ƏYALƏTDƏN BAŞLAYAN SƏNƏT YOLU – İSMAYIL MƏRCANLI İMANZADƏ

NƏCİBƏ İLKİN – YAZAR.

               ƏYALƏTDƏN BAŞLAYAN SƏNƏT YOLU

    Elə əvvəlcədən qeyd edim ki, qısa zaman kəsimində nəinki öz imzasıyla, həm də ədəbi proseslərə fəal qoşulmağı ilə çoxlarını, (o cümlədən mənim özümü də) sözün yaxşı mənasında təəccübləndirməyi bacaran Nəcibə İlkinin əldə etdiyi uğurlara ürəkdən sevinirəm.  

                       Nəcibə xanım ədəbi aləmə gəlişi Mingəçevirdən, daha dəqiq desəm Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsindən başlayıb.Yaxşı xatırlayıram, AYB-nin Mingəçevir bölməsi fəaliyyətə başlayandan bir il sonra şöbə redaktoru işlədiyim şəhər qəzetinin baş redaktoru mənimlə görüşüb söhbət edəndə: “Dünən axşamüstü uzaqdan-uzağa tanıdığım bir qadın redaksiyamıza gəlib, şeir yazdğını və kiminsə məsləhətinə ehtiyacı olduğunu bildirəndə, ona səninlə görüşüb, söhbət etməyini məsləhət gördüm. Düzünə qalsa, şeirdən elə də anlayışım olmasa belə, şəxsi fikrimcə o, istedadlı qadındır. Görüşəndə özün də buna əmin olacaqsan!..”

         Ertəsi gün nahar fasiləsinə yaxın, həmin qadın bölmənin fəaliyyəti  üçün ayrılmış otağın qapısını döyüb içəri girdi. İlk tanışlıqdan sonra çantasını açıb, əllə yazılmış iki şeirini qarşıma qoydu. Şeirlərdə müəyyən qüsurlar olduğunu görsəm də, onu ruhdan salmadım və elə o andaca hiss etdim ki, bu qadın istedadlı olduğu qədər də,  fərqli fikirlərə, daha doğrusunu desəm, tənqidə normal şəkildə dözüm göstərməyi bacarır. Hər iki şeiri ilə bağlı fikrimi bildirəndən sonra: “Qoyun şeirləriniz məndə qalsın, bəlkə bəzi yerlərinə əl gəzdirməli oldum!-deyəndə təəccüblə üzümə baxdı. Əlüstü dilləndim: Narahat olmayın, bu ədəbi aləmdə normal hal hesab olunur. Tələbəlik illərimdə mənim də ilk şeirimə Minayə Piriyeva adlı bir qız düzəliş edib ortaya çıxarmışdı! Ancaq yadınızda saxlayın ki, zəhmət çəkmədən, yalnız istedada güvənməklə çox da uzağa getmək mümkün deyil!..”

                     Növbəti dəfə yanıma gələndə bir neçə misrasında düzəlişlər etdiyim hər iki şeirini özünə qaytarıb, bəzi məsləhətlər də verdim. Və əlavə etdim ki, inanıram ki, çeşidli mövzularda daha gözəl və mənalı şeirlər yazmağa qadirsiniz, ancaq zəhmətə qatlaşmaqla bərabər, ədəbi prosesləri müntəzəm olaraq izləməyi də unutmayın!..”

                       Günlər, aylar ötüb keçdikcə Nəcibə xanımla ilgili zənnimdə yanılmadığımı görüb, onun ilk şeirlərinin dərc edilməsinə də yardmıçı olmağı qərara aldım. O vaxtlar Mingəçevirdə fəaliyyət göstərən özəl bir ali məktəbin “Ümman” adlı mətbuat orqanında redaktor olduğumdan, ayda bir dəfə nəşr olunan qəzetin bir səhifəsində müxtəlif imzalar altında şeir və hekayələr də dərc olunurdu. Nəcibə xanımın ilk şeirinin  qəzetdə dərc olunmasını vacib hesab etdiyimdən, növbəti görüşümüzdə imzani də dəqiqləşdirməli olduq. Və dedim ki, adınızın sonluğu üçün ya qızınız Günelin, ya da oğlunuz İlkinin adlarından birini seçməyiniz daha münasib olardı. Oğlunun adının üstündə dayandı və ilk şeirləri Nəcibə İlkin imzasıyla oxuculara təqdim edildi…

         Şeirdən-şeirə püxtələşdiyini hiss etdikcə, oxuyub-öyrənməyin, halal zəhmətə qatlaşmağın bəhrəsini görən həmkarıma davamlı olaraq dəstək verməyin savabının sevincini dönə-dönə yaşadım. Yeri gəlmişkən, təvazökarlıqdan bir az uzaq olsa da deyim ki, kimliyindən asılı olmayaraq istedadlı adamlara, illah da gənclərə qarşı çox həssasam və onların sonrakı uğurları ilə bağlı həmişə qürur hissi keçirən bir qələm əhliyəm…

     Yuxarıda qeyd etdiyim kimi, Nəcibə xanım yaradıcılığının elə ilk mərhələsindəcə etimadımı yetərincə doğrulda bildi. Və  İllər öncəsi Bakıya köçüb gedəndən sonra Mingəçevirdə sahib olduğu ədəbi təcrübəyə arxalanıb, cəmisi iki-üç ilin ərzində paytaxt Bakıda ədəbi proseslərə qatılmaqla, boy göstərməyə, qazandığı uğurları sıralamağa nail oldu…   

                         O, paytaxtda yaşadığı ilk illərdə o vaxtlar nəşr olunan qəzetlərin birində işləyib, publisistlik bacarığını da ortaya qoydu və sıradan bir yazar olmadığını çoxlarına qəbul etdirdi. Sonrakı illərdə təsisçisi və baş redaktoru olduğu “Azad qələm” qəzetini istedadlı qələm sahiblərinin söz tribunası kimi tanıtmağa nail oldu. Nəcibə xanım bir neçə ildir ki, eyni adlı (“Azad qələm”) dərgisi ilə ədəbi aləmdə özünəməxsus olan  yolu davam etdirməkdədir. Sevindirici haldır ki, o artıq qardaş Türkiyədə də xeyli dərəcədə tanınmağa və həmin məkanda düzənlənən çeşidli ədəbi tədbirlərdə bir sıra tanınmış yazarlarımızla birlikdə ölkəmizi təmsil etməkdədir…

                       Yazımın bundan sonrakı məqamlarında Nəcibə İlkinin şeirlərinin mövzusundan və təsir gücündən bəhs etmək istəyindəyəm. Yuxarıda dediyim kimi Nəcibə xanım əyalətdən paytaxt Bakıya üz tutandan sonra öz zərməti və istedadı sayəsində çox keçmədən ədəbi proseslərə uğurla qatıla bildi. Bəs, bu xanım yazarın yaradıcılığına oxucu diqqəti nədən və nələrdən qaynaqlanır. Əminlik hissiylə deyərdim ki, ilk növbədə qələmə aldığı şeirlərinin təsir gücündən, özünün həssas qəlbə sahib olmağından və bir də xeyirxahlığından!

      Nəcibə İlkinin hər şeydən öncə gələn Vətən-yurd sevgisi onun “Bütöv Azərbaycan” adlı yeddi bəndlik bir şeirində də özünü biruzə verməkdədir. Şeirdən seçim etdiyim aşağıdakı nümunələrdə bu istək açıq-aşkar hiss olunmaqdadır:

Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,                  +
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!

        Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!

        …Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam!..

      Şair bir ölkə vətəndaşı kimi onilliklər boyu yadellilərin başımıza açdıqları müsibətlər nəticəsində torpaqlarımızın işğala məruz qaldığını dilə gətirdiyi kimi, tarixi düşmənlərimizlə ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların analarının dərdinə-ələminə söz məlhəmi yaxmağı və onların müsibətinə ortaq olmağı da özünə borc bilir. Aşağıdakı “Ey şəhid anası” adlı şeirinin kövrək misralarında olduğu kimi:

                   Ey şəhid anası!

Geymə qara libası…

Bu libas həqiqətin qaranlıq səmasıdır,

Bu libas ürəyimin odlanan parçasıdır,

Bu libas həsrətimin son damla göz yaşıdı.   +

Kipriyimdən asılan  dərdlərimin daşıdı.

Çıxart qaranı geymə,

Başını uca tut, əymə.

Adından boy atıbdı igidliyin qeyrəti,

Adınla yaşanıbdı tarixin həqiqəti!

          Şairin özü də hər şeydən qabaq həssas qəlbli ana olduğundan şəhid anasına xitabən yazdığı şeiri aşağıdakı misralarla yekulaşdırır və qeyrətli oğul anasının yenilməzliyini önə çəkir:

Mərmi-mərmi ucaldı o haqqın dərgahına

O şəhid ki, tarixin yaddaş səhifəsidi

O şəhid  parçalanan ömrümüzün səsidi.

Vətən oğul deməksə, oğul da vətəndi bil,

Vətənin dar günündə oğul ona təndi bil,

Qarabağ tarixini yazan şəhid oğulun,

Anası qara geyməz, o analar anası,

Azadlığın sədası!!!

     Mənim qənaətimcə, bu şeirin təsir gücü və qayəsi də elə müəllifin dərdli bir insanının müsibətinə şərik olmaq istəyindədir!

    Nəcibə İlkinin poetik “palitrası” al-əlvan olduğu kimi, lirik “məni” də çeşidli xarakter çalarlarına sahibdir. Aşağıda nümunə olaraq çatdırrdığım bir neçə şeirində seçim etdiyim misralarda bu əlamətlər ilk olaraq gözə çarpmaqdadır:

Şeirimin  bahar gözü,

Yaşla dolub, kövrəlibdi.

Yaz nəfəsli ürəyimdə

Qış yenidən dirçəlibdi.

Hər sözümün bənövşəsi,

Qara xallı laləsi var.

Vətən deyən dillərimin

Göyə qalxan naləsi var.

 Şairin iç dünyasının təlatümlərindən soraq verən “Şeirimin bahar gözü” adlı

bu şeiri də maraqlı bir deyimlə sonuclanır:

                 Misra-misra qocalıram,

Kəlmə-kəlmə can verirəm.

Şeir-şeir ucalıram,

Vətən boyda qan verirəm.

Sözlərimin soyqrımı,

Dillərimdən asılıbdı.

Qələm tutan əllərimi,

Gör kimlər daşa basıbdı.

     Müıllifin “Ciliklənən xatirələr” adlı şeri isə günümüzün reallıqlarını əks etdirməsi ilə  diqqəti çəkir. Aşağıdakı misralarda da bu özünü biruzə verir:

Soyunub qəm köynəyini

Üzü dağlara gedəsən.                

Gəzib dağları doyunca

Sonra da gözdən itəsən.

Acını çəkə ev-eşik,

Yol gözləyə dost-tanışın. 

Çiliklənən xatirələr

Ola sənin məzar daşın…

     “Qaçmaq istəyirəm” adlı şeirindən nümunə olaraq sərgilədiyim misralar isə şairənin acılı-şirinli günlərin görünməyən üzünə işıq salmaq istəyindən qaynaqlanır:

                  Yad fikirli, özgə baxışlı doğmalardan,

İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.

Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,

könül evimə kül üfürənlərdən.

Qaçmaq istəyirəm, qaçmaq…

Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim   +

Arxamca gəlməyin ey yolda, irizdə

düşüb itən dərdi-sərim.

Qoyun,  bir az dincəlim…

 “Şuşam” adlı bir şeirində o, milli kimliyimizin iftixar-qürur rəmzi olan bu qədim mədəniyyət beşiyinə yönəlik sevgisini aşağıdakı misralarla dilə gətirir:

                  Şuşam, əllərini ver əllərimə,

Gəlib bircə gecə qonağın olum.

Söykəyib üzümü ağ tellərinə,            

Həsrətdən qırışan yanağın olum.

… Daha yad qucaqda olmasın yerin,

Çəkdiyin acılar dərindən dərin,

Deyə bilmədiyin xatirələrin,

Yaza bilmədiyin varağın olum.

     Həzin-kövrək notlar üstə köklənən “Ana” adlı bir şeirində isə Nəcibə xanım daha həyatda olmasa da, yuxularında  üzləşdiyi bu ülvi varlıdla ilgili həsrətini belə ümumiləşdirir:

Məni çox incidir küsüb getməyin,

Kimi bağışlayım, nə haqla ana!

Dediyin son kəlmə, son vəsiyyəti,  

                Gəl könül evimdə  varaqla, Ana!

                   Və  şeirin sonunda belə deyir:

Daha ümidlərim yolunu azıb,

Bilmədim bu bəxti kim belə yazıb,

Esitsən ölmüşəm, qəbrimi qazıb,

Əlinlə üstümü torpaqla, ana!

   Təbiətən həssas və kövrək qəlb sahibi kimi tanınan şairə sevgi-məhəbbət mövzusunda yazdığı şeirlərdə də ürəyinin bulud harayı ilə oxucunu riqqətə gətirməyi bacarır. Aşağıda bir neçə şeirindən seçim etdiyim misralarda olduğu kimi:

Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,   

Kipriklərim yanağımda.

Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı….

                      (“Olaydı” adlı şeirindən)

                              Və ya:

 Şirin ümidiylə, aldanışıyla,
Bir sevgi qapımı döyür yenə də. 
İndidən görürəm saçda ağ dəni,
Qərib harayı var yenə sinədə.

Hicran oyanmasın, ümid sönməsin,
Qəm xəbər tutmasın, kədər dönməsin,
Dözərəm, mənim də anam ölməsin,
Qorxmaram bu yolda olan tənədən.

                             Və yaxud:

Nimdaş təsəllidir şirin sözlərin,   

Tavanı sökülmüş uçuq bir damam.
Elə qalayıb ki, oda gözlərin,  
Qorxuram əriyib ovcuna damam.

Üzümə bağlanıb xatirə qapım,
Öləm-ürəyimdən keçməz bu sitəm.
Keç get, atam oğlu, mən gül deyiləm,
Hər bahar bir çəmən qoynunda bitəm.

                                 (“Nimdaş təsəlli”)

               Bu da müəllifin ülvi məhəbbət mövzusaunda qələmə aldığı  şeirlərdən seçdiyim sonuncu nümunə:

Mənə küsməyi öyrət

Darıxım səndən bir az.    

Baş qoyum həsərətinə,

Oyanım, gələndə yaz.

Mənə küsməyi öyrət

Bir az çıxım yadından.

Sənə məktub göndərim   

“Küsəyən qız” adından.

         (“ Mənə küsməyi öyrət”)

     Ötüb keçən illər ərzində Nəcibə xanım kitablarını da nəşr etdirməyə macal tapıb, ədəbi uğularına görə Prezident təqaüdçüsü adına layiq görülüb, istedadlı gənc ədəbi qüvvələrin üzə çıxarılmasında önəmli pay sahibi olub. Qardaş Türkiyənin tanınmış yazarları ilə əməkdaşlıq edib və ən başlıcası isə, ölkəmizin ən tanınmış yazıçı-şairləri arasında özünə xas olan yazı üslubu ilə tanınmağa müvəffəq olub…

  Zəngin və çoxşaxəli ədəbi yaradıcılığa sahib olan Nəcibə İlkinin keçdiyi yolun elə bu məqamındaca yazdıqlarımı sonuclamağı münasib hesab edir və əziz həmkarımın qarşıdakı illərdə də növbəti uğurlarını sıralayacağını əminlik hissiylə vurğulayıram. Uğurlar diləyi ilə:

  MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

NƏCİBƏ İLKİNİN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayxan Hüseynli – Şeirlər

Ayxan HÜSEYNLİ – şair.

Dua elə…

Bir gün tək qalanda,

          bir vərəq götür, bir də ki qələm…

Aç sinəni, bax qəlbinə

             gördüklərini başla,

                           vərəqə köçürməyə.

Gördüklərin həqiqətdir,

                  həqiqəti təsvir elə.

Bütün qəlblər bir ziynətdir,

                    zərgərini təsvir elə.

Orda vicdan görəcəksən,

                    yeri, yurdu bəlli deyil.

Orda insaf görəcəksən,

                    sağı, solu bəlli deyil.

Mərhəmət, ləyaqət,

                      mətanət görəcəksən,

Dağılıbdır, hərəsi bir tərəfə,

Vəfa gizlənibdir, deyə

                       yer tapmırlar özlərinə.

Səni möhkəm üzəcəkdir,

                        məhəbbətin acizliyi,

saxta hisslər hökmrandır,

                         bəzəyibdir səadəti.

Yaz bunları o vərəqə,

                     vərəqə bax, dua elə…

Qalibi mən, məğlubu mən…

Mən yazmışam…

Həqiqəti yalanların arasında incə-incə

Oxumuşam doğruları,

              yalnışların arasında bircə-bircə.

Mən bilmişəm…

                  ədalətdə tərəzinin haqq tərəfin

Mən görmüşəm…

Mən etmişəm…

Niyə axı hər cümlədə “mən” demişəm.

Mənsiz olmaz bu fikirlər?!

Yazırmışlar həqiqəti

               yalanların arasında incə-incə,

Oxumuşlar doğruları

                 yalnışların arasında bircə-bircə.

Bilirmişlər…

                ədalətdə tərəzinin haqq tərəfin.

Görürmüşlər…

Edirmişlər…

Demək mənsiz

                         yazılarmış həqiqətdə,

                         bilinərmiş ədalətdə.

Onda niyə gərək,

            bu qədər məndən demək???

Bəlkə vardır daxilimdə,

Məni məndən sorğulayan.

Müsbət məni, mənfi məndən

                    ayırd edib vurğulayan.

Qoy savaşsın daxilimdə

                           mənlər daim,

qalibi mən, məğlubu mən

                               olum qaim…

                                                                                                        

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.

AYXAN HÜSEYNLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həyat dərsi

Leyla YAŞAR – yazar.

HƏYAT DƏRSİ
Bəzən bezərsən ,bəzən yorularsan, səssizcə için – için aglıyarsan, yorularsan ,doyarsan ,amma əl çəkə bilməzsən !
Təkliyə çəkilib düşünərsən, dagı.arana, aranı daga daşıyarsan ,xəyallara dalarsan ,xatirələrlə dalaşarsan ,yenə də sakitləşib susarsan.
Bəzən hər şeydə özünü ,bəzən də başqalarını günahlandırıb taleyindən küsərsən.
Axtararsan – axtararsan çıxış yolu tapmazsan,ümüdsüzlüklə çırpışarsan, göz yaşlarını sel kimi axıdarsan qəhərdə bogularsan ,yenə də güclənib ayaga durarsan.
Çox qəribədi , dostum , həyatla dalaşa – dalaşa ,onu pisləyə – pisləyə sevərsən.
Səni agladar,amma yenə də yüyüyrüb onu qucaqlayarsan.
Heç buraxmaq istəmızsən onu, o səni buraxsa belə.
Birdən o qədər yorularsanki ,keşkə ölsəm canım qurtara deyərsən, amma barmagına bir tikan batan kimi tez çıxardıb sarıyarsan.
Ölümdən o qədər qorxarsanki ,həyatın yaşatdıqlarını bir saniyədə unudarsan.
Sevgidə xəyanət görərsən ,dostdan xəyanət görərsən , dogmalardan pislik görərsən ,amma yenə də həyatdı deyib keçərsən.
Əzilərsən,əyilərsən ,amma sınmazsan .
Büdrəyərsən, yıxılarsan ,qalxıb axsayarsan, sonda yüyürməyi bacararsan .
Həyat bir dünyadı , səni yaşadan dünya. Səni var edən dünya!
Həyat səni agladar dostum, aglıyarsan, göz yaşın qurumamış silərsən gülümsünərsən..
Həyat aglamaqdı ,həyat yıxılmaqdı , əzilməkdi ,düşməkdi ,qalxmaqdı dostum!
Yıxılarsan yenidən durarsan ,yenidən yıxılarsan ,yenidən tutunarsan durarsan …
Həyat sevməkdi ,sevgidi dostum!
Həyat xəyanətdi ,yara üstündə qaysaqdı ,dostum!
Həyat unutmaqdı,unudulmaqdı,xatırlamaqdı, xatirədi ,dostum!
Həyat boşluqdu,həyat xəyaldı,həyat ümüddü ,həyat çıraqdı, dostum!
Həyat mübarizədii, həyat iradədi ,həyat dözümdü, dostum!
Görəcəyin heç nədən qorxma ,dostum.
Bezəcəksən ,yorulacaqsan susacaqsan ,qışqıracaqsan , yıxılacaqsan ,duracaqsan amma yaşayacaqsan ,dostum!
Həyat devizin bu, nə qədər küssəndə ,aglasan da ,bezsən də mübarizəni yanından heç yerə buraxma.
Ürəyində sevgi ,yanında ümid ,üzündə sevinc ,amacın yaşamaq olsun , dostum !

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşar – ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi. Elə buna görə 1987-ci ildə universitetə ​​qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum  “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.

O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.

Bizim nəslin tələbəlik çağı – universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə  atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.

Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta  taleyini belə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları… Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan…  Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri…

         2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları…

Bütün bunlarla yanaşı, Əjdər Olun  mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi, adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı…  Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu…

Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və  komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.

Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunu onun son dərəcə dəqiq və yerində təhlilləri ilə  kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.

Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını və rəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.

“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərini müxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir…

Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alan hekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.

Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.

Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəki birinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir…

Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.

Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin  çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa – Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik… Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyi parçalar  məni çox təəccübləndirdi…  Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı.  Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq və çəngəl  səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün  mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”

Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.

Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllimgilin Şuşa yürüşü”  hekayəsi ilə  “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.

Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.

Müəllf: İmdat AVŞAR

İMDAT AVŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – SALAM, PAYIZ!

Aytac İBRAHİM– şair, yazar.

SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər …
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər…
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər….
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim …
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə…
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər…

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ…
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbdürrəhim bəy Haqverdiyevin hekayə yaradıcılığının ilk mərhələsi

Əbdürrəhim bəy Haqverdiyevin hekayə yaradıcılığının ilk mərhələsi

Azərbaycan bədii nəsrinin inkişafında misilsiz rolu olan Əbdürrəhim bəy Haqverdiyev 1892-1906-cı illər ərzində daha çox dramatik əsərlər yazmış, sonralar isə mütəmadi olaraq nəsrlə, o cümlədən, hekayə yaz­maq­la məşğul olmuşdur. Bu baxımdan, tədqiqatçılar ədibin hekayə yaradıcılığını 2 mərhələyə ayırırlar: ilk mərhələyə 1906-cı ildə yazıb “Həyat” qəzetində dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri aiddir.
Ə.Haqverdiyevin yaradıcılığında “Bəxtsiz cavan” faciəsi ilə başlayan “atalar və oğullar” qarşıdurması “Ata və oğul” hekayəsində davam edir. Hekayəni bu yöndən təhlilə cəlbetmə ədəbiyyatşünaslığımızda daha əvvəllər də mövcud olmuş təcrübədir. “Atalar və oğullar” məsələsi yalnız konkret valideyn-övlad arasındakı anlaşılmazlıq olaraq qalmır – bəşər övladının yaranışından mövcud olan problem kimi meydana çıxır: elm, məişət və sənətin müxtəlif sahələrində yaranan fikir ayrılıqları problemin əsasını qoyur və bütövlükdə nəsillərin qarşıdurması şəklində əksər böyük yazarların yaradıcılığında ifadəsini tapır. Nəsillərarası münasibətlərin qırılması “atalar və oğullar” məsələsi kimi müxtəlif əsərlərdə bəzən əsas, bəzən fon motiv kimi mətnlərdə yer alır.
Ə.Haqverdiyevin “Ata və oğul” hekayəsinə “atalar və oğullar” kontekstindən yanaşıldıqda birincilərin (Hacı Xəlil, Kərbəlayı Qulaməli, Rüstəmin atası) təlim-təhsil tərəfdarı olmaları, hesab-kitabda halallıq, sədaqət, fədakarlıq, yaxşılıq, humanistlik kimi xüsusiyyətlərə münasibətlərinin idealizə olunduğunu görürük. Gənc nəslin əsərdə təsvir olunan hər iki nümayəndəsinin isə (Rüstəm, Əkbər) tənbəl, nankor, valideyn hesabına yaşayan, ata mülkünü dağıtmağı hər şeydən yaxşı bacaran, əyləncəni təhsildən üstün tutan düşüncəsiz, intizamsız olduğunu izləyirik.
Ə.Haqverdiyevin maarifçi realizmi hekayə yaradıcılığının ilkin mərhələsində dini aspekt­də təşəkkül tapır; “Pir”, “Şəbih”, “Seyidlər ocağı” kimi hekayələrdə dini fanatizmi hədəflədiyi halda, ilk hekayəsində insana islam əxlaqı ilə aydın yol göstərir. Deməli əksər maarifpərvər ədiblər kimi Ə.Haqverdiyev də dini hədəf seçmir, cəhaləti tənqid edirdi. Ədəbiyyatşünas Tehran Əlişanoğlu bu hekayəni “milli müsəlman həyatının “proza”sı­nı verən ibrətli bir hekayə” adlandırır.
Hacı Xəlil insanın həyatını çevrələyən bütün məsələlərə münasibətdə ideal bir obrazdır. Yetimliklə böyüyüb, min bir əziyyətə qatlaşan balaca Xəlilin uğurlu iş adamı, hörmətli, nüfuzlu Hacı Xəlilə çevrilməsi prosesi oxucunun gözü qarşısında baş verir: onun uğurunun səbəbi oğluna da vəsiyyət etdiyi kimi, təhsilli və inanclı olması, bu dəyərlərə tutunmasıdır. Burada qarşısına çıxan insanların kimliyi və necəliyi də az əhəmiyyət daşımır. Adətən, bədii mətnlərdə izlədiyimiz naqis ruhani, yetim əməyindən sui-istifadə edən “qaniçən” obrazları bu hekayədə görə bilmirik. Mənfi obraz olaraq yalnız Əkbərin dostu Rüstəm hekayənin ikinci – Xəlilin ölümündən son­rakı hissəsində görünür və ardınca yalnız şər və pislik gətirir.
Hacı Xəlil ölüm yatağında oğluna xüsusi vurğu ilə özünə doğru yoldaş seçməyi vəsiyyət edir: “Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!” Hacı Xəlilin “yenə deyirəm” deyə vurğu etdiyi nəsnə həqiqətən də yerini tapır, zamanla yaman yoldaş seçiminə görə Əkbər əzablar çəkir, atasının dediyi kimi, min bəlaya da düçar olur, xalq arasında da bədnam olur. Bu hekayədə müxtəlif məsələlər qabardılsa da, əsərin əsas ideya məzmunu didaktik xətdir – övlada vəsiyyət edərkən əslində nəsihət verən atanın sözləri ən çox bu istiqamətə yönəlir.
Ə.Haqverdiyev uzun mətləblərdən qısa bəhs etməyin ustasıdır; yazdıqları arxasında yazmadıqlarını da görə bilmək mümkündür. Bir insanın yanlış yola düşməsini hekayədə mərhələ-mərhələ, lakin qısa təsvirlərdə izləyirik. İlk dəfədən səhərə kimi içki məclisində əylənən Əkbərə yoldaşı Rüstəm deyir: “Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənərsən. Ayaq bir-bir qoyarlar nərdivan”a. Əkbər qısa müddətə nərdivanın elə bir pilləsinə qalxır ki, oradan yıxılanda həyatı, taleyi paramparça olur. Əvvəlcə yanlış addımlar atarkən utanıb-qızaran, yanlış saydığı əməllərinin üstü açılmasın deyə, yalan danışmağa məcbur olan Əkbər sonra heç yalan danışmağa belə cəhd gös­tərmədən anasına qarşı kobud davranaraq “Bir yol, sənin borcun deyil” – cavabını verir. Ana oğlunu bu illətdən qurtarmağa çalışmır, cəhd gös­tərmir, sadəcə xiffət edib xəstələnir və dünyasını dəyişir. Onun təbiətindəki bu acizlik, çarəsizlik “binəva övrət” birləşməsində ifadə olunur. Hadisələr sona doğru sürətlə cərəyan edir. Atanın ömrü boyunca qəpik-qəpik qazandıqlarını oğul böyük məbləğlərdə havaya sovurur.
Hekayədə əxlaqi dəyərlərin dini dəyərlərlə tənzimlənməsi sondakı beytdə də əksini tapır: “Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi” (beytin hərfi tər­cüməsi) fikrini sitat gətirən müəllif yenə oxucunu dini əxlaqdan bəhrələnməyə sövq edir. Maarifçilik mövqeyindən tədqiq olunan “Ata və oğul” hekayəsi də Haqverdiyevin son­rakı digər hekayələri kimi bir ailənin timsalında cəmiy­yətin sosial bəlalarını üzə çıxarır.
Bu hekayədə təhsilə münasibət həm Hacı Xəlilin, həm də Rüstəmin atasının simasında əksini tapır. Oğluna vəsiyyət edən ata deyir: “Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı ləzzət aparacaqsan”. Fikir versək, adam olmaq savadlanmanın nəticəsi kimi gös­tərilir. Bəs Hacı Xəlilin oğlu niyə “adam ola” bilməyib? Çünki məktəbi yarımçıq qoyub çıxıb, təhsili tamamlanmadığı üçün insanlıqdan da kəsirli qalıb.
Burada insanın bütöv bir simaya, xarakterə sahib olmasında qabardılan iki əsas amil – təhsil-təlim və islam əxlaqı bir-birini rədd etmir, əksinə, birlikdə insani keyfiyyətlərin dolğunlaşmasına, bitkinləşməsinə xidmət edir.
Hacı Xəlilin həyatı bütün mərhələləri ilə Şərqə bağlıdır – inancı, ticarəti, ziyarəti… Əkbərin yolu isə Moskva, Peterburq, Parisdən keçsə də, əslində, keçdiyi yerlərin mədəniyyətini özündən keçirə bilmir, içindəki neqativlər onu yanlış yola yönləndirir. Əkbər atasının işini davam etdirsə də, yolunu davam etdirə bilmir.
İlk hekayədən təxminən iki ay sonra yenə “Həyat” qəzetində dərc olunmuş “Ayın şahidliyi” haqqında ədəbiyyatşünaslıqda müxtəlif fikirlər yer alsa da, qəbul olunmuş ümumi bir qənaət var ki, bu hekayənin əsas leytmotivi “Nahaq qan yerdə qalmaz” fikridir. Bu hekayə və onun leytmotivi ədəbiyyatşünaslığımızda maarifçi-realizmə aid edilsə də, burada magik realizm elementlərinin olduğunu da istisna etmək olmaz.
Bədii mətndə başlanğıc da, son da daxili konfliktin bədii həllinin aşkara çıxarılması baxımından əhəmiyyətlidir. Ə.Haqverdiyev hekayələrinin əksəriyyətinə bir beyt, yaxud bir bənd şeirlə epiqraf verir. Əminliklə demək olar ki, həmin epiqraflar yazıçının mətnin sonunda qət edəcəyi qənaət şəklində hekayənin əvvəlində yer almaqla oxucuya müəllif məramını açıqlamış olur. Lakin mətni oxumadan o qənaət hələ ki, bizimçün qaranlıq olaraq qalır. “Ayın şahidliyi” hekayəsinin epiqrafında Ayın düşdüyü vəziyyətlərlə insanın əhvalı arasında bənzətmə aparılır:

“Key gəh qədim kimi xəmidə,
Gahi pür olan misali-didə!”

Bu beytdə dairəvi forması yaşla dolmuş göz bəbəklərinə, qövs şəklində olan bədirlənməmiş forması Məcnunun həsrətilə əyilmiş qəddinə bənzədilir. Füzulinin qələmindən çıxan bu kədərli beyt hekayənin ümumi intonasiya ilə həmahəngdir, onu tamamlayır.
“Ayın şahidliyi” hekayəsində yazıçının ictimai əhəmiyyətli məsələlərdən kiçik formada, lakonik şəkildə bəhs etmək məharətinin şahidi oluruq. Feodal dərəbəyliyinin hökm sürdüyü cəmiyyətdə quldurluq və vəhşiliyin ifşasına həsr olunmuş mətndə süjetə başlamazdan öncə kənd təbiətinin təsviri verilir: “Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətli­nə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular”. Azərbaycan ədəbiyyatında realist nəsrə qədərki bədii ümumiləşdirmə, əsasən, peyzaj və portret vasitəsilə həyata keçirilirdi. Misal gətirdiyimiz nümunədə də peyzajın təfərrüatlı təsviri müəllifin ideya-siyasi düşüncələrini sətiraltı mənalarla oxucuya çatdırmaq məqsədi daşıyır.
Mətn içində mətn texnikası ilə yazılan “Ayın şahidliyi” hekayəsində Ay obrazlaşdırılır; qocanın danışdığı əhvalatda Səlma tərəfindən şahid tutulan Ay təhkiyəçinin yuxusunda sanki gündüz eşitdiyi əhvalatı təsdiqləyir. Hekayəni mifoloji aspektdən incələyən tədqiqatçı Güldəniz Qocayeva mifik və islami təfəkkürdə Ayın rolu və mövqeyindən ətraflı bəhs edərək fikrini belə yekunlaşdırır:
“İki atributun vacibliyi xüsusi qeyd olunmalıdır: 1. Ay, 2. Dərə: Quldur bu hadisəni başqa məkanda və başqa zamanda xatırlaya bilərdi. Bu onun incitdiyi, öldürdüyü müxtəlif qurbanlardan birinin xatırlanmasından uzaq getməzdi. Amma həmin məkanda Ay ilahi varlıq kimi onu danışdırır. Ay çərçinin qətli günü onun ölümünə fərman vermişdi, vaxtını gözləyirdi. Burada Ayın şahidliyi Ayın intiqamına çevrilir. Qulduru Səlman öldürür, ancaq bu ölümü Ay hazırlayır. Səlman icraçı, Ay isə hakimdir. “Tədqiqatçı çox doğru olaraq hekayədə total mifin bütün parametrlərinin, zaman – məkan – insan sxeminin özünü doğrultduğunu qeyd etsə də fikrinin sonunda bunun bir növ, təsadüfi şəkildə ərsəyə gəldiyini yazır: “Halbuki əvvəldə qeyd etdiyimiz kimi, bu, sadəcə olaraq, təfəkkürdə yaşayan mifik inamların izləri ola bilər və çox güman ki, yazı­çı tərəfindən əsərə düşünülmüş şəkildə gətirilməmişdir”. Müəllifin sonuncu qənaəti ilə razılaşmaq olmur. Çünki bununla tədqiqatçı sanki özünün yuxarıdakı fikrini təkzib etmiş olur. Epiqrafından başlayaraq, bütün obrazlar, hadisələr və zamanın uyum sağladığı hekayədə məkanın təsadüfi bir element kimi daxil olduğu inandırıcı görünmür. Bu hekayədə dərənin də ən az Ay qədər yaddaşı var: Ay hər nə qədər mifik obraz olsa da, bu ölümü “hazırlayan”, “şahid” olsa da, hekayədə bütün bunlar İlahinin iradəsindən kənarda baş vermir: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz. Və Ay, ulduz, daşlar ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”. Yenə elə Allahın iradəsiylə “dərənin yaddaşı” da lazımi məqamda bərpa olunur və quldur Səlmanı öldürdüyü dərədən keçərkən çox ucadan gülür. Hətta bu məqamda quldurun sözləri də təsadüfi deyil: “…neçə il bundan əqdəm burda bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı”. Səlman Ayla bərabər daşı, torpağı da şahid tutmuşdu və bu dərə olanlara ən az Ay qədər şahidlik edir. Elə bu üzdən də bundan sonra baş verənlər eynilə təkrarlanır, quldur “tüfəngini düzəldib” Səlmanı vurduğu qayda ilə qardaşı Süleyman da “tüfəngini düzəldib” qulduru vurur. Bu qədər detalların bir hekayədə təsadüfi olması mümkünsüzdür, Ə.Haqverdiyev bədii detal ustası olduğu üçün bu hekayədə də istənilən söz və detalın məhz düşünülmüş olduğundan əminliyə imkan verir.
“Ayın şahidliyi” hekayəsi bu qətl hadisəsinin üstünün açılması ilə yekunlaşmır. “Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara, ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qaldığını görüb ciyərimdən çıxardıram”. Bunları təhkiyəçinin yuxusuna gələn Ay danışır. Ona görə danışır ki, onunla “söhbətləşməyi” arzu edən var. Gerçəkləri bilmək istəyən, onları duymağa hazır olan varsa, hətta Ay da “danışar”, sirləri bəyan edər. Amma hələ ki, şahid olduqlarına baxdıqca Ay da “lal olub” danışa bilmədiyinə şükür edir. Bu hekayədə dini ideyaların bədii təsir səviyyəsində iştirakını görürük. Çünki nə qədər Ayın şahidliyi aktını mifoloji təfəkkürə bağlasaq da, dini təfəkkürə söykəndiyi də şəksizdir.
  Qeyd edək ki, Ə.Haqverdiyevin ilk iki hekayəsi “Həyat” qəzetində dərc olunduqdan sonra Ə.Hüseynzadənin təqdimatı ilə “İki hekayət” adıyla ayrıca kitabçada çap olunmuşdur.  

 
Müəllif: Mətanət VAHİD,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın böyük elmi işçisi


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 30

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

MUQATTAƏ HƏRFLƏRİ

Qurani Kərimin 114 surəsindən 29 surəsinin əvvəlindən hərflər yazılıb ki, onlar “muqattaə” hərfləri deyilir. Bu hərflər Quranın rəmzləridir. Onlar ayrı-ayrılıqada öz adları ilə oxunurlar. Qiraət vaxtı təcvidin qaydalarına əməl olunmalıdır. Adları iki hərfdən ibarət olan hərfləri “məddi təbii”, üç hərfdən ibarət olan hərfləris isə uzun məddlə oxuyuruq.

Həmim – حمَ

Nun – نَ

Yəsin – يسَ

Texniki redaktor: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Milli Kitabxanasının inkişafının professor Kərim Tahirov mərhələsi

Professor Kərim TAHİROV

2021-ci il noyabr ayının 12-də kitabxanaşünas-alim, professor Kərim Məhəmməd oğlu Tahirovun 70 yaşı tamam olur. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Kərim Tahirov ömrünün 30 ildən çox hissəsini Azərbaycan mədəniyyətinin, kitabxana işinin inkişafına həsr etmişdir. Bunun nəticəsidir ki, alim təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış və şöhrət qazanmışdır.

Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almış və təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına ( indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir. 1979-1982-ci illərdə Elmi-metodiki şöbəsində böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi,1987-1988-ci illərdə rəisi,1988-1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.2000-2005-ci illərdə Milli kitabxananın Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. K itabxanaşünas alimin elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

Tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmişdir. Görkəmli kitabxanaşünas alim, BDU-nun fəxri professoru Abuzər Xələfovun rəhbərliyi ilə 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Alimin tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Fədakar alim “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

Professor Kərim Tahirov BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır. O, BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq, Kitabşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrantların elmi rəhbəri və rəsmi opponenti olmuşdur. 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədridir.

Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu dövrdən kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Belə ki, bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda , Azərbaycan kitabını təbliğ etməkdə alimin zəhmətini xüsusi qeyd etmək lazımdır. Kərim Tahirovun kitabxanaya rəhbərliyi dövründə 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

“Milli – mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.

Professor Kərim Tahirovun səyi nəticəsində oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuşdur. Kitabxananın elektron kataloqu və elektron kitabxanası yaranmışdır. Alimin rəhbərliyi altında müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafik vəsaitlər tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, Elmi Şurası yaradılmışdır.

Professor Kərim Tahirov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. Eyni zamanda alim 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.

Fədakar alim, təcrübəli təşkilatçı, professor Kərim Tahirovun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasiyası üzrə “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülmüşdür.

Professor Kərim Tahirovun yubileyi ilə əlaqədar olaraq Milli kitabxanada “Professor – Kərim Tahirov” adlı elektron məlumat bazası və “Kitabxanaşünas alim-Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə oxucuların istifadəsinə verilmişdir.

Görkəmli alim, təcrübəli müəllim, qayğıkeş rəhbər, ictimаi хаdim, professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və çoxşaxəli fəaliyyətində uğurlar diləyirik!

Müəlliflər:

Solmaz Sadıqova

BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru

Rəşad Sadıqov

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

İlkin mənbə: istiqlal.az

Ətraflı: http://www.millikitabxana.az/news/kerim-tahirov


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Necəsən, əsgər? – Firuz Mustafa

Firuz MUSTAFA – nasir, dramaturq, esseist, filosof.

NECƏSƏN, ƏSGƏR?
(Taqım komandirinin gündəliyindən)
(222 sözlük roman)

Artıq səhər açılmaqda idi.
Günəşin şəfəqləri gecəni, alayımızın əsgərləri isə düşməni qovmağa başlamışdı.
Biz döyüşə-döyüşə kəndə daxil olduq. Qırmızı kirəmitli evlərinin çoxuna od vurub yandırmışdılar. Kəndin üstünü qətran kimi qalın tüstü layı bürümüşdü.
Korun-korun tüstülənən evlərdən birinin yanından keçərkən sanki bir səs, daha doğrusu uşaq hıçqırtısı eşitdim. Sövq-təbii ayaq saxlayıb ətrafı dinşədim.
Evın həyətinə daxil olub ehtiyatla daş pillələri qalxdım. Bir əlimi avtomatın tətiyindən çəkməyərək o biri əlimlə qapını açdım.
Gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Döşəmənin üstündə qan içində gənc bir qadın, qadının sinəsi üstündəsə bir körpə vardı. Körpə anasının döşünü əmərək hıçqırırdı.
Qadın ölmüşdü.
Mən körpəni qucağıma alıb diqqətlə bu balaca varlığın üzünə baxdım. İndi onun hıçqırtısı kəsmişdi. Qəddar dünyanın işlərindən hələ heç nə anlamayan əl boyda uşağın iri, heyrətli və məsum baxışları mənim üzümə dikildi.
Mən bir müddər nə edəcəyimi kəsdirə bilmədim.
Qərara aldım ki, kəndin arası ilə hərəkət edən, öndəki dəstədən qırılıb qalan əsgərlərimizdən bir neçəsini haraylayım. Axı qan gölməçəsinin içindəki bu gənc qadını dəfn etmək lazım idi.
Bəs bu dilsiz-ağızsız körpəni belə dar macalda hara, kimə təhvil vermək olardı?
Yaxınlıqdakı kəndlərin çoxu boşaldılmışdı.
Uzaqa atılan toplar yalquzaq kimi ulaşırdı.
Nəsə bir şey fikirləşib tapmaq lazım idi.
Mənim yanımda silah-sursatdan başqa bir şey yox idi.
Birdən ağlıma qəribə bir fikir gəldi; cəld şalvar cibimin birindəki güllə daraqlarını boşaltdım. Uşagı ehtiyatla boşalmış nəhəng cibimə qoyub başını sığalladım:
-Hə, necəsən, əsgər?

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru