Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ideya müəllifliyi, Birliyin təşəbbüsü ilə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbəyə həsr olunmuş “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab işıq üzü görüb.
Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib.
Kitabın redaktoru və ön söz müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Rəşad Məcidin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.
***
27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Nəhayət, 30 illik torpaq həsrətimizə son qoyan Vətən müharibəsi başlandı və Azərbaycan düşmənin, onun havadarlarının qarşısına qətiyyətli Ali Baş Komandanı və rəşadətli Ordusu ilə çıxdı.
Elə həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müharibə dövründə ənənə halına çevriləcək möhtəşəm müraciətlərindən birincisini ünvanladı. O, inamlı və qətiyyətli çıxışı ilə Ermənistan Ordusunun təcavüzkar həmlələrinə qarşılıq olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını və bu əməliyyatın Qarabağın azadlığı ilə nəticələnəcəyinə inandığını bildirdi. Həmin gün ilk həmlədə rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın bir yumruq ətrafında birləşməsinə yol açdı.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur, müzəffər və qətiyyətli Ali Baş Komandan olduğunu bir daha gördük və buna ürəkdən, bütün varlığımızla inandıq. O, “Bizim müqəddəs şəhərimizi murdarlayırlar” – deyə Şuşa haqqında sonsuz səmimiyyət və hərarətlə danışır, Cəbrayılın işğaldan azad olunmasını böyük fəxrlə bəyan edirdi.
Ali Baş Komandanın “Bizim işimiz haqq işidir, biz qalib gələcəyik” sözləri isə həmin o ilahi ədalətin təcəlli etdiyini, o müqəddəs anın artıq gəlib çatdığını göstərirdi. Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elə o ərəfədə sosial şəbəkələrdə paylaşdığı “Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” sözləri isə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi də bundan xəbər verirdi. Azərbaycan Prezidenti hər çıxışı ilə həm xalqı qələbəyə ruhlandırır, həm də uzun illərdən bəri informasiya savaşında üzləşdiyimiz bütün sədd və baryerləri öz dəmir məntiqi ilə vurub dağıdır, savaş meydanında hər gün irəliləyən şanlı ordunun Ali Baş Komandanı, siyasət meydanında güclü təzyiqlərə sinə gərən, qüdrətli dövlət xadimi kimi davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini yazırdı.
Şəhər və kəndlərimiz bir-birinin ardınca azad olunduqca xalqa müraciətləri ilə insanları dərindən təsirləndirən, əksəriyyəti kövrəldən Prezident İlham Əliyevin leksikonu, danışıq üslubu, ürəkdən tikan çıxaran sözləri hər birimizin könlünü oxşayırdı. “Azərbaycan xalqının ləyaqəti bərpa olunur” deməklə xalqın qürurunu özünə qaytarır, “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə hər birimizin içindəki mübhəm, nisgilli arzunun həyata keçəcəyinə inamı daha da artırırdı.
Əlinizdə tutduğunuz bu kitabın ideyası Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara məxsusdur. Anar müəllim İkinci Qarabağ müharibəsi günlərində öz fikir və duyğularını bildirmiş, Şuşa işğaldan azad olunanda “Gözün aydın, Şuşa!” adlı yazı da yazmışdı.
Anar müəllimin 1985-ci ildə “Ulduz” jurnalında çap olunan “Qarabağ şikəstəsi” adlı yazısı yaxşı yadımdadır və Qarabağ düşmən işğalında olduğu dövrlərdə mən dəfələrlə bu yazıdan sitat gətirmişəm: “Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirər və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.
Şahanə bir vüqarı var Şuşanın. Elə bil, o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır. Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır”.
Anar müəllimin Şuşaya, Qarabağa münasibəti hər bir çıxışında, yazısında özünü göstərib. Eyni zamanda, Anar müəllim özü də vurğulayır ki, ən ali mükafat olan “Heydər Əliyev mükafatı”nı alanda da Şuşa haqqında danışmış, Şuşanın azadlığını arzulamış və Şuşa azad olunana qədər yaşamaq istədiyini demişdi.
Anar müəllim müharibə günlərində Qarabağdan olan yazıçıları, şairləri arayaraq təbrik etdi və arzuladı ki, onlar işğaldan azad olunan doğma yurdları haqqında yazılar yazsınlar. Bu kitabın da əsas mahiyyəti məhz o oldu ki, hər bir yazıçı uşaqlığının keçdiyi, yaddaşının ən gözəl yerlərinə həkk olunmuş doğma torpaqlar haqqında xatirələrini, duyğularını qələmə alsın. Nəticədə belə bir kitab yarandı.
Möhtəşəm qələbədən sonra yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Şuşaya gedəndə Şuşa haqqında o gözəl və səmimi sözləri səsləndirdi: “Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir”.
Cənab Prezident martın 16-da – Novruz bayramı ərəfəsində ilaxır çərşənbəsi günü yenidən Şuşaya səfər etdi. Bu səfər zamanı Cıdır düzündən xalqa müraciət edən dövlət başçısı Şuşanın və azad edilən bütün torpaqların sürətlə bərpa olunacağını vurğuladı: “Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də, xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.
Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik”.
Bu sözlərdən sonra mən bir daha Anar müəllimin, digər yazıçılarımızın Şuşa haqqındakı fikirlərini xatırladım. Yadımdadır ki, özüm də 2013-cü ildə jurnalistlər üçün yaşayış binasının Prezident İlham Əliyevin də iştirak etdiyi açılış mərasimindəki çıxışım zamanı Anar müəllimin “Unudulmaz görüşlər” kitabından sitat gətirmiş və İlham Əliyevin hələ 1980-ci illərin əvvəllərində valideynlərilə birlikdə Şuşada, Cıdır düzündə olduğunu qeyd etmişdim. Şübhəyə yer qoymayan bir əminliklə demişdim ki, biz inanırıq, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir gün Siz Azərbaycan yazarlarının əsərlərində nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində yaradıcı insanlar üçün bir yaradıcılıq evinin təməlini qoyacaqsınız. Həqiqətən də, istər həmin vaxt, istərsə ondan sonrakı illərdə yaradıcı insanların içində bu möhtəşəm arzunun bir gün mütləq gerçəkləşəcəyinə sonsuz inam olub.
Fikrimcə, cənab Prezidentin Şuşaya hər iki səfərində söylədiyi o sözlər ciyərdolusu Şuşa havası almaq, eyni zamanda, illər boyunca bizim yazıçıların Şuşa haqqında dediyi sözlərin, Şuşa nisgilinin ən böyük və məntiqi yekunu idi.
Kitab Xalq yazıçısı Elçinin Şuşa haqqında təsirli essesiylə başlayır. Kövrək xatirələrlə zəngin bu yazıda 1982-ci ilin 14 yanvarında – həmin o qarlı qış günündə Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Molla Pənah Vaqifin məqbərəsinin açılışı, orda baş verən hadisələr qələmə alınır. Elçin müəllimin güclü yaddaşı nəticəsində biz yenidən o günləri xatırlayır, tez-tez arxiv lentlərində gördüyümüz o anları sanki bir daha yaşayırıq. Eyni zamanda, Elçin müəllim həmin ilin 29 iyulunda ilk dəfə keçirilən, İlham Əliyevin də iştirak etdiyi Vaqif Poeziya Günlərini xatırlayır, Heydər Əliyevin bu Poeziya günlərinin ənənəvi şəkildə ardıcıl keçirilməsi haqqındakı qərarına da toxunur.
Elçin müəllim yazısında deyir: “Düzü, mən Şuşanın azad olunacağı günü görəcəyimə inamımı itirmişdim”. Bu etiraf mənə cənab Prezidentin çıxışlarının birində dediyi fikirləri xatırlatdı: “Mən son vaxtlar görürdüm ki, insanlar inamını itirir”. Fikrimcə, bu qalibiyyətlə cənab Prezident inamı itən və ya itməkdə olan insanların hamısına öz inamını geri qaytardı.
Muzeyin həyətində yerləşdirilən Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri… ətrafında ağrı dolu söhbətlər səngimək bilmədi. Kimisi onların Şəhidlər xiyabanında nümayiş olunmasını təklif edir, kimisi Dənizkənarı parkda sərgilənməsini uyğun hesab edirdi. Amma dövlətimiz tərəfindən bu istiqamətdə heç bir addım atılmırdı. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qələbədən sonra Şuşaya ilk səfərində – yanvarın 14-də həmin o “güllələnmiş heykəllər” də Şuşaya – öz doğma torpaqlarına qovuşdular.
Şuşaya qovuşan heykəllərin açılışında dövlət başçısı keçmişi xatırlatdı, bu abidələrin ətrafındakı söz-söhbətləri yada saldı. İllərdir ona da bu heykəllərin aqibətiylə bağlı çox sualların, təkliflərin verildiyini dedi: “Amma mənim bunlara tək cavabım vardı: “O heykəllər zamanı gələndə Şuşaya – öz yurduna geri dönəcəklər”.
Bu, Ali Baş Komandanın Şuşaya qayıdacağımıza qəti inamının bir göstəricisiydi.
Xalq artisti Fərhad Bədəlbəylinin azad olunan Şuşaya səfəri zamanı söylədiyi “Bizi bağışla, Şuşa!” sözləri də adamı kövrəldir. Şuşa haqqında bu sözləri oxuyanda 1979-cu ildə 15 yaşımda Şuşanı, Cıdır düzünü gəzərkən keçirdiyim duyğuları xatırladım, o hisslərin ifadəsi kimi şeir yazmış, Şuşanı “tarixin möcüzə sərgisi” adlandırmışdım. Şuşaya ilahi
məhəbbətim həmişə olub. 1985-1986-cı illərdə, gənc yaşlarımda mən də dinləyici kimi Vaqif Poeziya Günlərində iştirak etmiş, şairlərin coşğulu çıxışlarının şahidi olmuşdum. İndi də o çıxışlar yaxşı yadımdadır. Ən çox yadımda qalan və heç unutmadığım isə tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin şeirini dinləməyim idi. Səyavuş Məmmədzadə, adətən, rusca yazırdı. Buna görə də onun Vaqif Poeziya Günlərində, məqbərənin qarşısında Azərbaycan dilində Şuşaya həsr etdiyi şeirini deməyini indiyəcən unuda bilmirəm. Şeirin ab-havası, sirli hüznü həmişə məni Şuşanın, Cıdır düzünün sehrli aurasına qovuşdurur. 1986-cı ildən yaddaşıma ömürlük həkk olunan həmin şeirdə şair deyir:
Şuşadan yol getdim, yol getdim,
Dedilər, qal, getdim, qal, getdim,
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal getdim.
Elçin müəllim yazır ki, onsuz da Şuşaya bir dəfə gələndən sonra tez-tez gəlmək istəyəcəksən. Şuşanın bu sehri, hər kəsə təsir edən aurası sanki tilsimlidir. Prezident İlham Əliyev də Şuşaya hər iki səfərində səsləndirdiyi fikirlərində də məhz bu sehrli auranı ifadə edib.
Fikrimcə, yazıçılarımızın azad olunmuş Qarabağ haqqındakı bu təsirli yazıları çox lazımlı və vacib idi. Ona görə Anar müəllimin bu təşəbbüsü böyük razılıqla qarşılandı. Məsələn, Aqil Abbasın Ağdam, Seyran Səxavətin Füzuli, Elçin Hüseynbəylinin Cəbrayıl, Nəsiman Yaqublunun Zəngilan haqqında yazıları kövrək və doğma hisslərin ifadəsinə çevrildi.
Xalq şairi Ramiz Rövşənin müharibə günlərində dediyi “Azərbaycan əsgəri bizim ümidlərimizdən, arzularımızdan daha sürətli çıxdı” – sözləri hər kəsin diqqətini cəlb etmişdi. Onun Qubadlı haqqında yazdığı “Qapısız açarlar” essesi, doğrudan da, insanın duyğularına toxunur, qəlbini gizildədir. Bu yazıda erməni xisləti, tarixən ermənilərin etdiyi zülmlər, onun doğulduğu Qubadlı rayonuna qarşı düşmən təcavüzləri xatırlanır. Lakin bütün bunlarla yanaşı, “Qapısız açarlar” essesinin sonu ümid və inamla bitir: “Odur ki, bir vaxt dolu qoyub çıxdığımız, düşmənin soyub, talayıb, sonra da od vurub yandırdığı o doğma evlərin xarabalıqlarına baxanda, indi nəyəsə peşman olmağa, çox da kədərlənib qüssələnməyə ehtiyac yoxdu. O xarabalıqların yerində təzə, daha gözəl evlər tikmək, o köhnə evlərin illər boyu göz bəbəyi kimi qoruyub saxladığımız, indi qapısız qalan açarlarını da o təzə evlərin ən görüntülü yerində, gözmuncuğu kimi divardan asmaq lazımdı. Qoy təzə evlərimizə göz dəyməsin!..”
Professor Şirindil Alışanlı “Su səltənəti Laçın” yazısında doğulduğu torpaq haqqında danışır və “Su səltənəti” ifadəsini də vaxtilə Xalq yazıçısı Anarın “Qarabağ şikəstəsi” əsərində Laçınla bağlı işlətdiyini xatırladır. Adil Cəmil, Jalə Əliyeva öz yazılarında Kəlbəcəri anır, əslən şuşalı, Şuşa tarixinin mahir bilicisi, tədqiqatçı-jurnalist Vasif Quliyev XVIII əsr “Qarabağ poeziya məktəbləri” adlı məqaləsində Qarabağ xanlıqları zamanında fəaliyyət göstərmiş poeziya mühitindən ətraflı və geniş şəkildə bəhs edir.
Eyni zamanda, bu kitabda hörmətli professor Vilayət Quliyevin “Qarabağ bədii ədəbiyyatımızda” yazısı, akademik, Xalq yazıçısı Kamal Abdullanın müharibə dövründə yazdığı essesi, Xalq yazıçısı Çingiz Abdullayevin vaxtilə qələmə aldığı qeydləri, Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması, akademik Zemfira Səfərovanın “Şuşa Azərbaycanın musiqi qalasıdır” məqaləsi, yazıçı Mehriban Vəzirin Qarabağın məşhur qadınları – Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir haqqında ətraflı və gözəl araşdırması, Günel Anarqızının “Ataya… Arzu…”, Pərvinin “Qarabağı vərəqləmək”, Əsəd Cahangirin “Səs” yazıları yer alıb.
Vaqif Bayatlının poetik ön sözüylə başlayan “Şeir çələngi” bölümündə tanınmış şairlərimizin Qarabağa, onun tarixinə və təbiətinə həsr olunmuş, bir-birindən xeyli zaman fərqiylə yazılmış şeirləri toplanıb. Bütün şeirlərin ruhuna Qarabağa ilahi bir sevgi hopub. Qarabağın işğalda olduğu illərdə yazılmış şeirlərdə məyusluq, kədər əks olunsa da, torpaqlarımıza dönəcəyimizə sonsuz ümid də bu əsərlərdən xali olmayıb. Uzaq illərdə və qələbədən sonra yazılmış şeirlərdə də əks olunan ümumi bir mətn var: “Qarabağ Azərbaycandır!”
Bütün bu yazıların içərisində dərin Qarabağ sevgisi, bizim torpaq həsrətiylə keçirdiyimiz ağrılar, eləcə də 30 ildən sonra Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü sayəsində torpaqlarımızın azadlığı ilə qürurumuzun bərpa olunması və bunun yaşatdığı sevinc öz əksini tapıb.
Kitabda, həmçinin, Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş səhifələr də var. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu, müqəddəs savaşımızda Türkiyənin ölkəmizə verdiyi dəstək, eləcə də həmin günlərdə Türkiyə yazıçılarının həmrəylik məktubları yer alıb.
Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevanın yazısında isə Türkiyənin və Türk Cümhuriyyətlərinin Azərbaycana verdikləri dəstək sadalanır.
Kitabın sonunda Xalq yazıçısı Anarın ötən əsrin səksəninci illərində yazdığı, yuxarıda xatırlatdığım, informasiya bolluğu ilə seçilən, təsir gücünü itirməyən, hər oxuduqda Şuşanı xatırladıb ürəyimizi gizildədən “Qarabağ şikəstəsi” yazısı, həmçinin, Xalq yazıçısının müxtəlif illərdə Qarabağ mövzusunda yazdığı sanballı məqalələr də yer alıb. Elə bilirəm, bu kitab Azərbaycan yazıçılarının Qarabağın azadlığına sevincinin ifadəsindən əlavə, bu qələbəyə dəyərli töhfəsi və Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna minnətdarlığının əksidir.
Müəllif: Rəşad MƏCİD
İlkin mənbə:525.az
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru