ZAUR USTACIN ŞEİRLƏRİ VƏ YAZILARI
Zaur Ustacın “Əliş və Anna” kitabından Məhərrəm ayı münasibəti ilə müəllifin eyni adlı poemasından bir neçə maraqlı parçanı sizlərə təqdim edirik:
(Zaur Ustac “Əliş və Anna” poemasından parçalar)
ŞÜKRANLIQ
Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.
And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonağam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə…
TÖVHİD
Uca Yaradanın tək olduğuna,
Nə badə qəlbində şübhə oyana.
Çün, əgər olsaydı xilaf qeyrisi,
Bunu anlayardı mütləq birisi.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir, tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”- a bağlısa, onda nə kədər…
Həmd olsun Allaha, tanırıq onu,
Hər kəlmə başında anırıq onu.
Təkdir ehtiyacsız, biz ona bağlı,
Bunca dərk eyləyər, insanın ağlı…
ƏDL
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb, elə paylayıb,
Hamı qismətindən çox razı qalıb.
Duyuram içini şübhə gəmirir,
Xəyalın hardasa narazı gəzir.
Gəl, tamam səmimi olaq bu ara,
Ağlından razıdır hər bir avara.
Ağlı elə bölüb, verib Yaradan,
Heç kim öz ağlından deyil bədgüman.
İlahi hikmətin qüdrətinə bax,
Ağıldan kəmlər də deyilmiş axmaq.
Arif işarədən anlar hikməti,
Heç kim bu xüsusda yeməz möhnəti…
NÜBÜVƏT
Salam olsun Sənə, ey “Haqqın səsi”,
Cəlal sahibinin seçkin bəndəsi.
Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,
Bütün kainatın son əfəndisi.
Haqqın yer üzünə müjdəsi, andı,
Haqqın yer üzündə qoşa qanadı.
Salam olsun Sənə, kitab sahibi.
Salam olsun, Sənə sonuncu nəbi.
“Qurani –Kərimi” bizə gətirən,
Haqqın kəlamını bizə yetirən,
Xatəmül-Ənbiya hökm edibdi Haqq,
Höküm sahibinə məxsus höküm, haqq.
Salam yer üzünün işığı, nuru,
Ey höküm sahibi, bu nuru qoru.
İMAMƏT
Nübüvət odundan nur alan işıq,
Atadan, babadan belə duymuşuq.
Rəsulun dizinin dibindən çıxan,
Çeşmədir heç kimə gəlməyib ziyan…
Nümunə olubdur cümlə cahana,
Əlbəttə, aiddir arif olana.
İmamət cığırdır Haqqa aparır,
Əlbət, qaynağını Haqqımdan alır.
Dəmiri dəmirçi oğlu bilən tək,
Bu elmi ən doğru yoldan öyrənək…
İstəməm bu yolda çaşqınlıq ola,
İncəcik bir fidan nahaqdan sola.
Elmin şəhərinin təkdir qapısı,
Bu işin belədir təməl, yapısı…
Salam olsun Sənə ey Əhli-beyt,
Allahım bu yolu daha rəvan et…
MƏAD
Müəllim verdiyi dərsi soran tək,
Əlbəttə, imtahan günü gələcək.
Sanma, kainatın yoxdu sahibi,
Boşuna gəlməyib bu qədər nəbi…
Hələki dəvət var, açıqdır qapın,
Dərk eylə dünyanı, Allaha tapın.
Həqiqi elmdən bir damla dadan,
Heç zaman dönməyib, bu doğru yoldan.
Bu yolun mənsəbi, elə mənbəyi,
Burda kəsilibdir elmin göbəyi…
Haqq ilə batilin mayası eyni,
İkiyə bölünmüş bir yolun sonu…
Qəzavü-qədəri qılma bəhanə,
Faili-muxtar tək gəldin cəhanə…
NAMAZ
Namaz fərz əməldir, bizə faydalı,
Dəstəmaz vacibdir, mütləq olmalı.
Namaz bənzədilib evmizdə çaya,
Gərəkdir beş kərə girək bu suya…
Ruhumuz arınsın, pak olsun bədən,
Təkbirdə əlləri asmayaq göydən.
Qüsulu, abdəsti, tam əməlləri,
Mat qoyub dünyada tüm alimləri.
Heç nə əksik deyil, yox bircə artıq,
Namazdan həyatın dərsin alırıq.
İmkan et, xərcləmə boşa zamanı,
Həyat elə zaman, zamanın anı.
Çalış ki, ötürmə bircə azanı.
Ac qoyma nə ruhu, nə də əzanı…
ORUC
Oruc bir əmrdir, Haqqu – Təaladan
İnsanı qoruyar, min cür bəladan.
Elə ki, yetişdi Şahi – Ramazan,
Gərəkdir nəfsini duşaqlayasan…
Cismini, ruhunu səfərbər eylə,
Ağzını, gözünü pəhrizkar eylə…
Dilindən çıxmasın fitnə, ya küfür,
Çevrəni sarısın xoş niyyət, zikir…
ZƏKAT
Əgər istəyirsən ruzi – bərəkət,
Gərəkdir vaxtında verilə zəkat..
Bilirəm, burada qaçdı dodağın,
Düşündün ki, şair çıxartdı ağın…
Ancaq, tam səmimi, gəl, mənə inan,
Kimsəyə fayda yox zəkatsız maldan…
Sən verdin, vermədin çıxacaq o mal,
ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…
XÜMS
Zəkatla malını qoruyan insan,
Xümslə canını qorumalısan.
Zəkat mala paklıq gətirdiyi tək,
Xüms də canını hifz eyləyəcək…
Sonra loğman, təbib gəzməsin deyə,
LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…
HƏCC
Haçansa ibrətə duysan ehtiyac,
İlahi əmr var – yolun olsun hac…
Dünyanın mərkəzin ziyarət eylə,
Könül sarayını imarət eylə.
Zəm-zəm çeşməsində yuyulsun üzün,
MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…
CİHAD
Cihad bizimlədir dandan qüruba,
Çoxunun dilində bitibdi “toba”.
Yaradan dərs verər insan oğluna,
Min rəhmət diləyək Ağaoğluna…
Ruhu neçə kərə olub qonağı,
Edim, etməyimlə dolub otağı…
Bu bir nümunədi, hamımız belə,
Cihad qadağadır, nəfsə, dilə…
Cihad eşidən tək, qavğa düşünən,
CİHADDA ÖZÜNLƏ DÖYÜŞMƏLİSƏN…
ƏMR-BƏ-MƏRUF
Şükür Yaradana, Sən hikmətə bax,
Xeyir əməllərə daim tut çıraq.
Vacib buyurulub hər müsəlmana,
Gərəkdir xeyirə vəsilə ola.
Yaxşılıq əlindən gəlmirsə əgər,
Pislik də eləmə, başına gələr…
Fəqət, bu vacibdir, gərək biləsən,
Xeyirə çağırıb, dəvət edəsən.
Bu vacib əməldir, gərəkdir bilək,
Xeyirə çağıraq, xeyir öyrədək…
NƏHY-ƏZ-MÜNKƏR
Vicdanın yerini əzada gəzən,
Haqqa inananın ümidin üzən,
Bu vacib əməli unutma heç vaxt,
Əbədi deyildir, heç bir tacü – taxt…
Özünü müsəlman tanıdan kəsin,
Gərəkdir yanında pislik olmasın.
Pis işdən çəkinsin, həm çəkindirsin,
Bunu bilən yoxsa, qoy belə bilsin…
Yoldan ötəni də qoruyun şərdən,
Özünüz haqda da düşünün hərdən…
TƏVƏLLİ
Allahın dostları dostun olmalı,
İlk əvvəl Allahın dostların tanı.
Cəlal sahibinə şərik qoşmayan,
Nəbiyə, İmama şəksiz inanan,
Müslimi müslimin qardaşı bilən,
Mübarək İslamın yoluyla gedən…
Oturub –durduğun olsa bu şəxslər,
Kimsəyə toxunmaz səndən bir xətər.
Çevrəndə dostların dinsə elmdən,
Hər dəm dürr tökülsə əgər dilindən,
Nə xoş halımıza, bəxtəvərik biz,
Allahın dostların dost seçərik biz…
TƏBƏRRİ
Cəlal sahibinə şərik qoşanlar,
Onun dostlarına pis yanaşanlar,
Əndazəni pozub, həddin aşanlar,
Yersiz körüklənib, coşub daşanlar,
Belə adamlardan uzaq dolan, gəz,
Hədsizdən kimsəyə bir xeyir gəlməz…
Bu Haqqın əmridir, qarşı gəlmərik,
Allahın düşmənin düşmən bilərik…
MÜNACAT
Şükürdən güc alıb sözüm, söhbətim,
Səndən gizli deyil, şəksiz niyyətim.
Qəlblərdə olanı görüb, bilənsən,
Kimə nə lazımdı onu verənsən.
Yazar, ancaq yazar demişəm hər dəm,
Əgər söz sahibi eyləsə hərdəm.
Qələmə and içən uca Yaradan,
Münacata çıxıb bu qələmtutan…
Əllərim göydədir, dilim duada,
Dua eyləyirəm qohuma, yada…
Şamaxı torpağı qədimdən qədim,
Xaqanisi mənim, Nəsimi mənim…
Başqa bir dühanı gəzirəm burda,
Tarixin kələfin çözürəm burda…
Üstündə durduğum bu köhnə körpü,
Yüz illər əvvələ atacaq törpü…
Yazda da gəlmişəm, qışda da bura,
İçimdə bir ocaq möhtacdır qora.
Hər şey çin-çin durub ruhun rəfində,
Kəlmələr sıraya durub dilimdə…
Bir türlü “Bismillah” edə bilmirəm,
Yeddi yüz əqdəmə gedə bilmirəm…
Ruhuma qanad ver Adil Allahım,
Bir kərə o günə gedim qayıdım…
Bu köhnə körpünün daşı danışsın,
Otların qurusu, yaşı danışsın.
Düz yeddi əsrdir şahidlik edən,
Bu körpü bir namə versin himindən…
Ey bütün gizlindən agah Allahım,
Dağları, daşları yandırıb ahım.
Xeyirə yozulu nişan ver mənə,
Şübhəsiz bəllidir hamısı Sənə…
Nə, harda, kimindir tək bilən Sənsən…
Kimə nə lazımdır onu verənsən…
ÜSULİ-İLTİMAS
Səndən istəmirəm nə şöhrət, nə şan.
Səndən istəmirəm beş günlük ad-san.
Var dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim…
Niyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq…
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir…
Nurundan ruhuma çilə bir mərrə,
İynənin yıldızı olsun pəncərə.
Zərindən zərrəcik düşsün qəlbimə,
Aydınlıq, fərahlıq versin əqlimə.
Ərmək istəyirəm, həmin günlərə,
Varmaq istəyirəm, uzaq dünlərə…
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq…
Zaur Ustac “Əliş və Anna” poemasından bir neçə parça
ZAUR USTACIN DİGƏR YAZILARI
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru