YAŞAR QARAYEV FENOMENİ
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Yaşar Qarayevlə ilk tanışlığım 1986-cı ilin Novruz bayramı ərəfəsinə təsadüf edir. Nizami adlı bir tanışım Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Yaşar Qarayevlə məni şəxsən görüşdürmək, tanış etmək istədiyini bildirdi. Məmnuniyyətlə razı oldum. Ertəsi gün Yaşar müəllimin kabinetində görüşdük. Salam-kəlamdan sonra mənə ilk sualı belə oldu: Yazılarından mətbuatda çap olunanı varmı? Bəli – dedim. C.Cabbarlının kitablarına salınmış üç felyetonun ədibə aid olmadığını isbatlamağa çalışdığım “Cabbarlının “məqalələri” adlı yazım 29 noyabr 1985-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Digərlərini də sadalamağa hazırlaşanda məni dayandırdı və təəccüblə yenə sual verdi: O məqaləni sən yazmısan?!
Dörd ay əvvəl çap olunmuş məqaləmin Yaşar müəllimin yaddaşında qalması məni çox sevindirdi və astaca sualını təsdiqlədim. Azacıq fikrə getdi və sonra üzünü mənə tutaraq dedi: Asif, belə yazılardan nə qədər çox yazsan Ədəbiyyat İnstitutuna gəlişin də bir o qədər qısalacaqdır.
Müdrik deyim idi. Əslində işə qəbulun kəsə yolunun yaradıcılıqdan, sanballı elmi məqalələrdən keçdiyini nişan verirdi. Doğrusu bu yol o qədər də asan və kəsə deyildi. Mən isə daha konkret vədə ümidli idim…
Bir neçə aydan sonra Yaşar müəllim institutun direktor vəzifəsini icra edən, ardınca isə direktor təyin edildi. İşə ilk qəbul müsabiqə yolu ilə oldu. Komissiya üzvləri “Baş laborant” vəzifəsini tutmaq istəyənləri sual atəşinə tuturdular. Müsabiqə bitdikdən sonra nəticəni həyəcanla gözlədiyimiz dəqiqələrdə məni ilk təbrik edən də Yaşar müəllim olmuşdur.
Beləliklə, 1988-ci il 18 yanvar tarixindən Yaşar Qarayevin əmri ilə Ədəbiyyat İnstitutunda fəaliyyətə başladım. Yaşar müəllim çox müdrik, mədəni, təmkinli, xeyirxah, təmənnasız şəxsiyyət idi. Azərbaycan ədəbiyyatını ən qədim dövrdən çağdaş günümüzədək bütün mərhələlərini mükəmməl bilirdi. Folklorumuzu çox sevirdi. Yaşar Qarayev tənqidi – poetik tənqid idi. Başqa sözlə poetik tənqidimizin banisi Yaşar Qarayev idi. Nitqi mükəmməl, rəvan və obrazlı olardı. Cümlələrində daxili qafiyə, bənzətmə bolluq təşkil edərdi. Ən sərt fikri – cazibədar, metaforik libasda təqdim etməyi bacarırdı. Yanına gələnlərin diqqətini ilk cəlb edən kəlam masasının üstündə, şəffaf lövhədə yazılmış “Vaxt sərvətdir!” deyimi idi.
14 il onun rəhbərliyi altında işlədim. Yaşar müəllimi həyatımda direktor olmaqdan daha çox böyük qardaş kimi görürdüm. O layiq olanlara heç bir vaxt sevgi və qayğı payını əsirgəmirdi. 1989-cu ildə yenicə işıq üzü görmüş “Meyar şəxsiyyətdir” kitabını avtoqrafla mənə bağışladı. Avtoqrafda yazırdı: “Daxili – mənəvi mədəniyyətinə böyük hörmət etdiyim, elmi gələcəyinə inandığım, ümid bəslədiyim əziz Asifə! Mən bütün elmi gəncliyimizi belə sadə, belə zəhmətkeş görmək istərdim, Asif!
Yaşar. 14 mart 1989”
Yaşar müəllimlə bağlı saysız-hesabsız xoş xatirələr yaddaşımda yaşayır. 1990-cı ildə İçəri Şəhərdə yaratdığı Folklor Elmi-Mədəni mərkəzinə (İndiki Folklor İnstitutuna) məni direktor təyin etdi. Onun təşkilatçılığı və rəhbərliyi ilə 1991-ci ilin aprel-may aylarında Ankarada beynəlxalq simpoziumda məruzə etdim. İlk kitabıma (1992) ön sözü də o yazıb. 1994-cü ilin sentyabr ayında Yaşar müəllimin təşəbbüsü ilə İraqa gedən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim və s.
Yaşar Qarayev 27 yaşında namizədlik, 43 yaşında doktorluq müdafiə etmiş, 44 yaşında Dövlət mükafatı laureatı, 46 yaşında əməkdar elm xadimi idi. Onun rəhbərliyi ilə İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Məhərrəm Qasımlı, Aydın Dadaşov, Tahirə Məmməd, İsfəndiyar Vahabzadə, Məryəm Əlizadə, Rüstəm Kamal, İsrafil İsrafilov, İsmayıl Vəliyev, İlham Rəhimli, Rahid Ulusel, Əziz Ələkbərli, Xatirə Quliyeva və b. görkəmli alimlər yetişmişdir.
1998-ci ildə akademiklər Firudin Köçərli və Bəkir Nəbiyev əməkdar elm xadimi Yaşar Qarayevin AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürürlər… lakin… baş tutmur. O, dörd il sonra, 2002-ci ildə, vəfatından bir neçə ay əvvəl AMEA-nın müxbir üzvü seçilir…
Yaşar müəllim Qarabağa sıx bağlı insan idi, Qarabağ ağrısını-acısını ürəyində daşıyırdı. O, 2000-ci ilə infaktla daxil oldu. Jurnalist təskinlik üçün infaktı “ziyalı xəstəliyi” adlandıranda Yaşar müəllim incə bir şəkildə onun sözünə düzəliş verərək bu epidemiyanın “cəmiyyətin bütün təbəqələri, zümrələri miqyasında yayıldığını” vurğulayaraq əlacı haqqında demişdir: “Cərrah əlcəyini əlinə Prezident geysin gərək. Skalpeli Ali Baş Komandan tutsun gərək, özü də baş əməliyyat, əsas cərrahiyyə … Qarabağda aparılsın gərək. Yoxsa nə qədər ki, millətçi, şovinist külçədən qopan radiasiyalı qəlpə Azərbaycanın Qarabağ adlı ürəyində – yarada yaşayır və fəsad verir, qanda və nəbzdə artimiya, damarda və sinirdə metastaz ara verməyəcək.”
2002-ci ilin yayında daha bəd xəstəlik Yaşar müəllimin yaxasından yapışdı. İnstituta rəhbərliyi Teymur Kərimliyə tapşıraraq məzunuyyətə (müalicəyə) getdi. Heç kəs inanmazdı ki, o yenidən işə qayıtmayacaq… 2002-ci il 25 avqust, səhər saat 6-da telefonuma zəng gəldi. Zəng edən Yaşar müəllimin həyat yoldaşı Esmira xanım idi. Boğuq səslə Yaşar müəllimin vəfat etdiyini bildirdi… Mərkəzi Klinikanın Reanimasiya otağında Yaşar müəllim tək idi. Uzun müddət yuxusuzluqdan əzab çəkən dahi şəxsiyyət elə bil yuxuya getmişdi… elə bil zamansızlıq uyğusuna qovuşmuşdu…
Bakı, 25.08.2020.
Müəllif:Asif RÜSTƏMLİ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru