MÖVLUD AĞAMMƏD – YENİ ŞEİRLƏR

Mövlud AĞAMMƏD – şair, pedaqoq.

GƏLMƏDİ
Dedim yara namə yazım,
Əlim gəlmədi, gəlmədi.
Dərd üstünə dərd istədim,
Zülm gəlmədi, gəlmədi.
* * *
İllər ilə həsrət çəkdim,
Yenə onsuz, yenə təkdim;
Dərdi yarı böləcəkdim,
Gülüm gəlmədi, gəlmədi.
* * *
Dərd əlindən gəldim dada,
Hey düşdükcə dərdim yada;
Dedim, bəlkə, yetər dada,
Ölüm gəlmədi, gəlmədi.
* * *
Dərd məskənim dərd dağıdır,
Dərd ələyir, dərd dağıdır;
Necə deyim, dərd yağıdır,
Dilim gəlmədi, gəlmədi.
* * *
Mövlud dərdinə ağlayır,
Dərd kitabın varağlayır;
Dərdim sinəmdə çağlayır,
Selim gəlmədi, gəlmədi…

TELİN DƏN SALIB
Nə yaman qüssədən saralıb rəngin,
Eh, gözəl, gözlərin selindən qalıb.
Salacam yolumu dağlara tərəf,
İçəcəm dərdini əlindən alıb.
* * *
Bir yanda dağ boyda dağım var – zülm,
Bir yanda tənhalıq, tənha bir ölüm;
Səbrimin də səbri tükənib, gülüm,
Məni də dözümün dilindən salıb.
* * *
Xəyalım gerçəyə qarışır, itir,
Şirin vüsal anım yuxutək bitir;
Mövlud indi-indi vəslinə yetir,
Demə, qocalıbsan, telin dən salıb…

YANACAQ
Dərdim yaz yağışı – tonqal üstünə,
Azarı-bezarı odda yanacaq.
Günü qara gəlib – nə küsür, umur,
Gileyi-güzarı odda yanacaq.
* * *
Dərdim süzüləcək dərdin içindən,
Özü naxış-naxış, ilməsi dən-dən.
Baxıb ay üzünə bölünəcək tən,
Bənövşə üzarı odda yanacaq.
* * *
Dərdim öz əlindən təngə gələcək,
Yığıb ovucuna çəngə biləcək.
Baxıb alışdığı rəngə güləcək,
Əzabı, azarı odda yanacaq…

MƏNİMÇÜN
İşdi yaxa versəm, zalım əcələ,
Göyüm-göyüm göynəyərsən mənimçün.
Bir az razı, bir azca da narazı,
Deyim-deyim deyinərsən mənimçün.
* * *
Yuxuların qarışmasın gerçəyə,
Ümid olub gözlə məni gecəyə;
Sevincini bölüşərsən heçliyə,
Öyüm-öyüm öyünərsən mənimçün.
* * *
Saxla məni aşiq kimi yadında,
Xatirində doğmanın da, yadın da;
Ürək olub, gülüm, Mövlud adında
Döyüm-döyüm döyünərsən mənimçün…

QÖNÇƏLƏR
Əvvəl çiçək, sonra yarpaq açacaq,
Çiçək-çiçək düzüləcək qönçələr.
Bahar ömrü bitər-bitməz güllərin,
Ləçək-ləçək üzüləcək qönçələr.
* * *
Lalə kimi gül bəsləyir yanaqlar,
Üşütməsin vaxtsız düşən sazaqlar.
Damla-damla mey bəsləyir dodaqlar,
İçək, içək… Süzüləcək qönçələr.
* * *
Nədir, Mövlud, ağ saçlara sualın,
Dərd gətirir dərdlərinə bu halın.
Heyif, qaldıq ümidinə xəyalın,
Dilək-dilək gəziləcək qönçələr…

GƏL
Bu dərd bizim aramızda bitibdi,
Bir daş altda, birini də üstə gəl.
Nə dil bilsin, nə də dodaq anlasın,
Nə fərq olsun, nə də bircə üstəgəl.
* * *
Heç nə umma belə zalım fələkdən,
Dünyamıza qəm ələnir ələkdən;
Qismətinə düşən paydı ürəkdən,
Birin verib, birini də istə gəl.
* * *
Çətin bir də ömür dönə geriyə
Buz bağlamış xəyalların əriyə;
Nə deyirsən, Mövlud, mələk pəriyə:
– Öz bəxtindən nə inci, nə küs də gəl.

ELƏ BİL QIŞDIR
Bu yağış yağmağın təhərin bilmir,
Ağarıb qar kimi, elə bil qışdır.
Payızın qızılı rəngi dəyişir,
Bu necə ilmədir, necə naxışdır?
* * *
Əyib budaqları özümə sarı,
Payızın ətrini çəkəydim barı.
Yarı qərənfildir, bənövşə yarı,
Boylanır həsrətlə, bu nə baxışdır?
* * *
Yağır taleyimə, ruhumdan keçir,
Qocalıq donunu dumandan biçir.
İllərin ayrılıq suyundan içir,
Daha islanmıram, yağsın, yağışdır…

KEÇİR
Tələsmə vədəsiz, vaxtsız ölümə,
Fələyin yazısı alından keçir.
Yığıb-yığışdırma ömrünü pay-pay,
Gedənlər dünyanın malından keçir.
* * *
Yamanca son qoydun bu intizara,
Ağrılar, acılar düşübdü dara;
Elədən eləyə, belədən hara –
Hərlənib ürəyin dalından keçir.
* * *
Necə də kövrəlib ümid çırağı,
Ağlayır gözündə ölüm sorağı;
Qopulur sonuncu ömür varağı,
Vəsləti Mövludun halından keçir…

SAYARSAN
Yolun düşüb yar yanına gedəndə
Bir addımı iki addım sayarsan.
Əhvalını xəbər alıb soranda,
Elə bil ki sənə yaddım, sayarsan.
* * *
Gətirməsin aşiqini bəxt cana,
Həsrətindən alovlana, odlana.
Fələk verib, şükür elə, di sana,
Muradıma indi çatdım, sayarsan.
* * *
Mövlud, həsrət çəkdin yetər bu qədər,
Bənövşəndən varmı görən bir xəbər?
Vəsləti var ölümündən lap betər,
İkisin də birdən daddım, sayarsan…

ÇƏKƏN BİLƏR
Bir az həsrət, bir az hicran çəkəsən,
Çəkən bilər ahu-zarın qədrini.
Çəkib, çəkib peymanından dönəsən,
Çəkən bilər düz ilqarın qədrini.
* * *
Buz bağlayıb sanki donuq baxışlar,
Vəfasızı hərə bir cür bağışlar;
Çəkdiyimiz kimi düşüb naxışlar,
Çəkən bilər buzun, qarın qədrini.
* * *
Kim unudar ilk sevginin dadını,
Söndürməklə sönən deyil odunu;
Necə çəkim ayrılığın adını,
Çəkən bilər, Mövlud, narın qədrini…

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – SƏNSİZLİK

Fəridə ABDUL – şair, yazar, filoloq

SƏNSİZ ŞƏKİLLƏR
Hər şey susanda, gözlər danışır
Qəlbimdə buraxdın izlər,danışır
Danışır xatirələr,danışır keçmiş
Kədərlə boynuma sarılır bəzən
Sənsiz çəkdirdiyim bütün şəkillər.
Deyrlər hanı o?niyə təkiy biz
Yanında niyə yox ,tutmur əlini,
Məgər ağladığın o zalım oğlu
Tək çəkir çəkdiyi şəkillərini?
Bütün şəkillərində əsmər görünür
Üzdən xoşbəxtdi,sənə oxşayır
Onun da saçları sən tək boyalı,
Onun da saçları dibdən toxunur.
Bəxti sən deyilsən,daha xoşbəxtdi
Sənin həsrətindən yandığın əclaf
İndi o əsmərin evinə baxtdı.


ATASIZ QIZ
Atasız qızların  dərdi çox olur
Onlaran biriyəm,yarımdı canım
Ata sən gedəndən qolum,qanadım
Taqətsiz dizlərim,yaradı canım.
Kövrəyəm nədənsə mən hər görəndə
Ataya sarılan,bir qız görəndə
Boşalır əllərim,qırılır qolum
Deyirəm olmazdı kaş əlim,qolum
Olardı sarılan tək atam mənim.
Olardı sevgisiz  daşdan ürəyi
Bilərdim yaşayır,o nəfəs alır
Kaş daş olan qəbri deyil də
Razıyam olardı daşdan ürəyi
5 yaşım olardi,çox uşaq idim
Dərdi ilmə ilmə qəlbə toxudum
Hər kəs sarılanda,ata deyəndə
Mən  gül gətirdim,dua oxudum.
İndi sevilmişəm,xoşbəxt olmuşam
Hər şeydən tam olsam,5 yaşdan bəri
Ata sevgisindən nakam qalmışam.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



MƏNİM PAYIZ MƏHƏBBƏTİM

Seymur Sönməz (Paşayev) – yazar.

MƏNİM PAYIZ MƏHƏBBƏTİM

​ ​ ​ ​ ​ Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş!
​ ​ İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım…
​ ​ ​ Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da…
​ ​ ​ ​ ​ ​ Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyim dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi…
​ ​ ​ ​ ​ Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim​ sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!…
​ ​ ​ ​ Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!..
​ ​ ​ Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!..
​ ​ ​ Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru