AKİF ABBASOV – LİMONSUZ ÇAY

Akif ABBASOV

                                   LİMONSUZ ÇAY

                                          (hekayə)

         Vilayət həyat yoldaşını da götürüb Masallı İstisuyuna getmişdi. Sanatoriya xoşagələn idi.  Meşədə salınmışdı. Daşdan tikili çoxmərtəbəli binası da, iki nəfərlik, üç nəfərlik, ailəli taxta evlər də vardı. El içində bu evlərə, evçiklərə “domik” deyirlər. Biz elə taxta ev deyək. Həə, həmin taxta evlərin kondisioneri də, hamamı da var.  Bir sözlə,  isti su qəbul edib, gündə üç dəfə yeməyini yeyirsən, meşədə taxta evlərdə istirahət edirsən, sağalırsan özünçün.

         İstisu da istisudur ha. Vanna qəbul edirsən, bütün dərd-azarını götürür. Hələ vannadan əvvəl səni yaxşıca masaj edirlər. Amma vannadan sonra gərək özünü soyuğa verməyəsən. Yayda özünü gözləmək bir az çətindir. İstisuyun istisi bir yandan, Günəşin qızmar istisi də o yandan. İndi gəl özünü gözlə. Tər səni yuyub aparır. Məcburiyyət qarşısında qalıb palını-paltarını yüngül edirsən ki nəfəs ala biləsən, istidən yanıb-yaxılmayasan.

Bir də görürsən qəfil  xəfif külək əsir. Sərin meh bədəninə işləyir. Əlqərəz, əlac bircə ona qalır ki, nə vəchlə olursa-olsun özünü qoruyasan, soyuğa vermək olmaz özünü, olmaz!!!

Vilayət hiss edirdi ki, belinin ağrıları azalıb, yüngülləşib, yavaş-yavaş özünə gəlir. Üzünü həyat yoldaşına tutaraq:

-Ay Güləndəm, bir-iki dəfə İstisuya gəlib-getsək, quş kimi yüngül olarıq, bütün ağrı-acımız canımızdan çıxar.

Güləndan da onun sözlərinə şərik çıxaraq:

-Doğru sözə nə deyim, ay Vilayət. Düzdür. Mən də İstisuyun möcüzəsini canımda hiss edirəm.

Vilayət ayaq saxladı:

-Vanna qəbul edəndən  sonra məxməri çayın özgə ləzzəti var. Gəl, çay içək, sonra gedək dincələk, hava istidir, günün altında gəzib-dolaşmayaq.

-Nə deyirəm ki.

Əyləşdilər. Vilayət səsləndi:

-Ay oğul, bir çaynik çay gətir.

Stəkanlar, qənd qabı, dalınca da çaynik gəldi.  Çayçı Vilayətlə Güləndama çay süzdü, getmək istəyəndə, Vilayət onu saxladı:

-Ay oğul, gör nəyi unutmusan.

Oğlan key-key baxdı. Gözlərini döydü.

Vilayət özü dedi:

-Lumu gətirmək yadından çıxıb.  

Çayçı başını qaşıdı, irişərək:

-Əmi, lumu yol gəlir, – dedi.

Vilayət Güləndama baxdı, yəni bu nə danışır?

-Oğul, lumu yol gəlir nədir? Deyirəm, lumu da gətir.

-Əmican, limonumuz qurtarıb, gediblər gətirməyə.

Çayçı getdi. Vilayət öz-özünə:

-Cənub zonası olasan, limonun bol yerində lumusuz çay içəsən. Bu da bunlardan göründü.

Çayı içib qurtardılar. Limon gəlib çıxmadı. Vilayətin gözü stəkan-nəlbəkilər yığılmış stolun baş tərəfində vurulmuş bildirişə sataşdı: “Çayın çayniki – 2 manat”.

Durub getmək vaxtı idi. Vilayət əlini cibinə saldı. 1 manat çıxarıb stolun üzərinə  qoydu, qəndqabını da pulun üstünə. Qəndqabının altından manatlığın ucu görünürdü.

 Vilayət çayçını çağırdı:

-Ay bala, gəl çayın pulunu al.

Oğlan əlində məcməyi cəld yaxınlaşdı. Vilayətlə Güləndam ayağa qalxdılar. Çayçı pulun bir manat olduğunu görüb:

-Əmi, bizdə çay iki manatdır.

Vilayət özünü sındırmadan:

-Hə, oğul, o biri manat yol gəlir, – deyib Güləndamın qoluna girdi. Meşəyə sarı getməyə başladılar. Onların  “domiki” meşədə idi.

 Bakı şəhəri, 01 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir