VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA

Dr. Kamal Camalov.

VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA

 Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qə­­zetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxu­maq­la tanımışam və qiyabi tanışlığımız da buradan başlayıb. Dediyim kimi, şairi qi­yabi ta­nısam da şeir­lə­rin­də­ki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həs­rəti, təbiətə vur­ğun­luq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düş­mə­nə nifrət, alov do­lu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.

Mehdi Milaxlının kitabı.

Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dos­ta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həs­sas­lıqla bəyan edir.

Tanrım, özün qoru türk balaların,

Toxunulmaz eylə türk qalaların…

İgid Türkməneli, mərdanə dayan,

Səngərdi dağ-daşın, hər yalçın qayan.

Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə in­san­la­ra lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bi­liş­lər­dən, dost­lardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir ya­ra­dı­cı­lı­ğında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qay­ğı ilə ya­na­şır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəl­limdir. Müəl­lim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəa­liy­yət gös­tər­mə­lidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kə­sə yardım et­məyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adam­dır, öz əq­li­nin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi gö­rünən, gö­rün­dü­yü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım ol­duğunu gös­tə­rir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:

Mən elə üzdəyəm, gör, tanı məni,

Dərindən axtarma, dibdən arama.

Tanıtmaz şairlik ad-sanı məni,

Gəlib özümü gör, cibdən arama.

…Əgər xoşlamasan, yavaşca çıx get,

Nə geriyə boylan, nə yana çevril.

Son dəfə sağollaş, əlimi sıx get,

Bil ki, asudəsən hər yana çevril.

“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qa­­zanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şey­dən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.

Hələ dadmamışam yad tikəsini,

Heç nədə gözüm yox, uman deyiləm,

Haram cana sığmaz, bir tikəsini

Əllərim götürsə, yuman deyiləm.

Halal göz doyurar, ürək isidər,

Haram yuxuda da incidər, didər.

Əllərim qabarar, axıdaram tər,

Ərlər də görər ki, yalan deyiləm.

Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, sə­mi­mi­­lik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.

Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəl­­­qi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük ol­­masa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diq­qət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin mil­li zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir ha­disədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü tor­pa­ğın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox za­man dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.

Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.

Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi bö­yü­yən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.

Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənc­lə­rin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir ya­radıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fi­kirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli ol­mağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və iste­da­dından do­ğul­muş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əs­­­gəriyik”, “Əlin­cə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azər­bay­can ger­­çəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.

Odlar diyarının yanar parçası,

Elə ilk görüşdən qəlbimi aldı.

Gəzibmi hüsnündə rəssam fırçası?

Təbiət bu yerdə sirdi, sualdı.

…Baba yadigarı Əshabi-Kəhfdir,

Xaraba Gilandır, Gəmiqayadır.

İndi oğullar var, bu daş yaddaşda

Yatmış xatirəni bir-bir oyadır.

Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəl­sə­fi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çe­vi­rə­cə­yi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səs­lənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı də­rindən və hər­tə­­rəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İla­hiy­yat­şü­nas­lıq­da və ya is­lam­­şünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın mü­­qəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikin­cisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, ana­­ların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haq­qı, ədaləti qo­ru­yan­la­­ra əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş ol­maq tər­biyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən baş­la­nır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:

Yaşam üçün ömrünü şum edən bu xalq,

Səngər qazıb, qala qurub, daş ucaldıb.

Qeyrət üçün yağı üstə gedən bu xalq,

Düşmənlərdən bac alaraq baş ucaldıb.

Göz üstündə qoruyuruq, saxlayırıq,

Hər qarışı bir tarixdir, kaşanədir.

Sevə-sevə əzizləyib yoxlayırıq

Çünki bizə ululardan nişanədir.

Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənil­mə­sinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib faktor sayır. Eləcə də şeir­lərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düz­lü­yü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.

Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zən­gin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrıl­maz key­fiyyətidir.

Şəruru gəzərkən ürək sevindi.

Belə eşitdim mən elin ağzından,

Arpaçay şıltaqlıq etməyir indi,

Saralar qurtulub selin ağzından.

…Qocaman ağacın pöhrəsi kimi,

Yollar şaxələnib, yollar dəyişib.

Günəşin gülümsər çöhrəsi kimi

Bu günəşli diyar nə gözəlləşib.

Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir ada­mın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona gö­rə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.

Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr ya­radır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keç­mi­şin qədrini bilməyən, sabahını çətin müdafiə edər.

Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nə­tin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fik­ri, ide­yanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə de­yilən fi­kir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də bir­lik­də, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.

Ahəngi könlümə yatsa yaxşıdır,

Məntiqi ağlıma batsa, yaxşıdır,

Mənası ellərə çatsa yaxşıdır,

Yüz ölçüb, bir biçib, düz yaradıram,

Ürəyimə yatan söz yaradıram.

Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dal­ğa­larını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin ha­rada baş­ladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeir­də be­yin­lə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürə­­­yə nü­fuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin bir­ləş­miş va­hid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poe­zi­ya­ya çev­rilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.

Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan iba­rətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növ­ca­vanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədə­biyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.

Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılan­ma­sına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliy­yə­ti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu mü­vəffəqiyyətlər arzulayırıq.

Müəllif: Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR: bioloji tənsilin inkişaf perspektivləri

Dr. Zərövşən Babayeva

TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR:

 bioloji tənsilin inkişaf perspektivləri

Yeni dövr – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dün­ya­da hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün  dünyanı əhatə etməklə səfər­bər­lik diktə edir. Tədris sahəsi də baş verən dəyişiklik fonunda artıq dünyada baş verən  dəyişik­lik­lə­rə səmərəli cavab vermək məcburiyyətində. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün istər təhsil, istər də texnologiyalar sahəsində kadr potensialı zənginləşdirilməlidir. Bu­raya həmçinin təhsil ocaqlarının   maddi-texniki bazasının yenilənməsi də daxil­dir. Hazırda bi­o­lo­giyanın tədrisində istifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstər­mək­də davam edir. Lakin çalışıb fərqli, yeni imkanlar da tapılmalıdır. Dünyada isti­fa­də olunan yeni vasitələr, İKT-dən istifadənin fərqli metodikasını tədrisə gə­tir­mək­lə öyrənən­lər­də marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Deyildiyi kimi: “Məsləki inkişaf mütləqdir”. Bir çox metodistlərin fikrincə təhsil sistemi memarlığa bənzəyir. Bu sistemə içəridən baxdıqda nələri dəyişəcəyimizi düzgün qiymətləndirməliyik. Əslində təhsil sahəsindəki memarlıq sosial memarlıqdır: öyrənmə mədəniyyəti, qarşılıqlı müəllim-tələbə, müəllimlərin öz aralarındakı münasibətlərində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Bundan başqa, təhsil müəssisələrinin rəhbərləri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində, sosial həyatında rəğbətləndirmələredilməli, ehtiyaclarının öyrənilib təmin edilməsi, qayğısına qalınması ilə təhsil sahəsində yüksək səmərəliliyə nail olmaq mümkündür. Təhsil sistemində xarakter də mühüm rol oynayır: burada əsasən öyrədənlərin qətiyyəti, tədris prosesinə güvəni, məktəbdə müəllimlərlə münasibəti nəzərdə saxlanmalıdır. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı təbiət elmlərinin qiymətləndirilməsi zamanı əsasən müəllimlərin performansını qiymətləndirir. Buraya onların işə – dərsə hazırlığı və işdən məmnunluğunun araşdırılması, müəllimlərin psixoloji vəziyyəti, şəraiti, maaşı, motivasiyası nəzərə alınması, müəllimlərin profesional potensialı və s. daxildir. Məlumdur ki, müəllimin sosial rifahı təhsilin səviyyəsinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Bu zaman hər iki tərəf bir-birindən razı qalmaqla prosesin, fəaliyyətin keyfiyyəti yüksəlir ki, bundan udan da yenə cəmiyyətlərdir. Təhsil müəssisələrində mütəşəkkillik, yekdillik, səfərbərlik, bir-birini dəstəkləmək, müəllimlərin işbirliyi labüddür.

Təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin,       imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə istər öyrədən, istərsə də öyrənənlərin iş qabiliyyətini artıra bilərik. Hesablamalar göstərir ki, yaranmış bəzi problemlər öyrənənlərdə iki səbəbdən tədris prosesindən uzaqlaşma istəyi yaradır: öyrənənlərin prosesə marağının sönməsi, tədris prosesinin 75%-i cəlbedici olmaması. Bəs yeni sistemi yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mühiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə fərqlənməlidir: tədris prosesinin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olması və s. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəbdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqlarının, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir. Təhsil sisteminin nailiyyətlərinin zaman-zaman yoxlanması, yerli imkan və şəraitə uyğunlaşdırmaq da tədrisin səviyyəsini yüksəltməyə xidmət edir. Buraya müəllimlərin professionallığını da daxil etmək lazımdır. Həmçinin müəllimlər məmnunsa işinə də təsir edir və tələbəyə keçir. Həm müəllim, həm tələbə təhsil proseslərindən razı qalmalıdır ki, işin keyfiyyəti yüksəlsin. Müəllimlər eyni bir məqsədə xidmət etməlidir. Məqsəd – vahid məqsəd, yekdillik deməkdir. Mütəşəkkillik, yekdillik, səfərbərlik bir-birini dəstəkləməli, bir sözlə, müəllimlərin işbirliyi əsas şərtdir.

Dünyanın inkişafı, yaxşılaşdırılması – hər zaman təhsilin məqsədi və vəzifəsidir. Yeni öyrənmə – yeni təhsil sistemi – dünya ilə əlaqə; dünyada baş verən proseslərə töhfə vermək, dünyanı dəyişmək – 4 xüsusi meyar – islahatlarda əsas tutulur. Bəs pandemiya dövründə hansı dəyişikliklər tələb olunur? 4 əsas element: rifah, sosial intellekt, keyfiyyət investisiya, sistemlilikdən ibarətdir. Müasir təhsil yeniliklərə cavab verən nəsil yetişdirməli, təhsilli olmaq, problemləri həll etməyi bacarmaqla cəmiyyətlərin rifahını yüksəltməyə xidmət etməlidir. Əslində özünə təhsil lideri deyənlər başqa təhsil müəssisələrindən də məsul olmalıdır. Bəs əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür? Belə hesab edilir ki, başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil konfransları təşkil edilməlidir. Rəqabət isə  – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, bir-birinə dəstək olmaq və sairdən ibarətdir. Təhsildə bu yeni dalğadır və təhsilin səmərəliliyini artırmaqdadır (Prof. Michael Fullan).

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha səmərəli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqinə nail olunsun. Müasir dövrdə öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal     iştirak­çı­la­rına çevirmək, biliklərin tətbiq etmə bacarıq-vərdişləri perspektivli hesab edilir. Xüsusilə də canlı müşahidədən mücərrəd təfəkkürə, sonra təcrübə, müşahidə, eksperimentdə yoxlama biologi­ya­nın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır. Xüsusi bir məqam da vardır ki, əvvəla müəllim ixtisasını yaxşı bilməli, auditoriyanı sevməli, yeniliklərə açıq olmalıdır. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və səviyyəsində tətbiq olunarsa səmərə verir. Qeyd edək ki, istifadə olunan hər hansı metod və imkanlar etalon kimi qəbul edilməməli, auditoriyanın yaş və bilik səviyyəsini nəzərə alınmalı, yerli şəraitə uyğunlaşdırılmalıdır. Son illər anlaşılır ki, baza təhsili artıq tələbatı ödəyə bilmir. Bu səbəbdən təhsil sahəsinin müasir çağırışlara yaxınlaşması, çatması vacibdir. Bu günün aktual problemlərindən olan təhsilin yeni qayəsi, məqsədi müasir tələbləri, yeni dünya standartlarını  ödəməyə hesablanmalıdır. Əslində öyrənənlər üçün həyat məktəbdən sonra başlayır fikri yanlışdır. Onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalıdır. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqli düşünməyə qadir olan təhsilalanların formalaşması baş verər. Biologi­ya­nın təd­risində bioloji anlayışlar təlim prosesinin əsasını təşkil edir. Nəticədə tə­li­min üç baş­lıca vəzifəsi: öyrətmək, tərbiyələndir­mək və inkişaf etdirmək həya­ta kecirilir. Anlayışların bacarıqlara keçməsi bütün biologiya kurslarında mümkündür. Bacarıqların inkişafı anlayışların inkişafı ilə əlaqəlidir. Bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün onların məzmununu inkişaf etdirmək, əvvəlcə sadə bacarıqlar, sonra isə daha mükəmməl və mürəkkəb bacarıqlar forma­laş­dırıl­ma­lı­dır. Hazırda təhsil sahəsində kurikulum islahatları sayəsində tədris      pro­se­sin­də keyfiyyət dəyişiklikləri aparıl­maq­dadır. Fənyönümlü kurikulum məzmun      eti­barilə elm sahəsini, onun mükəm­məl anlayışlar sistemini əhatə etməklə bu anlayış­la­rın mənimsənilməsinə istiqa­mət­ləndirilir. Bütün praktik bacarıqların yerinə yetiril­mə­sində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərir.

        Ümumiyyətlə, biologiyanın tədrisində istər tələbə, istərsə də müəllim ölkədə və dünyada baş verən yenilikləri izləməli, təhsil islahatlarını müzakirə edib tədris üçün ən səmərəlilərini seçməyi bacarmalıdır. Həmçinin öyrəndiyi hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayırıq. Hər şeyə tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Təhsil; Tərbiyə – nəticə; İnkişaf. Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır. Biologiyanın tədrisi prosesində hərtərəfli dünyagörüşü formalaş­dır­maq üçün pedaqoji və dialektik prinsiplər əsas götürülməlidir. Əsasən biolo­gi­ya­­nın tədrisində dünyagörüşün üç istiqamətli əsas götürülməlidir: dünyagö­rü­şün mad­diliyi və vahidliyi, dialektika qanunlarının ümumi xarak­ter daşıması. Ümumiy­yətlə, dünyagörüşü təlim və tərbiyə vəzifəsini görür, dolayısı ilə şəx­siy­yətin forma­laş­masına xidmət edir. Məktəb biologiya kur­sun­da canlı or­qa­nizmlərə daim hərə­kət­də, inkişafda olan materiya kimi baxılmalı: ibti­da­idən aliyə, sadədən mürək­kəbə hərəkət – inkişaf prinsipi əsas      götü­rül­mə­lidir. Mövcud təlim, metod və üsullardan başqa daha düşündürücü, cəlbedici, fərqli vasitələrdən istifadə də təlimin keqfiyyətini artırmağa kömək edir. Məsələn hər hansı bir mövzunun tədrisində izahın balığın quruluşu üzərində verilməsi həm xüsusi marğa, həm də diqqətin artması ilə yüksək mənimsəməyə səbəb olacaqdır. Bəs bunu necə həyata keçirə bilərik? Balıq sümüyü – elmdə problemlərin həlli üçün yaxşı bir yanaşma olan tənqidi düşün­cə­nin təşkili üçün vizual bir vasitədir. Balıq sümüyünün diaqramı şagirdlərə problemə səbəb olan və­ təsir ilə səbəb arasındakı əlaqəni ölçən, kök səbəbləri barədə öyrətməyə kömək edir. Bu bir qrupa dərs deyəndə daha təsirli olur. Bu diaqram yanaşmasında, balığın başı dəyişikliyi təmsil edir, qabırğalar bunun səbəbini göstərir və lentlərdə dəstəkləyici dəlillər yazılır.

Bəs bi­olo­gi­ya­nın tədrisində interaktiv, konstruktiv təlimdən başqa, texnologiyanı zəruri edən amillər hansılardır? Müx­tə­lif səbəb­lər­­dən mü­şa­hidəsi müm­kün olmayan bəzi obyekt və hadisələrin gostərilməsində kom­pyuter tex­nolo­gi­ya­ları əvəzsiz rol oynayır. Məsələn:

  • əgər onlar böyük deyilsə (nüvənin strukturu)
  • tezötürüəndirsə (sinir impulsunun neyrondan neyrona ötürülməsi prosesi)
  • müşahidəsi mümkün deyilsə (embrionun inkişafı)
  • izah edilməsi, daha doğrusu başa düşülməsi mürəkkəbbdirsə (zülal sintezi)
  • nümayiş etdirilməsi mümkün deyilsə (dərin su heyvanları, alp çəmənlikləri) və s.

Artıq həyatımızın bütün sahələri rəqəmsallaşdığı üçün müasir texnoloji bacarıqlarsız heç bir fəaliyyət mümkünsüz hala gəlmişdir. Tədrisin belə onlayn rejimə möhtac qalması dijital fəaliyyətin təkmilləşdirilməsini tələb edir. Lakin dünyada baş verən problemləri nəzərə alaraq bilməliyik ki, cəmiyyətlərə “bilgili canavarlar” lazım deyil!!! İnsanlar arasında ayrı-seçkilik edilməməli, ədalətli, dünyanı qurtarmağa çalışan nəsillər yetişdirməyə çalışılmalıdır. Lakin bərabərlik də hər zaman adil olmaya bilər. Bunun üçün təhsil sahəsində çalışanlar daha duyarlı, ədalətli, bilikli, müasir dünyaya uyumlu, gələcəyə sevgi ilə baxan, zəngin dünyagörüşlü olmalıdır. Çünki öyrədən öyrənməyi buraxırsa, o adi bir lövhəyə çevrilir və bunun kimsəyə faydası olmaz.

Müəllif: Zərövşən Babayeva

Naxçıvan Dövlət Universiteti

Zoologiya kafedrasının dosenti,

 pedaqogika üzrə elmlər doktoru

                                                                                             dr.zarifbabayeva@gmail.com


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru