Səmimiyyət və Ədəbiyyat

Xəyalə SEVİL – yazar, şair.

XƏYALƏ SEVİL İLƏ MÜSAHİBƏ

1.Şeirlərinizdən birində yazırsınız ki, gördüm yaman darıxıram, dedim bir azca dərd çəkim, darıxmaqla dərdin kəsişdiyi yolda özünüzü harada görürsünüz?

Mən ömrüm boyu darıxıram. Mənim darıxmağım İlahi darıxmaqdı, xəyali darıxmaqdı – səbəbsiz. Kimin üçün?, nədən ötrü? – darıxdığımı bilmədən. Bir şeyi davamlı təkrarlayanda həmin şeyə vərdiş etməli olursan, zamanla. Mən darıxmağa vərdiş etmişəm, deyəsən. Darıxmasam, yaza bilmirəm.

2. Şeirləriniz sanki bir nikbinlik notu üstündə köklənib dediyiniz o dərd sizə unutdura bilibmi darıxmağınızı.

Bütün şeirlərim ruh halımla bağlıdı. Həmin an necə hiss edirəmsə, o cür yazıram. Amma maraqlı hal odur ki, həmin hissin müddəti şeiri yazıb bitirincədi. Yəni, şeiri bitirəndən sonra həmin duyğulardan azad oluram. Məsələn: darıxıb şeir yazıramsa, yazıb bitirəndən sonra təskinlik tapıram, hətta darıxmıram.

3. Sizi belə nədir darıxdıran məsafələrdən aslılıqmı yoxsa elə bu bir xəyali darıxmaqdır…

Suallardan üçü darıxmaq mövzusundadı. Demək ki, şeirlərimdən daha çox bu hiss duyulur.

4. Yaratdığınız hər hansı bir obrazda özünüzü görmüsnüz və ya belə deyək özünüzü hər hansısa bir obrazda görmək istəmisiniz…

Mən heç yaşamadığım duyğunun şeirini yazmamışam. Şeirlərimdəki obraz özüməm. Ancaq şeirlərdən kənara çıxsaq, mən çox xəyal quran biriyəm və qurduğum xəyalların nə vaxtsa gerçəkləşəcəyinə mütləq inanıram, gözləyirəm. Hərdən darıxmağımın səbəbini də məhz həmin gözləməklə bağlayıram.

5. Nəsr sizi düşündürüb şeirlə ifadə etmək istədiyinizi nəsrlə ifadə edəsiniz?

Bir neçə hekayə yazmışam, çap olunub. Tamamlamadığım povestim var. Mən nəsri sevirəm, amma sırf təhkiyə üsulunu yox, bədii nəsri sevirəm. Ona görə də nəsrə məsuliyyətlə yanaşıram.

6. Yazdıqlarınız sizi qane edir??

İnanın səmimiyyətimə ki, şeirlərim haqqında heç bir dəfə də mənfi rəylə rastlaşmamışam. Sözü tanıyan adamlardan təqdir görmüşəm. Bu təbii, xoş haldır. Ancaq mən kiminləsə hesablaşan biri də deyiləm. Hamı şeirimi tərifləsə də, qəbul etməsə də mənim fikrim dəyişməyəcək. Mən öz sərhəddimi bilirəm. Belə deyək, öz qədərimi bilirəm. Heç vaxt da özümü sübüt etməyə çalışmamışam.

7. Ən çox mütailə etdiyiniz əsərlər hansılardır maraqlıdır.

Son zamanlar oxuduqlarımı deyim: “Ceyn Eyr”, “Qaranlıqda şərqi deyənlər”. Əslində təsadüflərə inanmıram, amma nə hikmətdirsə, hər iki əsərdə aralarında xeyli yaş fərqi olan insanların böyük məhəbbəti əsas mövzu kimi qeyd olunub. Qəribədir ki, son zamanlar ardıcıl oxuduğum kitablar bunlardır və mövzu üst-üstə düşür.

8. Gözəllik sizin üçün nə ifadə edir ədəbiyyat və gözəllik siz ədəbiyyatın xəyaləsisiniz yoxsa ədəbiyyatın xəyaləsi sizsiniz.

Estetik zövqümü həmişə nəzarətdə saxlayıram. Bu, deyəsən, anamın sayəsində qazandığım vərdişdir ki, olduğum hər yerdə səliqə və gözəllik yaratmağı sevirəm. Getdiyim yerlərdə də gözəllik axtarıram. Belə deyək, gözəl təqdimatı sevirəm. Ancaq daxilən iddialı biri olsam da, iddiami dilimə gətirməyi sevmirəm. Məncə bəzi şeylər dilə gəlməməlidi, öz böyük yerində – ürəkdə qalmalıdı. Ədəbiyyat üçün hansı anlamı ifadə etdiyimi deməyəcəyəm, amma ədəbiyyat mənim həyat tərzimdi, öz-özümlə söhbətimdi. Hansısa gün gündəlik qayğılarla məşğul olub öz düşüncələrimə vaxt ayıra bilmirəmsə, həmin günü boş, yaşanmamış hesab edirəm.

9. (Sevili) özünüzə təxəllüs götürmüsünüz Cəfər Cabbarlının qəhramlarından birinin adı da sevildir bu sevilin o sevillə bir əlaqəsi var…

Sevil adını əvvəla feil kimi sevirəm. “Xəyalə, Sevil” – deyirəm özümə. Sevil həm də qızımın adıdı, ancaq qızımın adı olmamışdan əvvəl dünyasını dəyişmiş, üzünü görmədiyim qaynanamın adı idi. Yoldaşıma olan hörmət və qızımın olacağına, adını Sevil qoyacağıma şəksiz inam sayəsində təxəllüs götürmüşəm.

10. Son günlər nələr yazmısınız hansı mövzular sizi düşündürür bizimlə paylaşa bilərsiniz.

Son zamanlar duyğuların ağlılla idarə edilməsi, reallıq, daxilən olmasa da, real həyatda zəmanəylə ayaqlaşmaq düşündürür məni. Ona görə də son şeirlərim çılğın deyil, daha sakit, oturuşmuş, təcrübəli və məncə, ağıllıdı.

11. Son olaraq bir sözlə özünüzü necə ifadə edərdiniz??

ANA! Bu ad mənim həm məsuliyyətimdi, həm xoşbəxtliyim. Bütün yaşanmışlıqlar bir yana, əgər dünyadan gedəndə övladlarımı istədiyim kimi görəcəyəmsə, demək, xoşbəxt ana ömrü yaşamışam.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

XƏYALƏ SEVİLİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir