BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT – QİSMƏT TAĞIYEV <<<< əvvəli

BƏDBƏXT

(Povest)

Əziz oxucu! Beləliklə mən  50 illik həyatımın yalnız son 2-3 ayında başıma gələnləri Sizə söylədim. Həyatımın qalan hissəsin  isə bu kitabın müəllifin maraqlandırarsa yenidən söyləyə bilərəm.

                               Müəllifdən

Mən Vasifi lap uşaqlıqdan tanıyırdım. O Göytəpənin sayılıb, seçilən kişilərindən biri olan Salmanın oğludur. Gözəl ailə başçısı Salman  kişi  hər iki övladını, ağıllı, tərbiyəli böyütmüş, onlara mükəmməl  təhsil vermiş, hər ikisinə ailə qurduqdan sonra ev tikib bağışlamışdır. Ancaq bədbəxtlik bu  ailədən də yan keçməyib. Vasifin evliliyinin 5-ci ilində bu ailədə hər şey alt üst oldu. Mən bilirdim, Vasifin həyatında qaranlıq məqamlar çoxdur. Şəhərə qayıdandan  2 həftə sonra onun yanına getdim. Artıq təqaüdə çıxmışdı.Tamamilə tək qalmışdı. Dostları Ariflə, Aydın  ondan üz döndərmişdilər. Maisa ilə Əlinin münasibəti yavaş-yavaş şəhərə yayılırdı. Mən  gəlişimin məqsədini dedim. Bildirdim ki, oxucular hər gün mənə zəng edirlər, sənin həyatınla maraqlanırlar, birinci, ikinci evliliyini və atanın, ananın kim və necə adam olduğnu bilmək istəyirlər. Əvvəlcə yox dedi. Lakin bir qədər keçəndə sonra üzünü mənə tutub dedi:

-Bundan sonra mənim vaxtım çoxdur. Belə edərik. Mən öz həyatımı bircə -bircə kağıza yazıb, sizə verərəm. İndi daha mənim üçün həyatın mənası yoxdur. Qoy hamı bilsin  mən kiməm. Bəlkə də sizin kitab işıq üzü görəndə mən həyatda olmayacağam. Ancaq bir məsələ var. Onu dəqiqliyi ilə bilməliyəm.

Mən: –Axı sən niyə həyatda olmayacaqsan?Nə baş verəcək?

Müəllim, məsəl var deyərlər oddan kül törəyər. Mən o kişiyə oxşamadım. Mənim atam namuslu, qeyrətli adamdı. İntihar edəcəm, müəllim intihar. Amma hələlik ümüd var. Bəlkə bunların heç birisi  baş vermədi. Hər şey gələcəkdən  asılıdır. Mən xeyli öyüd-nəsihət verəndə sonra sakitləşdi. Razılaşdıq ki, 2 aydan  sonra gəlib yazılanları aparım. Durub sağollaşıb evdən çıxdım.

İki ayın tamamına az qalmışdı. Televizorda  Xəzər-xəbərə baxırdım. Diktor bu gün olmuş bədbəxt hadisələri söyləyirdi. Diktor xəbər verirdi, bü gün səhər qayıqla gəzinti zamanı sərnişinlərdən  biri ehtiyatsızlıq ucbatından qayığın arxa hissəsində suya düşmüş və nəticədə boğulub ölmüşdür. Sonradan məlum olur ki, ölən Vasif adında 50 yaşlı kişidir. Allah rəhmət eləsin. Yerimdən dik atıldım. Tez geyinib onlara getdim. Gecikmişdim.Vasifi artıq dəfn etmişdilər.Yuxarı qalxıb zəngi basdım. Qapını təxminən 38-40 yaşında gözəl xanım açdı. Zəminənin dediyi yadıma  düşdü. Cakondaya oxşayırdı. Geyimi də  həm bahalı, həm yaraşıqlı idi.

Mən: -gəlmək olar?

-Buyurun keçin- dedi  və öndə gedərək adamlar oturan böyük otağa apardı. Ayaqlarına geydiyi kapron corab ağ  mərmər sütüna oxşayan ayaqlara, qara yubka, ağ sviter isə bədənə yaraşıq verirdi. Otağa daxil olub salam verdim. Elə çox adam yox idi. Böyük, geniş stolun arxasında cəmi iki kişi əyləşmişdi. Ayağa qalxıb mənimlə görüşdülər. Keçib əyləşdim. Divanda bir qadın oturmuşdu. Başını yaylıqla bağlamışdı. Gözləri ağlamaqdan şişmişdi. Yəqin Vasifin bacısı Aybənizdir və stolun arxasında oturanlardan biri də onun əridir. Kişilərdən biri çox yaraşıqlı idi. Cavan görünməsinə baxmayaraq  sifətində bir amiranəlik, inam hiss olunurdu. Əynindəki bahalı qara kostyum, ağ köynəyin üzərindən taxılmış qalstuk  bir-birini tamamlayırdı. Elə üzdən də  çox yaraşıqlı idi. Vasifin yazdıqları yadıma düşdü. Bəli bu Əlidir. Birinci mən başladım.

-Bağışlayın  mən  Vasifin köhnə dostuyam. Xəbəri indicə televizorda eşitdim və birbaşa bura gəldim. Axı bu necə olub? Sorğuma Əli cavab verdi:

-On-onbeş gün olar, Vasif hər gün gedib qayıqla dənizi gəzirdi. Soruşanda deyirdi, evdə tək darıxıram. Qayıqla gəzmək yaxşıdır.T am bir saat  dənizdə üzürsən, həm də şəhəri seyr edirsən. Həmişə də qayığın arxasında dururmuş, sahildən uzaqlaşan qayıqdan şəhəri seyr etmək ona ləzzət edir. Axırıncı dəfə qayıq dövrə vurarkən  müvazinətini itirir və suya yıxılır. Bədbəxtçilikdən onu heç kim görmür. Onlardan sonra  gəzintiyə çıxan  qayığın işçiləri suyun üzərində bir kişi meyiti görürlər. Meyidi qayığa qaldırıb sahilə xəbər verirlər. Sənədləri üstündə imiş. Bizə xəbər çatanda tibbi ekspertizayaya aparılmışdı. Müayinədən sonra bizə verdilər. Mərhumun üzərində heç bir zorakılq əlaməti yoxdur. Sadəcə bədbəxt hadisədir. Meyiti bizə təhvil verəndə artıq saat üç idi. Böyüklərin məsləhəti ilə qəbirsanlığa aparıb dəfn etdik. Bu arada yataq otağının qapısı açıldı. Oradan bir uşaq çıxıb sağ əlini qapıya söykəyib mənə baxırdı. Bu Vasifin oğlu Orxan idi. Amma Vasifiə heç oxşamırdı. Vasif arıq, sarışın cılız adamdı. Uşaq isə çox qəşəng idi. Yumşaq uzun saçları alnını, qulaqlarını öptmüşdü. Xeyli baxandan sonra:

-Ana mən yemək istəyirəm. Onu birinci Əli çağırdı:

-Orxan, oğlum gəl bura mənimlə yeyək. Uşaq gəlib Əlinin yanında oturdu.

Mənim deyilənlərə inanmağım gəlmirdi. Bu bədbəxt hadisə deyildi, intihar idi. Vasif məni xəbərdar etmişdi. Amma nəyə görə və həm niyə dənizdə intihar edib  bu mənim üçün qaranlıq idi. Bunları onun yazdıqlarından biləcəkdim. Qeyri-müəyyənlik məni hövsələdən çıxarırdı. Tələsik ayağa qalxıb Maisa xanımı çağırıb onun yatdığı otağa keçdim. Hirsimdən boğulurdum. Bilmirəm bu cəsarət mənə hardan gəlmişdi.

-Onu siz oldürdünüz Maisa. Axı o sənin təkcə ərin deyil, doğmaca dayın oğlu idi. Yalan deyirsiniz. Bu bədbəxt hadisə deyil. İntihardır. O məni xəbərdar etmişdi. Səs-küyə Əli gəlib çıxdı.

Burda nə olub? Bağışlayın siz kimsiniz? Nə haqla bu sözləri deyirsiz?

-Mən Vasifin dostuyam.

-Dostu idiniz. Amma  indi o yoxdur. Biz isə  sizin dostunuz deyilik. Deməli burda sizlik bir iş yoxdur. Gedə bilərsinz. Mən tamamilə ruhdan düşdüm. Onlar düz deyirdi. Vasif daha həyatda yox idi. Bəs  yazılar necə olsun… Vasif söz vermişdi, həyatını, başına gələnləri yazıb mənə verəcək. Yazılar yəqin burdadır. Mən yalandan üzümə yaltaqlıq ifadəsi verib:

-Onda sizdən bir xahişim var. Düz iki ay bundan əvvəl mən Vasifə bir dəftər vermişdim. İndi icazə verin həmin dəftəri götürüm və bir daha sizi narahat etməyim.

-Yaxşı. Onu nəyi varsa burdadır. Düz deyirsiniz. Son zamanlar mən onun əlində bir dəftər görürdüm. Bizim bu gün vaxtımız olmayıb bu otağa girək. Əgər tapa bilərsinizsə götürün aparın. Hər ikisi otaqdan çıxdı. Mən tələsik hər yeri axtardım. Dəftər və ya ona oxşar heç nə yox idi. Mən otaqdan çıxıb tamamilə dilxor halda :

-Mən  dəftəri tapmadım.-dedim. Məni Maisa ötürdü. Qapının astanasında:

-Narahat olmayın. Biz o biri  otaqları da axtararıq. Əgər sizin dəftəri tapsaq özunüzə qaytararıq. Mən təşəkkür edib aşağı düşdüm. Bu gün cümə günüdür. Şənbə, bazar  günü evdəyəm. Deməli səhər tezdən  oyanmaq lazım deyil. Evdə də elə bir işim yoxdur. Vasifgilin evi Yasamalda “ATV”-nin yanında köhnə beşmərtəbələrin birində idi. Mənim evim isə “H.Aslanov” metrosunun yaxınlığında keçən əsrin 80-cı illərində yığma dəmir-beton konstruksiyalardan tikilmiş beşmərtəbələrin birində idi. Piyada “Elmlər Akademiyası” metro stansiyasına gedib, ordan qatara minib, “H.Aslanov” metrosunda qatardan düşüb yenə piyada öz evimə gedəcəkdim. Mən  Vasifdən çox  yaşlıyam. Şəhər gözümün önündə bina-bina tikilib, kvartal-kvartal böyüyüb.

Evə gəlib çatanda  artıq saat bir idi. Heç kimi narahat etmədən öz otağıma keçib, yıxılıb yatdım. Bazar günü axşam çağı oxuculara təqdim etdiyim kitabımın birinci hissəsindəki Zəminənin şeirlərini səliqə ilə kağıza köçürüb həmişə özümlə gəzdirdiyim portfelin içərisinə qoydum. Məqsədim birinci gün işə gedəndə həmin şeirləri əməkdaşlıq etdiyim, ”Yurd həsrəti “ ədəb-bədii almanıxında çap etdirmək idi. Ertəsi gün iş yerinə çatıb, yoldaşlarla görüşəndən sonra iş stolun arxasınada oturub çapa gedəcək materilları hazırlamağa başladım. Birdən qonşu stolda oturan gənc işçimiz Ənvər  Ocaqlı  mənə müraciət etdi:

-Həmid müəllim burda bir bağlama var. Sizin adınıza göndərilib və gətirib bağlamanı  mənə verdi. Bağlamanın üzərində belə yazılmışdı: “Çatacaq “Yurd həsrəti” ədəbi-bədii almanaxının əməkdaşı Həmid müəllimə. Vasif.”

Tələsik bağlamanın büküldüyü kağızı səliqə ilə ayırdım. İçərisindən mənim gözlədiyim dəftər və əlavə yazılı vərəq çıxdı.  Sevindiyimdən qışqırdım. Əvvəlcə vərəqi oxumağa başladım və tez də örtdüm. Yox onu burada oxumaq olmaz. Dəftəri götürüb baş redaktorun yanına getdim. Əlimdəki dəftəri göstərib dedim: – Mənə bir həftə yaradıcılıq məzuniyyəti lazımdır. Burda yazılanların üzərində işləməliyəm. Baş redaktor mənim xasiyyətimi bilirdi.Odur ki,  telofonla   kadrlar şöbəsinə göstəriş, mənə isə əli ilə çıx işarəsi verdi. Redaksiyadan çıxıb evə gəldim.

Qapını öz açarımla açdım.  Bu vaxt bizdə heç kim ev evdə olmur. Ailəlikcə hamımız işləyirik. Beş-on dəqiqəlik hazırlıqdan sonra iş otağıma keçib  əvvəlcə mənə yazılmış vərəqi oxumağa başladım. Vərəq belə başlayırdı:

“Hörmətli Həmid müəllim! Sizə söz verdiyim üçün  mən öz həyatımı, uşaqlıqdan bu günə kimi  necə olubsa qalın dəftərə yazdım. Bunun üçün mənə ay yarım vaxt lazım oldu. Bununla yanaşı mən bir işlə də möhkəm məşğul oldum. Yadınızdadır sizə demışdim intihar edəcəm. Məni intihardan yalnız bir xəbər xilas edərdi. Ancaq  tale bu dəfə də üzumə gülmədi. Maisadan lap çoxdan şübhələnmişdim. Ancaq  xəstələnəndən sonra  evdə qalanda oğlum  Orxanla daha çox rastlaşdığımdan hər şey mənə  daha aydın olurdu. Bu uşaq heç cürə mənə oxşamırdı. Şübhələr məni didib dağıdırdı. Nəhayət  qəti qərara gəldim .  Orxanın  və öz saçımdan kəsib DNT testindən keçirilməsi üçün müraciət etdim. Mənə dedilər  bu çox uzun prosesdir. Bir az tanışların köməyi ilə , bir az da əlavə xərclər hesabına  bu ayın sonuna az qalmış məni həyatdan əl çəkməyə məcbur edən dəhşətli xəbəri aldım. Bəli Orxan mənim oğlum deyildi. Daha  mənim həyatda heç nəyim yox idi. Yaşamaq üçün sağ canım, nə evim, nə məni sevən qadınım, nə də bizim nəslimizi davam etdirəcək oğlum. Bütün bu əzablardan məni  yalnız bir şey xilas edə bilərdi. İntihar! Ancaq necə intihar etməli. Özünü qatarın altına atmaq, hündür yerdən aşağı atılmaq  bunlar mənim xoşuma gəlmirdi. Mən istəyirdim yavaş-yavaş ölüm. Geridə qalan həyatın şirinliyini duyum. Birdən Martin İdenin  intihar etməsi  yadıma düşdü. Martin İden  dənizdə üzən gəminin arxa hissəsindən  özünü suya atır. Suya düşəndən sonra bir anlığa ayılır. Ondan uzaqlaşan gəmiyə üzüb çatmaq istəyir. Cəhdinin yersiz olduğunu biləndə ürəkdən qəh –qəhə çəkib gülür. Qərarım qətidir. Onun üçün dənizkənarı parka gedib qayığa minib  gəzintiyə çıxdım. Gəlib qayığın arxasında durub, sahildən  şəhəri seyr etməyə başladım. Ax, hər tərəf necə gözəldir. Ancaq  indi mənim  üçün əhəmiyyəti yoxdur. Beləcə bu gəzintilərə bir neçə gün davam etdim. İstəyirdim  işi elə yerinə yetirim ki, bunu bədbəxt hadisə kimi bilsinlər. Bu mənim öz qərarım idi. Fikirləşdim ki, qayıq dövrə vurub geri qayıdanda güya mən müvazinətimi itirirə suya düşürəm və məni heç kim  görmür. Bu mümkün idi. Çünki hava xeyli soyuq oduğundan göyərtədə demək olar adam olmurdu. Mən  bilirdim ki, siz “ Yurd həsrət” ədəbi-bədii almanaxı redaksiyasında işləyirsiniz. Hadisədən bir gün əvvəl poçta gedib bağlamanı sizin adınıza göndərdim. Siz bağlamanı alanda mən artıq həyatda olmayacağam. O ki, qaldı həyatıma, bunları dəftərdə yazmışam. Sağ olun, Həmid müəllim. Siz yeganə adamsınız ki,  dərdimi sizə söyləyə bildim. Əlvida!”

Gərək ürəyin  daşdan olsun, belə bir yazını oxuyandan sonra əhval-ruhiyyəndə dəyişiklik olmasın. Amma mən belələrindən deyiləm. Məktub məni tamamilə sarsıtmışdı. Düşündüklərimə, axtardıqlarıma cavab tapa bilmirdim. Axı niyə belə olsun. Vasifin nə günahı vardı. Niyə onun taleyi belə gətirdi. Bəziləri  bunu alın yazısı ilə izah edirlər. Kimi isə belə amansız işlərin fələyin əməli olduğunu deyir. Dünya yaranandan fələk oz işini görür. Kimini ata mindirir, kimini atdan düşürür. Kimini dağa qaldırır, kimini dağdan endirir. Səhər-səhər Daranın mətbəxini 70 dəvə çəkib apara bilmirdi, axşamüstü isə  taxta boşqabda qabağlna bir sümük qoyurlar, onu da it qapıb aparır. Bir dəfəyəyə 70 şiənin ölümünə fərman verən Səddam Hüsenin  özünün böğazına  kəndir keçirirlər. Kaddafi 70 milyard dollar pul yığmışdı. Amma pul onu xilas edə bilmədi. İran şahının  da 25 milyard var idi, amma dərdinə əlac edə bilmədi, II Nikolayın nəsli kəsildi. 50 milyon insanın  ölümünə bais olmuş  Hitler zəhər içib öldü. Fələk haqqında Nizami, Cami, Sədi və habelə bizim müasirimiz  Baba  Pünhan çox gözəl yazmışlar. Kimdir  bu fələk? Niyə amansız işlər tutur. Heç kim bunu izah edə bilmir. Ən böyük mütəfəkkirlər bu suallara cavab verə bilməmişlər və ən nəhayət insanlar onunla  təskinlik tapmış, hər şey Ulu  Tanrının əlindədir. O özü necə məsləhət bilirsə elə də edir.

 Vasif  haqqında  suallarım çox, cavab isə yox idi. Ümüdüm yalnız dəftərə idi. İndi yorulmuşam. Mənə dincəlmək lazımdır. Ertəsi gün isə daha özümü saxlaya bilmədim. Dəftəri götürüb oxudum. Vasifin həyatı məni dəhşətə gətirdi. Bu bədbəxt adam iki dəfə ailə qurmuş və ikisində də xanımları ona xəyanət etmişdir. Mən belə bir hekayəti Dostayevkinin “Həmişə ər” kitabından  oxumuşam. Həmin hekayətdə Trus…d iki dəfə evlənir. Onun da  xanımları  ona xəyanət edir. Hətta birinci evlilikdən Liza adında qızı olur. Lakin sonralar məlum olur ki, qız onun yox  arvadının  yaxın dostu Velçaninovun qızıdır. Vasifdə isə əksinə olur. Birinci evlilikdən övladı olmur, ikinci evlilikdən  isə Orxan dünyaya gəlir və Vasif biləndə ki, Orxan onun yox, Əlinin oğludur intihar edir.

Mən oxuculara söz vermişdim ki, Vasifin  bütün həyatı, atası, anası və bacısı haqqında məlumatları öyrənib onlara çatdıracağam. Dəftərdə yazılanları elə Vasifin dili ilə sizlərə təqdim edirəm:

“Əziz dostum Həmid müəllim! Sizə bildirirəm ,mənim həyatım iki hissədən ibarətdir:

I hissə -Göytəbə  günləri -30 il,

II hissə-Bakı illəri -20 il .Əvvəlcə birinci hissəni başlayıram.”

…ardı var…

ardı >>>> BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

5 thoughts on “BƏDBƏXT – QİSMƏT TAĞIYEV”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir