ŞAHNAZ ŞAHİN – AZƏRBAYCAN ƏSGƏRİ – SİLSİLƏ YAZILAR

Şahnaz Şahin – yazar.

BABƏK KİMİ BABƏK

…dördüncü yazı…

   Yollar uzun və qısa, çətin və dolanbac, arzular sonsuz, ümidlər isə həmişəyaşıl olur. Bir əzizinin yoxluğuna nə qədər çalışsalar da inandıra bilməzlər səni. İynədimi, sapdımı düşə itə, yox ola, gözünün qabağından birdən-birə qeybə çəkilə… Amma demə olurmuş…

    Ənnağıyev Babək Oktay oğlunun evindəyəm, atası qarşılayır, elə həyət qapısındaca görüşüb evə dəvət edir. Kür daşqınından sonra FHN tərəfindən tikilən evin pilləkənlərini qalxdıqca təsəlli üçün söz axtarıram, otaqda iki azyaşlı qız uşağı heç nəyi dərk etməyən baxışlarını üzümə dikir… Gözlərim önündən atamı itirdiyim gün film kimi gəlib keçir, mən də heç nə başa düşmürdüm onda…

   Babək Qasımbəyli kəndində, 28 aprel 1994-cü ildə doğulub böya-başa yetib, orta məktəbi də bu kəndin H.Ənnağıyev adına tam orta məktəbində oxuyub. Elə Hilal Ənnağıyev də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizdən biridir. Sonra Vətənə həqiqi hərbi borcunu vermək yaşı çatanda-2012-ci ildə yollanıb əsgərliyə, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Musaköy, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib…

    2014-cü ildə hərbi xidmətdən evə, doğmalarının yanına qayıdan Babək elə təsərrüfat işlərində atasına kömək edib, halal ruzisini qazanıb. Sonra ürəyi, gözü tutan Rəmziyyə ilə ailə qurub, bu izdivacdan iki gül kimi qız balası dünyaya gəlib, atalıq hissini fərəhlə, sevinclə yaşayıb, həyata daha çox bağlanıb bundan sonra…

    Müharibə başlayanda o da doğma vətənin hayına hay verərək cəbhəyə yollanıb, öldürməyə, erməni vandallarına Qarabağın Azərbaycana məxsus tarixi ərazi olduğunu sübut etmək üçün gedib döyüşməyə. Gedib ki, gələcək nəsillərə torpaq dərdi qalmasın, gedib ki, bundan sonra daha şəhid verməsin Azərbaycan…

…Damarında qeyrət axan igidim,

Yağı gözə oxtək batan igidim.

Döyüşlərdə polad kimi bərkidin,

Üzə gülən növrağına qurbanam,

O, üçrəngli bayrağına qurbanam!…

    Döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib, oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də qospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub…

Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

   Atası Oktay göz yaşını saxlaya bilmir, kim deyir kişi ağlamaz, kişi ağlayanda həm də ağladır… Dəsmalını çıxarıb gözlərini silərək oğlundan söz açır:

-Dörd övladım vardı, deyirdim mən onun çiynində gedərəm dünyadan, amma əksinə oldu…Babək ağıllı, söz eşidən, böyük-kiçik yeri bilən bala idi. Məşhəd və Kərbəla ziyarətlərində olmuşdu, həm dinimizə, həm də vətənimizə bağlı idi. Uşaq vaxtı çılğın olsa da sonralar daha səbirli idi, yaşı az idi amma dünyagörmüş kişilər kimi müdrik düşünürdü. Daim əsir torpaqlarımızı düşünür, dözə bilmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci özüm gedəcəyəm. Ali Baş Komandan İlham Əliyevin müharibəyə başlaması elə ürəyindən oldu ki!.. Dərindən köks ötürüb əlavə edir: Vətən sağ olsun…

Həyat yoldaşı Rəmziyyə xanım :

-Son dəfə oktyabrın 3-də danışdıq, döyüşə gedəcəkdilər, qələbəyə ürəkdən inanırdı…Çox razı idim Babəkdən, ailəsini çox sevirdi, dəyər verirdi, ailəcanlı və mehriban idi…

    İndi kənd qəbristanlığı bir məzar boyu da vətənləşib, dəyərli olub, çünki burda şəhid uyuyur… Rahat yat, deyirəm, şəhidim, sənin yarımçıq işini Müzəffər Ordumuzun cəsur əsgərləri tamamladılar, yağını torpaqlarımızdan qovub çıxardılar. Bu gün Qarabağ Azərbaycandır, vətəndaşlarımız isə hər biri qarabağlı… Sənin canını verdiyin torpaqlarda balaca qızların azad gəzəcək və səninlə həmişə fəxr edəcəklər…




Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması özbək dilində çapdan çıxdı

VAQİF ASLANIN “RUHLARLA SÖHBƏT” POEMASI ÖZBƏK DİLİNDƏ

Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə özbək dilinə çevrilib nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu tarixi – fəlsəfi əsəri ərsəyə gətirmişdir. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışmışdır. Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması, onların rus işğalı altına düşməsi kitabda təsvir edilmişdir. Kitabda xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapmışdır. Bilgə xaqan, Mətə xaqan, Alpər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir. Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Əratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif “bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub, göyləri çiynində saxlayan türkün” dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür. Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal, manyak və işğalçı qüvvələrin və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının – türklərin qələbəsi ilə başa çatır. Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən “Ruhlarla söhbət” poemasını özbək dilinə şair-tərcüməçi Gülzira Şəripova çevimişdir. Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən “Ruhlarla söhbət” poeması yaxın zamanda Bişkekdə keçirilməsi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır. Kitab, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunmuşdur. Əsər türk dilinə də tərcümə edilmişdir Tanınmış şair-tərcüməçi Aslan Yusifi kitabı türk dilinə tərcümə etmişdir. Bir neçə gün əvvəl kitab artıq türk dilində işıq üzü görmüşdür. Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edib pulsuz yaydığı 119-ci kitabdır. Bundan başqa, Bişkekdə keçiriləcəyi nəzərdə tutulan “İssık Kul Türkün İnci Dünyası” adlı bir mahnının festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadənin “Azərbaycan milli nəfəs çalğı alətləri (Orqanoloji-tarixi tədqiqat)” monoqrafiyası türk və özbək dillərində (Monoqrafiya ermənilərin xülyalarını puç etməyə hesablanıb), Nigar Həsənzadənin “Şeirlər toplusu” türk, özbək və Azərbaycan dillərində, Sayman Aruzun “Yüz il inqilab” türk və özbək dillərində və başqa müəlliflərin əsərlərinin təqdimatı planlaşdırılır. Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması elektron kitabı şəklində sayta yerləşdirilib.

Poemanı bu linkdən oxumaq olar:

1. Türk dilində: http://turktoday.info/biblioteka-turciya.html 

2. Özbək dilində: http://turktoday.info/biblioteka.html

Библиотека – Турция | Newsturktoday.info

Hazırladı: Zaur USTAC

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru