MƏN BU ÖMRÜ…
Sənə doğru çırpınışım bir ömürdü, bir andı,
Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm.
Bu dünyanı anlayanlar ölümünə oyandı,
Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm.
* * *
Sorma niyə hüzünlənib boynu bükük durmuşam,
Bu yazını sən yazıbsan var olandan alnıma.
Mən vaxtımı sənə doğru can atmağa qurmuşam,
Səndən başqa kimim var ki, məlhəm olsun ağrıma.
* * *
Mən bu ömrü zinət kimi bəyənmədim heç, inan,
Yelkənləri küləklərə açıb getmək dəmidir.
Mənim könül azadlığım doğulduğum zamandan,
Cövlan edən küləklərin azadlığı kimidir.
Müəllif: Adilə NƏZƏR
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru