ZAUR ƏRMUĞAN – VƏTƏN

VƏTƏN YOLU
Zirvələrə bayraq sancan
oğullar keçib bu yoldan.
Şir biləkli,
Sinəsi boz qurd ürəkli,
Qələbə diləkli
Oğullar…
Hər ayaq izi bir çiçək bitirib bu yollarda,
ətri vətən dadlı.
Hər nərəsi cəngavərlik hünəridir,
Hər kəlməsi od qanadlı
Arzuları yurd eşqindən zəfər çalan
döyüşçümün.
Əldə silah
yol keçib igidlər
buradan ayaq-ayaq.
Dəmir atlar nərildəyib bu yollarda.
Əsgər nəfəslidir
torpaq.
Döyüş kimi,
Savaş kimi
Sədalı, səslidir
çaylar.
Ərlərin, ərənlərin yoludur,
Köksü qalxan,
Əlləri, qolları süngü olan
Övladların — sinəsini gərənlərin yoludur
bu yol.
Amalı, məramı ulu,
Qalibiyyət dolu
bir yoldur vətən yolu.
Vətən andı içənlərin,
Vətən üçün öz canından keçənlərin,
Mübarizə meydanında mərdliyi bir şərəf bilib
haqq yolunu seçənlərin
yoludur bu yol.

MÜQƏDDƏS QİSAS
Göylərə çəkilən şəhid ruhuna
Tanrı sığal çəkir öz əlləriylə.
Dünyanın göz açan al sabahına
Şəhid ətri dolur yurd yelləriylə.
* * *
Yer üzü, göy üzü sarınmış cəngə,
Torpağın qarası bir lalə rəngə.
Nərələr təbildir bir gur ahəngə,
Savaş meydanı da can çölləriylə…
* * *
Şəhid qanlarıyla yoğrulub torpaq,
Təzədən, təzədən doğulub torpaq.
Bir bax, məşəl olub, od olub torpaq
Əbədi alovu qor dilləriylə…
* * *
Bil, adı mərdlikdir hər başdaşının,
Qəddi dağ qəddidir qəlb sirdaşının.
Gözlərdən süzülən o göz yaşının
Çeşməsi ürəkdir ah selləriylə.
* * *
Şəhidlər torpağı vətən eləmiş,
Bu çölü, bu dağı vətən eləmiş.
Şəhidlər bayrağı vətən eləmiş,
Gəlir səcdəsinə yurd elləriylə.
* * *
Oğullar zəfərlər çaldığı yerdə,
Müqəddəs bir qisas aldığı yerdə,
Şəhid məzarının olduğu yerdə
Vətən çiçək açıb tər gülləriylə.

ŞƏHİD ADI
Bu yağan yağışdan barıt qoxusu gəlir.
Bu əsən küləkdən duyulur
qan dadı.
Ucalır Vətən göyünə
torpaq olan canların
şəhid adı.

VƏTƏN
Ana yurdum, obamdır,
Vətən elimdir mənim.
Beşiyimdir, yuvamdır,
Vətən evimdir mənim.
* * *
Çölüm, dağım, daşımdır,
Ruhumdur, yaddaşımdır,
Məzarım, başdaşımdır,
Göyüm, yerimdir Vətən.

GƏLİR
Bu otdan, çiçəkdən,
Bu yeldən, küləkdən,
Ağacdan, yarpaqdan,
Havadan, torpaqdan
Yurd qoxusu gəlir.
* * *
O atəş səsindən,
Səngər nəfəsindən,
O sipər canlardan,
Tökülən qanlardan
Qurd qoxusu gəlir.

ŞƏHİD
Sipər oldun zərbələrə,
Sinə verdin qəlpələrə.
Zirvələrdən zirvələrə
Hər dağı ucaldan şəhid.
* * *
Sən bir savaş fatehisən,
Azərbaycan tarixisən.
Əbədiyyət taleyisən,
Torpağı ucaldan şəhid.
* * *
Taxtın uca göy üzündə,
Al qanın vətən düzündə.
Müqəddəssən el gözündə,
Bayrağı ucaldan şəhid.

QƏLƏBƏM
Zirvəsi buludlara dəyən
sinəsi dağlı dağların,
Gözlərini həsrətli yollara dikib
səadət axtaran
gözü yaşlı çiçəyinin talan yurdu
bağların
Könül dolusu gülür indi,
Çağların
milyon-milyon insanlarla
Ümman-ümman sevincini bölür indi
Qalibiyyət zəfəriylə,
Bir qələbə xəbəriylə
Vətən dediyim ocağım, odum, hey!
Havam, suyum, torpağım,
Daşım, izim, adım, hey!
Andım, hey!
Dan yerinə
xoş müjdəli sabahla yetişdin sən,
Ürəklərlə,
Diləklərlə
Sinə-sinə, qucaq-qucaq,
Ağız-ağız, dodaq-dodaq
görüşdün sən —
Qələbəm mənim.
Dilə gəldin
Sən müqəddəs kəlam kimi,
İnsanlara:
“Gözün aydın olsun!” — dedin salam kimi.
O bayrağın sancıldığı yerə
mənim canım fəda.
O əsgərin yarasına qanım fəda.
Ər oğlu ər şəhidlərim!..
Hünərpərvər şəhidlərim!..
Köksü səngər şəhidlərim!..
Ruhunuz şad!
Bu yer azad!
Bu göy azad!
Min-min mərdin cəsarəti,
Ölüm-dirim savaşında sarsılmayan dəyanəti,
Amalına sədaqəti
bəxş eylədi yurda səni.
Ey qələbəm!
At belində mərdanəlik havasıyla
yol gəldin sən.
Övladına:
“Get cəbhəyə döyüş!” — deyən,
“Yağılara qan uddurub vuruş!” — deyən
anaların duasıyla
doğuldun sən,
Ey qələbəm!
İnadından dönməzlərin,
Ölümüylə ölməzlərin
al qanıyla yoğrulan
torpağımdan
göyərən nursan!
Sən bir vətən vüqarı!
Sən bir zəfər qüruru!

Müəllif: Zaur ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir