sizin də üç oğlunuz olsun, mənim də.
Mənə ilk dəfə “baba” deyib müraciət edən də Arifin övladları olub. Qapını açıb otağa daxil olanda, hələ bircə kəlmə danışıq bilməyən Yanar mənə baxıb-baxıb və qəflətən, kimsənin gözləmədiyi məqamda, “baba” deyib qucağıma çırpınıb.
Sonra Yanarə dünyaya gəldi. O da elə.
Bu gün də belədir.
…Kiminlə ailə qurmasının da səbəbkarı həyat yoldaşımla mən olmuşuq.
Bu da Allahın işidi. Təsadüfən atam da kənddə (Şamaxının Kürdəmic kəndində) idi. Yoldaşım mənimlə xısınlaşdı: “Yaxşı fürsətdi, atan da burdadı. Mən nənəni (bacım Çimnazın qayınanasını nəzərdə tuturdu. Çox hökmlü qadın idi rəhmətlik. Onun “hə” dediyi sözün qabağında kimsə dayana bilməzdi) razı salım, sən get qızın atasını bir dilnən gətir evə, xala qızı ilə xala oğlunun izdivacını həll edək…”.
…Nənənin xeyir-duası qabağında kimsə dayana bilmədi.
Həmin axşam Ariflə Zeynəbin “şirnisi” içildi…
***
Göz açıb böyüyə-böyüyə məndən bunları görmüşdü:
– Dərsdən yayınmışdı, Novruzqabağı yumurta döyüşdürənlərin “tamaşasından” ayırıb məktəbə aparıb müəllimindən onu cəzalandırmasını tələb etmişdim;
– Sahə müvəkkilinin onu cana doydurmasından xəbər tutub sahə müvəkkilindən yaxasını qurtarmışdım;
– 1990-cı ilin hadisələri də həmçinin. Hər ikimiz xalq hərəkatının içində idik. Meydan hərəkatı, xalqın kükrəyən dalğası… Onda Bakının Əhmədli rayonunda, V.İ.Lenin adına toxuculuq kombinatının yaxınlığındakı qəbiristana bitişik gecəqondulardan aldığım evdə yaşayırdım. Arif də məhəllənin ayağındakı həyət evlərindən birində kirayədə olurdu. Hər səhər həyət darvazasını açıb “sabahınız xeyir” söyləyib işə yollanar, işdən qayıdanda “axşamınız xeyir” söyləyib evinə dönərdi. Xalq hərəkatının dalğalandığı həmin axşamların birində işdən qayıdanda mənim adətən Meydan hərəkatına yollandığım günlərdə geyindiyim cins şalvarı və kürkü əynimdə görüb soruşdu:
– “Hara belə?
– “Ruporla elan verdilər ki, Əzizbəyov (indi “Koroğlu”) metro stansiyasının yanına yığışmaq lazımdı. Deyəsən, nə isə qarışıqlıq olacaq. Qalmaq olmaz”.
– “Bir az ləngi, mən də paltarımı dəyişib gəlirəm”.
Az keçməmiş Arif içəri daxil oldu, onun da ardınca qarabasma xalam Lalaxanım (anası).
– “Özü atasız böyüdü, hara aparırsan bunu. Gedib bu da öləcək, balalarını yetim qoyacaq”.
Nə illah etdim, Arif məndən ayrılmadı: “Sən gedirsənsə, mən də gedirəm” deyib, “nırx”, inadından dönmədi. Xalamın hayqıran göz yaşları, Arifin ayağını geri götürməməsi… Qalmağa məcbur oldum. Həmin geçə – 1990-ci il yanvarın 19-dan 20-nə keçən geçə Bakıda qan töküldü…
…Sonuncu şəhidin 40-ı çıxana qədər mənimlə Arif də “QIRX” saxladıq, düz 52 gün (o günlərin xatirəsi olan foto bu gün də qorunur).
İndi ağrınıram ki, Birinci Qarabağ müharibəsinin odları-alovları içərisindən onu iki dəfə qoruyub qaçıra bildim (Tərtər döyüşlərinin iştirakçısı olub), sakit həyatda dadına yetişə bilmədim.
Yaddaşımda ağrı ilə yaşanacaq
2021-ci ilin Novruz axşamı idi, mənə evə telefon açdı. Həmişə belə etməzdi. Ailəsini də götürüb gələrdi. Bu dəfə telefon etdi: – Nə var, necəsən? Kim gəlib sizinlə bayramlaşmağa?
– Kim olacaq?! Bir Rəfayıldı (Rəfayıl məndən kiçik qardaşımdı), xəstədi, çox yeriyə, ayaq üstdə çox dura bilmir. Bir Babəklə Sevdamdı (oğlumla qızım), bir də sən. Sizlərdən başqa kimim var ki… Hamı da öz evində, ailəsinin üstündə.
Telefon dəstəyinin o başındakı səs dondu. Özümün də hiss etmədən “vurduğum sillə” bərk dəymişdi. Gərginliyi sındırmaq üçün sükutu mən pozdum: “Uşaqların bayramını təbrik elərsən. Bayramın mübarək!” Və dəstəyi asdım.
…Axır vaxtlar dalğın dolandığından şübhəli idim. Elə bil həyat gözündə sönmüşdü, gərəksizləşmişdi. Hamıdan qaçırdı elə bil. Bir yandan da mənim özümü cilovlaya bilməyib incikliyimi ifadə edən küskün cavabım.
Mart ayının sonlarındakı başqa bir telefon danışığımızda, ailədə hansı isə narahatlığın dolaşdığından xoflanmışdım (ailə böyüdükcə, həlliqaçılmaz problemlər də çoxalır). Oğul nəvəsi – 20 gün yaşayıb elə xəstəxanadaca dünyasını dəyişən, hələ yaş kağızı (doğum haqqında şəhadətnamə) yazılmağa macal tapılmamış Damla (21.09.2021-10.10.2021) tələf olandan sonra ailədə nə isə dolaşıqlıq yarandığı hiss olunurdu. Elə deyirdim bu gün-sabah gedib maraqlanaram, günü-günə sata-sata qaldım, “macal” edə bilmədim.
Sonda Arif özü bizləri tərk edib getdi. Dalğınlığının mənə qaranlıq ünvanını da özü ilə apardı. Kimsəyə bildirmədən, kimsəyə bircə kəlmə aydınlatmadan.
Ömründə bircə dəfə həkim “üzü görməyən”, “xəstələndim” kəlməsini dilinə gətirməyən Arifin xəstəxanaya düşməsi də qəfil olub. Novruz axşamı telefon danışığımızdan sonra, aprel ayının 1-də gəlini telefon açdı: – Baba, ata iki gündü operasiya olunub, Mərkəzi Klinikadadı. Hələ reanimasiyadadı, yanına kimsəni buraxmırlar.
Həkiminin telefonunu əldə edib, görüş üçün icazə aldım. Yanında bir-iki dəqiqə olmaq imkanı verimişdi, reanimasiyadı axı.
Dincəlirdi. Səsimi eşidəndə gözlərini açdı. Səhhətinin yaxşı olduğunu, ya sabah, ya da biri gün palataya dəyişiləcəyini, elə həmin gün də evə yazılacağını söylədi. Zarafatlaşdıq da: “Eşitmişəm, şıltaqlıq edirsən, buranın yeməyini bəyənmirsən. Mənə söz verirsənmi ki, yemək yeyəcəksən”. Gülümsündü. Baxışları ilə “hə” cavabını verdi. Tibb bacısı vaxtın daraldığını mənə xatırladanda, sağollaşıb palatanı tərk etdim.
***
Bu gün bu iki “görüş” mənim üçün təsəlli ünvanıdı: 1 – Arifin Novruz axşamı mənə telefon açması, 2 – Mərkəzi klinikada olan vida görüşümüz (nə yaxşı ki, bu telefon zəngi ilə xəstəxanadakı görüşümüz baş tutan olub).
***
Sabah Arifsiz yaşadığımızın 7-ci günüdür. Uşaqların anası dedi ki, Babək (oğlum) Arifin cümə axşamlarından birini öz öhdəsinə götürür. Xatirimə dəfn günü gəldi. Hamı qəbiristandan aralanmışdı. Ən birinci elə mənim özüm. Mərasimdə olanların mənim hansı halda olduğumu görməmələri üçün. Babək isə təkcənə məzar yerində qalmışdı. Ariflə nə pıçıldaşmışdı, nə danışməşdı, Allah bilr… Bizlərə qoşulanda rəngi üstündə deyildi.
***
Həmişə deyirdim ki, mənim həyatda üç itkim olub: bir – 1977-ci il təvəllüdlü, hələ döğum haqqında şəhadətnaməsi alınmamış dörd ayında ikən öz qollarım üstündə canını tapşırmış kiçik qızım Xanım (bu haqda ətraflı “Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində (“Məndən sonra…” kitabı, Bakı- Ulu- 2010)); 2 – atam İsgəndərov Ziyatxan Dədəqulu oğlu (1926 – 1998); 3 – anam Səmədova Qızxanım Sahab qızı (1919 – 2006).
Süd qardaşım Arif (Dəmirov Arif İmanbala oğlu) dördüncü sağalmaz yaram oldu həyatımda (10 noyabr 1959 – 3 aprel 2021).
…Ömrümdə daim yaşayacaq bir Arif ünvanı var: yorğun, ağrılı baxışları daim düşüncəli, sabaha inamlı ümiddə, oğlunun haçansa ona bəxş edəcəyi nəvə şirinliyini dadacağı günə təşnə.
…Arif bu sadaladıqlarımda, 70 yaşlı ömrümün çiskinli günlərilə birlikdə yaşayacaq.
Amma 2021-ci ilin 3 aprel günlərindən sonrakı ömür yolumu mən Arifsiz addımlayacağam.
Nə qədər, hansı boşluqda?..
8 aprel 2021-ci il.
Müəllif: Ayətxan Ziyad (İsgəndərov)
Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü,
yazıçı-jurnalist, tədqiqatçı.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Allah sene rehmet elesin Arif baba.Daim qelbmizde yasayacaqsan .