Atam kimi Doğma Adam…

Novruz Nəcəfoğlu – yazıçı, ictimai xadim.

Atam kimi Doğma Adam…

Bu günlərdə mətbuatda dəyərli qələm adamı, ədəbiyyatımızın fədakar təbliğatçısı, istedadlı  tərcüməçi İmdat Avşarın çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, vətəndaş ziyalı Novruz Nəcəfoğlunun Türkiyədə işıq üzü görən “Qaranlıq gecənin səsləri” kitabına yazdığı təqdimatı – “Qaranlığın səsi” adlı bir essesini oxudum.  Rəhmətlik dədəm deyərdi ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı… İndi İmdat bəyin yazısı sözün həqiqi mənasında, o bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu… İmdat bəyin “Çərçivə şəkil” hekayəsi haqqında yazdıqlarını göz yaşlarıma boğularaq oxudum…

Və tapdım… Sonunda illərdir ki, məni Novruz Nəcəfoğlu qələminə bağlayan o doğma səbəbi tapdım… Bu elə bağlılıqdır ki, sözlə izah edə, kəlmələrə çevirib ifadə bilmirsən. Amma oxuduqca bütün ruhunla hiss edirsən ki, bu adam sənin ən doğmandır, bu hisslər sənin təməlində   dayanan olduqca mübhəm yaşantılarıdır.

Elə bil Atamı yazırmış Novruz Nəcəfoğlu… Atamın taleyini… Və “Çərçivə şəkil”i oxuyanda sanki çözdüm o şifrəni… Novruz müəllimə, qələminə, insanlığına, sözünə duyduğum sayğının, sevginin, rəğbətin həm də hardan qaynaqlandığını, təməlini kəşf etdim öz içimdə… İndi rəsminə diqqətlə baxıram ki, O, həm də Atama bənzəyirmiş… Atam kimi doğma, Atam kimi Əziz Adam!!!

Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Novruz Nəcəfoğlu kimi…

Hələ on il öncə oxuduğum, ustadım Seyran Səxavətin Novruz müəllimin “Çarəsiz yolçu” povesti haqqında olan “Yol” yazısını xatırlayıram.  Seyran müəllim yazırdı ki, “Əzizim, Novruz! Povestin, məni göynətdiyi, sarsıtdığı qədər də sevindirdi – elə bildim ki, özüm yazmışam. Belə bir əsərə müəlliflik iddiamın heç bir əsası olmasa da, oxuculuq iddiamın yetərincə əsası var. Qəribə də olsa, sənə cümlə qurmaqda uğurlar diləyirəm. Çünki cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Cümlə də Yoldur, Yol”…

Bəli, Novruz müəllim yol salmaqda – yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…

 Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Novruz müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan,  şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı ziyalı, vətəndaş yazıçı…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Novruz müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Novruz Nəcəfoğlu kimi…

Novruz müəllimin  yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Novruz müəllim  bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Novruz Nəcəfoğlunun poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür…

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Novruz müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Ya­ra­dı­cı­lı­ğın ma­yə­sin­də in­sa­nın daxili mahiyyəti, şəx­siy­yə­ti da­ya­nır. Şəx­siy­yə­tin­də, xa­rak­te­rin­də ya­rım­çıq­lıq olan adam heç vaxt bö­yük ədə­biy­yat ya­ra­da bil­məz. Bu mə­na­da, Novruz müəllim şəx­siy­yə­ti və ya­ra­dı­cı­lı­ğı bir – bi­ri­ni ta­mam­la­yan, Sö­zü ki­mi bü­töv in­san­dır.

Söz halallıqdır… Söz ləyaqətdir… Söz vicdandır… Söz zəhmətdir… Söz ilahidən gələn hikmətdir… Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Novruz Nəcəfoğlunun bir yaş daha müdrikləşdiyi gündür…

İnsan əməlləri kimi, daşıdığı adı həm də onun qəlbinin aynasıdır… Novruz müəllimin adının özəyində işıq, ruzi, nur sözü dayanır. Ulu Tanrı işığınızı, nurunuzu ailənizə, əzizlərinizə və bütün xalqımıza doyunca versin,  Əziz Novruz Müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Sizə möhkəm can sağlığı və yürüdüyünüz Böyük Sənət – Ədəbiyyat yollarında başarılar diləyirəm! Doğum Gününüz mübarək!


Hörmətlə:
Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA – M. FƏRQANƏ

Fərqanə Mehdiyeva – şair, sonuncu iş yeri “Ulduz” jurnalı.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Müəllif: Fərqanə  Mehdiyeva

Allah rəhmət eləsin… Ruhu şad olsun…


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRQANƏ MEHDİYEVA HAQQINDA – RUHU ŞAD OLSUN

Fərqanə Mehdiyeva 2 may 2020 – ci ildə vəfat edib. Allah rəhmət eləsin.

“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA”

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,

Elə ad vein ki, bəxti yar olsun!

Ya Humay çağırın, ya Sona deyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Sükeydə, Fəğanə, adı verməyin,

Bəxtinin yoluna “cadu” hörməyin,

Uğurlu bir adı əsirgəməyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Adı elə seçin, Aydan bac alsın,

Ayağı  zəmində, göyə ucalsın,

Adıyla qarıyıb, xoşbəxt qocalsın,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Əridib gözünün, nurun qarəsin,

Zaur  “Ustac” ilə tapıb çarəsin,

Hamı xoşbəxt istər  ciyərparəsin,

Elə ad verin ki, bəxti yar olsun!

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

04.05.2020 – Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru