ZAUR USTAC – BAYRAQ BİZİM BAYRAĞIMIZ!

Zaur Ustacın şeirləri “Ədəbiyyat qəzeti”ində.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

İlkin mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Üşüyən“ ocaq… – Leyla Yaşar

Leyla YAŞAR

“Üşüyən“ ocaq..
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu . Peçin içindəki közərən od sönmək üzrə idi. Alovlanmaga can atan köz , yorulur , kömürə dönürdü.
– Fevralın qarlı , şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı , görəsən?
– Bu nədi belə , stolun üstündə mürəbbə , çörək , yag , pendir, soyulmuş yumurta ? Nələr oldu bu evdə ?
– Hər səhər yuxudan durub ocagı alışdıran , o əli qabarlı ata , ona kömək edən məktəbli , qaraşın oglan hardadılar görəsən?
– Anasına kömək edən , o uzun saçlı , nazlı qəmzəli qızcıgaz hanı bəs?
– Xəmir yogurub , üstünü baglayıb isti peçin yanına qoyan , hərdən gəlib, xəmirin gəlib – gəlməməsini yoxlayan o xanım hardadı bəs?
Bunlar hara getdi birdən – birə? Lap darıxdım.
– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən agacın içindən sanki göz yaşları süzülür , onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi .
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı .Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .
– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər . Nə yaman bərkdən danışırlar . Deyəsən bayramlarıdı .İlahi , bu nədi belə?
Yaxınlaşıb peçin içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi . Nə qədər etsədə ocagı yandıra bilmədi .Hirslə peçə bir təpik vurub , öz dilində nəsə deyib , onu yerli dibli götürüb həyətə tulladı .Hikkəsi soyumadıgından zirzəmini açıb , onu zibil kimi ora necə atdısa , peç bir neçə yerdən zədələndi .
– O günlər harda qaldı ? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan ,qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldıgı günlər?
Atayla ogul onu ordan ehtiyyatla götürüb ,həyətin ortasında rəngləyərdilər , içinə quru odun yıgıb bir- iki gün ordaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər , ilk ocaqlarını çatardılar . Başına yıgışıb istisinə qızınardılar . Çox dogma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmaga məcbur oldu . Hərdən sevmədiyi zəhirmar yagan sifətlər gəlib zərblə qapını açar , nələrsə yıgıb gedərdilər . Təmizlik yagan zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər . Zirzəmidə ona xoş olmayan iylər bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı burdan gəlib bankaları çıxardıb , içərisini səliqə ilə doldurub gətirib yerinə yıgardı .
Qışda onun başına yıgışıb , o bankaları açıb elə ləzzətlə yeyərdilər ki..
İndi .. Bu nədi ,qıcqırmış şərab iyi , qapagı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını ” yaşayan” peç artıq dözə bilmirdi .
İçində ocaq çatılmayan peç darıxmaga başlamışdı .Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi . Zirzəmidə mürgü vura – vura illəri bir – birinə calayırdı .

Bir neçə gündü çöldə eşidilən , yeri silkələyən səslər yavaş- yavaş azalırdı . Evin sakinlərinin səsi küyü kəsilmişdi . Yoxa çıxmışdılar deyəsən .
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını , şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki . Zirzəmidə nə vardısa hamısını çölə yıgmışdılar . Bir tək ona əl vurmadılar . Nə yaxşı ki onu götürmədilər .
Və bir gün , həmın gün zirzəmin qapısı yavaşca açıldı . İçəri girən iki oglan onu qucaqlarına götürüb , dogma yerinə aparıb qoydular .
Yox bunlar köhnə sakinlər deyildi.Amma danışıq səsləri ona o qədər dogma gəlirdiki . Evin səliqəsi geri dönmüşdü .
– Aha , bu qaraşın oglan. Ocagı alışdırmaga çalışan qaragöz oglan . Həmən məktəbli , nə yaman dəyişib , əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocagı sevgi ilə qalayıb , əvvəl peçi , sonra otagı qızdırdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə , ehtiyyatla toxunurdular .
Əsgərlər ocagın ətrafına yıgışıb əvvəl əllərini qızdırdılar , sonra qazan asdılar . Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan dogmalıq , ev sahiblərindən 30 ildi ayrı düşən “ üşüyən” ocagı isitməyə başladı .Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb , bir evi , bir eli isitdi .Alovun rəqs edə – edə yanıb , şölə saçdıgı o işıltı evə gözəl nəşə gətirdi .

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZDIM… – SEYMUR SÖNMƏZ

Seymur Sönməz (Paşayev) – şair.

SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ
Məni dərd içində qoyub getmisən,
Sirrini hər yana yayıb getmisən.
De, bəlkə kiməsə uyub getmisən?
Mənim lal həsrətim dağdan da iri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Səni səsləyirəm hər addımbaşı,
Niyə ətəyindən tökmədin daşı?
Hələ də qurumur gözümün yaşı,
Bilmirəm ölüyəm, yoxsa ki, diri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
İndi üzü dönmüş bəxtə nə deyim,
Bu eşqi de, necə vəsf edim, öyüm?
Hardasa çatdımı sənə gileyim,
Bildinmi, baş alıb gedəndən bəri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Qaçdın gözlərimin yuxusu kimi,
Qəfildən bulandın axar su kimi.
Puç oldum bir ömrün arzusu kimi,
Ötüb-keçən anlar dönərmi geri –
Sinəmin ağrıyır sən olan yeri!

TOXUNMA DUYĞULARIMA
Geç olar ox çıxıb,gedirsə yaydan,
Yüz il ömür sürsə düzəlməz nadan,
Qoy yatsın oyatma şirin yuxudan,
Sən canın toxunma duyğularıma.!
* * *
Nə olsun əhdinı,andını danıb,
Məndə qalaq-qalaq izləri qalıb,
Könlumü qırdığın yadıma salıb,
Sən canın toxunma duyğularıma.!
* * *
Dönük bir sevginin olmaz əlacı,
Hər şirin vusalın,sonluğu acı,
Tənəli baxışı atıb qıyğacı,
Sən canın toxunma duyğularıma.
* * *
İndi yadlar kimi kənar olmuşuq,
Nəmli kipriklərdən axar olmuşuq,
Bəlkə lap əzəldən elə buymuşuq,
Sən canın toxunma duyğularıma.

AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ
Qürbət eldə sevdim, sirdaşım oldu,
Həm çiçəkli yazım, həm qışım oldu.
Bəs, niyə çevrilib göz yaşım oldu,
Danıb öz əhdini, unutdu məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Ərşə qalxan kimi naləm-harayım,
Döndü qəm-kədərə hər günüm, ayım.
Qəfil əldən getdi qismətim-payım,
Bilmirəm heç niyə tez atdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Axırda bildim ki, yoxmuş vəfası,
Gözümdə zülmətə döndü səfası.
Dağdan da ağırmış demə cəfası,
Vara-dövlətəmi o, satdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir vaxtlar gözünün sildim yaşını,
Bahara çevirdim qarlı qışını.
Bəs, niyə üstümə çəkib “qoşunu”,
Aldada-aldada fırlatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Seymurun qəlbini tutmadan dilə,
Neçə arzusunu çevirdi külə.
Niyyəti nəyimiş, bilmirəm hələ,
Dilim gəlmir deyəm, yaşatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir quru salamla xatirə oyat,
Hərdən yoxuma gəl,başımı aldat,
Demirəm bir yolluq qəlbindən sök ,at,
Sən canın toxunma duyğularıma.

TALESİZ QADIN
Halına ürəkdən yanıram sənin,
Üstündən çəkilmir dumanın-çənin.
Sığışmır qəlbinə dağ boyda qəmin,
Döndünmü köləyə əlində yadın –
Puç oldu hər anın, talesiz qadın?!
* * *
De, niyə bəxtindən yarımadın sən?
Sevginlə bilikdə qarımadın sən.
Bir körpə saçını daramadın sən,
Qaldın arasında suyunan odun –
Bağlandı hər yanın, talesiz qadın!
* * *
Zülmətdə qərq oldu arzun-diləyin,
Nanə yarpağıtək əsdi ürəyin.
Baş əydin hökmünə acı küləyin,
Doyunca duymadın sevincin dadın –
Sızladı hey canın, talesiz qadın!
* * *
Hər yetən gəc baxdı üzünə sənin,
Elə hey qar yağdı izinə sənin.
Dərd-qəm kölgə saldı gözünə sənin,
Tənə yeri oldu tərsin-avandın –
De, varmı ünvanın, talesiz qadın?!

ÜRƏK OĞRUSU
Mən nankor sevgindən necə söz açım?
Necə söhbət edim ürək dolusu.?
Fikrinlə yaşarkən haraya qaçım?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Nə unuda billəm, nədə ki, ata,
Dolanıram dərdə mən bata-bata,
Nə idi günahım axı dünyada?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Əhdini danaraq andını pozan,
Sözü söz eyləyib kəlməni yozan,
Tərk edib getməyin bu qədər asan,
Söylə ?
Məni məndən edən ürək öğrusu .!
* * *
Sən getdin, sinəmdə sızladı qəlbim,
Artdı yoxluğunda, çoxaldı dərdim
Ömrümə bəs niyə gəlmişdin mənim?
Söylə!
Məni məndən edən ürək oğrusu!
* * *
Seymuru tərk etdin yol yarısında,
İnləyir bitən bu eşqin yasında,
Axtarım dünyanın bəs harasında?
Söylə-
Məni məndən edən ürək oğrusu.

GƏLMƏ
Qara saçlarıma qarlar ələnmiş,
Həyatın sınağı yaman çətinmiş,
Qamətim bükülmüş,qəddim əyilmiş,
Çarəsiz halımı biləndə gəlmə.!
* * *
Qaysaq bağlayıbdı qəlb mamırlanıb,
Xəyalım yıxılıb,uçub talanıb,
Gördüyün bənizdən əsər qalmaıb,
Anam göz yaşımı siləndə gəlmə.!
* * *
Yazdım necə kərə cansız kağıza,
Söz oldum dillərə,düşdüm ağıza,
Bir zaman vurğundum, yaza,payıza,
Ağac yarpaqların tökəndə gəlmə.!
* * *
Üstümə üstümə gəlir,zaman il,
Silə bilirsənsə,gəl qəlbimdən sil,
Mənim təbiətim dəyişkən deyil,
Nadanlar halıma güləndə gəlmə.
* * *
Bu yolda nə çəkdi,nə çəkdi Seymur,
Etmədi bir kərə,etmədi qürur,
Gəlirsən indi gəl,son arzum budur,
Gözlərim yumulub öləndə gəlmə.!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səmimiyyət və Ədəbiyyat

Xəyalə SEVİL – yazar, şair.

XƏYALƏ SEVİL İLƏ MÜSAHİBƏ

1.Şeirlərinizdən birində yazırsınız ki, gördüm yaman darıxıram, dedim bir azca dərd çəkim, darıxmaqla dərdin kəsişdiyi yolda özünüzü harada görürsünüz?

Mən ömrüm boyu darıxıram. Mənim darıxmağım İlahi darıxmaqdı, xəyali darıxmaqdı – səbəbsiz. Kimin üçün?, nədən ötrü? – darıxdığımı bilmədən. Bir şeyi davamlı təkrarlayanda həmin şeyə vərdiş etməli olursan, zamanla. Mən darıxmağa vərdiş etmişəm, deyəsən. Darıxmasam, yaza bilmirəm.

2. Şeirləriniz sanki bir nikbinlik notu üstündə köklənib dediyiniz o dərd sizə unutdura bilibmi darıxmağınızı.

Bütün şeirlərim ruh halımla bağlıdı. Həmin an necə hiss edirəmsə, o cür yazıram. Amma maraqlı hal odur ki, həmin hissin müddəti şeiri yazıb bitirincədi. Yəni, şeiri bitirəndən sonra həmin duyğulardan azad oluram. Məsələn: darıxıb şeir yazıramsa, yazıb bitirəndən sonra təskinlik tapıram, hətta darıxmıram.

3. Sizi belə nədir darıxdıran məsafələrdən aslılıqmı yoxsa elə bu bir xəyali darıxmaqdır…

Suallardan üçü darıxmaq mövzusundadı. Demək ki, şeirlərimdən daha çox bu hiss duyulur.

4. Yaratdığınız hər hansı bir obrazda özünüzü görmüsnüz və ya belə deyək özünüzü hər hansısa bir obrazda görmək istəmisiniz…

Mən heç yaşamadığım duyğunun şeirini yazmamışam. Şeirlərimdəki obraz özüməm. Ancaq şeirlərdən kənara çıxsaq, mən çox xəyal quran biriyəm və qurduğum xəyalların nə vaxtsa gerçəkləşəcəyinə mütləq inanıram, gözləyirəm. Hərdən darıxmağımın səbəbini də məhz həmin gözləməklə bağlayıram.

5. Nəsr sizi düşündürüb şeirlə ifadə etmək istədiyinizi nəsrlə ifadə edəsiniz?

Bir neçə hekayə yazmışam, çap olunub. Tamamlamadığım povestim var. Mən nəsri sevirəm, amma sırf təhkiyə üsulunu yox, bədii nəsri sevirəm. Ona görə də nəsrə məsuliyyətlə yanaşıram.

6. Yazdıqlarınız sizi qane edir??

İnanın səmimiyyətimə ki, şeirlərim haqqında heç bir dəfə də mənfi rəylə rastlaşmamışam. Sözü tanıyan adamlardan təqdir görmüşəm. Bu təbii, xoş haldır. Ancaq mən kiminləsə hesablaşan biri də deyiləm. Hamı şeirimi tərifləsə də, qəbul etməsə də mənim fikrim dəyişməyəcək. Mən öz sərhəddimi bilirəm. Belə deyək, öz qədərimi bilirəm. Heç vaxt da özümü sübüt etməyə çalışmamışam.

7. Ən çox mütailə etdiyiniz əsərlər hansılardır maraqlıdır.

Son zamanlar oxuduqlarımı deyim: “Ceyn Eyr”, “Qaranlıqda şərqi deyənlər”. Əslində təsadüflərə inanmıram, amma nə hikmətdirsə, hər iki əsərdə aralarında xeyli yaş fərqi olan insanların böyük məhəbbəti əsas mövzu kimi qeyd olunub. Qəribədir ki, son zamanlar ardıcıl oxuduğum kitablar bunlardır və mövzu üst-üstə düşür.

8. Gözəllik sizin üçün nə ifadə edir ədəbiyyat və gözəllik siz ədəbiyyatın xəyaləsisiniz yoxsa ədəbiyyatın xəyaləsi sizsiniz.

Estetik zövqümü həmişə nəzarətdə saxlayıram. Bu, deyəsən, anamın sayəsində qazandığım vərdişdir ki, olduğum hər yerdə səliqə və gözəllik yaratmağı sevirəm. Getdiyim yerlərdə də gözəllik axtarıram. Belə deyək, gözəl təqdimatı sevirəm. Ancaq daxilən iddialı biri olsam da, iddiami dilimə gətirməyi sevmirəm. Məncə bəzi şeylər dilə gəlməməlidi, öz böyük yerində – ürəkdə qalmalıdı. Ədəbiyyat üçün hansı anlamı ifadə etdiyimi deməyəcəyəm, amma ədəbiyyat mənim həyat tərzimdi, öz-özümlə söhbətimdi. Hansısa gün gündəlik qayğılarla məşğul olub öz düşüncələrimə vaxt ayıra bilmirəmsə, həmin günü boş, yaşanmamış hesab edirəm.

9. (Sevili) özünüzə təxəllüs götürmüsünüz Cəfər Cabbarlının qəhramlarından birinin adı da sevildir bu sevilin o sevillə bir əlaqəsi var…

Sevil adını əvvəla feil kimi sevirəm. “Xəyalə, Sevil” – deyirəm özümə. Sevil həm də qızımın adıdı, ancaq qızımın adı olmamışdan əvvəl dünyasını dəyişmiş, üzünü görmədiyim qaynanamın adı idi. Yoldaşıma olan hörmət və qızımın olacağına, adını Sevil qoyacağıma şəksiz inam sayəsində təxəllüs götürmüşəm.

10. Son günlər nələr yazmısınız hansı mövzular sizi düşündürür bizimlə paylaşa bilərsiniz.

Son zamanlar duyğuların ağlılla idarə edilməsi, reallıq, daxilən olmasa da, real həyatda zəmanəylə ayaqlaşmaq düşündürür məni. Ona görə də son şeirlərim çılğın deyil, daha sakit, oturuşmuş, təcrübəli və məncə, ağıllıdı.

11. Son olaraq bir sözlə özünüzü necə ifadə edərdiniz??

ANA! Bu ad mənim həm məsuliyyətimdi, həm xoşbəxtliyim. Bütün yaşanmışlıqlar bir yana, əgər dünyadan gedəndə övladlarımı istədiyim kimi görəcəyəmsə, demək, xoşbəxt ana ömrü yaşamışam.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

XƏYALƏ SEVİLİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru