
Azərbaycan, Türkiyə!
Yumruq kimi birləşib, eyni hədəfə vurub,
Eşq ilə, məhəbbətlə ucalan məbəd qurub,
Çiyin-çiyinə verib yenə də məğrur durub,
Bir ananın övladı – Azərbaycan, Türkiyə.
Qartalın cüt qanadı – Türkiyə, Azərbaycan.
* * *
Ən çətin zamanlarda bir-birinə dost, yoldaş,
Siyasət meydanında əqidəbir vətəndaş,
Böyükdən kiçiyədək hər bir mənada sirdaş,
Dili bir, amalı bir – Azərbaycan, Türkiyə.
İkisi bir ürəkdir – Türkiyə, Azərbaycan.
* * *
Elə bir qüvvədir ki, addımında fəxarət,
Bu birliyin gücündə birləşibdi həqiqət,
Kökündə sədaqət var, canındadı ədalət,
Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə.
Bu birlikdədir qüdrət – Türkiyə, Azərbaycan.
* * *
Ordusu var, gücü var, səsi xalqın səsidir,
Bir-birini sevməsi ən böyük qüvvəsidir,
Həm möhür, həm and yeri tək bircə kəlməsidir.
Dostluğu sarsılmayan – Azərbaycan, Türkiyə.
İki bədəndə bir can – Türkiyə, Azərbaycan.
* * *
Bu dostluq yenə böyük sınağa sinə gərdi,
Qardaşlığın əbədi olduğunu göstərdi,
Əsrlərlə bir olmaq, doğma olmaq hünərdi.
Qana köç edən yaddaş – Azərbaycan, Türkiyə.
Bir ruhda iki qardaş – Türkiyə, Azərbaycan.
Müəllif: Xanım İSMAYILQIZI
XANIM İSMAYILQIZININ DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru