Ağdam – varlığın yoxluq səhnəsi – Rəfail Tağızadə

Ağdam.

Ağdam – varlığın yoxluq səhnəsi
Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı.
Ağdamda 10 ballıq erməni zəlzələsi olub.
Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi.
Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib.
Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir.
Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər.
Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi.
Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər.
Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq.
Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı.
İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq.
Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik…
Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da.
Torpaq varsa, Vətən var! Qalanı düzələr…
Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var. Bir də 28 illik zaman.
Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar… Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri.
Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım.
Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa.
Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama – torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm.
Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış.
Bu sevinc ayrı sevincdi.
Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar.
İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq.
İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək.
Həyat davam edəcək.
Hər tarix bir dərsdi.
Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi.
Qarabağa, Ağdama, Şuşaya hər gedənə
Yolçu mənə quş göndər,
Dimdiyində torpağım
– deyirdim.
Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm.
Bu səfər həsrətin, nigaranlığın son günü idi.
Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur.
Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir.
Məni MƏN edən AĞDAMIM!
Məni yaşadan məkan!
Sənə qovuşmaq həyatımın ən xoş anıdı!

28.05.2021.
Müəllif: Rəfail TAĞIZADƏ

RƏFAİL TAĞIZADƏNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

1 iyun uşaqlar beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Bu günü Bizdə uşaqlar beynəlxalq müdafiəsi günü kimi qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. “Ümumdünya Uşaqlar Günü” 1954 -cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956 cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. Biz uşaqlar bu dünyanın gələcəyiyik.

Müəllif: Tuncay Shahrili

Müəllif:Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOV – 75

Qurban BAYRAMOV -professor.

ÖMRÜN ELMİ HESABATI

Qurban Bayramovun “Səməd Vurğun – lirik qəhrəman və zaman” monoqrafiysının  latın qrafikası ilə yeni nəşrinə akademik İsa Həbibbəylinin ön sözü

Azərbaycan elmi-ədəbi və tənqidi fikrinin inkişafında özünəməxsus  yeri olan filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovun çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal düşüncənin və professionallığın vəhdətindən ibarətdir. O, müraciət etdiyi problemlərə, ədəbi şəxsiyyətlərə zamanın gözü ilə baxmağı bacaran, qələmə aldığı məsələləri yüksək vətəndaşlıq səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə, həyata keçirməyin öhdəsindən gələ bilən əsl ədəbiyyat adamıdır. Yazdığı sanballı elmi əsərlərin bir çoxu ədəbiyyatşünaslıqda və tənqiddə mühüm əhəmiyyəti ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsidir…

Qurban Bayramovun ədəbi-bədii fakta, seçilmiş mövzuya ziyalı-vətəndaş mövqedən yanaşması, əsaslandırılmış, professional elmi-tənqidi münasibətin və universal düşüncəsinin kamil ifadəsi olan əsərləri bu reallığın göstəricilərindəndir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 1970- ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi əsəri 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiyası olub… Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib… Bunlardan  “Vurğun poeziyası”(1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (1986),  “Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv) (1988), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq”, (Jalə Qurbanqızı ilə birgə) (2001), “Poeziyanın sirri…” (monoqrafiya) (2009),  “Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” (monoqrafiya) (2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. kimi kitabların müəllifidir.

Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “Məhəmmədhüseyn Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri vardır. Qurban Bayramovun bir sıra əsərləri, Türkiyədə, İranda, İraqda – Kərkükdə, Rusiyada, Macarıstanda, Krımda, Qazaxstanda, Litvada çap olunub…

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb. Xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları elmi mühitdə maraq doğurub…

Qurban müəllim ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda gənclik həvəsi ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə özünəməxsus rövnəq verir…

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2011) olub.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), “Tanınmış Vurğunşünas alim” (2011), “Fədakar alim” (2011), “Səməd Vurğun mükafatı” (2011), “Elm fədaisi” (2012), “Vintsas” mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.

Çap etdirdiyi elmi əsərlər Qurban Bayramovun 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin, zəhmətkeşlik və fədakarlığın nümunəsi kimi meydana çıxmışdır.

Bu araşdırmaların və məqalələrin sərlövhələrindən də göründüyü kimi, o, tənqidimizdə, həmişə Mikayıl Müşfiqin sənət prinsipinin – “Şairə ilhamdan maya gərəkdir!” prinsipinin qoruyucusudur! O, istedadla yazılan, insanın və cəmiyyətin inkişafına xidmət edən əsl ədəbiyyatı təqdir etmiş, elmi cəhətdən qiymətləndirilmişdir.

Xatırladım ki, Xalq şairi Səməd Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Vurğunşünaslar Qurban müəllimin bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi-alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin və yaradıcılığının böyüklüyünü təhlildən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə çatdırııb. Elə bu baxımdan da Qurban Bayramovun  Səməd Vurğuna həsr etdiyi elm əsər fərqlidir, yenidir və önəmlidir. 

“Vurğun poeziyası” (1976)

Fikrimcə, Qurban Bayramov ədəbiyyatşünaslığımızın Vurğunşünaslıq qolunun ən ləyaqətli nümayəndələrindən biridir. Onun böyük Səməd Vurğun yaradıcılığına həsr etdiyi “Vurğun poeziyası” (1976), “Səməd Vurğun – lirik qəhrəman və zaman” (1986) monoqrafiyaları, onlarla məqalələri elmi mühitdə həmişə yüksək dəyərləndirilmişdir.

“Səməd Vurğun – lirik qəhrəman və zaman” (1986)

Akademiklərdən – Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, professorlar – Mirzağa Quluzadə, Kamran Məmmədov, Yəhya Seyidov, Əkbər Ağayev, Qasım Qasımzadə, Qulu Xəlilov, Atif Zeynallı, Cəlal Abdullayev, Şamil Salmanov və sonralar Səməd Vurğun irsinə müraciət edən bütün tədqiqatçılar Qurban Bayramovun bu sahədə olan xidmətini yüksək səviyyədə dəyərləndirmişlər…

Bu sıradan, bütün rəy və fikirlər üçün səciyyəvi olan iki faktı xatırladıram:

  • Filologiya elmlər doktoru, professor Cəlal Abdullayev: “Mən özüm də Səməd Vurğunun tədqiqatçılarındanam. Qurban Bayramovun tədqiqatı həm böyük şairin tədqiqatı sferasında, həm də bizim ədəbiyyatşünaslıqda  öz orjinallığı və yeniliyi ilə fərqlənir. Mən, doğrusu, bu tədqiqatı nəzəri səviyyəsinə görə Ümumittifaq səviyyəsində ola bilən bir əsər kimi qəbul edirəm. Əsər onun müəllifinin yüksək erudisiyaından xəbər verir.”
  • Filologiya elmlər doktoru, professor Yəhya Seyidov: “Qurban Bayramov …gündən-günə yüksələn, inkişaf edən müasir ədəbi proseslə çox canlı, fəal məşğul olan, mətbuatda ciddi və yetkin məqalələrlə müntəzəm çıxış edən istedadlı tənqidçi və ədəbiyyatşünasdır.”

Qurban Bayramovun Səməd Vurğun poeziyası haqqında yazdığı tədqiqatların böyük bir qismi keçmiş sovet rejiminin sərt ideoloji qadağaları dövründə qələmə alınmasına baxmayaraq, müəllif fikirlərini yüksək peşəkarlıqla ifadə edərək müasir məzmunlu, milli ruhlu bir əsər yarada bilmişdir. Və buna görə də, bu sanballı əsərlər bugün də öz aktuallığını və elmi səviyyəsini saxlayan dəyərli ədəbiyyatşünaslıq faktlarındandır…

Təqdim edilən monoqrfiyanın birinci nəşrinə sanballı ön söz yazmış, hamımızın ustadı olmuş akademik  Məmməd Cəfər Cəfərovun ifadə etdiyi kimi, “Qurban Bayramov “Lirik qəhrəman və zaman” əsərində çoxmillətli sovet şeirinin ən görkəmli yaradıcılarından biri olan Səməd Vurğunun lirik qəhrəmanı, onun şair obrazı, şair şəxsiyyəti haqqında faydalı və yeni elmi təsəvvür yarada bilmişdir. Bu kitab qüdrətli sənətkar Vurğun poeziyasının pərəstişkarlarına layiqli bir töhfədir.”

Dəyərli ustadımızın bu qiymətli fikrinə, onu da əlavə edim ki, Azərbaycan ədəbiyyatşünaslığında Vurğunşünaslığın yaradılması bütövlükdə elm tariximizin əhəmiyyətli hadisələrindəndir. Ayrı-ayrı vaxtlarda bu mövzuda yazılmış əsərlər, aparılmış tədqiqatlar, çap olunmuş məqalələr ədəbiyyatşünaslıq elmimizin “Vurğunnaməsi” kimi dərin mənaya malikdir və olduqca ətraflı, zəngin elmi-məlumat bazasını əhatə edir…

Əsasən, müasir Azərbaycan ədəbiyyatının tədqiqi məsələlərinə həsr olunmuş elmi və bədii əsərlər, Qurban Bayramovun tədqiqatlarında geniş yer tutur. Xalq yazıçısı İlyas Əfəndiyevi, tanınmış jurnalist-yazıçı  Əli İldırımoğlu, görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayev haqqındakı araşdırmalarının hər biri sistemli monoqrafik elmi əsərlərdir. Qurban Bayramov bütövlükdə müasir Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin əsas yaradıcılarından olan bu şəxsiyyətlərin  yaradıcılıq özünəməxsusluğunu müəyyən edən ana xətləri seçib ayırmağı və qiymətləndirməyi bacarmışdır.

Müasir ədəbiyyata dair digər tədqiqatlarında olduğu kimi, ədəbi elmi dövriyyəyə gətirdiyi  “poeportret” janrında  ədiblərə ünvanlanmış əsərlərində də, Qurban Bayramov memuar janrının cizgilərini tənqidi mətnə daxil edərək,  təhlilləri və tədqiqatları ilə vəhdətdə oxuculara təqdim edir. Bu yolla yazıçıların, şairlərin və ədəbiyyatşünasların təkcə ədəbi-elmi xidmətləri deyil, həmçinin  tərcümeyi-hallarının maraqlı məqamları, şəxsiyyətləri, mənəvi dünyası da təqdim olunur. Bütün bunlar isə yazıçını və ya ədəbiyyatşünas alimi mühiti və müasirləri, mənəvi aləmi və münasibətləri ilə birlikdə tam halda oxuculara çatdırmağa şərait yaradır. Bu tip tədqiqatları və məqalələrində Qurban Bayramov sənətkar və zaman münasibətlərinə də aydınlıq gətirir. Bu əsərlərdə ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, istedadlı qələm sahiblərinə dərin ehtiram qırmızı xətt kimi keçir…

İctimai həyatda ədəbiyyatın rolunu dərindən dərk edən Qurban Bayramov tədqiqatlarında ədəbiyyat və həyat məsələlərinə dair araşdırmalara geniş yer verib.  O, haqlı olaraq yazır ki, böyük ədəbiyyat yarandığı zamanın tarixi, fəlsəfəsi və sosiumun kompasıdır.  Zaman faktoru həmişə böyük ədəbiyyat üçün zəruri olub. Ədəbiyyat zamanı dərk və əks etdirən, irəli aparan əsas hərəkətverici qüvvələrdən biridir. Ədəbiyyat – Zamanı ələkdən keçirir və gələcəyə aparır…

Qurban Bayramov müasir ədəbi prosesi düzgün qiymətləndirməyi bacaran tənqidçi və ədəbiyyatşünasdır…  O, ədəbiyyatın ümummilli inkişafdakı mənəvi-estetik funksiyasını dərindən təhlil edib qiymətləndirən tənqidçi-filoloqdur.

Tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ədəbi proses haqqında dəyərli araşdırmaları ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli tədqiqatlardır. Onun Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Əhməd Cavad, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nazim Hikmət, Nikolay Tixonov, Məmmədəfər  Cəfərov, Mehdi Hüseyn, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Kərimli, Qasım Qasımzadə, Zeynal Xəlil, Kamran Məmmədov, Qulu Xəlilov, Əkbər Bayramov, Yaşar Qarayev, Qəzənfər Kazımov, Qəzənfər Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Əhməd Cəmil, Nəbi Xəzri, Cabir Novruz, Adil Babayev, Yusif Əzimzadə, Cəmil Əlibəyov, Anar, Elçin, Məmməd Araz, Əliağa Kürçaylı, Fikrət Qoca, Nəriman Həsənzadə, Balaş Azəroğlu, Hökümə Billuri, Əzizə Cəfərzadə, Əzizə Əhmədova, Leyla Əliyeva, Mahirə Nağıqızı, Firuzə Məmmədli, Musa Yaqub, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, Hikmət Ziya, Tofiq Mütəllibov,  İbrahim Göyçaylı, Hidayət, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Vaqif Arzumanlı, İslam Ağayev, Akif Bayramov, Aydın Dadaşov, Nazif Qəhrəmanlı,  Şirindil Alışanlı, Rəhim Əliyev, Asif Rüstəmli, Mahiras Gamzayevas (Mahir Həmzəyev),  Şakir Qabıssanlı, Hamlet İsaxanlı, İslam Qəribli, Ənvər Əhməd, İsgəndər Etibar, Şahməmməd, Əli İldırımoğlu, Yusif Kərimov, Hikmət Mahmud, Əhməd Elburus, Seyran Səxavət, Aqil Abbas, Taleh Həmid, Əlirza Xələfli,  Zakir Fəxri, Şöhlət Əfşar, Məmməd İlqar, Qələndər Xaçınçaylı, Elçin İsgəndərzadə, Adil Cəmil, Ziyəddin Məhərrəmov, Məsiağa Məhəmmədi, Gülhüseyn Kazım, Elxan Məmmədli, Əbülfət Mədətoğlu, Yusif Nəğməkar, Əhməd Qəşəmoğlu, Nazim Əhməd, Zaur Ustac, Nəcməddin Mürvətov, Vəliyulla Novruz,  Alim Qasımov, Ağarəhim Rəhimov, Tamxil Ziyəddinoğlu və b., xüsusən, “Qarabağ – Şuşa ədəbi mühiti: uzaq tarixi keçmişimizdən bu günümüzə qədər” (2003), “Şuşa elm və mədəniyyət mərkəzi kimi” (2003), “Qan içində “Xarı Bülbül” (2003), Naxçıvan şairlərinin yaradıcılığına həsr olunmuş tədqiqat istiqamətli “Arazın nəğmələri” (1979), “Çağdaş poeziya – ədəbi istiqamətlər və sənətkarləq məsələləri” (2006), “Müasir poeziyanın imkanları və imkansızlığı” (2011) qəbildən məqalələri,  həmçinin, onlarla müasir  gənc şair və yazıçılar  haqqındakı elmi və ədəbi-tənqidi  məqalələri müasirliyi, aktuallığı ilə ədəbiyyatşünaslıq elmimizin, tənqidimizin  qiymətli  faktlarındandır…

Qurban Bayramov həmçinin bacarıqlı publisistdir. O, vətəndaşlıq mövqeyindən çıxış edərək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli mətbuatımızda dövlətçiliyimizin uğurlarını təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.

Qurban Bayramov böyük enerji ilə bu gün də azərbaycançılıq ideyaları iıə zəngin ədəbiyyatımızı  yüksək vətəndaşlıq, universal ziyalı düşüncəsi səviyyəsində əzmkarlıqla təbliğ edir. Millətinə və dövlətinə, ədəbiyyatına və mədəniyyətinə bağlılıq  tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun elmi-ədəbi andıdır…

Bir cəhəti də qeyd etməliyəm, bu gün də dövrü mət­bua­tı açıb bax­sa­nız, Qurba­n Bayramovun ca­van­lıq ru­hu ilə ya­zıl­mış yük­sək sə­viy­yə­li ya­zı­la­rı­na rast gəl­ərsiniz…

Bi­zim XX əsr ədə­biy­ya­tı­mı­zın, hət­ta müs­tə­qil­lik döv­rü ədə­biy­ya­tı­mı­zın  tədqi­qin­də və təb­li­ğin­də  Qur­ba­n Bayramovun özünəməxsus xid­mət­lə­ri var­dır.  O, Ədə­biy­yat İns­ti­tu­tu­nun aşi­qi­dir, Ədə­biy­yat İns­ti­tu­tun­da uzun il­lər­dən bə­ri baş verən nai­liy­yət­lə­ri və dəyişiklərə ürək do­lu­su se­­vi­nən­ Qurban Bayramov həmin nailiyyət­­lə­ri öz tər­­cü­­me­yi-ha­­lı­nın ha­­di­­sə­­si ki­­mi qeyd et­mə­yi ba­ca­ran və onu ürək do­lu­su cə­­miy­yə­tə çat­dı­­ran­ ədəbiyyatşünasdır.  He­sab edi­rəm ki, Ədə­biy­yat İnstitutu Qur­ban Bay­ra­mov üçün, və ümumiyyətlə bi­zim ha­mı­mız üçün bir məbəddir. Eyni za­man­da, Qur­ban Bay­ra­mov özünün çox il­lik fəa­liy­yə­ti ilə doğma İnstitutun inkişafına öz töhfələrini vermişdir.  Ona gö­rə bö­yük sü­rət­lə uçub ge­dən bu il­lər­dən keç­mi­şə ba­xar­­kən gö­rü­rəm ki, hər han­sı mər­hə­lə­də Ədə­­biy­­yat İnstitutuna nə­­zər sal­saq, ora­da Qur­ba­­nın sö­zü var, özü var, əsə­ri var. Çap etdirdiyi çoxsaylı kitabları və məqalələri Qurban Bayramovun həm də Ədəbiyyat İnstitutu qarşısındakı hesabatıdır.

Gənclik dostum Qurban Bayramovun 75 yaşını ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayıram.

İsa  HƏ­BİB­BƏY­Lİakademik.

İsa  HƏ­BİB­BƏY­Lİ,

AMEA-nın Vit­se-pre­zi­den­ti, Mil­lət və­ki­li,

Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tu­nun

di­rek­to­ru, akademik.

                            13.05.2021.

DİGƏR TƏBRRİK YAZILARI:

QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOVUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

QURBAN BAYRAMOVUN KİTABI

Tənqidçi-ədəbiyyatşünas alim, professor Qurban Bayramovun anadan olmasının 75 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığı barədə hələ ötən əsrin 80-ci illərində nəşr olunmuş “Lirik qəhrəman və zaman” adlı kitabı müasir Azərbaycan əlifbası ilə nəşr olunaraq oxucuların öhdəsinə verilib. Kitabın elktron forması da var. Bir daha Qurban müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Qurban müəllim!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru