Bu gün Mikayıl Müşfiqin doğum günüdür
(Mikayıl Müşfiqin türmədəki şəklinə)
Esse
Mən şəkil sevənəm. İki şairin şəkli heç vaxt gözümün qabağından getmir. Biri Mikayıl Müşfiqin türmədəki şəklidir, biri də Əli Kərimin xəstəxanadakı şəkli… Əli Kərimin şəkli haqqında sonra…
Mikayıl Müşfiqin türmədə çəkilmiş həyəcanlı bir şəkli var. Üzü tüklənib, gözlərində yorğun kədər, usanmış və bezmiş bir ümid var. Üzünə nahaqdan duranların, satqın dostların təəssüfü donub elə bil. Həyatı qədər sevdiyi ellərdən, Dilbərdən ayrılığı lövbər salıb sifətində.
Yaşamaq eşqi şəkildə o qədər güclüdür ki, düz qırx ildi o şəklə doğru yol gedirəm, o şəklə çata bilmirəm. Mən gedirəm, şəkil gedir. Müşfiqin gözləri upuzun bir yoldur, sonuna çatmaq mümkün deyil.
Türmədəki şəkil Müşfiqin ən gözəl şəklidir. Düşünurəm ki, hər bir şairin gözəl bir şəkli olsun gərək. Üstünə gül qoymağa, üstündə ağlamağa, divara və baş daşına vurmağa. Amma hər şairin də şəkli gözəl çıxmır. Mən nə qədər şəkil çəkdirdim, heç biri gözəl çıxmadı ki, çıxmadı. Görəsən niyə? Çünki alnıma güllə Ay kimi doğmamışdı, dostlarım üzümə durmamışdı. Ona görə şəklim gözəl çıxmadı.
Elə bilirəm Mikayıl Müşfiqin türmədəki həmin şəkli segahdır. Neçə ildir bu səsin dalınca düşürlər, o səsə çata bilmirlər. Çünki bilmirlər ki, bu səsi oxuyan hansı tərəfdən oxuyur.
Şeirlə bağlı 37-ci ili ən çox xarakterizə edən bir fakt var. Rusiyadan qırmızı traktorlar gətirmişdilər. Xışı köhnəliyin qalığı kimi muzeylərə atmışdılar. Şairləri məcbur edirdilər ki, traktora aid şeir yazsınlar. Bir gün Mərkəzi Komitənin katibi Ruhulla Axundov Hüseyn Cavidi qəbuluna çağırır və deyir:
– Cavid Əfəndi, siz traktora niyə şeir yazmırsınız?
Cavid Əfəndi cavab verir:
– Ruhulla, oğlum, sən traktorun şəklini kabinetində başının üstünə as, mən də şeir yazım.
Mikayıl Müşfiqin qırxdan çox şeirində traktor və kombaynın adı çəkilir. Bu Müşfiqin çıxılmaz vəziyyətdə qalmağının təzahürüdür. Bu cizgi də var Müşfiqin türmədəki şəklində. Hələ traktora şeir yazmaq o yana dursun, o vaxt kəndlərimizdə adamlar milli adlardan imtina edib övladlarına dəmir-dümür adları; Traktor, Kombayn, yaxud Sovet, Təşkilat, Partiya, Komsomol kimi adlar verirdilər. Bu günə kimi kəndimizdə həmin insanların bəziləri yaşayır.
Mikayıl Müşfiq ilk şeirlər kitabının adını “Pam¬bıq” qoymuşdu. Müşfiq çox istedadlı bir şair idi, Fü¬zulini əzbər bilirdi, şübhəsiz kitabına belə ad seç¬məzdi. Bu əlacsızlığın görüntüsü var türmədəki şəklində.
Mikayıl Müşfiq Stalinə poema yazmışdı. Amma yenə xilas ola bilmədi. Şəkildə bu məğlubiyyət də var.
Şeirlərinin birində Mikayıl Müşfiq yazır:
Atam fabrik, anam zavod!
M.Müşfiq böyük şair idi. Ata-ananı heç vaxt fab¬rikə, zavoda bənzətməzdi. Bu çətinlik də var Müş¬fi¬qin türmədəki şəklində.
Mikayıl Müşfiq Əhməd Cavadın “Göy göl” şeirini dönə-dönə oxumuşdu. Və bilirdi ki, bu şeirə görə Əhməd Cavadın başına nə oyun açırlar. Əsəri tərcümə edib Moskvaya göndərirlər ki, Mərkəz şeir haqqında fikrini bildirsin. Mərkəz də deyir ki, bu şeirdə siyasi məsələ yoxdur, ancaq ədəbi məsələdir, tənqidçilər məşğul olsun.
Bizimkilərin ürəyi soyumur, yenə məsələ qaldırırlar. Mərkəzi Komitədə “Əh¬məd Cavad məsələsi” yaranır.
Bundan sonra Mikayıl Müşfiq “Göy göl” adlı şeir yazır. Şeirin axırını bilərəkdən belə qurtarır. “Göy göl”ün qoynunda düşünür qızıl əsgər”. Şair hər şeyi bilirdi, onu nə gözlədiyindən xəbəri vardı (Yelkənim açılır, qara yel əsmə). Ona görə də qızıl əsgəri “Göy gölün” sahilində düşüncələrə daldırır. Bu intizar da var Mikayıl Müşfiqin türmədəki şəklində.
Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə yazırdı:
Oxu tar, oxu tar,
Səni kim unudar?
Ona cavab olaraq Süleyman Rüstəm deyirdi:
Oxuma tar, oxuma tar,
Səni sevmir proletar
Bu işgəncə də M.Müşfiqin türmədəki şəklində yer alıb.
Ona görə şairin o gözəl şəkli uzun illərdi ürəkləri yandırıb yaxır. Dönə-dönə biz də şəkil çəkdiririk, amma şəklimiz yaxşı çıxmır ki, çıxmır. Heç şübhəsiz, səbəbini bilirsiniz.
Müəllif: Qəşəm Nəcəfzadə
QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI
QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru