Səhiyyə İşçiləri Günü

Nuranə RAFAİLQIZI – həkim-şair.

Səhiyyə İşçiləri Günü

Qısa arayış:

Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudat bəy Rəfibəyli oldu.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Bu gün münasibəti ilə bütün həkimlərizi təbrik edir, əynində ağ xələt, əlində qələm hər iki cəbhədə şərəflə xalqına xidmət edən həkim-şair Nuranə Rafailqızından bir neçə şeir təqdim edirik:

Nuranə Rafailqızı haqqında qısa məlumat

   Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

  Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır.2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13şeir və “Kimlərə qaldı dünya” – Nizami Gəncəvi – 880 antologiyasında 15 şeiri dərc ovunmuşdur.

15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.

 NURANƏ RAFAİLQIZININ ŞEİRLƏRİ

Bu yerə, Vətən deyib!

Elə ki, mən boy atdım,

Yeridim addım-addım,

Anam tutub əlimdən

                bu daşı, bu torpağı,

                bu otu, bu yarpağı,

                yaşadığım küçəni,

                qızındığım ocağı

Göstərib, Vətən deyib!

Adı Azərbaycandı,

Hər guşəsi bir candı.

Heç düşməyib dilindən

                   Şəki, Şirvan, Qarabağ,

                   Bakı, Xızı, Qaradağ,

                   Göyçay, Qəbələ, Quba

                   elbəel, oba-oba

Bil, cənnətə tən deyib!

O atadan sevimli,

O anadan irəli.

Uzaq düşmə elindən

                     sev yurdunu hər zaman,

                     yaşasın Azərbaycan!

                     vətən-adın, soyadın

                     əlbəəl, addım-addım

Qoru onu sən deyib!

Nə qədər ki, qolun var,

Tək bir məqsəd, bir amal,

Üçrəngli bayrağını

                       qaldır başının üstə,

                        dalğalansın ahəstə

                        böyük Turan elində!

                        bu bayrağın önündə

Diz çöksün düşmən, deyib!

Anam tutub əlimdən,

                     bu yerə Vətən, deyib!

                                             16.06.2015.

Mənəm!

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm!

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

quranı, kitabı-qələm,

ağ köksündə qara yazı

Bax,

       həmən o varaq mənəm!

Yerdən göyə ah-naləyəm,

göydən yerə göz yaşıyam.

Neçə dərdə, neçə sərə

başdaşıyam, döşdaşıyam.

Xəzan çağı tökülməyib,

boranı, qışı yaşıyan

budaqdakı tənha-təkcə

Bax,

    həmən o yarpaq mənəm!

Bircə yol köks ötürmədim

nə komaya, nə saraya.

Nə malına göz dikmişəm,

nə puluna, nə paraya.

Qırx ilməylə, qırx düyünlə

o dünyadan bu dünyaya

əzrayılın caladığı

Bax,

      həmən o yamaq mənəm!

Gah oynayıb, gah ağlayıb,

gah da deyib, gülə-gülə.

Bir dəyərsiz əşya kimi

ömrü verdik əsən yelə.

Oğrun-oğrun boylandığım

dən düşmüş qapqara telə

xəbərsizcə sığal çəkən

Bax,

       həmən o daraq mənəm!

Bir igidin taleyinə

yazılan  qara yazıyam.

Şaxtasıyam, boranıyam,

çovğunuyam, ayazıyam.

Nefti qutarmış, tüstünün

his-pasına alazıyan

külək vurduqca alışan

Bax,

      həmən o çıraq mənəm!

Kimi cavan, kimi qoca,

kimi körpə qucağında

Bir havanın həsrətində,

bir nəfəsin sorağında.

Gecələri sakit-səssiz

xəstəxana otağında

sübhə kimi cırıldayan

Bax,

     həmən o yataq mənəm!

Hər vəzndə, bır sərbəst,

bir az heca, bir az qəzəl.

Yaza-yaza 100 yaşında

qapımı döysə də əcəl,

Hələ də tam böyüməyən,

bir az şıltaq, bir az dəcəl

Atasının sonbeşiyi

Bax,

      həmən o uşaq mənəm!

Xeyirlə-şər, ağla-qara

təzad dolu başdan-başa.

Başı eyni, sonu eyni

həyat sanki, bir tamaşa.

Bütün ömrü oynayaraq

bir çiçəyə, bir alqışa

son pərdədə üz tutduğun

Bax,

       həmən o torpaq mənəm!

Daha dayana bilməyib,

bədən adlı qəfəsində.

Özü verib əzrayıla

verdiyi son nəfəsin də!

Daş pəncərə, dəmir qarmaq

şaxtalı qış gecəsində

bir kəndirlə söndürülən

Bax,

      həmən o ocaq mənəm!

Tale, yazı, bəxt işidi

deyib, keçdim hər bir şeyə.

Dilənçitək əl uzadıb

yaranandan üzügöyə.

Şükr elədim, zikr elədim

dərd içimi yeyə-yeyə

ilahinin göndərdiyi

Bax,

       həmən o sınaq mənəm!

                            20.05.2021.

         Sən və mən

Bir quru soyada şərik,

Ayrı-ayrı qütblərik.

Bəlkə, bir də görüşmərik

bu boyda yer kürəsinin

                            o üzü-sən,

                            bu üzü-mən!

Dilim dönüb sürüşməyən,

Bir cümlədə görüşməyən,

Heç vaxt üst-üstə düşməyən

yarımçıq bitən şeirin

                            o sözü-sən,

                            bu sözü-mən!

Bəzən çətin, bəzən sadə,

Bir yol keçdik pay-piyadə.

Göz yaşlarım badə-badə

toplandıqca qədəhlərə

                           o “süz!“ü-sən,

                           bu “süz!”ü-mən!

Hər ötən gün qopa-qopa,

Nə ipə yatdıq, nə sapa.

Dəstələyib topa-topa

ömrü xərclədik boş yerə

                             o yüzü-sən,

                             bu yüzü-mən!

Ha qaçaydıq, ha qovaydıq,

Biz nə evdik, nə yuvaydıq,

Tüstü dolu bir havaydıq,

ayrı yanan od-ocağın

                            o közü-sən,

                            bu közü-mən!

Quyusu dolar-boşalar,

Nə qış bilər, nə də bahar.

Sağı tutqun, solu axar

yoldakı qoşa bulağın

                              o gözü-sən,

                              bu gözü-mən!

Bir səkiyə ortaq olan.

Mən-gen küçə, sən-dar dalan.

Kimdi doğru, kimdi yalan?!

oğlumuz qalıb arada

                              o düzü-sən,

                              bu düzü-mən!

                                            07.06.2021.

Oğlum dedim!

                       Tək övladım

                         Əlisaya xitabən.

De necə çağırım axı,

De necə səsləyim səni?

Başını qoy, sinəm üstə

Köksümdə bəsləyim səni!

Canım!-dedim, can nədi ki?

Canımdan da əzizsən sən!

Günəş kimi parlaq, nurlu,

Saf su kimi təmizsən sən!

Ömrüm!-dedim, sənə sevgim

Bir ömürə sığa bilməz!

Günüm!-dedim, ayla batıb,

Günəş ilə doğa bilməz!

Balam!-dedim, bal nədi ki?

Balam baldan da şirindi.

Oğlum!-dedim, bax bu sözün

Mənası daha dərindi!

Oğlum, arxam-dayağimsan,

Dirəyim, düşmən çəpərin!

Bil ki, sənə bağlanıbdı,

Parçalanmış ümidlərim!

Böyü, boy at! Qoy yayılsın

Adın-sanın eldən-elə!

Sən doğmusan həyatıma

Dərdim yoxdu, günü bu gün

Ölsəm belə, ölsəm belə!

                          04.07.2012.


Şeirlərin müəllif:
 Nuranə RAFAİLQIZI


NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI

NURANƏ RAFAİLQIZI DİGƏR MƏNBƏLƏRDƏ

Təqdim edir: YAZARLAR.AZ

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir