Kərəmli Qalası – Qalası Kərimli Müslüm oğlu – Nə böyük xalqsan mənim xalqım… “… Fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Yaşa mənim xalqım! Yaşa!
Hacıqabul rayonu Muğan kənd sakini 08 Yanvar 2000 təvəllüdlü Kərəmli nəslini davamçısı 2 noyabr tarixində Şuşa ətraflı (Daşaltı) döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin. Bir ölüb, min dirilərik… Minimiz ölsə, milyonlar doğulacaq… Yaşamaq, əbədilik, böyüklük, cahan dövləti, cahan milləti olmaq bax elə bu keyfiyyətdə şifrələnib… Var olsun uca millətim.
Şəhidimiz Hacıqabul rayonu Muğan qəsəbəsində dəfn olunub:
ZAUR USTAC “İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRDƏKİ KİTABXANALARIN FONDU ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI” ÇƏRÇİVƏSİNDƏ FONDA 4 ADDA 440 KİTAB HƏDİYYƏ ETDİ.
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir
Aprel ayının 22-dəAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına yazar Zaur Ustac da qoşuldu.
Zaur Ustac Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi və özünün müəllifi olduğu 4 (dörd) adda 440 (dörd yüz qırx) nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladı.
Qeyd: Fotolarda gördüyünüz kitabları maraq göstərənlər şəhərimizin kitab mağazalarından və ya “Mücrü” nəşriyyatından əldə edə bilərlər.
Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, qələm dostumuz, tanınmış söz adamı, sevimli müəllim, gözəl xanım Aysel Nazimin doğum günüdür! Ad günü münasibəti ilə Aysel xanımı təbrik edir, uzun ömür, can sağlığı həyatda yeni – yeni nailiyyətlər arzulayırıq!
GƏLMƏ-GƏLMƏ Qəlbimdə od, dilimdə söz Bitdi artıq, gəlmə-gəlmə. Ağlatdığın o məsum qız Getdi artıq, gəlmə-gəlmə. * * * Kədərdi, qəmdi hər anı, Allaha qalıb gümanı. Sənə olan son inamı İtdi artıq, gəlmə-gəlmə. * * * Biri sevgi gülü əkən, Biri şirəsini çəkən. Küsdürdün, yad yerdə məkan Tutdu artıq, gəlmə-gəlmə. * * * Keçirdi gənclik yaşını, Soldurdu tər baxışını, Yaxşı ki, dostlar başını Qatdı artıq, gəlmə-gəlmə. * * * Adilənin susdu səsi, Qalmadı daha həvəsi. Bu yolun ümid gəmisi Batdı artıq, gəlmə-gəlmə. 20.04.2021.
Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun bu rəzalət və zəlalət dolu dünyada daha çox əziyyət çəkməsini rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…
Əlbəttə, bu tam subyektiv bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm axtarıb, bu yazını yazım məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın deyə içini boşaltmaq istəyənlər … Birinci qrup qələm adamlarını yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) … O, bax elə adına, ruhuna istinad edib, yazmaq istədiyim bu yazının da yoluna çıraq tutan “QOYMAYIN QIZLARI ŞEİR YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu dəfə özünün içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən 64 saylı məktəbdə keçirilən Gülşən Mustafanın kitab təqdimatı zamanı ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin… Nəsə o səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək çox asanlıqla tapıb oxuya bilərlər. Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda istinad etmişəm):
Taleyin qışından qoyun büstünü, Başının daşından qoyun büstünü, Üşüsə şeirlə örtün üstünü, Qızları qoymayın şeir yazmağa.
Xəyalı göylərdə yerini yazır, Qovrula-qovrula sirrini yazır, Hələ beş dərdindən birini yazır, Qızları qoymayın şeir yazmağa.
Şeirin ilk sözündən son kəlməsinə qədər içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur. Və “…mən bilirəm, bu nə deməkdir…” onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin, hələ “beş dərdindən biri” olsa da, el-aləmə faş olmasın… Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən keçirmiş, yaşamış insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına rəva görməyən yazarın, seçilmiş müdrik bəndənin, ilahi məqamdan söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə həmişə bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri də eyni qəbildən olan sənət əsərləridir. Bəlkə də mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib… Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu şad osun:
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!
Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!
Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…
04.05.2020 – Bakı ş.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.