Türkmən şair-jurnalisti, Orazmurat MURATOV

ORAZMURAT MURATOV

Orazmurat MURATOV (Türkmən şair-jurnalisti)

Min yaşında…

Özümü min yaşında hiss edirəm nədənsə,
Bax o dağlar gözümün önündəcə qocalıb.
Gün dəyməyən bağların cır qaldığın bilirəm,
Bir də krallar, şahlar taxta necə ucalıb.
* * *
Sonra taxtı verdilər yeni varislərinə,
Bəzən məcbur oldular, bəzən elə könüllü.
Mən nə qədər dövlətin ittifaqını gördüm,
Sonda elə sürətlə dağıldı ki, hər biri.
* * *
Şahid oldum nə qədər gözəl qızlar var imiş,
Hər gün qoca qarıya dönmüş gördüm birini.
Deyən mənsiz fırlanır axı zamanın çarxı,
Ya da ki, çoxdan mənim yaşım keçibdi mini.
Müəllif, ORAZMURAT MURATOV
Azərbaycan dilinə tərcümə edən: TƏRANƏ TURAN RƏHİMLİ

ORAZMURAT MURATOVUN YAZILARI

TƏRANƏ TURAN RƏHİMLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – ƏLBƏYAXA

Akif ABBASOV

ƏLBƏYAXA

(hekayə)

         Mirzə kimi adamlara el içində “itoynadan” deyirlər. Ağlına batdımı, kefi saz oldumu, başlayırdı onu-bunu dolamağa, ya da zarafata.  Özü də kimilərdən yanıqlı idisə, onlarla başlayırdı.

Yavər onunla düz dolanmırdı. Yavər institutun aspirantura şöbəsinin müdiri idi. Mirzə bir girəvə axtarırdı ki, düzüb-qoşsun, bu Yavəri pərt etsin. Amma neçə vaxt idi ki, fürsət tapmırdı.

         Elə bu xəyallarda idi ki, Əliheydər otağa daxil oldu:

         -Mirzə müəllim, salam, xoş gördük, necəsiniz, işləriniz necədir, şükür salamatçılıq olar.

         Əliheydər adəti üzə görüşmək üçün hər iki əlini irəli uzatdı. Mirzə müəllimin əlini sıxdı.

         Əliheydər Mirzə müəllimin dissertantı idi. Təzə qəbul olunmuşdu.

         -Sən necəsən, Əliheydər? Görünmürsən.

         -Elə gəldim ki, Mirzə müəllim, görüşüm, mübarək əllərinizi sıxım, hal-əhval tutum, həm də görüm mənə dair nə qulluğunuz, nə tapşırığınız, nə sözünüz var, həm də…

         Mirzə müəllim onun sözünü kəsməsəydi,  Əliheydər sözləri bir-birinin yanına   düzməkdə davam edəcəkdi.  Onun şakəri idi. Çox uzunçu idi. Mirzə müəllimin səbri, hövsələsi vardı ki, onun dediklərinə qulaq assın?! Odur ki, qaşqabağını tökdü ki, Əliheydər çox da çərənləməsin. Əliheydər də qanıb lal-dinməz dayandı.

         Amma Mirzə müəllimin qaşqabağı birdən-birə açıldı. Tapmışdı. O, zəndlə Əliheydərə baxdı:

         -Sən necəsən, Əliheydər?

         İşin gör harası idi ki, Mirzə müəllim bu sualı Əliheydərə ikinci dəfə verirdi.

         Əliheydər dilləndi:

         -Duaçınızam.

         Əliheydər davam etmək istəyirdi.  Mirzə müəllim əlinin işarəsi ilə onu saxladı:

         -Sənə tapşırığım, sözüm… yoxdur. Soruşmaq istəyirəm.

         -Buyurun, müəllim.

         -Dissertant olmağına dair sənə  vəsiqə veriblər?

         Əliheydər gözlərini döydü. Mirzə müəllim:

         -Vəsiqəni deyirəm. Orada yazılır ki, sən həqiqətən institutun dissertantısan. Direktor imzalayıb gerbli möhür vurur.

         -Xeyr, müəllim, verməyiblər.

         -Bə niyə? Tutaq ki, getdin Axundov adına milli kitabxanaya. Üzv yazılmaq istəyəndə necə sübut edəcəksən ki, sən dissertantsan. Aspirantlara vəsiqə verilib.

         Əliheydər sanki yatmışdı, ayıldı:

         -Doğrudan, müəllim, bə mənə niyə verməyiblər? Kimdən almalıyam?

         -Kimdən olacaq? Əlbəttə, aspirantura şöbəsinin müdiri Yavər müəllimdən. Vəsiqələr yazılıb, imzalanıb, möhürlənib, verilib onun şöbəsinə. Get, soruş.

         Yavərlə Mirzə müəllimin otaqları yan-yana idi. Əliheydər tez özünü çölə atdı. Mirzə müəllim qulağını divara dayadı ki, onların söhbətini eşidə bilsin.

         Yavər müəllim:

         -Əliheydər, xeyir ola.

         -Gəlmişəm ki, mənim vəsiqəmi  verəsiniz.

         -Nə vəsiqə?

         -Mənim dissertant olmağıma dair  vəsiqəni deyirəm.

         Yavər müəllim başını buladı:

-Əliheydər, vəsiqə dissertantlara yox, əyani aspirantlara verilir. Qiyabi aspirantların, dissertantların iş yerləri var. Əyani aspirantlar işləmirlər. Onlara  vəsiqə buna görə verilir, maraqlanan olanda göstərə bilsinlər.

         Əliheydər üzr istəyib otağı tərk etdi. Mirzə müəllim qulağını divardan ayırdı. Əliheydər sadəlövh, tez inanan, tutduğunu buraxmayan bir adam olduğundan  Mirzə müəllim  onu Yavər müəllimin üstünə göndərmişdi.

         Əliheydər aydınlıq gətirdi:

         – Mirzə müəllim, araşdırdım. Sən demə, vəsiqə əyani aspirantlara verilirmiş.

         Mirzə müəllimin əlinə fürsət düşmüşdü. Əl çəkərdimi?

         -Bunları Yavər müəllim dedi sənə?

         -Bəli.

         -Bilirsən, Əliheydər, onun mənimlə arası yoxdur, ona görə səni incidir, bəhanə gətirib vəsiqəni vermir.

         Əliheydər bunu eşidən kimi tez otaqdan çıxdı.

         Qonşu otaqdan acıqlı səslər ucaldı. Az sonra otaqdakılar əlbəyaxa oldular. Bir-birini itələdiklərindən gah bu, gah o biri zərblə divara dəyirdi. Zərbələrdən divar titrəyirdi.

Əliheydərin səsi gəlirdi:

-Mənə qəsdən vəsiqə vermirsın! Vəsiqəmi acığa vermirsən!

Mirzə müəllim tutduğu əməldən razı halda dəhlizə çıxdı. Yavərin də, Əliheydərin də üst-başı bulanmış, sir-sifətləri qızarmışdı. Səsə gələnlər vardı. Mirzə müəllim Əliheydəri səslədi:

-Əliheydər, bura gəl, nə yapışmısan Yavər müəllimin yaxasından? Görünür kişi düz deyir, yəqin dissertantlara yox, yalnız aspirantlara  vəsiqə verilir.

Bakı, 24 fevral 2021-ci il.


Müəllif:
Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru