AKİF ABBASOV – OĞURLAMAĞA BAŞQA ŞEY TAPMIRDIM?

Akif Abbasov – alim, yazıçı.

OĞURLAMAĞA BAŞQA ŞEY TAPMIRDIM?

                         (hekayə)

İndiki zəmanədə usta olmaqdan yaxşısı ola bilməz. Usta deyəndə, əslində hərə öz işinin ustası olmalıdır. “Arşın mal” filmindəki Rüstəm bəy demişkən, gedib “uçitel-muçitel, injinar-minjinar olmaqdansa” pinəçi, bənna, xarrat, dülgər, bərbər, santexnik, elektrik, dərzi, zərgər … olmaq yaxşıdır.

Biri gəlir çəkməçinin yanına ki, ayaqqabımın dabanını dəyiş; digəri özünü santexnikə çatdırır ki, evi su basıb, gəl o su xəttinə bir əncam çək; başqası qaçır dərzinin dükanına ki, təcili kostyum tikmək lazımdır, qeyrisi də yollanır bərbərin hüzuruna ki, saçlarımı düzəlt, üzümü qırx, iclasa gedirəm..

         İşini görən kimi pulunu alıb qoyursan cibinə. Daha başqa peşə sahibləri, hökumət işində çalışanlar kimi ayın axırını gözləmirsən ki, görək maaş nə zaman veriləcək. O da vaxtında verilsə.

Vallah, billah, bənna, dülgər, bərbər, çilingər … olmaq mühəndis, müəllim, jurnalist … olmaqdan yaxşıdır. Dəqiqə başı iclasa çağırmırlar, müdir səni danlayıb, ağzından çıxanı demir. Yuxudan nə zaman durursan işinə gedirsən. İşdən nə zaman bezirsənsə, ya da yorulursansa – gəlirsən evinə-eşiyinə. Daha kartını turniketə vurub işə girib-çıxmırsan.

Novruz bənna idi. İşindən-gücündən razılıq edirdi. Dolanışığı da vardı. Amma bu ustalığın da qəribəlikləri, özünəməxsusluğu var. Cürbəcür adamlarla, fərqli insanlarla rastlaşırsan. Hərəsi bir ağıldadır. Biri pulunu kəsir, biri yalandan işindən narazılıq edir ki, pulunu verməsin. Allah ustaları belələrindən qorusun. Novruz da hər dəfə çağırışa gedəndə, avadanlıqlarını qoyduğu çantasını hazırlayanda dua edirdi ki, işi avand olsun.

Özü ilə dəyişik götürüb, təmir üçün lazım olan alətləri, avadanlıqları qoyduğu çantasını əlinə alıb yollanırdı evlərə.

Ya həyət-bacada iş verirdilər, ya da ev, mənzil təmir edirdi. İş çox olanda özü ilə bir fəhlə də aparırdı ki, söküntüyə, zir-zibili daşımağa, daşı, kərpici qaldırmağa, sementi, qumu qarışdırmağa, suvaq daşımağa kömək etsin. O, usta idi. Fəhlə işini də özü görməyəcəkdi ki. Əldən düşərdi. Beş-on manatdan ötrü özünü həlak etməyəcəkdi ki.

Məmmədqulunun evində təmir işlərini görüb qurtarandan sonra əynini dəyişib təmiz paltarlarını geydi. Çirkli, tozlu-torpaqlı paltarlarını bir torbaya yığdı. Bənna alətlərini də çantaya yerləşdirib: “Ya Allah!” deyib həyətə çıxdı. Pulunu alıb, ev sahibi ilə xudahafizləşib yoluna düzəldi.

Evə çatanda çirkli, tozlu pal-paltar yığdığı torbanı arvadına uzatdı, təmirə aid alətləri qoyduğu çantanı da həyətdəki daxmaya apardı. Yorulmuşdu. Yemək istəmədi. Bir nəfəsə iki stəkan çay içib yataq otağına keçdi və uzandı.

Nənəbacı ərinə tapşırmışdı. Novruz hər dəfə işini görüb qurtarandan sonra çirkli pal-paltarı evə gətirər, arvadı da onları yuyar, ona başqa dəyişək paltar verər və deyərdi:

-Gedib, o tozlu paltarları geymə, gətir, yuyum. İşləyəndə də əynində təmiz paltar olsun.

Nənəbacı, adəti üzrə pal-paltarı iri vannaya atıb, vedrədən üzərinə qaynar su tökdü. “Bu nədir?” Nənəbacının gözləri böyüdü. Novruza acığı tutdu.

-Ay kişi, bu nədir?

Nənəbacının qışqırığına Novruz çarpayıdan dik atıldı. Onu belə acıqlı görməmişdi.

-Nə olub, arvad? Yoxsa ilan gözümü oğurlayıb pal-paltarın arasına girib?! Vurmadı ki səni?

Nənəbacının səsi az qala kəndi başına götürmüşdü:

-İlan vurmadı, sən vurdun! Özü də düz ürəyimin başından! Sənin belə işin də varmış?

Novruz təəccüblə:

-Nə olub axı? – deyə soruşdu.

Nənəbacı əl-qolunu ölçürdü:

-Bu arvad tumanı nə edir, sənin paltarının arasında?

Novruz gözünü döydü: “Nə arvad paltarı?”

Nənəbacı əlindəki çubuqla qadın alt paltarını qaldırıb göstərdi. Novruz donub qaldı. Nənəbacı dil-dil ötməyə başladı:

-Hə, cavab verə bilmirsən? Suçun var axı. Məmmədqulunu nə isə almağa göndərib, arvadının tumanını çıxarmısan?

 Novruz qıpqırmızı qızardı: “Bu arvad nə danışır? Mənim nə günahim var?”

-Nənəbacı, ağıllı ol. Birdən-ikiyə mənim bir pis işim olubmu? Allahın qəzəbinə gələrsən. Bu nə danışıqdır? Paltarları həmişə otaqda dəyişib, divanın üstünə atırdım. Bu gün orada başqa paltarlar da vardı. Yəqin bu alt paltarı da orada imiş. Görünür mənim paltarlarıma qarışıb.

-Eləmi? Niyə divanın üstündəki başqa paltarlar yox, bu alt paltarı sənin paltarlarına qarışıb. Elə isə, götür, zəng elə, arvadla danış, inanım.

Novruz bilmədi nə etsin.

-Ayıbdır, zəng edib arvada nə deyim?. Deyim tumanını evə gətirmişəm.

-Ərinə zəng elə.

Novruz onu fikrindən daşındırmağa çalışdı:

-Məni qana çalxalama, Nənəbacı. Bunun axırı yaxşı qurtarmaz! Məmmədqulu deməzmi ki, mənim arvadımın alt paltarı səndə nə gəzir? Vurar arvadını, sonra da gəlib məni öldürər. Kənd arasına gərək ondan sonra çıxmayasınız.

-Zəng eləmirsən ki? Mən bu məsələni belə qoya bilmərəm.

-Apar yavaşca ver, yiyəsinə

-Yenə soruşacaqlar bu alt paltarı sizdə nə gəzirmiş.

Nənəbacı ev telefonunun dəstəyini qaldırıb zəng etdi. Məmmədqulu cavab verdi.

-Məmmədqulu qardaş, bağışla, Novruz həmişə təmir işini görəndə paltarını dəyişib divanın üstünə qoyurmuş. Bu gün paltarını yığanda arvadının alt paltarı da onlara qarışıb, gəlib bizim evə çıxıb.

Məmmədqulunun qəzəblənəcəyini gözləyən Nənəbacı onun sevindiyini görüb sakitləşdi. Məmmədqulu:

-Bıy, sizi görüm şad xəbər olasınız, Nənəbacı bacı, – dedi. -Bizim arvad da səhərdən məni öldürür ki, gətirdiyin usta oğru çıxdı. Paltarları oğurlayıb.

Nənəbacının özünə gəldiyini görən Novruzun da eyni açıldı:

-Nə dedilər?

-Arvad ərinə deyirmiş sənin ustan oğru çıxıb.

Novruz ala verdi:

-Kül o arvadın başına. Əvvəla, ağılı olsaydı, alt paltarını divanın üstündə qoymazdı. Bilirdi ki, əynimi soyunub-geyinib divanın üstünə atıram. Ayıbdır. İkincisi, evdə oğurlanmalı şey yox idi bəyəm, onun köhnə alt paltarına gözüm düşmüşdü?! Hə?

Nənəbacı:

-Düz deyirsən, Novruz, mən də nahaqdan səndən şübhələndim.

-Arvad, bir də belə zarafat eləmə. Yaxşımı?

-Yaxşı, qadan alım. Çox istədiyimdəndir də… Neynim.

Bakı şəhəri, 18 aprel 2021-ci il


Müəllif:Akif ABBASOV



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir