İlkin mənbə: azertag.az
Arxiv: archive.vn
İlkin mənbə: azertag.az
Arxiv: archive.vn
BU SAYIMIZDA
Baş redaktordan………………………………………3
Sevindik Nəsiboğlu. Sən həmişə bizimləsən…4
Akif Abbasov. Arzu…………………………………..9
Təranə Məmməd.. Rəqibim……………………..13
Şahnaz Şahin. Ay işığına dönən əsgər……….15
Rahim Üçoğlanlı (Rzayev). Bir şeir…………….18
Səxavət Qarabağlı (Məmmədova). Şeirlər…..19
Zaur Ustac. Təranə Məmmədin “Tor”u………..22
Təbrik…………………………………………………….30
“YAZARLAR” JURNALININ İYUN SAYI
YAZARLAR JURNALININ İYUN NÖMRƏSİ
“YAZARLAR” JURNALININ DİGƏR SAYLARI
Baş redaktor: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75
Görkəmli ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, müasir ədəbi prosesin ən fəal və parlaq simalarından Qurban Fərman oğlu Bayramovun bu günlərdə 75 yaşı tamam olur.
Qurban Bayramovun həyatı, fəaliyyəti, bioqrafiyası Ədəbiyyatda yaşanan bir ömürdür. Görkəmli alim haqqında danışarkən, sözü adətən ordan başlayırlar ki, Qurban müəllim ədəbiyyatda və elmdə xidmətləri olan Bayramovlar nəslinin nümayəndəsidir. Qurban Bayramov Sovet dönəmi ədəbiyyatının ən sanballı simalarından Xalq yazıçısı Bayram Bayramovun və Azərbaycanda sosial psixologiya fənninin əsasını qoyanlardan biri, professor Əkbər Bayramovun ədəbiyyatda və elmdə layiqli davamçısıdır.
Bəlkə də belə bir ziyalı ailə mühitində yetişməsinin nəticəsidir ki, Qurban Bayramov ədəbiyyata doğru-dürüst yerdən qədəm qoymuş və bütün fəaliyyəti boyu təqib qıldığı yolda heç zaman büdrəməmişdir. Q.Bayramov ədəbiyyatın tədqiqinə köklü bir məqamdan – Səməd Vurğun poeziyasından başlayıb. S.Vurğun şeirindən keçmək müasir ədəbiyyatı, XX əsr poeziyasını bütün əhatəsi ilə anlamağa-bilməyə bərabərdir. 1970-1974-cü illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan Q.Bayramov 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmiş və ömrünü birdəfəlik ədəbiyyata və Ədəbiyyat İnstitutuna bağlamışdır. “Vurğun poeziyası” (B., Elm, 1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (B., Elm, 1986) adlanan ilk kitabları da S.Vurğun şeirinin poetikasına həsr olunub. Qeyd etmək lazımdır ki, həmin kitablar bugün də önəmini saxlayan, S.Vurğun şeiri haqqında yazılmış ən dürüst tədqiqat əsərlərindəndir.
Qurban Bayramovun monoqrafiyaları S.Vurğun yaradıcılığına 1960-1980-ci illər ədəbiyyatşünaslığının rakursunu ifadə edir və vulqar sosiologizm qalıqlarından tam təmizdir. S.Vurğun şeirinin ideya-qayə etibarilə başlıca olaraq Azərbaycançılıq üzərində durduğunu təsbit edir və ilk addımlarından müdrik çağlarınacan pillə-pillə, mərhələ-mərhələ bu qayəni lirik qəhrəman problemi müstəvisində izləyir və çözür. Şairin qəhrəmanı eyni zamanda milliliyin dar çərçivələrinə sığmır, daha böyük ideallarla yaşayır, bütünlükdə əsri və zamanı məşğul edən problemlərlə çarpışır. Q.Bayramov S.Vurğun şeirində millilikdən, Vətənpərvərlikdən, Azərbaycançılıqdan ümumbəşəriliyə, müasir insani dəyərlərə gedən yolu təfərrüatlı, faktiki, konkret elmi yanaşma əsasında çözə bilir. Heç bir pafosa və konyuktur-populist şüarlara uymadan. Dövrə xas cüzi ictimai-siyasi atributları çıxmaqla, zənnimcə, bu, S.Vurğun irsinə ən doğru yanaşmadır. Bəzən müşahidə olunduğu kimi, S.Vurğun irsini öz zamanının mürəkkəb kontekstindən ayırıb, yalnız millilik konsepti çərçivəsində çözmək, təkcə şairin nəhəng yaradıcılıq miqyasını kiçiltmək deyil, ümumən Azərbaycanı XX əsr proseslərindən qoparmaq demək olardı. S.Vurğun öz cahanşümul ideallarında bugün də bizdən irəlidədir.
Q.Bayramov gözəl tarixi poetika araşdırıcısıdır. S.Vurğunun lirik qəhrəmanının bizim romantizm ədəbiyyatından və canlı həyatdan necə təkamül etdiyini məharətlə üzə çıxarır. Yaxud başqa bir – “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı” tədqiqatında izlədiyi Sabir-C.Cabbarlı əlaqələri bunu sübut edir. Sabirin Cabbarlıya təsirinin “Babayi-Əmir” şeirlərindən daha dərin olduğu, Cabbarlının pyeslərində tipikləşdirmə və fərdiləşdirmə üsullarında üzə çıxdığını ilk olaraq məhz Q.Bayramov tədqiq etmişdir.
Q.Bayramovun alim üslubu Azərbaycan ədəbiyyatşünaslığının intensiv inkişaf dövründə formalaşmış və o, bu zəngin xəzinəni bacarıqla əxz etmişdir. Alimin tənqidşünaslıq bilikləri bütün genişliyi ilə qızı Jalə Qurbanqızı ilə birgə yazdığı “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” (2001) və “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (2014) monoqrafiyalarında üzə çıxdı. Y.Qarayev haqqında hər təzə söz, məqalə, yazı meydana çıxarkən, elə bilirsən ki, daha deyilməmiş söz qalmamışdır. Q.Bayramovun əsəri böyük alim, unudulmaz Yaşar Qarayev haqqında ikinci, həm də ən sanballı monoqrafiyadır. Burda müəlliflər Yaşar Qarayev fenomeni haqqında fərqli söz deyə bilir; ilk dəfə diqqəti ideoloji faktora – Sovet ideologiyasına rəğmən, ədibin yetişdiyi və eyni zamanda, yaradıcılığı boyu yetirdiyi milli yaddaş təliminə cəlb edirlər.
Bütün bunlardan başqa, Q.Bayramovun geniş, hərtərəfli ədəbiyyatşünaslıq potensialını üzə çıxaran: “Müasir Azərbaycan poeziyasında üslubi meyllər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri var. Və bu tədqiqat işlərinin əsas məğzi-qayəsi alimin XX əsr klassikasını dərindən mənimsəyərək, müasirliyin, müasir ədəbiyyatın xidmətinə yönəltmək cəhdləri, ehtiraslarında görünür. Ümumən Qurban Bayramovun dövri və elmi mətbuatda 300-dən çox məqaləsi, altı monoqrafiya və kitabı çap olunub. Amma çap olunmamış tədqiqatları daha çoxdur.
Qurban Bayramovun ilk tədqiqat işlərindən başlayaraq, ədəbiyyatşünas istedadını görkəmli alimlərimiz yüksək qiymətləndirmiş: akademiklər M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev, Xalq şairi B.Vahabzadə, Xalq yazıçısı Elçin, professorlar Əkbər Ağayev, Yəhya Seyidov, Kamran Məmmədov, Mirzağa Quluzadə, Cəlal Abdullayev, Şamil Salmanov və onlarla digər alimlərimiz haqqında dəyərli fikirlər söyləmişlər. Eyni zamanda, Q.Bayramovun adekvat olaraq görkəmli alimləri dəyərləndirməsi, haqqında yazıları, fikirləri, deyimləri mövcuddur. Ümumən XX əsr ədəbiyyatımızda yeri olan elə bir imza tapmaq çətindir ki, bu və ya digər şəkildə Q.Bayramovun tənqidçi qələmindən yan ötsün.
Müstəqillik illərində Qurban Bayramovun yaradıcılığının ikinci dövrü başlayır. Bu mərhələdə o, ədəbi fəaliyyətinin əsas predmetini – müasir ədəbiyyatda, missiyasını isə tənqidçilikdə tapır. Demək lazımdır ki, köhnə ədəbi prosesin kökündən dağılıb, yenisinin hələ kifayət qədər oturuşmadığı müstəqillik illərində ədəbiyyatın ən çətin sahəsi – tənqidlə məşğul olmaq heç də asan məsələ deyil. Ədəbiyyatın, ədəbi dəyərlərin qarşısında böyük məsuliyyətlə yanaşı, bu, həm də tənqidçidən cəsarət tələb edir. Həqiqəti üzə demək cəsarəti; təkcə ədəbiyyat həqiqətlərini yox, həm də ədəbi mühit həqiqətlərini, bəzən üzdə olmayan, amma ədəbiyyatın inkişafına ciddi əngəl olan pərdəarxası kluar həqiqətlərini. Qurban Bayramovun istər xarakterində, istərsə də qələmində sözü birbaşa demək, həqiqətin keşiyində durmaq üstünlüyü var. Bunu tənqidçinin yazıları təsdiq edir. Habelə Q.Bayramov haqqında yazan, söz deyən hər bir kəs bunu tənqidçiyə yaraşan ümdə cəhət kimi vurğulayır.
Digər bir çətinlik ondan ibarətdir ki, klassikadan, bədii təsdiqini tapmış dəyərlərdən yazmaq həmişə uduşludur; yarımçıq, hələ başa çatmamış proseslərdən söz açmaq, zamanın sınağından çıxmamış predmetləri, həqiqətləri çözmək barədə isə bunu demək olmaz. Bununla belə, Q.Bayramovun klassik tədqiqatları ilə yanaşı, “Əli İldırımoğlunun yaradıclıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” (B., “Nurlan”, 2009), “Poeziyanın sirri: … şair Şahməmmədin poeportreti” (B., “MBM”, 2009) kimi monumental və mini-monoqrafiayalarının da adını çəkmək lazım gəlir.
Qurban Bayramovun ədəbiyyatşünas maraqları kimi, tənqidçi erudisiyası da genişdir. Ədəbi prosesi ardıcıl izləyən, dövrümüzə xas çoxçeşidliyi, çoxsəsliliyindən baş açan tənqidçi icmal-yazılarında yeri gəldikcə ümumiləşdirmələr aparır, dəyərləndirmələr verir, əsl poeziya bilicisi kimi ədəbi istiqamətləri müəyyənləşdirir. Müasir ədəbiyyatda qabartmağı lazım bildiyi ayrı-ayrı imza sahibləri haqqında portret yazılarla çıxış edir. Və bu zaman bir qayda olaraq Q.Bayramov poetik həqiqətin mövqeyində durur. Bədiiyyata çevrilməmiş, bədii dəyər kəsb etməmiş fakt onu məşğul etmir. Klassik dəyərlərin məcrasından çıxmış tənqidçi müasir ədəbi prosesdə ənənənin yerini bildiyi kimi, modern tendensiyaları da görür və dəqiq qiymətləndirir.
Heç təsadüfi deyil ki, uzun illər ərzində Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları üzrə Q.Bayramovun hazırladığı poeziya icmalları Azərbaycan ədəbiyyatında son on ilin poetik mənzərəsini görməyə, analitik süzgəcdən keçirməyə tam imkan verir. O da əlamətdardır ki, Qurban Bayramov akademik İsa Həbibbəylinin ideya rəhbərliyi və baş redaktorluğu ilə N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin (Bakı, Elm və təhsil, 2016) əsas müəlliflərindən olmuş, poeziya icmalları və portret oçerklərin yazılmasında yaxından iştirak etmişdir.
Qurban Bayramov ədəbi yaradıcılığında olduğu kimi, ictimai fəaliyyətində də həmişə fəal və diqqət mərkəzində olmuşdur. Bir çox mükafatlara, o sıradan, Azərbaycan MEA-nın “Fəxri fərman”ına və “Tanınmış Vurğunşünas alim” fəxri diplomuna layiq görülmüşdür.
Qurban Bayramov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ən qocaman əməkdaşlarından olub, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində çalışır. İnstitutda da, şöbəmizdə də Qurban müəllimin böyük hörməti var. Hamımız onu sevir, qədrini bilir, bilik və təcrübəsindən bəhrələnməyə çalışırıq. Qurban Bayramov bugün müdrik çağlarının cavanlığını yaşayır, əvvəlki şövq və əzmlə qələm işlədir, müasir ədəbiyyatımızın qarşısında duran problemləri çözməkdə davam edir. 75 yaşınız mübarək, Qurban müəllim!
Müəllif: Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü
DİGƏR YUBİLEY YAZILARI:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
GƏRAY GÖYYURDLA MÜSAHİBƏ
1. Göyyurd nədən Göyyurd bu təxəllüs sizə nə verdi…
Göyyurd mənim doğulub boya-başa çatdığım Gədəbəy rayonunda bir yaylağın adıdı Biz hər yay o yaylağa köçərdik Ona görə də bu yaylağın adını özümə təxəllüs götürdümBu təxəllüslə ədəbi aləmdə tanındım Yeddi ədəd şeir kitabının müəllifiyəm ,,Mübarizi olan millət “adlı şerim rus bölməsi üçün nəzərdə tutulan 8 -ci sinif Azərbaycan dili dərsliyində tədris olunur.
2. Ən gözəl şeiriniz hansıdır Oxucularnız sizi hansı şeirlə daha çox tanıyırlar?
Bu mənim üçün çətin sual oldu Şeir şair üçün övlad kimidi seçim etmək olmur Mən bütün şeirlərimi ürəyimin diktəsiylə yazdığımdan hamısı mənim üçün əzizdi Qaldı ki , oxuculara onu deyə bilmərəm .
3. Ədəbiyyat sizə nə verdi nə qazandınız qazandığınızdan itirdikləriniz çox oldu…yoxsa
Ədəbiyyat indiki dövrdə sözün əsl mənasında maddi cəhətdən qazanc mənbəyi deyil , amma mənəvi cəhətdən çox şey qazandırdı Ürəyimin ən mərhəm hisslərini oxucularımla bölüşə bildim Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində az da olsa mənim də rolum var deyə bilərəm Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımız orta məktəbdə dərs kimi mənim də şerimi oxuyub öyrəniblər Yəqin ki , müəyyən qədər təsiri olub.
4. İşıq üzü görmüş kitablarınızdan hansı sizə daha çox doğmadır…Şair üçün hamısı doğmadır amma içlərində biri olmalı sizə daha çox doğma olan.
Sonuncu kitabım .,Dövlətim var ,ordum var “Bakı , ,,Nərgiz “nəşriyyatı ,2020. 352səh .bu kitabımı dövlətimizin , millətimizin ,ordumuzun qələbələrinə həsr etmişəm . Burada toplanan bütün şeirlər vətənə , millətə ,ordumuza yazılan şeirlərdir .Müharibənin ilk günlərindən nəşriyyata təqdim etdim və nəhayət 01.11.2020.çapa imzalandı .Vətən müharibəsində qələbəmizin elan olunmasından bir neçə gün sonra kitabım çapdan çıxdı.
5. Çox gözəl hansı nəşiryyatlar sizi qane edir bir nəşiryyatla işləyəsiniz həmin nəşiryyatın işlərini bəyənmisiniz….
Kitablarım ,,Şur”, ,,Elm və təhsil “və ,,Nərgiz “nəşriyyatlarında çap olunub. Bu nəşriyyatların hər birindən özümə sağı və ehtiram görmüşəm və hər birinə təşəkkür edirəm . sayğı
6. Kitabın qalınlığına önəm vermisiniz yoxsa sözə dəyərniz sevginiz daha çox olub….
Kitabın qalınlığı sözü qiymətdən salmır Zəif şeir elə nazik kitabda da zəifdir Yaxşı şeir də həmçinin.
7. Öldalarınız Atalarını oxuyurmu olubmu desin sizə şeirlərini bəyənmirəm Ata zövqümə uyğun deyil…
Bəli ,oxuyurlar , kiçik oğlum Ömər 11 yaşı var şeirə daha çox maraq göstərir .Şeir ruh məsələsidi ,ona görə də hər kəsin bəyənməyi mümkün deyil .Şeirlərimin hamısı bəyənilmir ,amma mən buna təbii baxıram .
8. 11 yaşlı ömər özü nəsə yazıbmı Atasına baxsın həvəslənsin yazdığını sizə göstərsin…belə bir şey olubmu?
Yazmaq istəyib ,amma alınmayıb Bəlkə gələcəkdə yazar .
9. Kimləri bəyənirsiniz kimləri oxuyursunuz sevdiyiniz hər hansı bir əsər varmı??
Yaxşı şeirləri məmnuniyyətlə oxuyuram kimin yazmasından aslı olmayaraq Klassiklərimizdən üzü bəri çox böyük şairlərimiz var Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır Bu ədəbiyyat bu gün də yaranır və zənginləşir Bu gün kü ədəbiyyata gələcək nəsillər daha doğru qiymət verəcək .
10. Yeni kitab düşünürsünüzmü…
8-ci şeir kitabımın şeirləri hazırdır .2015 -ci ildən bəri vətənpərvərlik mövzusundan əlavə yazdığım bütün şeirlər kitab kimi çap olunmayıb. İnşallah ,imkan olanda çapa təqdim edəcəm.
11. Nə demək istərdiniz oxucularınıza hansı şeiri paylaşardınız bizimlə…
Ahlar içində
Ahım Allaha çatarmı,
Bu boyda ahlar içində?
İnsan necə xoşbəxt olar
Saysız günahlar içində.
* * *
Nahaqq haqqı basıb udur
Israfil çalacaqdır sur.
Ulu Tanrı unudulur,
Xırda Allahlar içində.
* * *
Ümidlərim gün gələcək,
Yamac-yamac göyərəcək.
Gəray, yerin görüncək
Aydın sabahlar içində.
Söhbətləşdi: Yasəmən ATƏŞ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
CƏSUR KƏŞFİYYATÇI HƏSƏN HƏSƏNOV
…beşinci yazı…
Bu dünyada hər kəsin öz nağılı olur, hər nağılın da öz qəhrəmanı. Və bir də öz nağılını öz əməlləri ilə yazan insanlar var. Gəlin sizə Həsənov Həsən Səfər oğlu haqqında danışım, öz nağılının real qəhrəmanı olan, ağlı kəsən gündən vətən sevgisini, torpaq yanğısını canında gəzdirən bir oğuldan… Ailənin dörd övladından biri olan Həsən, 3 iyun 1996-cı ildə, Sabirabadın Kür çayının sağ sahilində yerləşən Quruzma kəndində dünyaya gəlmişdi. Yıxıla-dura böyümüş, ilk addımları ilə valideynlərinə sevinc bəxş etmişdi. Ata-anası “oğuldan oğul, qızdan qız” valideyni olduqları üçün uca Yaradandan razı idilər…
Ayla-günlə böy atan Həsən, 2002-ci ildə Z.Əliyev adına Quruzma kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2014-cü ildə məktəbi bitirib vətən borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanmışdı. Xidmətini Mingəçevir “N” saylı hərbi hissədə, Quru Qoşunlarının sıralarında kəşfiyyatçı kimi kimi yerinə yetirən Həsən, vaxtaşırı komandanlığın tapşırıqlarına əsasən düşmən tərəfə keçərək lazımi hərbi məlumatları əldə edərək geri qayıdırdı. Qəlbində düşmənə sonsuz nifrəti, vətənə məhəbbət hissi daşıyan Həsən, daim qaynar nöqtələrdə olmağa can atırdı. Bu istəyi onu hətta qanunları pozmağa da vadar etmişdi. 2016-cı ildə o, məlum Aprel döyüşlərində iştirak etmək üçün xidməti hissədən icazəsiz çıxaraq ordu kəşfiyyatı qrupundan olan MAXE hərbi qulluqçularla birgə cəbhəyə getmiş, lakin komandanlıq tərəfindən geri qaytarılaraq Göranboyda bir ay əlavə xidmətlə cəzalandırırlmışdı…
2016-cı ilin may ayında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdan Həsən Həsənov müxtəlif işlərdə çalışsa da, fikri cəbhədə idi,hər gün baş verən hadisələri izləyir və orda olmaq, düşmənə həddini göstərmək üçün fürsət axtarırdı. Bu fikirlə o,Tovuz hadisələri zamanı çağırırş gözləmədən döyüş zonasına gedir, üç gün sonra isə geri dönərək könüllü cəbhəyə getmək üçün Hərbi Komissarlığa ərizə ilə müraciət edir. 2020-ci il sentyabr ayının ortalarında Müdafiə Nazirliyindən telefonuna daxil olan zənglə arzusu qismən reallaşır və 21 sentyabr günü Ölkə Prezidenti İlham Əliyevin ilk çağırışı ilə cəbhəyə yollanır…
…Sərhədə möhkəmdi, ayıq-sayıqdı,
Vətənin poladtək mətin əsgəri…
Beyləqanda yerləşən “N” saylı hərbi hissədə təlimlərə qoşulan Həsən, müharibənin ilk başlandığı 27 sentyabr günündən etibarən Ordu Kəşfiyyatı Qrupu ilə döyüşlərə qatılmışdır. Kəşfiyyatçı döyüşçü Füzuli, Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Zəngilanın dörd, Qubadlının isə üç kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi zirehli texnikasının məhv edilməsində, yaralı yoldaşlarının vaxtında təxliyyə olunmasında xüsusi igidlik göstərmiş, döyüşlərin birində düşmən mühasirəsinə düşən döyüşçülərin sağ-salamat mühasirədən çıxarılmasını təmin etmişdir.
Cəsur döyüşçü oktyabr ayının 20-də, Qubadlının Bala Soltanlı kəndi uğrunda gedən çətin və qanlı döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmış və doğulduğu Qəzli kəndində torpağa tapşırılmışdır. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir…
Həsən ailəli idi, tezliklə ata olacaqdı… Valideynləri Səfər kişi, Kifayət xanım və həyat yoldaşı Kəmalə xanım şəhidin ətrini onun dünyaya gələcək körpəsindən almağa çalışır. Ən böyük təsəlliləri isə böyük tarixi ərazilərə malik olan bir xalqın düşmən tərəfindən əsrlərlə pozulmuş ərazi bütövlünün bərpası, Azərbaycanın bu haqlı davada qazandığı böyük və şanlı qələbəsidir…
Müəllif:Şahnaz ŞAHİN
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru