YAZARLAR.AZ TƏQDİMEDİR:
YAŞADIM
Dünyanın dolanbac dolaylarında
Azmadım, ömrümü sürdüm yaşadım.
Gül açıb saralan ömür bağımdan
Yüz ağrı, yüz acı dərdim yaşadım.
* * *
Bir məna var hər gülüşün dalında,
Yüz çalar var üzdə olan xalında,
Uymadım şeytana haqqın yolunda,
Nə qədər şər, böhtan gördüm yaşadım.
* * *
Şimşək tək kükrədim, bulud tək doldum,
Yazda çiçək açdım payızda soldum,
Hər an təbiətlə qol boyun oldum,
Könlümü dağlara verdim yaşadım.
* * *
Min arzu, min istək qalır beynimdə,
Bir dağın yükü var inan çiynimdə,
Dərddən qurumur ki paltar əynimdə,
Dərdimi sinəmə sərdim yaşadım.
* * *
Ay Murad, tapdanmış köhnə izəm mən,
Bəzən haylı küylü səbirsizəm mən,
Demirəm mələyəm, tərtəmizəm mən,
Bəlkə min günaha girdim yaşadım.
ŞUŞANI GÖRDÜM
Bu gecə yuxumda Şuşanı gördüm
Hər tərəf yamyaşıl, quşlar ötüşür.
Yarəb bundan sonra olarmı dərdim
Bu Şuşa dərdimə deyən gün düşür.
* * *
Elə bil cənnətdir havası sərin
Gül gülü çagırır, çiçək çiçəyi.
Üzündən oxunur qəmin kədərin
Bizim şəhərlərin gözü göyçəyi!
* * *
Bulaq şırıltısı şəlalə səsi
Bir anlıq insanı özündən alır.
Bu ilahi şəhər deyim hər kəsi
Yolundan döndərir tilsimə salır.
* * *
Nə xoşbəxt görünür burda insanlar
Baxıram hər kəsin üzündə gülüş.
Bəs niyə danışmır dillənmir onlar?
Nə bir gediş gördüm nə də ki gəliş.
* * *
Elə bil şəhər də sevinir gülür
Gah Günəş boylanır gah da Ay doğur
Bəlkə mən qəribəm məni yad bilir
Dumanlı çiskinli boz yagış yağır.
* * *
Ancaq ki doymadım bu mənzərədən
Burnumda min gülün ətiri qaldı.
Gah dağa boylandım, gah da dərədən
Yadda nə qaldısa ötəri qaldı.
* * *
Bir uzun zəng səsi ayıltdı məni
Bilmədim yuxumu söyləyim kimə?
Ömründə Şuşada olmayan kəsi
Apardı qaytardı bir yuxu demə!
QALA
İstəmirəm bu dünyadan
Ayrılanda gözüm qala.
İstəyirəm az da olsa
Məndən sonra izim qala.
* * *
Gözüm yoxdu var dövlətdə,
Nə ad sanda nə şöhrətdə,
Hərdən hərdən söz söhbətdə,
Bir anılam sözüm qala.
* * *
Dünya puçdur anlayıram,
Hey özümü danlayıram,
Gələn dərdi sonlayıram,
Bəlkə dərdə dözüm qala.
* * *
Qalan ömrü vursam başa,
Dərdim olmaz bir tamaşa,
Agır gündə yar yoldaşa,
Söz deməyə üzüm qala.
* * *
Bir az qışda bir az yazda,
Nə yazmışam var kagızda,
Könlüm istər dil agızda,
Beş on kəlmə yazım qala.
VAR
Hələ neçə arzularım
Ürəyimdə min kamım var.
Nə doyunca dövlət varım
Nə doğrusu imkanım var.
* * *
Amma sağlam bir ürəyim,
Yerə dəyməz heç kürəyim,
Bir qismət halal çörəyim,
Təmiz şəffaf ad sanım var.
* * *
Bu dünyanın savaşından,
Yer nəm çəkər göz yaşından,
Mənə uyğun bir başından,
Bəlli olan ünvanım var.
* * *
Unudulmaz köhnə vərdiş,
Bizi cana yığdı gərdiş,
Səndən mənə qalan dərdiş,
Bir dərd idi dərmanım var.
* * *
Pələng ilim oğlaq bürcüm
Muraddan sor nədi xərcim?!
Allahıma bir can borcum
Sizə qurban bir canım var.
YOLLAR
Bir kənddən şəhərə heç nəyə satdı
Məni gəncliyimdən qoparan yollar.
Məni dilə tutdu yaman aldatdı
Qazaxdan Bakıya aparan yollar.
* * *
Yüz arzu vəd etdi gözüm qamaşdı,
Beynim dumanlandı əlifim çaşdı,
Önümdə təzə bir səhifə açdı,
Qazaxdan Bakıya aparan yollar.
* * *
Yolların içində gözümdə təkdi,
Mən kənddən çıxan gün göz yaşı tökdü,
Aldı ağuşuna şəhərə çəkdi,
Qazaxdan Bakıya aparan yollar.
* * *
Kiminə güvəndi kiminə güldü,
Nə xoş üz göstərdi nə acı dildi,
Bir ömrü aylara illərə böldü,
Qazaxdan Bakıya aparan yollar.
* * *
Min arzu gül açdı alışdı tək tək,
İstədim bu yolda vüsala yetək,
Qoymadı büdrəyək qoymadı itək,
Qazaxdan.Bakıya aparan yollar.
* * *
Bu yol nabələdi gözündən seçir,
Düzü naxələfi üzündən seçir,
Yüz elin çölündən düzündən keçir,
Qazaxdan Bakıya aparan yollar.
* * *
Bir arzu ,bir ümid dalınca gəldik,
Bu yolu hər dərdin əlacı bildik,
Vallah burda sevdik burda sevildik,
Bizi sevgilərə aparan yollar.
Məni gəncliyimdən qoparan yollar.
DOSTLARI
Kəmfürsət deyilsə günahından keç
Tanrım utandırma, aman, dostları.
Niyyəti pisdirsə yaxın qoyma heç
Məndən uzaq eylə yaman dostları.
* * *
Qəlbinə işıq saç daim gur eylə,
Tərtəmiz bulaq tək üzün nur eylə,
Yarəb, kəramət ver özün pir eylə,
Ürəyinə şübhə daman dostları.
* * *
Hər kəs bir ağılda, dində nə edim?!
Hamıya hər yerdə sözümü dedim,
Heç vaxt qınamadım ancaq sevmədim,
Hər şeydən mənfəət uman dostları.
* * *
Sən elə sanma ki Murad naşıdı,
İndi ömrümüzün kamil yaşıdı,
Sızıldayan ürəyimin başıdı,
İtirdikcə zaman zaman dostları.
TORPAQ
Türkün qılıncıyla yoğrulan torpaq
Onun namusudur əl vurmaq olmaz!
Türkün nəfəsindən titrəşər yarpaq
Onun qabağında sədd qurmaq olmaz!
* * *
Kimsənin malında gözü yox onun
Malına toxunsan peşiman edər.
Nəfsinə hakimdir gözü tox onun
Süfrəsi açıqdır ürəyi qədər.
* * *
Türkün nifrəti də sevgisi qədər
Düşmənə zalımdır, dosta mehriban.
Onu əyə bilməz qüssə qəm kədər
İnamı sarsılmaz sınmaz heç zaman.
* * *
Tanrıdan güc alar çətin anında
Nə dala çəkilər, nə qorxu bilər.
İlahi yanğı var onun qanında
Qanı qaynadısa özünə gələr.
* * *
Torpağı uğrunda canından keçər
Namusu qeyrəti hamıya bəlli.
Nə yurdu dəyişər nə yurddan köçər
Nəyə sahibdisə tutar beşəlli.
* * *
Türkün canındadır əzəmət vüqar
Heç kəsə baş əyməz bu minnət deyil.
Onun qanındadır sədaqət ilqar
Dostuna sadiqdir müxənnət deyil.
KƏNARDAN BAXANDA
Kənardan baxanda çox bəxtəvərəm
Bu pünhan dərdimi bir kimsə bilməz.
Boy verən gül açan min dərdi sərəm
Üzüm gülərsə də ürəyim gülməz.
* * *
Tale möhürlənmiş bir yazılı baxt,
Ömür saat saat hey əriyən vaxt,
Nə tez külə döndü bu qurduğum taxt,
Heyif dövran keçdi dün geri gəlməz.
* * *
Ay Murad, fikirləş gör bu nə sirdi?!
Səcdəm Allahadı inancım pirdi,
İnsanı öldürən dərddi, fikirdi
Yüz fikir eyləsən bir borcu silməz.
Müəllif: Murad MƏMMƏDOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru