Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı – Zərövşən Babayeva

Dr. Zərövşən Babayeva.

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı

         XXI əsr bizi təəccübləndirməyə davam edir. Yaşadığımız son dövrlər öz yeni formatı, fərqli problemləri ilə seçilir. Artıq 2020-ci ilin əvvəl­in­dən başlayaraq həyatın tamamilə yeni is­tiqa­mətdə dəyişilməsi ilə barışmalıyıq. Qəbul etmə­li­yik ki, dünyamız köklü şəkildə dəyişdi və əv­­vəlki münasibətlər yeni keyfiyyət dəyişik­li­yi­nə uğ­ra­mışdır. Artıq yeni dünya insanı cə­miy­yə­tini, dövlətini əvvəlki şərtlərlə idarə etmək, yenilik­lə­rə anın­da cavab verməkdə çətinlik çə­kir. Bu gün hansı cəmiyyət el­mi­nə, təhsilinə, insa­nı­na, torpağına, toxumuna sahib çıxar, yatı­rım edərsə, ye­ni­lik­­lərə açıq olub dünya təcrübəsin­dən faydalanmaqla yaradıcılığa üs­tünlük verərsə o da ya­rış­dan qalib çıxacaqdır. Məqsəd açıq və aydın olmalıdır. Tə­­bi­­ət­də belə bir qa­nun var – güclülər qa­lib gəlir. Yəni müasir dunya­mız­da yaşamaq uğrunda müba­ri­zə­də qalib gəlmək üçün də cəmiy­yətlərdə güclü-gücsüz qarşıdur­ma­sı gedir. İnsan­lı­ğın sınağa səkildiyi son illərdə bütün sahələrdə ol­du­ğu kimi təd­ris-təhsil sahə­sində də problemlər, mübahisəli məqamlar yaranmışdır.      

         Öyrədən-öy­­rə­­nən arasındakı fərqli for­mat­da fəaliyyətlərin gündəmə gəlməsi ilə ali və orta məktəblərdə təd­ri­sin idarə edilməsinin dövrün problemlərinə müvafiq şəkildə təşkili zərurətə çev­ril­miş­dir. Əs­lində dünyanı saran problemlər bu gündən gələcəkdə də yara­na biləcək qarı­şı­q­lıq­­la­ra hazırlıqlı ol­ma­­­ğı­mızı şərtləndirir. Müasir texnolo­gi­ya­lar sayəsində düçar oldu­ğu­muz ka­ran­tin şəraitində fəaliyyətimizi davam etdirsək də – onlayn, virtual format, a-sosial mühit, məsa­fə­lərin uzanması cəmiyyətlərdə bəzi ruhsal, psixoloji problemləri də yaratmış­dır. Ümumiyyətlə, həyatın müxtəlif sahələrində nailiyyət hər bir fərdin fəal iştirakından ası­lı­dır. Belə ki, yaradıcı, fərdi yanaşma, təfəkkürün istiqamətləndirilməsi, şəxsiyyətin problemə yanaşması, həyata baxışı, dünyağörüşünün zənginləşdirilməsi əsas şərtlərdəndir. Təh­sil sahəsi bu işlərdə əsas yerlərdən bi­ri­ni tutur. Cəmiyyət həyatında köklü dəyi­şik­lik etmək əsasən təhsilə qoyulan yatırımdan çox asılıdır. Bunun üçün nəzərə alınmalı məqamlar çoxdur:

  • Müəllimlərdə tədrısə sahiblik prinsipi
  • Öyrədən-öyrənənin maraq, təşəbbüs və istəklərinin ön plana çəkilməsi
  • Təhsildə qloballaşmanın qarşısının alınması
  • Fərqli təhsil formatının yaradılması
  • Tədris prosesində motivasiya, iki tərəfin də maraqlarının təmin edilməsi
  • Müəllim-tələbə sintezi
  • Təhsilin, məktəbin dövrün tələbinə uyğun təşkili
  • Fikir mübadiləsi, birlikdə fəaliyyət və s.

       Təcrübələr göstərir ki, təhsildə istənilən səviyyəyə çat­maq üçün öyrənən­lər­də aşağıdakı ba­ca­rıqların forma­laş­dırıl­ma­sı vacib sayılmalıdır: Yeni bi­lik­lərə məntiqi, tənqidi yanaşmaq, təxəy­yü­lə sahib olmaq, yaradıcı tət­biq­etmə, fərqli tədris for­mat­ı, dinləmə, kommunikasiya, təhlil, ana­l­iz-sintez, düşündürücü sual vermək bacarığı və s. Bütün bunlar təhsildə, dolayısı ilə cəmiyyət hə­yatında innova­siyalardan istifadəni təmin edəcəkdir:

        Təhsildə nələri dəyişək? – öyrənənlərin müstəqilliyinə, sərbəstliyinə imkan yara­dıb həvəs­lən­dirmək, vaxt vermək. Gənc nəslin suallarına ciddi yanaşıb birlikdə tədqiqat aparmaq, gələ­cə­yin məsuliy­yə­tini dərk etdirmək.

        Yeni dövrdə təhsil necə olmalı? – Bacarıqları inkişaf etdirməklə. Gənclər fundamental baca­rıq­larını təkmilləşdir­mək­lə yeni dövrdə yer tuta bilərlər. Artıq dünyada ixtisaslaşmış təhsil geri qalmış təhsi­l­ sayılır. Fərdi yanaşma və müşahidə ilə öyrənənləri dəyərləndirməliyik. Yəni bu əsrdə insanın qəl­bi­nin, ruhunun baca­rıqları da önə çəkilməli, empatiya qurularaq qarşıdakının fikirlərinə önəm ve­rilməlidir.

        Dünyanı dəyişmək üçün müəllimlər nə etməli? – Məlumatların canlı, öyrənənlərin ya­ra­dı­cı olmalarına diqqət yetirilməli, tədris edilən fənlərin önəminə diq­qət edilməli; Dünyagörüşün zən­­­ginliyi, yaradıcı işə xüsusi fikir verilməlidir. Xü­susilə son illər tənhalaşmaq, təcridolunmaq işin keyfiyyətinə mənfi təsir etmiş­dir. Bu baxımdan cə­miy­yətlərin və dövlətlərin müəllimlərin prob­lemləri ilə maraq­lanması, həyat şərait­lərinin yaxşılaşdırması qayğısına qalması işin xeyrinə olardı.

         Yeni dünyada yeni məktəb modeli necə olmalı? – Tələbələrin yaradıcılığı, gördüyü iş qiy­­­mət­ləndirilməli; Biliklərin yaradıcı tətbiqi; Müəllimlər kollektiv şə­kildə fəaliyyət göstər­mə­lidir. Bu həm motivasiya edici təsir edər, həm də yara­dıcılıq, tədqiqatçılığa meyli artırardı.

        Təhsildə hesabatlılq bacarığı nədir? – Tələbələrin ən nümunəvi işlərinin nü­ma­yişinin, süni zə­kanın təhsilə təsiri imkanlarının qiymətləndirilməsinin fərdi in­ki­şa­fa təsiri daha çox ola­caq­dır. Texnologiyaların tətbiqi zərurəti bu sahəyə diqqətin ar­tırılmasını diktə etməkdədir. Ölkə, döv­lət, müəssisələr arasında cəmiyyətin inki­şa­fı qiymətləndirilməlidir. Dünyanın necə də­yiş­di­yi­ni anlamaq; Birlikdə öyrən­mə­ni də­qiq­ləşdirmək, şərait yaratmaq, dəyişməyə hazır ol­maq. Gənc nəslin təkmilləş­mə­si, yeni dünyaya hazırlanması, fərqli formata istiqamət­lən­di­ril­məsi.

       Bu gün dünyada artan işsizlik, maddi problemlər, gərginləşən münasibətlər fo­nun­da sağ­lam düşüncə ilə davranmağa borcluyuq. Hər kəsin stresli zaman ke­çir­mə­sini nəzərə ala­raq qayğını, mərhəməti, məhəbbət hissini bir-birimizdən əsir­gəmə­məliyik. Cəmiyyətin ziya­lı­sı, ali məktəb müəl­lim­­i olaraq məruz qoyul­du­ğu­muz bu problemlərdən az itki ilə çıxa bil­mə­yin yollarını da araşdır­ma­lıyıq. Gənc­lərimiz gə­lə­cəyimizdir və müxtəlif sahələrdə cə­miy­yətin inkişa­fında mü­hüm rol oynayacaq­lar. Bu səbəbdən onlarla apardığımız işlər üçün də məsuliyyət bizim üzərimizdədir.

         Yenicə qazandığımız Qarabağ zəfəri də bizi bundan sonrakı möhtəşəm nai­liy­yətlərə ruhlandırır. Şahidi olduğumuz Vətən müharibəsi göstərdi ki, qan yad­da­şı bələkdə Qarabağı tərk edən körpələri 30 il sonra tanklarla, İnsansız Hava Araç­ları (İHA) və qırıcı təyyarələr, müxtəlif hərbi texnika ilə doğma torpaqlarını mən­fur düş­mənlərdən təmizləmək üçün ayağa qaldırdı. Bu, XXI əsrdə dünyaya səs salan mü­­asir Vətən Muharibə formatı Azərbaycanın yetişdirdiyi tələ­bə­lər, mühən­dis­­lər, həkimlər, müəllimlər,…., Zabit və Generallar sayəsində qələbə çalaraq Bö­yük Qə­lə­bə, Böyük Qayıdış idi. Bütün Azərbaycan cəmiyyəti olaraq Qarabağ Şə­hid, Qazi, Əsgər, yüksək rütbəli hərbiçilərinə, şəxsi heyətinə minnət duyur, şəhid və qazi ailələrinə səbr diləyirik. Ən ali səviyyədə dövlət qayğısı ilə əhatə olunmuş mü­ha­­ri­bə iştirakçıları yetişməkdə olan gənc nəsil üçün də layiqli nüminədir. Cə­miy­­yətlər və dövlətlər eyni amal uğrunda çalışdıqca görülən işlər hər bir fərdi məmnun edə­cək­­dir. Ümid edirik ki, insani sevgi, mərhəmət, elmi na­iliy­yətlər sayəsində Dünya­mız yaşamaq üçün öz əhəmiyyətini artıracaqdır.

     Yaşadığımız günlərdə cəmiyyətlər, dövlətlər arasında açıq şəkildə qüvvə­lə­rin toq­quş­ması baş verdiyinin şahidi oluruq. Tədris sahəsində də bütün baş verən­lə­ri nə­zərə alaraq köklü dəyişiklik­lər etməyin tam zamanıdır. Bu gün bizə müxtəlif el­mi bilikləri əzbərləyən şagird, yaxud tələbə ki­fa­yət eləmir. Öyrənənləri biliklərin sax­landığı “papka” for­ma­tından çıxarmaq zamanı çoxdan çat­mışdır. Öyrən­di­yi bi­li­­yi ya­ra­­dıcı tətbiq edə bilən, təklif olu­nan hazır biliklərə tənqidi yanaşan, kons­truktiv dü­şü­­nən gənc nə­sil sayəsində yaxın gələcəkdə texnologiyaların, robotların üstünlük təşkil etdiyi dünyada yaşa­ma­ğa uy­ğunlaşmalıyıq. Anlamalıyıq ki, artıq ən böyük “silah” Elmdir. Köhnə dünya standartları ilə yeni dünya­da rəqabətə dayan­maq üçün çalışmalıyıq. Biologiya elmi, tibb sahəsi, kimya, fizika, kosmonavtika və digər elm sahələrində əldə edil­miş yeni na­iliy­yətlər insanlığa fərqli yanaşmalara görə cə­miy­yətlərin lehinə və əley­hinə tətbiq edilməkdədir. Elmi insanlığın lehinə işlədən kadrlar, mütəxəssislər yaratmaq müasir dövrün zərurətinə çevril­miş­dir. Məhz yara­dı­cı, yenilikçi, müa­sir texnologiyalara yiyələnmiş gənc­lik, hazırkı kadr po­ten­sialı­nın təkmilləşməsi ilə güclü rəqabətə dayana biləcəyik. Son bir ildə bütün dünyada “pan­de­miya, karantin, virus, məsafə, maska, təmizlik” məfhumları hə­ya­tımızın reallığına çev­ril­mişdir. İna­nırıq ki, cəmiy­yətlərin sağlam düşüncəli ziyalıla­rı­nin birgə səyi ilə XXI əsrdə cəmiyyətlər is­tər Təhsilinə, istərsə də İnsanına sahib çıxaraq qarşıya çıxan çətinlikləri aşacaqdır.

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin dosenti

pedaqogika üzrə elmlər doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV – BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.

Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.

İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığı­nın hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].

Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:

                                      Danışdığı sözün qiymətin bilə,

                                      Kəlməsindən ləlü, gövhər süzülə,

                                      Məcazi danışa, məcazi gülə,

                                      Tamam sözü müəmmalı gərəkdi

– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.

Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.

                                      Ələsgərəm, yandım eşq ataşında,

                                      Gözüm qaldı kirpiyində, qaşında.

                                      Qazdır məzarımı çeşmə başında,

                                     Sal sinəm üstünnən yol, incimərəm.

Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.

Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:

                                      A bimürvət, axı səndən ötəri

                                      Ah çəkməkdən bağrım qana dönübdü.

                                      Qədd əyilib, gül irəngim saralıb,

                                      Xəzan dəymiş gülüstana dönübdü.

Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, – Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”… Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:

                                      Alçaqda dayan ki, çıxasan başa,

                                      Tülküsən, aslanla girmə savaşa.

                                      Gəl yapışma gücün çatmayan daşa,

                                      Götürə bilməzsən, zora düşərsən.

         Yaxud:

                                      Danışdıq, barışdıq mərhəmət ilə,

                                      İnciklik araya qatma, hayıfsan!

                                      Sən tacir olmazsan bir manat ilə,

                                      Namusu, qeyrəti atma hayıfsan!

         Yaxud da:

                                      Arif olan, gəlin sizə söyləyim,

                                      İyid sözü mərd-mərdana yaxşıdı.

                                      Kişi gərək dediyindən dönməsin,

                                      Biilqardan bir zənana yaxşıdı.

Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardan­dır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.

Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:

                                      Aləmdə dastan olub

                                      Səddin, sorağın, Şah dağı!

                                      Açılıb nərgiz, bənövşən,

                                      Əcəbdi çağın, Şah dağı!

                                      Abi-kövsər kimi axır

                                      Çeşmən, bulağın, Şah dağı!..

                                      Süsən, sünbül, gül, ərğəvan

                                      Köysündə laləzar verib;

                                      Alan, satan gözəllərdi,

                                      Nə rəvanc bazar verib;

                                      Damənin çəhar fəsildi,

                                      Hər meyvə bitib, bar verib;

                                      Xudam səni çox bəyənib,

                                      Bir belə ixtiyar verib;

                                      Dalın dənizə söykənib,

                                      Kürdü ayağın, Şah dağı!

Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiili­yin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən ya­radılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.

Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümu­miyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqar­lılıq, əzəmət simvolu kimi dəyərləndirilir:

                                      Gahdan çiskin tökər, gah duman eylər,

                                      Gah gəlib-gedəni peşiman eylər,

                                      Gahdan qeyzə gələr, nahaq qan eylər,

                                      Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.

Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.

Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməx­sus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.

                            On səkkiz min aləm, yetmiş iki dil,

                            Ülfət qılır bir bazarın içində.

                            Kimi ətlaz geyir, tirmə qurşayır,

                            Kimi üryan gəzir qarın içində.

                            Demək nə lazımdı, özün bilirsən,

                            Bir gün yaranırsan, bir gün ölürsən.

                            Arsız-qəmsiz nə gününə gülürsən?!

                            Yandırarlar səni narın içində.

Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:

                            Ələsgər, mətləbin xudadan istə,

                            Kərəm olmaz müxənnəsdə, xəsisdə,

                            Bəylik, göylük, səylik olan məclisdə

                            Qaç ki, orda xeyir-bərəkət olmaz.

Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:

                            Tanıram əslini, söyüddür zatın,

                            Uca boy verərsiz, barınız olmaz.

                            Dildən dost olarsız, könüldən əyri,

                            Doğru-dürüst etibarınız olmaz.

İslama haramı halal bilərsiz,

                            Şəriətdən kənar mətləb dilərsiz,

                            Əysik danışarsız, artıq gülərsiz,

                            Namus, qeyrətiniz, arınız olmaz.

“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlan­dırır.

“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:

                            Ay həzərat, gəlin sizə söyləyim,

                            Bu dünyanın xəyanatı çıxıbdı.

                            İnsaflar azalıb, mürvət gödəlib,

                            Qazıların mazarratı çıxıbdı.            

Əlimizi aparıbdı sərt ayaz,

                            Ruzumuz olubdu gündən-günə az.

                            Molla şeytan olub, axund seyidbaz,

                            Məşədi, kalvayı lotu çıxıbdı…

Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:

                            Günahkardı nə ki yoldan azan var,

                            İki mələk – xeyir-şəri yazan var,

                            Ərəsət var, qıl körpü var, qazan var,

                            Orda qəbul olsun niyazım mənim!

Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.

Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MİRZƏYEVA – KİTABLAR ŞEİRİ

Nərgiz Mirzəyeva – gənc yazar, məktəbli.

        Kitablar

Kitablar mənim dostum

Onlarla ucalıram

Kitablar düzgün yolum

Zirvəyə yol alıram

Mənim üçün kitabsız

Həyatın mənası yox

Düzgün mənalı yol

Kitabla başlanan yol

Həyatın sirrlərini

Bizə deyir kitablar

Ömrümüzün yollarına

Nur çiləyir kitablar

Gizli xəzinə kimi

Kitabları axtaraq!

Qiymətli əşya kimi

Kitabları qoruyaq!

Oxudum bir çox kitab

Gah güldüm, gah ağladım.

Dil açdı sanki kitab

Söhbət etdim, danışdım

Oxunan bir çox kitab

Yaddaşlarda qalandır

Ən çox sevdiyim kitab

Çərpələng uçurandır.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru