BƏDBƏXT – QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

BƏDBƏXT – QİSMƏT TAĞIYEV <<<< əvvəli

BƏDBƏXT

(Povest)

                                                         I    hissə

Mən Axundov Vasif  Salman oğlu  195-ci ilin  iyun aynin 22-də Kəlbəcər yaylaqlarının birində anadan olmuşam. Ailənin ikinci övladıyam. Bacım Aybəniz məndən 4 yaş böyükdür. Ona görə yaylaqda anadan olmuşam ki, atam Salman Göytəpə rayonu yun tədarükü idarəsinin rəisi idi. Bu idarəyə 30 ildən yuxarı rəhbərlik etdiyindən el-oba  onun adının qarşısına yun sözü artırmış və Salman dönüb olmuşdu Yun Salman. Yayda rayonun bütün təsərrüfatlarının qoyunları yaylaqlara köçərdi. Atam da öz ailəsini və işçiləri ilə birlikdə bütün idarəni yaylağa aparar, ayrı-ayrı kolxoz, sovxoz təskilatlarından yun tədarük edərdi. Ailəsi üçün ən yaxşı yataqların birində alaçıq  qurdurub bizi orda yerləşdirədi. Bax belə vaxtların birində mən anadan olmuşam. Oğlan uşağı olsam da dünyaya  gəlişim ata-anamı o qədər də sevındirməyib. Çünki arıq, cılız olmağımla yanaşı, bədənimdə qüsur, yəni sol tərəfdə çiynimdən aşağı kürəyimdə qozbelə oxşar kiçik çıxıntı varmış. Sonralar mən böyüdükcə bu çıxıntı da öz növbəsində bir az böyüyür və atam bu qüsuru aradan qaldırmaq üşün  var gücü ilə çalışsa da nəticəsi olmur. Palto və yaxud ködəkcə geyəndə  bu qüsur o qədər də bilinmirdi. Lakin kostyum geyinəndə arxa tərəfdən sol  hissənin ətəyi yuxarı dartılırdı. Bu azmış kimi yeriyəndə bədənimin sağ tərəfi azca irəli də  olur, boynum isə tam sərbəst olmurdu. Məndə olan bu qüsura görə yavaş-yavaş həmyaşıdlarımdan uzaqlaşırdım. Yəni uşaqlar çayda çimməyə gedəndə, yaxud futbol oyunu zamanı soynanda mən bunları edə bilmirdim. Bütün bunlara baxmayaraq bacım Aybənizlə  mən  nəinki kiçik yaşlarımızda ta orta məktəbi bitirənədək başqalarına nisbətən ən xöşbəxt uşaqlardıq. Yaylaqda olduğumuz bütün illər ərzində  şənbə, bazar günləri ailəlikcə aşağı İstisu sanatoriyasına  düşür, orada bizim üçün ayrılmış xüsusi otaqda dincəlirdik. Sanatoriyanın baş həkimi Yusif həkim atamla möhkəm dost idi. İş yerə gəlib çıxdı, həkim mənim kirvəm oldu və bu dostluq daha da möhkəmləndi. Mədə bağırsaq xəstəliklərinin müalicəsi üçün  ən yaxşı yer olan İstisu sanatoriyasına  respublikamızın, eləcə də keçmiş SSRİ-nin hər yerindən adamlar axışıb gələrdi. Bunların arasında  professorlar, alimlər, vəzifəli şəxlər də olurdu. İllər ötdükcə bu  məşhurlardan bəziləri Yusif həkimlə atamın tez-tez təşkil etdiyi qonaqlara  dəvət edilir və atamın tanışlıq  dairəsi getdikcə genişlənirdi.

Yaylağa gəlişimizin ikinci ayında qoyunların qırxınu başlayırdı. Bax onda Yun Salmanın əsl bacarığı  üzə çıxırdı. Yun Salmanın səxavəti birə on artırdı. Yun qırxanların toplanması, yerləşdirilməsi, növbəlik, plana nəzarət, yaxşı-pis yunların ayırd edilməsi,saxlanması,rayona daşınması ondan asılı idi. Elə pullar da bu vaxt Yun Salmanın cibinə axardı. Mən böyüdükcə atamı daha yaxşı tanımağa başlayırdım. Mənə elə gəlir, belə bir  adamın daxili, xarici obrazını yalnız mərhum aktyorumuz Səməndər Rzayev yarada bilərdi. Atamın xasiyyəti, davranişı haqqında sizə sonra danışaram. İndi isə istəyirəm  atam, anam haqqında lap əvvəldən başlayım.

Atam Axundov Salman Əhliman oğlu 1932-ci ildə Göytəpənin Şirinqum  obasında anadan olmuşdur. Atası Əhliman kişi çoban olub, yenicə təşkil edilmiş Şirinqum kolxozunun qoyununu otarırdı. Şirinqumlular tərəkəmə olub köçəri həyat yaşamışlar.  Yəni yayı yaylaqda, qışı aranda keçirirmişlər. Salman da böyüdükcə obanın o biri uşaqları kimi quzu otarmağa gedərdi. Məktəb yaşına çatanda onu aparıb Göytəbədə internat məktəbə qoyurlar. Salman da yaxşı oxuyur. Hər il yaylağa köçəndə ata, anası Salmanı da özləri ilə aparardılar. Beləcə Salman gəlib 15 yaşına  çatır. Yaylağa köçməyə hazırlaşırdılar  və sabahısı yola düşdülər. Salmangilin  obası Cəbrayıl, Zəngilan, Qubadlı yolu ilə Laçın yalaqlarına gedəcəkdi. Cəbrayılı təzə keçmişdilər, elə bir yağışa düşürlər, böyüklərin dediyinə görə hələ belə yağış görməmişlər. Salmangilin  nəyi varsa islanır. Paltar, yataq o yana dursun, ərzaq  tamam islanıb korlanmışdı. Salman bunları görəndə atasına deyir:

-Ay dədə indi neyləyək. Gəlsənə bu qoyunun ikisini satıb bir ərzaq alaq.

-Yox ay bala olmaz. Əvvala bu qoyunlar bizim yox, kolxozundur. Satmaq olmaz. Atasının xasiyyətini bilən Salmanın başına qəribə fikir gəlir. Qaçmaq. Sizə demişdim axı atam bir az yaxşı oxuyurdu. Kitablardan bilirdi, dünya təkcə Sirinqum obasından ibarət deyil. Dünyada böyük şəhərlər var. Adamlar kinoya, teatra gedirlər. Fabrik, zavodda işləyib pul qazanırlar. Ən azı insan kimi yaşayırlar. Axı nə var bu qoyunun içərisində. Arandan yaylağa çatıncan bir aydan çox vaxt keçir. Bu müddətdə  nə yuyuna bilirsən, nə çimirsən. Paltarlı yatıb, paltarlı durursan. Qoyunun iyi canına o  qədər hopur, sənə yaxın gələn də olmur. Sonra atı minib qonşu fermada olan dostu Həsənin yanına gedir. Həmin sözləri ona deyir. O da razılaşır. Ancaq qaçmaq üçün pul lazım idi. Şətləşirlər ki, elə bu gecə Salmangilin qoyunlarından iki yaxşısını oğurlayıb dəmiryol stansiyasına aparsınlar, orda  satıb qatara minib  Bakıya getsinlər. Elə də edirlər. Bakıya çatmağa az qalmış Həsən:

-Əyə Salman biz Bakıda qalsaq sən öl gəlib bizi tapacaqlar. Gəl belə edək. Vağzala çatandan  sonra “Uruset”ə gedən qatarların birinə oturub Moskvaya gedək. Ora böyükdür. Bakıya saat 3-də çatdılar. Qatardan düşən  kimi  şəhərin böyüklüyündən, adamların çoxluğundan  əvvəcə təşvişə düşdülər. Yanlarından ötən adamlar dönüb onlara baxırdı. Salman:

-Həsən mən acından ölürəm. Axşamdan yediyimdir. Həsən:

-Hə düz deyirsən. Bir şey tapıb yemək lazımdır. Soraqlaşıb yeməkxana tapdılar.  Yeməkdən sonra kassaların qarşısına gedib Moskvaya necə getməyi öyrəndilər. Moskva qatarı axşam saat 6-da yola düşəcək. Biletlərin satışı bir saat əvvəl başlanır. Hələ vaxtları çox idi. Şəhəri tanımadıqlarından yaxınlıqda gəzirdilər. Birdən Salman:

-Əyə Həsən gəlsənə əyin başımıza  əl gəzdirək. Görürsən   adamlar bizə necə baxır. Pulları sayandan sonra –olar dedilər. Mağazaya girmək olmazdı. Orda bahaçılıq idi. Əldə göhnə paltar satandan hərəsi biri şalvar, pencək, köynək, ayaqqabı alıb tamamilə dəyşib, özününküləri zibil yeşiyinə tulladılar. Yaman sevinirdilər. Salman  bir az irəli keçib:

-Buyurun Həsən bəy. Həsən öz növbəsində:

Sağ olun Salman ağa deyib gülürdülər.

Gəlib kassanın qarşısında  durub Moskvaya  qədər biletin qiymətini öyrənəndə dilxor oldular. Pulları lap az qalmışdı. Salman Həsəndən yaşca balaca olsada ondan həm yaxşı danışıdı, həm də savadlı idi. Həsəndən pulları alıb kassirə uzatdı. Biz Rusiyaya, ata-anamızın yanına gedirik. Bilet verin. Kassir:

-Ay bala Rusiya böyük ölkədir. Ucu-bucağı bilinmir. Sizə hara lazımdır. Verdiyiz pullarla ancaq Xarkova qədər getmək olar. da heç duruxmadan cavab verdi:

-Biz elə ora gedirik. Sizi çox yormayacağam. Qatara oturub Xarkova  çatırlar. Hər ikisi qatardan düşəndən sonra Həsən:

-Salman sən hələlik burda qal. Amma Mən Moskvaya gedəcəm. Orda  mənim  qohumlarım var. Əgər yaxşı alınsa gəlib səni tapacağam.  Sonra cibindəki pulları çıxarıb saydı. Cəmi 14 manat idi.

Al yeddisi sənin, yeddisi mənim. Salmanın gözləri yaşarmışdı.

Həsən Salmanla sağollaşıb Moskvaya gedən qatara minir.

Bu  atamın Həsənlə axirıncı görüşü olur və  bütün ömrü boyu Həsənə bir daha rast gəlmir.

Salman qatarın arxasınca xeyli baxandan sonra vağzalda gözləmə zalında qoyulmuş  oturacaqların birində dincələndən sonra şəhərlə tanış olmağa başlayır. Qəribə idi, Salman etdiklərinə peşman deyildi. Vağzaldan şəhərə bir neçə küçə ayrılırdı. Əvvəlcə biri ilə, sonra obirisinə, nəhayət üçüncü ilə hərəkət edib geri qayıtdı. Hər üçündə də eyni mənzərə. Küçə boyu hər iki tərəfdə uşaqdan tutmuş böyüyə qədər tamamilə köhnə  paltar  geyinmiş bir neçə adam əllərini açıb dilənirdi. Yoldan keçənlərin üzü gülmürdü. Onlardan bəziləri ayaq saxlayıb diənçilərə pul  verirdi. Elə bu vaxt qəribə bir hadisə oldu. Hündür boylu, saqqallı  kişi, əlində ağac divarın dibində oturmuş 12-13 yaşlı oğlan uşağına yaxınlaşıb  boynunun arxasında paltarından  yapışıb yuxarı qaldırıb gətirib küçənin ortasına atdığını gördü. Salmanın ona yazığı gəldi. Yaxınlaşıb qolundan tutub qaldırdı. Uşaq ayağa durandan sonra  saqqallıya nəsə dedi. Saqqalı kişi də əlindəki ağacı yuxarı qaldıraraq  onlara tərəf hücüm çəkəndə uşaq Salmanın əlindən tutub qaçmağa başlayır. Gəlib bir bağa  çıxırlar. Yadına düşr ki, torbasında  yarım çörək, bir az pendir var. Torbadakıları çıxarıb yarısını uşağa verir, yarısını isə özünə götürür. Elə çörək yeyə-yeyə tanış olurlar. Salmanın yeni dostunun adı Valodya idi. Parisli qomen Qavroşa oxşayırdı. Bu tanışlıqdan sonra Salmanın adı Saşa oldu. Yeməkdən sonra şəhəri gəzdilər. Volodya şəhəri beş barmağı kimi tanıyırdı. Salman rus dilini çox pis bilirdi, ancaq Volodya lalların etdiyi kimi əl hərəkətləri ilə onu birtəhər başa sala bilirdi. Müharibə təzə qurtarmışdı. Hər yerdə onun izi görünürdü. Axşam qaranlığında da bir-iki manat xərcləyəndən sonra Volodya bildirdi, daha gecdir, yatmaq vaxtıdır. Qaranlıq küçələrdən keçib, uçuq beşmərtəbənin üçüncü mərtəbəsinə qalxıb bir otağa gidilər. Valodya cibindən kibrit çıxarıb şam yandırdı. Bu tamamilə salamat qalmış kiçik otaq idi. Yerdə köhnə paltarlardan düzəldilmiş yataq vardı. Hər ikisi paltarlarını soyunandan sonra Volodyanın işarəsi ilə yatağa uzandılar. Volodya tez şamı söndürdü. Qənaət etmək lazımdır. Çox yorğun olduğundan Salman həmin dəqiqə yuxuya getdi. Salman yuxudan hövlnak qalxdı. Kimsə onu silkələyirdi. Voldya idi. Yenə əli başa saldı, tələsmək lazımdır. Onlar küçələri qaçaraq keçib Volodyanın dünən oturduğu yerə gəldilər. Volodya  öz yerində əyləşir. Salmana işarə edir yanında otursun. Atam razı olmur.

-Yox mən dilənçi olmaq istəmirəm. Daha bir neçə gün keçir. Tamamilə pulu qurtaran atam gəlib  Volodyanın yanında oturur. Yaxşı qazandıqları günlər də olur. Beləcə 3 aydan çox vaxt keçir. Hökümətdə bir canlanma hiss olunur. Müharibənin qalıqları  tədricən ləğv edilir. Qaçıb getmiş adamlar öz evlərinə qayıdır. Küçələr təmizlənir. Məktəblər, fabrik, zavodlar bərpa edilərək işə salınır. Qış yaxınlaşırdı. Salmagilin oturduğu küçədə qaça-qaç düşdü. Hər tərəfdən töküləşən milislər  bütün dilənçiləri yığıb şöbəyə apardı. Burada onlarla xüsusi söhbət etdilər. Dedilər bəs Sovet gənclərisiz. Sizə dilənmək olmaz. Hökümət sizə yaxşı şərait yaradıb. Oxuyub savadlanmaq lazımdır. Sizi internat məktəbinə yerləşdirəcəyik. Yeməyiniz, geyiminiz  dövlət hesabına olacaq. Elə etdilər. Volodya ilə Salman bir sinifə düşdülər. Salman bu işə çox sevindi. Axı onun oxumağa çox böyük həvəsi vardı. Həyatda belə hadisələr çoxdur. Bir də görürsən, savadsız bir ailədən görkəmli alimlər, şairlər, yazıçılar çıxır. Nəhayət 3 ildən sonra atam orta məktəbi bitirir. Sənədlərini kənd təssərüfatı instituna verir və qəbul olunur. Volodya isə  zavodların birinə işə  düzəlir. Bu ayrılmaz dostlar yenə bir yerdə olurlar və dostluq onların ömürlərinin axırına kimi davam edir. Sonralar atam yun idarəsinin rəisi işləyəndə dəfələrlə Volodyanı ailəsi birlikdə  Azərbaycana dəvət edər, onları da özümüzlə birlikdə yalağa aparardı. Ancaq indi vəziyyət bir çətinləşmişdi. Oxumaqla yanaşı işləyib çörək pulu da qazanmaq lazım idi. Salman internatda olanda hərdən bazara gəzməyə gedərdi. Burda bazarda işləyən azərbaycanlılarla tanış olmuşdu. İndi gəlib dərdini  onlara deyəndə ona məsləhət etdilə, Əşrəf adlı kişinin yanına getsin. Burdakı işlərə o nəzarət edir. Salman  onu axtarıb tapır. Tanış olurlar. Salmanın geyimi, danışığı Əşrəfin çox xoşuna gəlir. Sən demə O Göytəpənin qonşuluğunda Qarabulaq rayonundan imiş. Əvəllər burda həbsxanada olub. İndi azadlıqdadır və necə deyərlər “polojenie” nəzarət edir. Əşrəf bazardakı yeməkxananın müdirini çağırıb Salmanı  ona tapşırır və Salman hər gün dərsdən sonra gəlib burda işləyir. Tərəkəmə oğlu olduğundan  onun işindən xoşları gəlir. Salman qoyunu ustalıqla kəsir, soyur, kabablıq ətləri çox səliqə ilə doğrayır, şişə çəkib kabab  bişirir. Onun işgüzarlığını  Əşrəf də eşidir. Salmanı yanına çağırıb deyir:

-Çox sağ eloğlu. İşgüzarlığnı eçitmişəm. Gəlsənə sənə bir ət dükanı açım. Həm özün dolanarsan, həm də mənim işlərim yaxşılaşar. Salman bir az fikirləşəndən sonra:

-Əmi  mən etiraz eləmirəm. Məsələ burasındadır, mən  institutda əyani oxuyuram. Əgər müdiriyyətlə danışıb axşam növbəsinə dəyişə bilsək, canla-başla sizin qarşınızda hazıram. Əşrəfin şəhərdə tanışları çox idi, bu iş asanlıqla yoluna qoyulur. Sonra Salmanı yanına çağırıb çoxlu pul  verir. Aparıb bazarın ən yaxşı yerində olan otaqların birini göstərib:

-Bundan sonra bura sənindir. Sənə bir-iki məsləhətim var. Harda olursan ol, yaxşı səliqə -sahman yarat. Paltarların ən yaxşını geyin. Özünə yaxşı mənzil tutarsan. Sən mənim xoşuma gəlirsən. Nə qədər mən sağam sənə zaval yoxdur. Sonra cibindən yenə pul çıxarıb Salmana verdi. Dediklərimi edərsən. Salman götürmək istəmirdi. Əşrəf də zarafatla:

-Yaxşı-yaxşı  borc verirəm. Pullananda qaytararsan. Salman  doğrudan bu pulları qaytardı. Həmin hadisədən 4 il sonra  bazarda atışma zamanı Əşrəfi ağır yaraladılar. Bir neçə ay xəstəxanada yatanda bütün xərcləri Salman özü çəkdi. Amma Əşrəf yaxşılaşmırdı. Vəziyyəti getdikcə pisləşirdi.

Bir dəfə Salmanı yanına çağırıb  dedi:

Salman bala çox sağ ol. Mənim övladım yox idi, amma sən mənə oğul oldun. Həkimlər deyir mənim cəmi bir həftə ömrüm qalır. Al bu kağızı, üstündəki  ünvandır, içərisindəki məktub. Kamran adında dostum  var. Şaxtada işləyir. Namuslu adamdır. Ona bir az pul vermişəm. Gedib alarsan məni  müsəlman qaydası ilə  yerdən götürərsən. Qəbirsanlıqda dəfn edib bir nişanə qoyarsan. Qalan pulu özünə götürərsən. Amma sənə bir əmi kimi vəsiyyət edirəm. Bu il axırıncı kursdasan. Məktəbi qurtaran kimi öz vətənimizə qayıt. Sənin valideynlərin var. Mənim heç kimim yox idi.

Bir həftədən sonra Əşrəf vəfat etdi. Salman necə lazım idi, Əşrəfi müsəlman qaydası ilə dəfn etdi. Üstünə baş daşı qoydurdu. Yerdə qalan pulu özundə saxladı ki, vətənə qayıdanda lazım olar.

O vaxtlar institutlarda  belə qayda var idi, altı ay oxuyurdun, 6 ay  istehsalatın müxtəlif sahələrində  çalışıb təcrübə yığırdın. Belə praktikaların biri Xarkov yun emalı zavodunda oldu. Salman bu işlə tanış olduqca daha   yaxşı mənimsəyirdi. Nəhayət Salmanın səbirsizliklə gözlədiyi gün gəlib çatdı. O instutu bitirdi. Dostu Valodyanı tapıb, bu münasibətlə yaxşı yeyib  içdilər. Burda Salman vətənə qayıtmaq istədiyini dedi. Sonra birlikdə  gedib ilk dəfə görüşdüklər yerə baxmağa getdilər. Əyinlərində bahalı paltar olmasına baxmayaraq həmin yerdə oturaraq papaqlarını qarşılarına qoyub dilənməyə başladılar. Heç adamlar onlardan geri qalmadı. Onlarda zarafatla bu bahalı şlyapaların içərisinə  pul ataraq gülürdülər. Hazırlıq işləri bir həftə çəkdi.

Artıq 1955-ci il idi. O yağışlı gecədən 8 il ötürdü və Salman vətənə Göytəpəyə  qayıdırdı. Qəribə idi, bütün bu illər ərzində Salman özü haqqında  ata-anasına məlumat verməmişdi. İndi Göytəpəyə yaxınlaşdıqca  böyük səhv etdiyini başa düşürdü. Axı onların nə günahı vardı. O vaxt zəmanə elə idi. Salman axşam saat 9-da Dağburnu stansiyasına çatdı. Qatardan özü ilə gətirdiyi  iki çamadanı düşürüb perronda dayandı və nə  fikirləşdisə əyilib torpağı öpdü. Bəli o artıq vətəndə idi. Onun bu hərəkətini görənlər: 

-Sağ  ol bala. Vətənə xoş gəlmisən,- dedilər.

Salman ayrıca maşın tutdu. Yay olduğundan hava hələ işıqlı idi. Salman üçün hər şey maraqlı idi. Sonra gəlib  bir qəsəbəyə çatdılar. Sürücü dedi ki, bura Göytəpədir. Rayon mərkəzidir. Hava artıq qaralmışdı və birdən yadına düşdü  Şirinquma nəyə gedir. Axı indi orada heç kəs yoxdur. Hamı yaylaqdadır. Sürücüdən burada mehmanxana olub –olmadığını soruşdu. O da cavab verdi ki,var. Onda ora sürün.

Atam mehmanxanada bir həftə qalır. Qəsəbəyə xəbər yayılır ki, bəs Şirinqumlu çoban Əhlimanın oğlu qayıdıb gəlib. Özü də  necə. Ali təhsilli  əsil mütəxəssis. Axşamların birində  onun  yanına bir kişi gəldi. Salman onu tanıdı. Atasının əmisi  oğlu Səlim kişi idi. Kişi Salmanı görəndə qucaqlayıb bağrına basdı.

-Ay bala xoş gəlmisən. Bəs belə sağ salamatsan niyə bizi gözü yolda qoyurdun.Yazıq Əhliman  ayaqüstə ölüb. Hələ də peşmandır. Oğluma bir qoyunu qıymadım. O da baş götürüb qaçdı. Yaxşı bura  niyə  düşmüsən. Hə başa düşdüm. Nə biləsən. İndi bizimkilərin hamısı bura qəsəbənin “Dəvəçilər” deyilən yerində yer götürüb ev tikmişik. Elə sənin atan da  qonşuluğumuzda olur. Hamımız burada yeni təşkil olunmuş qoyunçuluq sovxozunda işləyirik. Dur yığış gedək evə.

Yayılan söz –söhbət öz təsirini göstərdi. Heç 20 gün keçmir atamı rayon rəhbərliyinə dəvət edirlər. Birinci katib  şəxsən özü  onunla söhbət edir. Məsləhət olur ki, əvvəlcə  qoyunçuluq sovxozunda işə başlasın. Sonrasına baxarıq.

Salman  Əşrəfin sözlərini unutmamışdı. Hara gedirdisə ən yaxşı paltarlarını geyirdi. Bu da onun nüfüzunu artırırdı. İlk növbədə  işlə yaxından tanış olmaq üçün  yaylağa yollandı. Bütün statistik rəqəmləri, normaları, adamların  adını, kimin adında nə qədər qoyun var, plan və öhdəlikləri öyrənib iş qrafiki tərtib etdi. Yaylaqda  özününkilərlə görüşdü. Atası sevindiyindən düz beş qoyun kəsdi. Elə hey deyirdi bala məni bağışla .

Salmanı yaylağa sürücü Cəmil kişi aparmışdı. Cəmil kişi  Salmanın xoşuna gəlmişdi. Ağır təmkinli adamdı. Bütün yol boyu söhbət edərək onu darıxmağa qoymamışdı. Özunun dediyinə görə  6 övladı, 3 oğlu, 3 qızı var. Qızlardan 2-sini ərə vermiş, oğlunun birini evləndirmişdir. Onun da ailəsi  burda yaylaqdadır. Bir dəfə  fermalara baxış keçirib evə qayıdanda Cəmil kişi onu öz evinə dəvət edir. Salman etiraz etmir. Maşın alaçığa yaxınlaşanda  onları qarşılamağa  üç nəfər yaxınlaşır. Bunlar Cəmil  kişinin həyat yoldaşı Bəyim xala, oğlu Amil və qızı  Dilarə idi. Bunları Salman  sonra biləcəkdi. Bəyim xala onu oğlu kimi qarşılayır. Əlini boynuna salıb üzündən öpür. Amil də əl verib görüşür. Dilarə isə yad görəndə qayıdıb alaçığa girir. Cəmil:

-Ay arvad bir şey hazırlamısan, yoxsa bizi yalandan dəvət eləmisən.

-Narahat olma a kişi  xörək hazırdır. Əvvəlcə  əl –üzünüzü yuyun, sonra içəri keçin. İndi növbə Dilarənin idi. Əlində bir vedrə bulaq suyu, dəsmal və qulplu qab qonağa yaxınlaşdı. Həm də bir balaca diksindi. Axı qonaq  bizimkilərə heç oxşamırdı. Bizim  tərəkəmə oğlanları bir az kobud, nahamar olurlar. Qonaq isə sarışın  şabalıdı rəngdə  idi. Orta bədənli hündür, yaraşıqlı idi. Əynindəki paltar sanki, bədəninə biçilmişdi.

Salman da öz növbəsində qıza nəzər saldı. Onun qarşısında mələk durmuşdu. Oxuyanda və bazarda  gördüyü yüzlərlə rus qızlarından bu qız fərqlənirdi. İri qara gözləri,qaşları və hərdən sürüşən kəlağayının altında görünən dağ havasından qızarmış yanaqlar  çox gözəl idi. 16-17 yaşı olardı. Mən bilmirəm bu necə olur, atam bir könüldən min könülə bu qıza  vurulur. Elə Dilarə də ona biganə qalmır. Ala gözlü rusa oxşayan bu  oğlan onun qəlbini ovsunlamışdı. Qonaqlıqdan sonra sonra anası ilə tək qalanda özünü saxlaya bilməyib:

-Ana qonağımız nə yaxşı oğlandır. Heç buraların adamına oxşamır-demişdi. O gündən Salman özünə yer tapa bilmir. Axırda sirrini ərdə olan bacısı Sənəmə açır. Sənəm Cəmil kişinin ailəsi daha geniş məlumat verir. Bildirir  ki, Dilarənin o biri bacıları da qəşəngdir. Ərə getdikləri oğlanlar da sanballı adamlardır. Biri məktəb direktoru, biri də həkimdir. Elə sən də onlardan geri qalmırsan. Mənə elə gəlir, sən elçi göndərsən yox deməzlər. Ancaq bizim bir çətinliyimiz var, yaxşı evimiz yoxdur. Salman:

-Siz elçi gedin, “Hə” alın. Ev məsələsi asandır. Yuxarıda sizə demişdim axı, Salman özü ilə yaxşı pul gətirmişdi. Atasının   da yurd torpağı vardı. Salman yaylaqdan qayıdandan sonra böyüklərin məsləhəti ilə  usta gətirib, kərpic kəsdirdi. Yerli ağac materiallarından da istifadə edərək qısa müddətdə evi tikdirərək başa gətirir. Razılıq alındığından toy edib Dilarəni öz evinə gətirib  ömür-gün yoldaşı edir. Bir neçə il keçir Əvvəlcə bacım Aybəniz, 4 ilsonra mən   ata-anam yaylaqda olarkən anadan oluram. Onu deyim, atam qoyunçuluq sovxozunda cəmi bir il işləyir. Yaxşı işinə görə onu daha məsuliyyətli işə Göytəpə rayonu yun tədarükü idarəsinə rəis qoyurlar. Salmanın  əsl istedadı burda özünü göstərir. O baş idarədən əlavə vəsait ayırtdıraraq  idarəni, hasarı təmir edir. Bütün anbarları, talvarları yenidən qurur. Giriş qapısında xüsusi buraxılış  məntəqəsi, qaravulxana, laborotoriya tikdirir. Çox qəribədir, toplanmış yunu buralarda deyil,aparıb Xarkov şəhərindəki yun emalı zavoduna  təhvil   vermək təklifini irəli sürür  və bunu həyata keçirmək üçün  bir neçə dəfə Xarkova gedib yaxşı müqavilələr bağlayır. İndi atama sadəcə Salman  yox Yun Salman deyirdilər. Ölkədə vəziyyət yaxşılaşırdı. Şəhərlər, kəndlər yenidən qurulurdu. Artıq  hər yana işıq çəkilmişdi. 70-ci illərdə rayon partiya komitəsinin birinci katibləri  üçün yeni  yaşayış evi  tikiləndə köhnəni atama verdilər. Əvvəlkindən fərqli olaraq  yeni evimiz şəhərin mərkəzində idi. Atam da tənbəllik etməyib  hasarı, evi söküb yenisini tikdi. Bütün bu illər ərzində  istər uşaqlıq illərində, istərsə də gənc yaşlarımda biz yayı yaylaqda, qışda isə qısa müddətə  hər il Sovet İttifaqının ən gözəl sanatoriyalarının birində dincələrdik. Bundan  əlavə qış aylarında  Moskva, Leninqrad kimi  böyük şəhərlərə səfər edər və heç vaxt əliboş qayıtmazdı. Özündən əlavə  rayon rəhbərlərindən katibə, prokurora, milis rəisinə də hədiyyələr alardı və bu ənənəni bütün ömrü boyu davam etdi. Katiblər, prokurorlar, rəislər gəlib gedirdi. Amma Yun Salman öz yerində qalırdı. Doğrudur hərdən ona yüksək vəzifələr də təklif edirdilər. Ancaq Salman razı olmurdu. Bu iş ona sərf edirdi. Həm qazancı yaxşı idi, həmdə vaxtı olurdu. Yun Salman ağıllı adamdı. Heç vaxt  özündən yuxarı  vəzifəli adamların arxasınca danışmazdı. O qorxaq deyildi, yaltaqlığa nifrət edərdi. Heç kəslə işi olmazdı. Ancaq kimsə ona sataşanda bax onda atam yırtıcı şirə dönürdü. Lazım gəlsə 50 min, yüz min xərcləyib həmin adamı yerində oturdardı. Pul  məsələsində çox ciddi idi.

İndi isə anam haqqında. Deyirlər ağ gün adamı ağardar. Onsuz gözəl olan anam bu illər ərzində daha da gözəlləşib xanım, xatın  qadın olmuşdu. Anam heç vaxt  süni bər-bəzəkdən istifadə etməzdi. İmkanlı ailə olmağımıza  baxmayaraq anam həyətin  giriş qapısını açarla bağlamağa qoymazdı. İstər rayonda, istər yaylaqda  qonşulara, əlsiz –ayaqsızlara əl tutar, ondan pul istəyənlərə borc verərdi. Xörəkləri, turşuları, motal  pendirini özü hazırlayardı. Bir dəfə olsun kişilər oturan məclisdə olmazdı. Atamın işi çox olduğundan bizi o tərbiyə edərdi. Aybəniz gözəllikdə anama oxşamışdı. Mən isə  necə doğulduğumu sizə demişəm. Bizi çox qapalı saxlayırdılar. Mən də, Aybəniz də  bir şey almaq  və yaxud kinoya getmək lazım olanda anamdan icazə alardıq. Məktəbdə  həmişə üzlü  uşaqlar  bizi aldadıb   yaxşı qələmləri əlimizdən alardılar.

Aybəniz orta məktəbi  bitirəndə  atam  onu İstisu sanatoriyasında tanış  olduğu və neçə illər dostluq  etdiyi Azərbaycan Pedaqoji İnstitunda dekan işləyən professor Əlizadənin  evinə apardı. Əlbəttə atam əvvəllər olduğu kimi indi də əliboş gəlməmişdi. 30 kilodan artıq  4 illik qoç  cəmdəyi, dağ balı, qoyun südündən motal pendiri, təzə nehrə yağı, isti təndir çörəyi,s ac üstü yuxa və sairə. Qoca professor  bunları görəndə Salmanı qucaqlayıb üzündən öpür:- Sağ ol Salman bunlar hamısı əladır. Axı biz nə qədər imkanlı olsaq da belə şeyləri buralarda tapa bilmirik. Sonra Salman Aybənizin  məsələsini söyləyir. Professor söz verir, Salman heç narahat olmasın. Aybəniz  dil və ədəbiyyat fakültəsinə qəbul olunacaq. Elə Aybəniz  özü də biliklidir.   Elə bizdə qalar. Qızım Sevda  özü onu imtahanlara aparar. Sən qayıt get işinlə məşğul ol. Atam cibindən  2000 manat  pul çıxarıb stolun üstünə qoyur. Lakin professor pulu götürmür:

-İş düzələndə verərsən. Bir aydan sonra Aybəniz məktəbə qəbul olunanda  atam yenidən o pulu ona vermək yenə götürmür:

-Salman sağ ol sən mənə çox hörmət etmisən. Deməyə çətinlik çəkirəm. Bilirsən də bizim Sevda  qızımız nişanlanıb. Əgər  sənə çətin deyilsə  bizə  cehizlik üçün  bir az  yaxşı  yun düzəlt. Bax onda atamın  əsl zirəkliyi  özünü göstərir. Anam Dilarənin köməkliyi ilə nəinki bir az düz 100 kilo  əla yun tapıb professora  verir. Professor bu dəfə sevindiyindən Salmanı qucaqlayıb öpür.

Atamın Bakıda iki otaqlı  evi vardı, imkanı yaxşı olanda hansısa fəhlə qohumumuzun adına almışdı. Əvvəlcə Aybəniz  və sonra  mən o evdə qaldıq. Aybəniz institutu bitirən ili mən ali məktəbə qəbul olundum. Özü də inşaat mühəndisliyinə. Söz yox, yenə atamın köməkliyi ilə. Orta məktəbdə hərdən yaxşı şəkillər çəkirdim. Yazıq kişi də  elə bilirdi  mənim istedadım var. O biri institutlardan fərqli texniki institutlarda oxumaq çox çətindi. Burda gərək çertyoj  çəkməyi bacara biləydin ki, kurs işlərini  semestr imtahanlarına  qədər qurtarıb təhvil verməlisən   imtahanlara buraxılasan. Həm tənbəl, həm də elə savadlı olmadığım üçün  bu işlərin öhdəsindən gələ bilmirdim. Atamın hər semestr imtahanları vaxtı göndərdiyi 1000 manat pulla savadlı tələbələrə pul verib  işləri gördürürdüm.

Xarici görünüşüm yaxşı olmasa da geyimim, pul xərcləməkdə əliaçıqlığım   qızları  mənə yaxınlaşdırdı. Dmitrov küçəsində  xüsusi hallar üçün kirayə etdiyim qapısı küçəyə açılan  otağıma hər gün qızlar gələrdi. Mən xoşuma gələni yanımda saxlayıb qalanları rədd edərdim. Yay    tətillərində  isə  istirahət evlərində  dincələrdim. Daha beş il kecdi. Mən institutu bitirib rayonumuza qayıtdım.

Ailəmizdə  dəyişiklik olmuşdu. Bacım Aybəniz Məmməd adlı oğlana ərə getmişdi. Məməd  rayon mədəniyyət şöbəsində təlimatçı işləyirdi. Doğrudur gözəl yaraşıqlı oğlan idi. Savadlı olsa da, amma yaman üzlü adamdı. İncəsənət institunun mədəni-maarif fakültəsini bitirmişdi. Məmmədgil şəhərin mal bazarı tərəfində olurlar. Çiy kərpicdən bir otaqlı evləri var. Anası Məsmə arvad hələ Məmməd körpə olarkən ərindən ayrılmış, çörək zavodunda fəhlə, sonralar məktəbdə  qulluqçu işləyə-işləyə oğlunu böyütmüş, ona ali təhsil vermişdi. Aybənizi də Bakıdan tanıyırmış. Aybənizin  etirazına baxmayaraq  bu yoldan geri çəkilməmiş  və nəhayət bacımın  ona ərə getməyə razılğını almışdı. Atamın  bu sevdadan heç xoşu gəlməmişdi. Amma sevimli qızının xətrinə dəyməmişdi. Buna baxmayaraq  bəzi qabaqlayıcı tədbirlər görmüşdü. Aybənizin adına şəhərin  yenicə inşa edilmiş 2 mərtəbəli 12 mənzilli binadan 3 otaqlı mənzil alır. İçərisini  isə Aybənizin cehizi ilə doldurur. İş  o yerə gəlir, hətta Məmmədin anasının verdiyi bir dəst yorğan döşəyin  otağa gətilməsi də lazım olmur. 

Tikinti  idarələrinin birində əvvəlcə  iş icraçısı köməkçisi, sonra isə iş icraçısı oldum. Mənim qəbul etdiyim sahə  tikintisi uzun illər yarımçıq qalmış beşmərtəbəli bina idi. Birinci mərtəbə qurtarmış, ikinci mərtəbə  başlansa da  sonradan tikinti dayandırılmışdır. Yaman ilişmişdim. Mən bilmirəm  necə oldu cavan, təcrübəsiz mütəxəssisə belə məsuliyyətli işi tapşırıdlar. İşə heç cürə başlaya  bilmirdim. Keçmiş  iş icraçısının qohumları fəhlələr də elə onunla birlikdə işdən çıxmışdılar. İşləri aparmaq üçün  usta və fəhlələr tapılmırdı. Bunun səbəbi  Göytəpədə tikinti idarələrinin sayının çox, əhalinin  az olmasıdır. İşə təyin olunduğumdan bir ay vaxt keçməsinə baxmayaraq mən bir dənə olsun daşı daş üstünə qoya bilməmişdim. Axşam evdə  vəziyyəti atama  deyəndə o da telofonu   götürüb rəisim Əhmədova zəng etdi.

Ertəsi gün rəis  məni yanına çağırıb  bir məktub  verib:–

Maşın götürüb Qarabulağın  Zeynallı kəndinə  gedərsən, orada briqadir Alışan deyirlər  tapıb  bu məktubu ona verərsən. Deyərsən məni Əhmədov yollayıb. Elə etdim. Alışanı tapıb məktubu verdim. Alışan məktubu oxuyub: –

Yoldaş Əhmədova deyərsən mən razı. Bu gün beşinci gündür. Birinci gün saat 7-də avtobus  dəmiryol keçidinin yanında olsun. Sevindiyimdən bilmirdim nə edəm və Alışana təklif etdim əgər vaxtı varsa bu şad xəbəri qeyd edək. Dağlara tərəf qalxıb yaxşı kababxana tapıb əməlli-başlı yeyib içdik.

İşlərim qaydasına düşmüşdü. Alışanın gətirdiyi  işçilərin və habelə rəisimin yaxından köməyi  ilə 2-ci,3-cü və 4-cü mərtəbələləri tikib qurtardıq. Rəisin tapşırığı ilə işlərə baş mühəndis nəzarət edirdi.

Mən inşa etdiyim  tikintinin   yanında  iki mərtəbəli  binada  bir idarə yerləşirdi. Deyəsən maliyyə idarəsi vardı. Arxasında məhəccərlənmiş açıq eyvan vardı və bir neçə cavan qız  hərdən çıxıb orda söhbət edərdi. Mən gündə  bir neçə dəfə yuxarı çıxıb görülən işlərə baxardım. Son günlər   usta yanında  işləyən cavanların öz yerində olmadıqlarını hiss etdim və onları axtaranda gəlib  tikintinin həmin idarəyə tərəf  olan pəncərələrinin yanında tapırdım. İdarə binaya çox yaxın idi. Cəmi 5-6  metr aralı olardı. Mən fikir verdim, qızlar  aşağıdan, oğlanlar isə yuxarıdan bir–biri  ilə söhbət edirlər. Mənimkilər  məni görən  kimi o saat qaçıb öz iş yerlərinə getdilər. Belə şeylərə sonralar da tez-tez rast gəlsəm də  üstünü vurmurdum.

İş otağım da elə həmin idarənin  yaxınlığında idi. Ayın axırı idi. İşçilərin əməkhaqqı  naryadlarını yazırdım. Qapı döyüldü. Başımı qaldıranda  qapıda dayanmış bir qız gördüm:-

Gəlmək olar? Onu içəri dəvət etdim və dərhal tanıdım. Burada işləyən qızlardan biri idi. Əlində 3 məktub vardı. Məktubları sağ əlində tutmuş sol əlini açaraq  ovcunun içinə döyəcləyirdi.

-Buyurun sizi eşidirəm. Sonra ona baxdım. Balaca boy idi. Amma şən əhval ruhiyyədə. Gözləri parıdayır, dodağında təbəssüm vardı. Deyirdin bəs uşaqdır. Sakit dayana bilmirdi.

-Sizdən  bir xahişim var. Bilirsiz mənim qızlarım sizin oğlanlara, yox-yox sizin oğlanlar mənim qızlarıma vurulub. Sizin keçirdiyiz reyddən sonra onlar söhbətləşə bilmirlər. Öz ürək sözlərini məktubla göndərirlər və mənim sizdən xahişim budur ki,  bu məktubları öz sahibinə çatdırasınız. Mən cavan oğlan olduğumdan bu işin fərqinə varmadım/ Cavab verdim:

 -Baş üstə. Sonra məktubları alıb üzərinə  baxdım. Çox primitiv, səlqəsiz kobud surətdə yazılmışdı.

Sarıgüldən –Pənaha

Nübardan– Sədrəddinə

Natelladan  -Mətləbə .

Mən  -Bəs Mətləb kimdir. Bizdə belə işçi yoxdur dedim.

-O sürücüdür. Bura hərdən yük gətirir. Mən qonağıma söz verdim ki, dediklərini yerinə yetirəcəm  və o da mənə təşəkkür edib getdi. Ancaq iş bununla bitmədi. Bir neçə gündən sonra o qız yenə əlində üç məktub  yanıma gəldi. O:

-Mən yenə  məktub gətirmişəm, yəqin acığınız tutacaq. Gözlərinin içi bic-bic gülürdü. Mən onu qarşımdakı stula dəvət edib:

-Əyləşin, gəlin tanış olaq. Mənim adım Vasifdir. Siz o idarədə işləyirsiniz?

-Mənim adım Zəminədir. Sizi, bacınız Aybəniz müəlliməni, ananızı tanıyıram. Biz beş qız bura qəbul olunmuşuq, staj topalayaq, növbəti qəbul imtahanlarına gedəndə işləməyimiz haqda arayış ala bilək. Birimizdən başqa biz dörd qıza heç əməkhaqqı da vermirlər. Bütün günü eyvanda olub söhbət edirik. Sizin  oğlanlar gələndən sonra bizim qızları bəyəndilər. Bu işdə mən onlara kömək edirəm. Mənə qızlar zarafatla “aradüzəldən” deyirlər.

Onda mən ondan soruşdum:

-Bəs dördüncü məktub hanı? Siz belə dilli-dilavər, həm də qəşəngsiniz, necə olur özgələrinə adaxlı tapırsınız özünüzə yox. Zəminə

-Siz öz oğlanlarınızı nəzərdə tutursunuzsa  mənim onlardan xoşum gəlmir. Onlar  kobud və mədəniyyətsizdirlər. Odur Pənah Sarıgülü çağırıb, gəl söhbət edək. Yazıq ona yaxınlaşmağı ilə qayıdıb qaçmağı bir oldu. Soruşduq  ay qız nə oldu. Niyə  tez qayıtdın. Deyir ki, bəs Pənah qucaqlayıb öpmək istəyirdi. O kimdi məni öpür. Hələ heç tanış olmamışıq. Bir–birimizi tanimırıq. Mənim isə sizdən xoşum gəlir.

O özünü  çox sərbəst aparırdı. Belə söhbətləri  adətən  ziyalı ailələrdə böyümüş, dünyagörüşü  geniş olan qızlar edə bilərdi. Bununla belə  mən:

-Mənim nəyim  xoşunuza gəlir? Arıq ,uzun cılız  oğlanam. Başım da getdikcə dazlaşır. Hələ belimdəki qüsuru demədim.

– Yox elə deməyin. Məsələ sizin xarici görünüşünüzdə deyil. Siz mədəni oğlansınız. Geyiminiz, danışığınız, hərəkətləniz alicənablığınızdan xəbər verir. Yaxşı daha bəsdir. Hələlik sağ olun mən getdim. O gedəndən sonra xeyli oturub qaldım. Özümü nə qədər  işə yönəltmək istəsəm də  də alınmırdı. Durub işçilərin yanına getdim.

Bu arada mənə digər bir binanın tikintisini başlamağa göstəriş verdilər. Rayon prokurorluğuna yeni inzibati bina tikiləcəkdi. Layihəsi yeni memarlıq üslübunda  tərtib edilmiş bu bina həm gözəl, həm də tez tikilib qurtarmalı idi. Bunun üçün   xüsusi briqada lazım  idi. Elə bir briqada ki, bünövrədən tutmuş  tamamlama işlərinə qədər olan işlərin hamısını yerinə yetirə  bilsin. Uzun müzakirələrdən sonra   müəyyən edildi bu işlərin öhdəsindən yalnız o vaxtkı Ermənistan SSR-nin Qafan şəhərindən  erməni Qraçikin briqadas yerinə yetirə bilər. Onlar əvvəllər də buralarda işləyib. 6   nəfərdən ibarət olan bu bridanın üzvləri  birlikdə  beton tökməyi, hörgü hörməyi, ağac və malyar işləruini  yerinə yetirməyi  bacarır. Təxminən 1983 –cü illər olardı. Məlum  “Dağlıq Qarabağ” hadisələri heç kəsin ağlına gəlməzdi. Rəis  Əhmədov Qraçikin ünvanını mənə verib  dedi. Özünlə bir yoldaş götür Qafana get. Qraçiki  tapıb mənim məktubumu ona ver. Sənə bir həftə vaxt verirəm, onları özunlə bərabər gətirərsən. Yoxsa yaxanı verəcəm prokurorun əlinə.

Yeyib –içməyi xoşlayan dostum var idi. Onu da  özümlə götürüb Bakı –Yeravan qatarı ilə Qafana getdim. Stansiyadan Qafana maşınla gəldik. Səhər saat on idi. Birinci gün olduğundan  hamı işə tələsirdi. Avtomatların birindən Qraçikə zəng etdim. Özüm haqqında məlumat verdim. Şəhərdə  dağın döşündə inşa edilən 25 mərtəbəli binanın yanında olduğumu dedim. Köpəkoğlu azərbaycanca təmiz danışırdı. Ümumiyyətlə ermənilərin hamısı azərbaycanca yaxşı bilir. Yaxşı yadımdaır. İnstitutda qocaman rus dili müəllimiz vardı. Sadıq Vəkilov. Qori seminariyasını Qazağa köçürulüb gətirilməsində onun böyük əməyi olmuşdur. O deyirdi ki, ermənilər  ona görə  bizim dili  yaxşı bilirlər ki, həmişə bizim tabeliyimizdə olublar, ehtiyaclarından bizim işləri yerinə yetiriblər.

Qraçik tez gəldi. Onunla görüşəndən sonra çayqırağı gəzə-gəzə şəhərin yuxarı məhəlləsinə gəlib mənzərəli kafedə açıq havada qoyulmuş stolun ətrafında oturduq. Çayın adı Qəjaran idi. Çox lilli idi. Rəngi paslanmış misə oxşayırdı. Mənə dedilər yuxarıda çayın başlanğıcında  polimetal mədənləri var. Bu filizləri su ilə yuyub çaya axıdırlar. Bəzən uran da tapılır. Odur ki, çayın suyundan istifadə etmək çox qorxuludur. Yeməyi təzə vermişdilər. Bizə 35-36 yaşında   erməni yaxınlaşdı. Bizimlə salamlaşıb görüşəndən sonra Qraçik :

 -Tanış olun bu Rantikdir. Mən bənnayam, o malyardır. Stolun üstündə hər cür yeməklər vardı. Qaban kababı, quzu əti, hinduşka, turşular, nar, üzum, tut arağı, adi araq. Dostumun gözləri parıldayırdı. Biz başladıq, nə başladıq. Məndən başqa hər üçü  saat 3-ə qədər yeyib içdilər. Sonra bizi mehmanxanaya aparıb yer aldılar. Dedilər dincəlin. Bildirdilər  evə də apara  bilərik, amma burda daha rahat ola bilərsiniz. Axşam saat yeddidə  gəlib   suvaqçı Saşanın evinə gedəcəyik. Mən yuxudan  oyanada  hiss etdim, başım ağrıyır. Özüm bilirdim, başım niyə ağrıyır. Bu çaysızlıqdan idi. Burada isə  çay tapmaq lap müşkül məsələ idi. Dərdimi bizi Saşanın evinə aparmağa gəlmiş Rantikə dedim. Rantik:

-Bizdə heç kim çay içmir. Gedək Saşagilə. O bizdən yaşlıdır. Bəlkə onun arvadı sənə çay tapıb verdi. Saşanın evinə  bütün şəhəri dolanaraq piyada  gəldik. Şəhərin ən hündür yerində  dağın döşündə  tikilmiş bu çox geniş həyəti  vardı. Həyət yamac aşağı uzanıb gedirdi. Hansı meyvə ağacından desən burda vardı. Həyətə bir yerdən bilək yoğunluğunda su daxil, sonra Saşanın çəkdiyi balaca arxcıqlarla ağacların dibinə axırdı. Elə  burda ağacların altında böyük stol  qoyulmuşdu.  və yenə stolun üstündə nə desən vardı. Mən dərhal dedim başım ağrıyır. Mənə çay verin. Saşa gülə -gülə  çay yoxdur, amma sənə elə dərman  verəcəm  ağrısı kəsəcək. Evə qayıdıb əlində iki butulka gətirib stolun üstünə qoydu. Bu başı xamralı zoğal arağı idi. Bir stəkan iç ağrısı kəsəcək. Araqadan süzüb bir stəkan içdim. Başım yenə ağrıyırdı. Onda araqdan bir stəkan süzüb mənə verdi:

-Al bunu vur. Başın daha ağrımscaq. İkinci stəkandan sonra başım doğrudan da ağrımadı. Biz Saşanın evindən mehmanxanaya qayıdanda   artıq gecə idi. Çay kənarında dayanıb Saşanın evinə baxdım. Saşanın  evi burdan ən azı 500 metr hündürlükdə  olardı. Ertəsi  gün Rantik  bizi Qafan yaxınlığında olan Qızıldaş yaylağına apardı. Yol boyu rastlaşdımız yerləri Rantik göstərib  bir adlarını deyirdi. Bu adların hamısı bizim əcdadlarımızın  verdiyi adlar  idi. Haçaqaya, Dəvəggözü, Naltökən və sair. Doğrudur o vaxtı biz bunun fərqinə varmırdıq. Fikiləşirdik  SSSRİ bizim vətənimizdir. Qızıldaşda sanatoriya da var. Axşam yenidən şəhərə qayıtdıq. Nəhayət Qafana gəlişimizin  5-ci günündə briqadanın bütün üzvləri bir yerə yığıldı. Mən sevinirdim. Bazar günü Qafandan yola düşüb birinci gün Göytəpədə olacaqdıq. Hamıdan böyük Saşaya təklif etdim. Briqadanın bir yerə yığılması münasibəti mən qonaqlıq vermək istəyirəm. Özü də ən yaxşı restoranda. Əlimi cibimə salıb pulumu göstərdim. Bax Əhmədov verib.Tapşırıb  uşaqlara yaxşı bax. Amma yalan deyirdim.Pulu atam vermişdi. Axşam restoranda olduq. Hamı  üzünü qırxdırmış, saçlarını düzəldirmiş, əla geyinmişdi. Sifariş verildi. Yeyib–içmək başlandı. Məclis getdikcə qızışırdı. Orkestr öz işində idi. Bir-birinin ardınca erməni mahnıları oxunurdu. Mənim ağlıma  bir fikir gəldi. İstəyirdim  ətrafdakılar bilsin ki, biz də buradayıq. Odur  ayağa durub  oxuyan  oğlandan xahiş etdim bir “Sarı gəlin “ mahnısını azərbaycan dilində oxusun. O da baş üstə  deyib, əvvəlcə çıxış edərək burada Azərbaycandan gələn qonaqlar  olduğunu, bizim birgə yaşadığımızı, bir-birimizdən qız alıb, qız verdiyimizi qeyd elədi və həzin səslə  “Sarı gəlin oxumağa başladı. Salonda tam sakitlikdi. Lakin mahnı yarıya  çatar-çatmaz qonşu  stollardan  bir oğlan  durub oxuyan oğlanın  yaxasından   yapışıb öz dilində nə isə qışqırara onu sillələməyə başladı. Bir neçə nəfər  tökülüşüb oxuyanı onun əlindən  aldı…

Oğlandan əl çəkən erməni bu səfər bizə çumdu. İndi azərbaycanca

– İt uşağı siz nə cürətlə bu mahnını sifariş  vermisiniz. Axi bu bizim mahnıdır. Rantik  onun qarşısını kəsib, o da azərbaycanca

 – Spartak yaxşı lazım deyil. Axı onlar mənim qonaqlarımdır. Vəziyət  pisləşirdi. Artıq qonşu stollardan da bir neçə cavan erməni gəlib Spartaka qoşulurdu. Mən ofisiantı çağırıb hesabı verdim. Briqada bizi dövrəyə alıb restorandan çıxardı. Qəribə idi. Qapının yanında milisoner də vardı. Sakitcə durub baxırdı. Sanki  baş verənlərin ona dəxli yox idi. Rantik Spartakın yanında qalmışdı. Yarım saatdan sonra  gəlib bizə çatdı. Üzünü  mənə tutub dedi. Vasif siz elə bu saat şəhəri tərk eləməlisiniz. Biz səhv etmişik. Onlar hansısa gizli cəmiyyətin üzvləridir. Bu zəhrimar mahnı bəhanədir. Bir azdan onlar şəhəri ayağa qaldıracaq. Bax onda işlər pisləşəcək. Tələsik mehmanxanaya  gəlib, çantaları götürüb Rantıkin çağırdığı maşına əyləşib Qafandan çıxdıq. Butun bunlar heç yarım saat  da çəkmədi. Mən buraları tanımadığımdan  bilmirdim, hara gedirik. Gəlib  bir dəmir yol stansiyasına çatdıq.  Sürücü  bizi maşından düşürüb dedi: -Qorxmayın bura Naxçıvandır. Bir azdan  Noraşen –Bakı qatarı gələcək. Ona minib evinizə gedərsiniz. Daha bizə qorxu yox idi. Öz elimizdə, obamızda idik.

Mən bilmirəm belə hadisələr necə baş verir. Amma mən ona rast gəldim. 1988-ci il idi. İş yoldaşlarımla birlikdə Moskvaya qısa müddətə gəzməyə getmişdik. Qayıdanda Gürcüstandan olan yoldaşımız  xahiş etdi ki, Moskva –Tbilisi qatarı ilə Gürcüstana  gedək, o valideynləri ilə görüşsün, oradan Bakıya gələk. Küpedə üç nəfər idik. Dördüncü yerin sahibi  hələ gəlməmişdi. Qatar növbəti stansiyada dayananda      bizim küpeyə bir oğlan daxil oldu. Onu o saat tanıdım. Spartaqk idi. Paltarını dəyişib, yatağını düzəldəndən sonra  yanımızda oturdu. Qatar tam sürətlə hərəkət  edirdi.  Mən:

 -Salam Spartak  xoş gördük. Adını eşidən Spartak çox təəccübləndi. Elə bizimkilər də məəttəl qalmışdı.

-Hə  uşaqlar mən bu oğlanı tanıyıram. Özü də ermənidir. Sonra  uşaqlara Spartakın Qafanda başlmıza gətirdiy oyunlardan danışdım. Yenidən Spartaka:

-Bax indi biz üç nəfərik, sən tək. Amma sən qorxma. Biz sənə toxunmayacağıq. Çünki biz Məhəmməd ümmətiyik. Ürəyimizdə Allah qorxusu var. Ancaq səndən bir şeyi xahiş edirəm. Gərək düzünü deyəsən. De görüm “Sarı gəlin “ sizindir yoxsa bizim. Spartak heç fikirləşmədən cavab verdi:-

Əlbəttə Sizin. Bir də axı mən nə bilim bu mahnı kimindir. Fəhlə babayam.

-Yox  sən fəhlə deyilsən  ekstremistsən. Özü də erməni  ekstremisti. Buraya, Moskvaya da ona görə  gəlmisən, öz başbilənlərindən yeni təlimat almaq üçün. Bununla söhbət bitdi. Rostovda qatar  xeyli dayanır. Biz aşağı düşüb vağzalda gəzindik. Qayıdanda  Spartakı görmədik. O  əşyalarını götürüb harasa əkilmişdi.

Söz verdikləri kimi briqada vaxtında gəldi   və mən hər iki tikintidə işləri aparırdım. İşlər əla gedirdi. 6 aydan sonra hər iki binanın üstü vurulmuş, arakəsmələr hörülür, qapı, pəncərə blokları yerinə qoyulur suvaq işləri aparılırdı. Bu arada hər iki binanın istilik  sistemi, qazanxana və su  xətlərinin çəkilməsi  üçün quraşdırıcılar gəldi. Hər  dəstədə cəmi 3-4 adam vardı. Bu adamlar tapşırılan işi vaxtında  yerinə yetirdilər. Onların  prorabı ( propab rus sözü olub –proizvoditel rabot- işləri aparan deməkdir)  da görülən işlərə smeta tərtib edib yanıma gətirdi. Yerinə yetirilmiş işlərin məbləğini  görəndə az qaldı qışqıram. Soruşdum, necə olur hərənizin 3-4 adamı var, amma bu işi yerinə yetirirsiniz. Onlar məni başa saldılar ki, işlər smetada göstərisədə   biz  bəzilərin yerinə yetirmirik, nəticədə  az adamla şox iş görub yaxşı pul qazanırıq.

Ümumiyyətlə prorab işləmək  mənim xoşuma gəlmirdi. Bu barədə dəfələrlə atama demişdim. Çox məsuliyyətli, ağır işdir.

Zəminə ilə münasibətlərimiz çox  irəli getmişdi. Artıq biz bir-birimizi dəlicəsinə sevirdik. Onu da deyim ki, bizim ara düzəldənimiz Zəminənin sayəsində  mənim oğlanlarımın ikisi də evlənmişdi.  Sürücü Mətləbin məhəbbəti yarımçıq qalmışdı. Natellanı  özü bilmədən  atası uzaq qohumu, yenə Qarabulaqdan olan 42 yaşlı restoran müdirinə ərə vermişdi.

Müəllifdən:Mən Vasifin dəftərindən təxminən 5 vərəq bu kitaba daxil etmədim.Vasif bu vərəqlərdə  tikint i,onun aparıması, materillar, plan,t əhlükəsizlik qaydaları, o  dövrdə keyfiyət yox, kəmiyyətə üstünlük verilməsi  və habelə  Zəminə ilə olan sevgisinin  hər  anı haqqında geniş məlumat verir. Oxuculara isə Vasifin həyatının  davamı daha maraqlı olduğundan  həmin vərəqləri sonrakı nəşrlərə saxladım.

Zəminə gözlədiyimdən  də yaxşı idi. Artıq onunla  evlənməyimə qərar vermişdim. Ancaq adi təsadüf   nəticəsində    eşitdiklərim məni Zəminədən ayırdı. Səbəbini  Siz artıq bilirsiniz. O vaxt Zəminəyə kiçik bir məktub  yazıb bildirdim ki,səninlə mənimki tutmaz və bir daha onunla görüşmədim.

Bu arada  işlədiyim idarənin bütün  işçilərini səfərbər edib ilin axırına qədər  təhvilə gedəcək  obyektin tikintisinə apardılar. Tam dörd ay öz tikintimə baş çəkə bilmədim. Bir dəfə vaxtım olanda  ora getdim. Yavaş –yavaş  mərtəbələri,o taqları gəzib, yarımçıq qalmış işləri qeyd edirdim. Bilirdim tezliklə qayıdacağıq. Nəhayət axırıncı blokda ikinci  mərtəbədə olan mənzilə girəndə qəribə  mənzərə gördüm. Mənzil məskunlaşmışdı. İçəridəkiləri də tanıyırdım. Carpayıda oturan qonşuluqdakı idarənin müdiri Murad Dəmirov, o birisi  mənim qaravulçum idi. Məni görəndə hər ikisi ayağa qalxıb mənimlə görüşdülər. Otaq səliqəli düzəldilmişdi. Yanda çarpayı, ortada stol qoyulmuşdu. Hər tərəf kitabla doluydu. O biri kiçik otaq isə mətbəx idi.

-Hə, Vasif bala necəsən? İşləriniz necədir? Atan deyəsən bizdən  küsüb. Bu otağı rəisin Əhmədovdan xahiş edib müvəqqəti istifadə edirəm. İşdə yorulanda gəlib burda dincəlirəm. İdarə müdiri atamla möhkəm dost idi. Bir–birinə çox oxşayırdılar. Dəfələrlə qış aylarında qısa müddətli istirahətə birgə gedərdilər. Başlarına geydiy papaqlar həmişə seçilərdi. Gah alimlərin qoyduğu papaqlardan, gah da mərkəzi kömitə üzvlərinin geydiyi samur, qaragül dərilərindən tikilmiş kepkalardan  geyərdilər. Uşaqları ilə də dost olmasam  münasibətim var. Onlarla sağollaşıb işimə davam etdim, baxışı qurtarıb  iş otağıma gəldim. Qeydlərimi  iş dəftərimə köçürmək istəyirdim. Qapı döyüldü. Qaravulçu idi. Əlimlə  stulu göstərib oturmasını işarə etdim.

-Bura bax, o burda neyləyir? Necə yəni yorulanda gəlib  burda dincəlirəm. Onun kabinetində bütün şəraiti olan istirahət otağı var.

-Ay oğul səndə onun dediklərinə inanırsan. Hamısını yalan deyir. Elə zibili həmin o istirahət otağında qarışdırıb. O gördüyün otaq onun evidir. Arvad, uşaq yığışıb evdən qovublar. Yadındadır Zəminəgil  5 qız bu idarədə işləyirdilər. Beşinci qızı tanımırsan. O kənddən gəlib. Eyvana çıxmağa da  Dəmirov icazə vermirmiş. İri cüssəli, dolu bədənli qızdır. Qoca kaftar bu qızı özünə ov seçir. Arvadının xəstə olmasını, tezliklə öləcəyini, onunla evlənəcəyini, özünə məxsus evi onun adına keçirəcəyini vəd edir. Nəhayət bu əclaf öz məqsədinə çatır və yavaş-yavaş qızdan uzaqlaşır. Lakin qızın hamilə olması  xəbəri işləri korlayır. Qızın qohumları  şikayət edir. Dövlət adamı olmasına baxmayaraq xanımı, övladları onun bu hərəkətini heç cürə bağışlaya bilmirlər. Evdən çıxardırlar. Dəmirovun xanımı çox gözəl, həm də ağıllı qadındır. Üstəlik   birinci katibin xanımı ilə  rəfiqə imiş. Onlar da Dəmirovun cəzalanmasını istəyirlər. Birinci katib  təcili  iclas çağırır. Elə iclasda onu ayağa qaldırıb

-Dəmirov sənin neçə yaşın var?

-58 yaş. Sən axmaq iş tutmusan. Uzaqbaşı 3-4 il səninki olacaq. Sənə toxunmuram. İşçi kimi yaxşı işçisən. Get camaatın qızını necə aldatmısan, elə cəzanı çək. O qızla evlən. Yoxsa səni 10 il həbs gözləyir. İndi Dəmirov ev axtarır. Bir də rəsmi boşanma olmalıdır. Evi alandan sonra qızı gətirib saxlaycaq. Vəzifədə də müvəqqətidir. İndi o hadisədən uzun illər keçib, amma mənim yaxşı yadımdadır. Heç bir il  keçməmiş Dəmirovu  işdə yol verdiyi noqsanlara görə vəzifəsindən azad etdilər. Cəmiyyətdəki mövqeyini itirən, sevimli xanımından, övladlarından ayrı düşən  Dəmirov heç 2 il də yaşamadı.

25 yaşım tamam olurdu. Mən iş yerimi dəyişmişdim. Çoxdan arzuladığm avadanlıqların quraşdırılması üzrə prorab olmuşdum. Bizim idarə Bakıda yerləşirdi  və respublikanın hansı bölgəsində iş olurdusa ora gedirdim. Evimizə Şəmkirdən gəlmişəm. Orada  şərab zavodu tikilir. Bir həftə burda olacağam. Gəlişimi eşidən Aybəniz   və əri Məmməd  bizə gəlib. Bir azdan atam da gələcək. Məmməd  indi rayon partiya kömitəsinin təlimatçısıdır. Onun sənədlərini  Ali partiya məktəbinə hazırlayırlar. Yeni dərs ilində dəvət etməlidirlər. Ali partiya məktəbi bitirəndən sonra  güya hazır kadr olacaq. Partiya hara məsləhət bilsə ora göndərəcək. Bunların hamısını atam edir. Aybəniz ərə gedəndən az sonra Məməd musiqi məktəbinə direktor olur. Oradan  da raykomda  təlimatçı.  Birinci övladları artıq 3 yaşında olan  Yusifi anam saxlayır. Aybəniz yenə hamilədir. Atamın Məmməddən  heç xoşu gəlmir. Doğrudur çox savadlıdır. Amma bu savadlılıq, onun tərbiyəsinə, davranışına kömək etməmişdir. Alicənablığı yoxdur. Yerli-yersiz mübahisə edər, qalib gəlməsi ilə öyünərdi. Daha fikirləşməzdi ki, bu boyda məclisdə mollanı, seyidi  və yaxud ağsaqqalı pərt eləmək olmaz.

Atam  gələndən sonra süfrə ətrafında söhbətin əsas mövzusu mənim evlənmək məsələm oldu. Birinci anam  öz dərdini dedi.

-Vasif bala bilirsən  də bizim evimiz qonaqlı-qaralı evdir. Məndə artıq yaşlaşmışam. Bu böyüklükdə evin, həyətin işini görmək çətindir. Gərək tezliklə evlənəsən. Həm mənə həyan olar, həm də kömək edər. Sonra Aybəniz ona tərəfdar çıxdı. Məmməd də:

-Hə məsəl var “tez evlənənlə  tez ayrılan  heç nə itirməz”. Mən də gülə-gülə onlara cavab verdim, evləndirin də mən nə deyirəm. Amma mənim istədiyim qız yoxdur. Siz dünyagörmüş adamlarsınız. Kimi məsləhət bilsəniz mən razı. Məmməd yenə heç kəsin dillənməsinə imkan verməyib:

-Qız məndə. Bizim musiqi məktəbində  bir müəllimə var. Mən orada direktor olandan işləyir. Yaxşı tanıyıram. Çox  gözəl yaraşıqlı xanımdır. Özü də 5 nömrəli məktəbdə işləyən  Almaz müəllimənin qızıdır. Atam:-

-Yox Məmməd  işləyən qadınlar öz ovladlarının tərbiyəsi ilə o qədər də yaxşı məşğul ola bilmir. Nəticədə  özgə yerə düşən uşaqlar həyata hazır olmadıqlarından büdrəyirlər. Məmməd:

-Əşşi siz nə danışırırsınız. Mənimlə işləyəndə  hərdən onlara qonaq gedərdim. Vallahi Təbəssüm müəllimə bir çay süfrəsi açardı gəl görəsən. Bir də evlənən biz yox Vasifdir. Sabah onu aparıb Təbəssüm müəllimə ilə tanış edəcəm. Bəlkə heç Vasifin xoşuna gəlmədi.

Məmmədlə mən saat 11-də musiqi məktəbində olduq. Məmməd özünü raykom nümayəndəsi kimi aparır. Guya məktəbin vəziyyət ilə maraqlanırdı. Siniflərə daxil oduqca Məmməd  sınif müəllimindən nəsə soruşur o da öz növbəsində onların  dediklərini qeyd edirdi.  Mən isə musiqi alətləri ilə maraqlanırdım. Piyanino  sinifində notlarla maraqlandım. Mosart, Bax, Çaykovski, Üzeyir, Soltan Hacıbəyli  və başqalarının əsərləri idi. Mən indiyə qədər musiqi məktəbində olmamışdım. Musiqi  məktəbi orta məktəbdən çox fərqlidir. Buranın  müəllimlərinin, şagirdlərinin davranışı kübar cəmiyyəti xatırladır. Buradakılar adi adamlardan fərqli geyinirlər. Nəhayət biz Təbəssim müəllimənin sinfinə daxil olduq. Müəllimə sinifdə tək idi. Məmməd

-Salam müəllimə! Səsə dönüb baxan Təbəssüm Məmmədi gördü.

-O  Məmməd xoş gəlmisən. Sən hara bura hara? Və yaxınlaşıb  Məmmədin üzündən  yavaşca öpdü. Sonra məni göstərib

-Bu oğlan kimdir? Nə qəşəng geyinib.

-Mənim xanımım Aybənizin qardaşıdır. Gətirmişəm sizi tanış edim. O da  subaydır, sən də maşallah qəşəng qızsan. Buyurun tanış olun. Mən təəccüb içərisindəydim. Necə olur  Məmməd o biri siniflərə  daxil olanda  hamı ayağa qalxırdı. Müəllimlər özlərini yığışdırırdı. Üzlərində həyacan, təlaş olurdu. Amma Təbəssüm özünü o yerə qoymur. Çox sərbəst idi. Sinifdə də heç kim yox idi. İndi  o vaxtdan 25 il sonra bu sözləri yazarkən baxıb görürəm onlar bir-birini sevirmiş. Sadəcə Məmməd bacımın ondan imkanlı olmasını, atamın daimi arxa olacağını nəzərə alaraq Aybənizlə evlənmişdir.

Nə isə mən sizi yormacağam. Mən Təbəssüm müəllimə ilə evləndim. Amma deyəsən çox səhv etmişdim. O çox kobud və savadsızdı… Musiqi müəlliməsi olsa da musiqidən başı çıxmırdı. Stol arxasında da özünü apara bilmirdi. Çəngəl, bıçaqdan istifadə edə bilmir, yemək yeyərkən   tikələri  əlinin baş barmağı ilə  ağzının içərisinə itələyirdi. Xörək bişirməyi də  bacarmırdı. Kartof bişirərkən ya yandırardı, ya da ala–çiy olardı. Ən sadə yemək  olan qayqanağı dadsız olardı. Geyiminə gələndə  bahalı paltarlar alsa da zövqsüz geyinərdi. Bizim ailənin ad-sanına hörmət etməzdi. Gah  yubkası  dizdən yuxarı olardı, qəşəng, düz yoğun budları  çılpaq qalardı, və yaxud uzun yubka geyinəndə koftası qısa olar, əyiləndə, qalxanda qarnı, kürəyi görünərdi. Heç üç ay keçməmiş  səbirli, dözümlü anam özünü saxlaya bilməyib qəti qərar verdi

-Bunu  bu evdən rədd eləyin. Əgər sözümə baxmasanız özüm gedəcəm. Onun bu sözlərindən atamla, mən bərk gülüşdük.

-Niyə gülürsünüz? Elə bilirsiniz getmərəm? Atam da mən də onu qucaqlayıb sakitləşdirdik. Sonra atam kiməsə zəng edib, onunla söhbətləşdi. Qurtarandan sonra üzünü mənə tutub dedi:

-Mənim işçilərimdən biri fərdi ev tikdirib, bir neçə aydır ora köçüb. İndi onun 2 mərtəbəli binanın birinci mərtəbəsindəki üçotaqlı mənzili boşdur. Danışdım sabah açarı gətirib verəcək. Vasif  sən gedib evə baxarsan, lazımı materilları alıb evi yaxşıca təmir elətdirib ora köçərsiniz. Orda daha sərbəst yaşayarsınız.

…ardı var…

ardı >>>> BƏDBƏXT – QİSMƏT TAGİYEV

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “BƏDBƏXT – QİSMƏT TAĞIYEV”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir