PAYIZ YAĞIŞI Yenə də gəlişi xəbər-ətərsiz, Gəlib ki, qəm yuya payız yağışı. Apara mənzilə xəzan yarpağı, Torpaqda uyuya payız yağışı. * * * Yerdə bizlər üçün möcüzədir göy, Nazını çəkmədi bulud-o köntöy. Mən döyə bilməyən pəncərəni döy, Qoyma o uyuya, payız yağışı. * * * Qurbandı tufanın qəsd elədiyi, Şikardı şimşəyin üstələdiyi. Narın damcıların bəstələdiyi Nəğməmi oxuya payız yağışı. * * * Eh, sənin qədrini nə bilər naşı, Sərinlik tapacaq qəlbimin başı. Vura, döyəcləyə torpağı, daşı, İlmələr toxuya payız yağışı. * * * Mahirə vurğunun deyilmi gerçək, Daşa, divarıma sığalına çək. Nazlı anam kimi layla deyəcək, Verəcək yuxuya payız yağışı.
AY QIZ Ay qız,mənə aman eylə, Önündə qula çevriləm. Səhər bağçan-bağın olam, Əlində gülə çevriləm. * * * Yuvan olam o kənd kimi, Açılmayam kəmənd kimi. Dəmir qapı Dərbənd kimi, Önündə yola ç* * *evriləm. * * * Arif olmağın bəllidi, Eşqin mənə təsəllidi. Adım- dağlıdı,çöllüdü, Çölündə kola çevriləm. * * * Bu ömürdü-qışlı,yazlı, Məclislərim sözlü,sazlı. Atam Nağı,anam Nazlı, Dilində bala çevriləm.
YIĞILIR O nədir ki, Nuh Nəbidən seçilib, Zərrə-zərrə, binəsindən yığılır. Anaların laylasınnan içilib, Ataların sinəsindən yığılır. * * * Bir ağacdır, yükdaşıyan bitirər, Meyvəsini nəsil-nəsil yetirər. Qədirbilən yerdə qoymaz, götürər, Damla-damla, künyəsindən yığılır. * * * İrs deyildir, alan kəslər öyünə, Çəkisi yox daşıyanlar deyinə. Ata kürkü deyil, övlad geyinə Müdriklərin məsəlindən yığılır. * * * Onsuz ruhun ac qalacaq, tox olmaz, Nə var götür, ağır gəlməz, çox olmaz. Sellər gələ, sular basa, yox olmaz, Bu dünyanın əzəlindən yığılır. * * * Nağıqızı, yüz ələkdən ələnər, O kamaldır, öz nuruna bələnər, İnsanlığın əməlində görünər, Müdrikliyin timsalından yığılır.
Hər bir yaşın öz özəlliyi, öz gözəlliyi var İnsan üçün. Xüsusən yaradıcı insanların keçdiyi ömür yolu çoxlarına örnək olur.
İnsana və Vətənə sevgisi zəngin bir şəxsiyyət kimi hamının yaxşı tanıdığı Ayətxan Ziyadın fəaliyyətinə nəzər salmaq istəyəndə, öncə, onun insanlığa xas ən vacib xüsusiyyətləri – mübarizliyi, vətənpərvərliyi, əməksevərliyi, vicdanlı, xeyirxah və fədakar olması diqqəti cəlb edir.
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir İnsan. Dözən, dözümlu İnsan olur Allahın məhəbbəti və mərhəməti sayəsində.
Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci ildə Hacıqabul şəhərində anadan olub.
1969-1975-ci illərdə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində təhsil alıb, ilk məqalələri 1969-cu ildə “İşıq” qəzetində dərc olunub.
Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) kimi çalışıb. İlk olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında (1975-1976) işləməyə başlasa da, sonra (1976-1994-cü illərdə) əmək fəaliyyətini ona doğma olan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri) davam etdirmişdir. “Ədalət” qəzetində bölgə müxbiri, “Azərbaycan məktəbi” jurnalında şöbə müdiri, “Respublika” qəzetində müxbir, “Naxçıvan” və “Yeni Naxçıvan” qəzetlərində müxbir, şöbə müdiri, “Həftə içi” qəzetində şöbə müdiri, “Hakimiyyət və Xalq” qəzetinin baş redaktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi və “Dirçəliş-XXI əsr” jurnalının Analitik-İnformasiya Mərkəzinin rəhbəri (15.09.2004 – 03.04.2006-cı illər), “Gənc müəllim” (ADPU) qəzetinin redaktoru (yanvar 2007 – fevral 2015) işləmişlir. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi kimi yaradıcı fəaliyyətlə məşğuldur.Gənc Jurnalistlərin Moskva şəhərində keçirilmiş II Ümumittifaq Qurultayının nümayəndəsi olmuş, Ümumittifaq Teleradio Verilişləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keçmisdir;
– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər, sərasər 6 il, hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir;
– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuş, radioda onun tələbi ilə yaradılmış müvafiq şöbəyə rəhbərlik etmişdir;
“XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
– Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ağdamın Mahrızlı kəndindən olan əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsanəyə dönən ömür” adlı radio verilişi Teleradionun pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh. 60-67);
– Hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində “Ədalət” qəzetinin xüsusi mükafatına, 2012-ci ildə “Əsrin ziyalıları” Xeyriyyə İctimai Birliyinin “İlin alimi – İlin ziyalısı” diplomuna, 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna, 2021-ci ildə WWW/YAZARLAR/AZ`ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna layiq görülmüşdür.
ADPU ETM-də uşlədiyi 6 il ərzində 60-a qədər beynəlxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüş, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Ümumilikdə 16 kitabı nəşr edilib ki, elmi məqalələrin daxil edildiyi “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”, “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi” (dərs vəsaiti), “Şamaxının Kürdəmic kəndi”, “Qazyanlı Mirhəbi ağa”, “Azərbaycan mətbuatı tarixi (Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov), “Zaur Ustacın uşaq dünyası” kitabları tədqiqat yönümlüdür..
“Dədə Qorqud” ünvanında sözüm” (elmi məqalələr və resenziyalar) monoqrafiyasında 22 elmi məqaləsi,“Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində” monoqrafiyasında isə 23 məqalə yer alıb (244 səhifə).
***
Yaradıcı insanlar cəsarətli insanlardır.
Yaradıcı insanlar həmişə axtarışdadır.
Yaradıcı insan öz təxəyyülünü inkişaf etdirməkdə əla bacarıqlara sahibdir, stereotiplərdən kənara çıxır, fantaziyasının sərhədlərini açıqlayır və tamamilə yeni fikirlərlə çıxış edir.
Yaradıcılıq həmişə geniş dünyagörüşü ilə müşayiət olunur. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” deyir, “yazdığını əgər pozmağı bacarmırsansa, səndən qələm sahibi çıxmaz” söyləyir. Ömrünün kamillik yaşında olan Ayətxan Ziyad bu gün də gənclik şövqü ilə yazıb-yaradır.
Gözəl ailə başçısı Ayətxan müəllimi təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları arzulayırıq.