FAKTA SƏDAQƏT RƏMZİ
(Qulam Məmmədli haqqında)
Görüşlər də insan ömrünün salnaməsidir. Bəzən həyatda elə unudilmaz, bənzərsiz görüşlər olur ki, taleyə, yaddaşa həmişəlik həkk olunur, zaman keçdikcə xatırlanır, yada salınır… 36 il əvvəl – 30 avqust 1985-ci ildə Respublikanın əməkdar mədəniyyət işçisi, əməkdar jurnalıst, teatrşünas, publisist, milli səlnaməçiliyimizin banisi Qulam Məmmədli ilə olan bir görüş kimi…
…1980-ci illərin əvvəlləri idi. Mirzə Fətəli Axundzadə adına Kitabxananın arxivinə tez-tez gəlir, XX əsrin əvvəllərinə aid qəzet və jurnalları vərəqləyir, bəzən qəliz ərəb və fars tərkibli sözləri oxumaqda çətinlik çəkəndə, ona müraciət etməyimi məsləhət bilirdilər. Bütün günü oxu zalında yorulmaq bilmədən araşdırmalar aparan, qeydlərini səbrlə, təmkinlə ümumi dəftərlərə səliqə ilə köçürən qalın eynəkli şəxs Qulam Məmmədli idi. O yaradıcılığın bəyaz zirvəsinə yüksələnə qədər dövrün məşəqqətlərindən, zamanın məhrumiyyətlərindən, həyatın kəşməkəşli, əzab-əziyyətlərlə dolu tufanlarından keçmişdir…
Qulam Məmmədli 1897-ci ilin mart ayında qədim və zəngin elm, mədəniyyət ənənələrinə malik Təbriz şəhərində qeyri-adi, qəribə şəraitdə dünyaya göz açmışdır. O, anası Məşədi Zəhranın xatirələrinə əsasən qeyd edir ki, atası Təbrizin Rasta küçəsində yaşayan Sitarə adlı bir qızla gizli evlənir. Bu xəbəri eşidən Məşədi Zəhra şəhərin Xiyaban məhəlləsindən Rasta küçəsinə qədər payi-piyada yol gedir. Gedib günüsünü tapır, dişinin dibindən çıxanı deyib qayıdır. Hamilə qadın yolun yarısında ağrı çəkir. Qulam müəllim anasının dediklərini belə xatırlayırdı: “-Elə onu bildim ki, özümü saldım dalana! – Nə yaxşı ki, qapı açıq imiş. Həyətə girdiyim yadıma gəlir. Deyəsən, yıxıldığımı da xatırlayıram. Bir vaxt gözümü açdım, gördüm yorğan-döşək içindəyəm, səni də bələyib uzadıblar yanıma” (Q.Məmmədli. “Ömür dəftərindən səhifələr”, Bakı, “Təhsil”, 2016, s.22).
Bu vüqarlı insan, şərafətli ana Məşədi Zəhra xanım ərinin xəyanətini ona bağışlamır… Cehizlərindən sabiq ərinin xeyirinə imtina edərək, körpə Qulaməlisini qucağına alıb atası evinə qayıdır. Altı aydan sonra isə qohumlarının dəvəti ilə o Təbrizdən Bakıya, buradan isə Aşqabada gedir. Məşədi Zəhra burada həmşərisi Məmməd adlı bir nəfərlə yenidən ailə qurur. Məmməd kişi kasıb olsa da, əsl ailə başçısına çevrilir, onu oğulluğa qəbul edir. Qulamın ata adı və soyadı Məmməd kişinin ismindən qaynaqlanır.
Qulam Məmməd oğlu Məmmədli Aşqabadda molla yanında dörd-beş il oxuduqdan, “Çərəkə”ni, “Quran”ı, “Gülüstan”ı, “Üsuli-cədid”i başa vurduqdan sonra bir müddət çəkməçi yanında şagird, tünükəçi, Nobelin neft zavodunda fəhlə, “Ruznameyi-Maverayi-Bəhri-Xəzər” qəzetdə, sonra isə müxtəlif mətbəələrdə mürəttib işləyir. Ailənin təsərrüfat işlərinə köməklik göstərir, fərdi qaydada savadını artırır, Sabiri, Səhhəti, Şaiqi, Mirzə Cəlili, Cavidi, Cəfər Cabbarlını mütaliə edir, “Molla Nəsrəddin”, “Məktəb”, “Babayi-Əmir”, “Tuti” jurnallarını mütəmadi oxuyur, bəzən bu mətbuat orqanlarına yazılar da göndərirdi.
***
Q.Məmmədli ilk dəfə 1923-cü il iyun ayının əvvəllərində yazıçı, publisist Yaqub Nəsirli ilə Aşqabaddan həsrətini çəkdiyi, arzularında yaşatdığı Bakıya gəlir. Burada ilk getdikləri yer – “Yeni yol” qəzetinin redaksiyası, ilk görüşdükləri şəxs, baş redaktor Cəlil Məmmədquluzadə olur. Mirzə Cəlilin xeyirxahlığı sayəsində Qulam Məmmədli 8 iyun 1923-cü ildən “Kommunist” qəzetinin mürəttibi işinə qəbul edilir. Bir müddət sonra isə “Molla Nəsrəddin” jurnalına da mürəttiblik edir. Peşəsi ilə əlaqədar o burada Həbib Cəbiyev, Sultan Məcid Əfəndiyev, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Nemət Bəsir, Əfrasiyab Bədəlbəyli və b. ilə yaxından tanış olur, dostluq edir.
***
Qulam Məmmədlinin Tarix İnstitutunda, Ədəbiyyat və İncəsənət arxivində çalışdığı dövr, ümumiyyətlə isə ömrünün son 25 ili fərdi təqaüdə qədərki müddət ilə müqayisədə elmi-tədqiqat işlərinin miqyası, sanbalı baxımından daha zəngin və əhəmiyyətli olmuşdur. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə onun 1966-cı ildə çap etdirdiyi “Molla Nəsrəddin” (564 səh.) salnaməsi ustad sənətkara qədirşünaslıq nümunəsi olmaqla yanaşı ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini, təməl daşını təşkil edir. Minlərlə arxiv sənədlərinə, mətbuat səhifələrinə səpələnmiş faktları “iynənin ucu ilə” bir məcraya yönəltmək, bir süjet xəttində sıralamaq, səbrlə, təmkinlə bu sahədə yeni sistem yaratmaq həvəsi, eşqi, əzabı müqayisə edilməz dərəcədə müşkül, məşəqqətli və mühüm işdir. “Molla Nəsrəddin” salnaməsi 1866-cı ildən 1932-ci il yanvar ayının əvvəllərinədək Mirzə Cəlilin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında mötəbər sənədlərə, etibarlı məxəzlərə istinad edilməklə zəngin materiallar toplusu, misilsiz mənbəşünaslıq abidəsidir. Bu dəyərli ensiklopedik məxəz müəllifin sağlığında iki dəfə (1966, 1984) böyük tirajla çap olunmuş, üçüncü nəşri 2009-cu ildə əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibi, təkmilləşdirməsi, geniş, dolğun ön sözü, yüksək dəyərləndirməsi ilə nəfis şəkildə işıq üzü görmüşdür.
Qulam Məmmədli ucaltdığı salnamə sarayının bünövrəsi üzərinə yeni kərpiclər qoyur, 1967-ci ildə “Hüseyn Ərəblinski” (292 səh.) salnaməsini, bir il sonra isə “Cahangir Zeynalov” (172) kitabını araya-ərsəyə gətirərək nəşr etdirir. İncəsənətimizin, teatrımızın bu iki qüdrətli sənətkarının həyatı və yaradıcılığı barədə boşluqlar demək olar ki, Qulam Məmmədlinin titanik zəhməti sayəsində doldurulur. Onun milli teatr tariximizə ən nəhəng xidməti isə ikihissəli “Azərbaycan teatrının salnaməsi”dir. Tədqiqatın birinci hissəsi 1974-cü ildə (584 səh.), ikinci hissəsi isə 1983-cü ildə (300 səh.) işıq üzü gördü. Səksən illik (1850-1930) teatr tariximizin arxiv materialları və mətbuat səhifələri əsasında tarixi-xronoloji ardıcıllıqla izlənilməsi, yeni mənbələrin və məqamların üzə çıxarılması ədəbi ictimaiyyət üçün böyük elmi-mədəni hadisə idi. İkicildlik “Azərbaycan teatrının salnaməsi” tədqiq miqyasının genişliyi, faktların yeniliyi və zənginliyi baxımından da, çəkilən zəhmətin ağırlığını, çətinliyini, intəhasızlığını nümayiş etdirir. Uzun illər teatrşünaslar, mədəniyyətşünaslar üçün bu sahədə dərslik yoxluğunu əvəzləyən yeganə və mötəbər qaynaqdır.
Qulam Məmmədli milli salnaməçilik sahəsində elmi-tədqiqat marafonunu daha uğurla davam etdirir, ömrünün ahıl çağında fədakarlığı ilə ən gənc tədqiqatçıları belə təəccübləndirirdi. O, bir-birinin ardınca “Cavid ömrü boyu” (1982, 298 s.), “Üzeyir Hacıbəyov” (1983, 550 s.), “Abbas Mirzə Şərifzadə” (1985, 242 s.), “Nəriman Nərimanov” (1987, 358 s.) adlı irihəcmli salnamələri nəşr etdirir. Bir elmi-tədqiqat institutunun icra etməkdə çətinlik çəkəcəyi ağır işi təkbaşına, böyük həvəslə, məsuliyyətlə yerinə yetirir. Bir insan əzablarının, tədqiqatçı sevgisinin nəticəsində yaranan qalaq-qalaq cildlərin sanbalını, siqlətini nəzərdən keçirib düşündükcə dəyərləndirmə meyarlarının imkansızlığına, məhdudluğuna heyrətlənməyə bilmirsən. Məni isə ən çox heyrətləndirən Qulam Məmmədlinin həcmcə yığcam, vəzncə dağlar qədər ağır, sanballı “İmzalar” (1977, 120 s.) kitabıdır. Mən çəkinmədən bu əsəri Azərbaycan mətnşünaslığının “Morze əlifbası” adlandırardım. Dörd minə qədər gizli, örtülü imzanın kodunu, üst qatını mötəbər dəlil-sübutlarla açmaq, Çin səddini aşmaqdan asan deyil. “İmzalar” kitabı olmadan XX yüzilliyin əvvəlləri satirik mətbuat orqanlarımızın milli ədəbiyyatşünaslıq üçün hazırladığı “sürprizlər”i təsəvvür etmək belə çətindir. Əlbəttə, mətbuat səhifələrində gedən bütün örtülü adların öz əksini “İmzalar” kitabında tapdığını düşünmək də, sadəlöhlük olardı.
Yadımdadır, 1985-ci il avqust ayının 30-u idi. Qulam müəllimin evinə zəng vurub bəzi gizli imzalar barədə köməkliyə ehtiyac olduğunu bildirdim. Güman edirdim ki, görüşmək üçün o məni Mirzə Fətəli Axundzadə adına Kitabxanaya dəvət edəcək. Belə olmadı, Qulam müəllim mənzilinin ünvanını söyləyərək evdə gözlədiyini bildirdi. Sual dolu vərəqlərlə Qulam müəllimgilə yollandım. “Molla Nəsrəddin” jurnalında rast gəldiyim “Sancan”, “Zəhər” və b. gizli imzaların əsl müəllifi haqqında Q.Məmmədlinin kitabında məlumat yox idi. Geniş və ətraflı söhbətlərimiz oldu. O mənə çox dəyərli məsləhətlər verdi. Hətta, “İmzalar” kitabını avtoqrafla mənə bağışladı: “Bu kitabı, gələcək ədəbi fəaliyyəti məni ümidvar edən gənc ədəbiyyatşünas Asifə yadigar verirəm və ona bu nəcib və çətin işdə müvəffəqiyyət arzulayıram. Qulam. 30/VIII-85. Bakı.”
“Azərbaycan” jurnalının 1987-ci il mart sayında çap olunan “Cəfər Cabbarlının ilk şeirləri” adlı məqaləmə Qulam Məmmədlinin rəy verdiyi, nəşrini məsləhət gördüyü haqqında redaksiya qeydləri də o vaxt məni çox sevindirdi.
Qulam Məmmədli milli salnaməçiliyin banisi, mətnşünaslıq, mənbəşünaslıq məktəbinin görkəmli nümayəndəsi idi. Onunla yalnız bir dəfə ünsiyyətdə olanlar vaxta qənaət, fakta sədaqət məziyyətini əxz edirdilər.
Müəllif:Asif RÜSTƏMLİ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru